Ağdaşda aqrar biznes festivalı

post-img

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayonunda Aqrar Biznes Festivalı keçirilib. Rayon icra hakimiyyətinin inzibati binasının qarşısında təşkil edilən festivalda Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər, dövlət qurumlarının nümayəndələri, aqrar sahə üzrə ixtisaslaşmış şirkətlər iştirak ediblər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, festival iştirakçıları dövlətin aqrar sahədəki dəstək mexanizmləri, subsidiya və güzəştli kredit imkanları barədə məlumatlandırılıb. İştirakçılar tədbir çərçivəsində müasir kənd təsərrüfatı texnologiyaları və innovativ həllərlə tanış olublar.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək bildirib ki, aqrar biznes festivalları yeni texnologiya və məhsulların nümayişi ilə bərabər maarifləndirmə və təcrübə mübadiləsi platformasıdır. Onun sözlərinə görə, bu festivallarda fermerlər aqrar sahədə tətbiq edilən ən son innovasiyalarla tanış olmaqla yanaşı, məhsullarının bazara çıxarılması üçün də yeni imkanlar əldə edirlər.

Festivalda iştirak edən dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun göstərdikləri xidmətləri, aqrar sahədə ixtisaslaşmış şirkətlər isə kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, toxum və ting çeşidləri, yeni nəsil gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları, eləcə də digər innovativ həlləri nümayiş etdiriblər. Bununla yanaşı, tədbir çərçivəsində fermerlərin maliyyə və sığorta xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatları, sığorta qurumları güzəştli kreditlər, aqrar sektor üçün maliyyə dəstək mexanizmləri barədə məlumatlar təqdim ediblər.

Fermerlərin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib. Müzakirələr zamanı aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

İqtisadiyyat