Somali ilə əməkdaşlıq ortaq maraqlara əsaslanır

post-img

Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. 

Azərbaycan – Somali diplomatik əlaqələri 2004-cü il mart ayının 22-də qurulub. İki ölkə arasında münasibətlərin möhkəmlənməsinə ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan–Somali təmaslarının artması mühüm təsir göstərib. Dövlətlər arasında bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, “yaşıl” enerji, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. 

Somali Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən ölkələrdən biridir. Bundan əlavə, Somali –Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır. 

Uzun illər müstəmləkəçilikdən əziyyət çəkmiş bu qitə bu gün də bəzi hallarda iqtisadi və siyasi asılılıqdan qurtulmaq üçün mübarizə aparır. Bununla yanaşı, sürətli urbanizasiya, texnologiya və infrastruktur sahələrində inkişaf Afrikanın dünya iqtisadiyyatında daha böyük rol oynamağa başlamasına imkan yaradır. 

Bütün bunlar barədə Azərbaycan Prezidenti İlham Əliyevlə  ölkəmizə rəsmi səfər edən Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında  keçirilən görüşlərdə, mətbuata bəyanatlarda ətraflı bəhs edilib. Eyni zamanda, Somali rəhbərinin respublikamıza rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində bir ilk olduğu, bununla sıx dostluq münasibətlərində yeni səhifə açıldığı vurğulanıb.  

Azərbaycan liderinin bəyanatında iki ölkə arasında mühüm önəm daşıyan bir sıra məqamlar diqqətə çatdırılıb, imzalanmış sənədlərin ikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirməkdə  əhəmiyyətli rol oynayacağına əminlik ifadə olunub. Dövlət başçılarının görüşlərində regionlarımızda mövcud geosiyasi vəziyyət, ölkələrimizin üzləşdiyi çağırışlar geniş şəkildə müzakirə edilib, ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək məsələləri, eləcə də terrorçuluğa və ekstremizmə qarşı birgə mübarizə tədbirləri barədə ətraflı danışılıb. Prezident İlham Əliyevin bəyanatında  bu məqamın əhəmiyyətini belə xarakterizə edilib: “Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim. Mən, həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm”.  

Prezidentlərin görüşlərində Somalidə sərmayə imkanları da müzakirə edilib və ölkələr arasında müdafiə əməkdaşlığının mühüm sahələrdən biri olduğu bildirilib. Eyni zamanda, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaratması diqqətə çatdırılıb. 

Prezident İlham Əliyevin bəyanatında həmin avadanlığın həm ölkəmiz üçün mühüm əhəmiyyətə malik olduğu, həm də respublikamıza 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanı verdiyi qeyd edilib: “İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi... Düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”.

Görüşlərdə iki ölkənin dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyəti də vurğulanıb və imzalanmış razılaşmalardan biri məhz həmin sahəni – Azərbaycanda artıq uğurla işləyən ASAN dövlət xidmətləri sistemini əhatə edib. Bildirilib ki, bu sistem bir çox beynəlxalq mükafatlara layiq görülüb. Dövlətimizin başçısının sözləri ilə desək, ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. 

Səfər zamanı hər iki ölkənin tərəfdaşlığında beynəlxalq təsisatlarda qarşılıqlı dəstəyin mövcudluğu yüksək qiymərləndirilib. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda hər iki ölkənin dəstəyinin birmənalı olaraq davam etdirəcəyinə əminlik ifadə olunub.  

V.BAYRAMOV
XQ

 

Siyasət