Ağ evin yeni rəhbərliyi bu ləkəni təmizləməyə çalışır
Əvvəlcə onu xatırladaq ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi adlandırılan bu qurum Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyi kimi fəaliyyət göstərib. Əsas məqsədi mülki xarici yardımın tənzimlənməsi və inkişaf etməkdə olan ölkələrə köməyin idarə edilməsi idi.
27 milyard dollardan çox büdcəsi olan USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biri kimi ABŞ-ın bütün xarici yardımının yarısından çoxunu təşkil edirdi.
Bildirilir ki, Konqres 1961-ci il sentyabrın 4-də ABŞ-ın xarici yardım proqramlarını yenidən təşkil edən və iqtisadi yardımı idarə etmək üçün bir agentliyin yaradılmasını tələb edən Xarici Yardım Aktını qəbul etmişdi. Sonradan bir neçə mövcud xarici yardım təşkilatını və proqramlarını bir agentlik altında birləşdirməyə çalışan Prezident Con Kennedinin sərəncamı ilə USAID yaradılmışdı. Bu qurum ABŞ-ın əsas diqqəti uzunmüddətli sosial-iqtisadi inkişafa yönəldən ilk xarici yardım təşkilatı idi.
Göründüyü kimi, pis məramla yaradılmamışdı. Ancaq zaman keçdikcə bu qurum nəinki “əməkdaşlıq etdiyi” ölkələrdə çox ciddi fəsadlar yaratmış, hətta təmsil etdiyi dövlətin də üz qarasına çevrilmişdi.
Fikrimizi dünya mediasının yaydığı bir neçə materialdan seçdiyimiz faktlarla əsaslandıraq. Məsələn, Qazaxıstan mətbuatı ölkə rəsmilərinə istinadən yazır ki, bu ölkədə cəmi 2 təmsilçisi olan, üstəlik, heç yerdə rəsmi qeydiyyatdan keçməyən feminist təşkilat qısa müddətdə USAID-dən 3 milyon dollara yaxın vəsait almışdır. Sual yaranır: “Xeyir ola, küçədən pul tapmısınız ki, cəmi 2 qadına milyonlarla dollar “yardım edirsiniz?”
Bu sualın cavabını başqa bir materialda tapırıq. Belə ki, ABŞ xarici siyasətinin tənqidçisi, jurnalist Uilyam Blum bir neçə il əvvəl bəyan etmişdi ki, 1960-cı illərdə və 1970-ci illərin əvvəllərində USAID “Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əlaqə saxlayıb və agentliyin rəsmiləri çox vaxt xaricdə USAID-in pərdəsi altında fəaliyyət göstəriblər”. 1960-cı illərdə USAID-in indi dağılmış bölməsi olan İctimai Təhlükəsizlik İdarəsi buna misal olaraq xatırlanır. O, xarici ölkələrdə polisə etirazçılarla mübarizə üsulları (o cümlədən işgəncə üsulları) üzrə təlim keçmək üçün cəbhə rolunu oynamışdır.
Yaxud Azərbaycan mətbuatında 11 il əvvəl verilmiş başqa bir materialın sərlövhəsinə diqqət yetirin: “USAID Azərbaycandakı fəaliyyətini qeyri-şəffaf və gizli əsaslarda qurur”. Həmin yazıda bildirilirdi ki, USAID layihələrinin icrasında gizliliyin səbəbi bu qurumun fəaliyyətinin ölkənin qanunlarını pozması, dövlətçiliyə, milli maraqlara qarşı yönəlməsi ilə izah oluna bilər: “Bu yaxınlarda (söhbət 2014-cü ilin iyul ayından gedir) ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda müstəqil medianın inkişafı üçün olduqca böyük həcmdə – 2,4 milyon ABŞ dolları məbləğində qrant elan edib. Bununla bağlı mətbuatda yayılan məlumatlarda elanın müddətinin çox qısa olduğu, yəni bu ilin 30 iyun – 7 iyul tarixlərini əhatə etdiyi bildirilir”.
Xüsusilə diqqətçəkən məqamlardan biri də odur ki, layihədə iştirak üçün müraciətlərə faktiki olaraq cəmi bir həftə vaxtın ayrılması bir çox potensial iştirakçıların layihədən kənarda qalması deməkdir. Çünki ayrılan müddət ərzində belə böyük qrant layihəsi üçün tələblərə cavab verən, normal layihənin hazırlanması mümkün deyil. Yəni həmin elan əvvəlcədən seçdikləri QHT-lərin “qalib gəlməsinə” hesablanmış, sırf riyakar xarakterli sənəd idi.
Son zamanların məlumatlarına görə isə, 2024-cü maliyyə ilində USAID layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Bir daha sual yaranır: Xeyir ola? Siz dünya ölkələrini bu qədər sevirsinizmi? Hələ bu harasıdır? Bildirilir ki, son 9 ildə USAID xətti ilə 335 milyard dollar vəsait xərclənib. 335 milyard dollar az vəsait deyil. Ancaq bu vəsaitin xərclənməsindən hansı kasıb ölkə, hansı ehtiyac içərisində yaşayan xalq səmərə görüb? Heç bir ölkə, heç bir xalq. Bu qəbildən olan cavabsız suallar bir deyil, beş deyil. Sayını bilən yoxdur.
Amma sayı bilinən çox məqamlar var. Məsələn, məlumdur ki, dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAID, guya, ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsil, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində, onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu güclü vasitədən təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.
Ancaq bu, o demək deyil ki, biz USAID-in fəaliyyətini tənqid etməklə Ağ ev rəhbərliyinə hansısa irad tutmaq fikrindəyik. Qətiyyən belə deyil. Çünki Ağ ev rəhbərliyi özü də son zamanlar USAID-in fəaliyyətindən şikayətçi olan dünya ictimaiyyətinin mövqeyindən çıxış edir. Bu ölkənin yeni prezidenti Donald Tramp və onun əsas silahdaşlarından olan İlon Maskın USAID-lə bağlı açıqlamaları dünyanın, demək olar ki, bütün ölkələrində alqışlanır. Məlum olduğu kimi, cənab Tramp USAID-i “görünməmiş miqyasda korrupsiyada” ittiham edib, Mask isə USAID-in “cinayətkar təşkilat” olduğunu söyləyib və bildirib ki, bu qurumun “ölməyinin vaxtıdır”.
Ekspertlər yazırlar ki, qurumun cinayətkar fəaliyyətinin qalereyası “Əl-Qaidə” təşkilatı ilə əməkdaşlıq, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myüzikli, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi, Qvatemalada cinsin dəyişdirilməsi, LGBT fəallığı və digər proqramlarla zənginləşdirilmişdir.
Dünya mətbuatı USAID-in ifşası zamanı üzə çıxan faktların bəzilərini artıq ictimailəşdirib. Bildirilir ki, bu korrupsiyalaşmış qurumun dünya üzrə maliyyələşdirdiyi nüfuzlu media vasitələri sırasında “The New York Times” (2024-cü ildə 3,1 milyon dollar ayrılıb), “Politico” (8 milyon dollar), “Associated Press” (19 milyon dollar), BBC (2,6 milyon funtsterlinq), “Reuters” (9 milyon dollar), “Frans-Press” (447 min dollar) kimi nüfuzlu xəbər mənbələri də var. Elə isə biz həmin xəbər mənbələrinə necə inanmalıyıq?
Yeri gəlmişkən, həmin mətbuat vasitələrinin hamısı uzun illər boyu Azərbaycana və bizimlə eyni vaxtda müstəqillik əldə etmiş ölkələrə “azad mətbuat”, “söz azadlığı” adıyla dərs keçməyə çalışıblar. Halbuki, önların özləri korrupsiyalaşmış bir qurumun əlində alətə çevriliblərmiş.
Fikrimizcə, əsas fəaliyyəti ölkələrdə media vasitələrini ələ almaq, bu alınmadıqda, özünün “müstəqil media”larını yaratmaq (Meydan TV, “Abzaz”, Toplum TV və s.), nəzarətində olan media vasitələrini “yeganə müstəqil media” kimi təqdim etmək və qanunsuz fəaliyyətə qarşı dövlət sanksiyalarını “söz azadlığı və müstəqil mətbuatın boğulması” kimi qələmə verməkdən ibarət olan bu qurumun məhz Ağ evdə cinayətkar adlandırılması beynəlxalq ictimaiyyətin Tramp administrasiyasına olan inam və etimadını artırır.
Hamı görəcək ki, USAID-in Cənubi Qafqazdakı fəaliyyəti – Azərbaycana qarşı böhtan və şantaj, Ermənistanda hakimiyyətə yaxın təşkilatların maliyyələşdirilməsi, Gürcüstanda hakimiyyətə təzyiq və lazım gəlsə, çevriliş edə biləcək qüvvələrin təşkilatlanması və maliyyələşdirilməsi sırf qərəz, məkr, xəyanət və ən başlıcası cinayət əməlidir.
Onların Azərbaycan rəhbərliyini hədəfə alması isə sırasında 120 dövlətin olduğu Qoşulmama Hərəkatının fəaliyyətinə kölgə salmaq kimi qiymətləndirilməlidir. Təbii ki, buna nail ola bilmirdilər. Bu danılmaz ifşadan sonra USAID-in bəraət qazanması mümkün deyil.
İttifaq MİRZƏBƏYLİ