Ərazi bütövlüyünün
təmini milli ideya kimi
I məqalə
Müstəqillik və ərazi bütövlüyü
Müasir fəlsəfi və politoloji araşdırmalarda bütövlükdə, “dövlət” anlayışı ciddi təftiş olunur. Klassik anlamda dövləti artıq qəbul etmirlər və onun məzmunca təkmilləşdirilməsi ehtiyacını vurğulayırlar. Dünyanın müxtəlif tanınmış elm adamlarının tədqiqatlarında həmin kontekstdə son illər iki faktoru dövlətçilik üçün strateji əhəmiyyəti olan amil kimi təqdim edirlər. Onlardan biri ərazi bütövlüyüdür, digər isə suverenlik. Məsələn, Frensis Fukuyama son əsərlərində suverenliyi dövlətin əsas atributlarından biri kimi izah edir. Qərbin başqa tədqiqatçıları da ərazi bütövlüyü ilə suverenliyi müasir dövlətçiliyin əsas atriburları sırasında təhlil edirlər.
Bu, ümumfəlsəfi səviyyədə dövlətin ərazisi, funksiyası və identikliyinə yeni baxışdır. Ərazi artıq sadəcə coğrafi determinant deyildir –dövlətin mövcudluğu və real fəaliyyəti çərçivəsində onun fəlsəfi, nəzəri və politoloji anlamı əhəmiyyətlidir.
Bu məqam Azərbaycanın xarici siyasətində 1993-cü ilin ikinci yarısından özəl yer tutmuşdur. Hətta Avrasiya məkanında dövlət quruculuğu, müstəqillik, ərazi bütövlüyü və suverenliyin qarşılıqlı münasibətlərində nümunə ola biləcək bir daxili bağlantı yaradılmışdır.
Həmin kursun banisi ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin bu nəzəri və praktiki yeniliyini Prezident İlham Əliyev inkişaf etdirir və onu yaradıcı surətdə meydana gələn gözlənilməz geosiyasi şərtlərə çevik adaptasiya edir.
Azərbaycan dövlət başçısının bu aspektdə yaradıcı fəaliyyətinin gözəl nümunələrindən biri də bu il Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə ifadə etdiyi tezislərdə əksini tapmışdır. Həmin müsahibə kontekstində dövlətin müstəqilliyi ilə ərazi bütövlüyünün təmini probleminin Azərbaycan təcrübəsinə baxacağıq. Öncə Heydər Əliyevin siyasətdə bu mövzuda etdiyi yeniliyi izah etməyə çalışaq.
Böhranlı şərait və əraziyə təcavüzlər
Azərbaycanın dövlət kimi real vəziyyəti arzuolunan səviyyədə deyildi. Kənar təcavüz dövlətin ərazi bütövlüyünü pozmaqda davam edirdi və bu prosesə dünyanın böyük gücləri ciddi havadarlıq edirdilər. Onlar bütün vasitələrlə Azərbaycanı məcbur etməyə çalışırdılar ki, dövlətçiliyin mühüm atributu olan ərazi bütövlüyündən imtina etsin.
Nəticədə Bakı üçün iki səviyyədə çətin situasiya yaranmışdı; birincisi, dövlətin özünümüdafiə sistemi hərbi, idarəetmə, sosial, iqtisadi, ideoloji və informasiya aspektlərində tələb olunan səviyyədə formalaşmamışdı, ikincisi, regional və qlobal miqyasda Azərbaycanın təbii hüquqlarını müdafiə edən güclü dövlət faktiki olaraq yox idi.
Belə şəraitdə dövləti necə xilas etmək olardı? Bir müqayisə aparaq. İndi Ukraynada baş verənlər göstərir ki, ərazisinə təcavüz edilmiş yeni müstəqil dövlətin onu bərpa etməsi olduqca çətin məsələdir. Xüsusilə dövlətin tam müstəqilliyini və suverenliyini təmin etmək şərti ilə bunu etmək, demək olar ki, mümkündür. Hazırda Ukrayna məhz bu iki faktorla bağlı böyük güclərin siyasi, diplomatik və hərbi məngənəsində çapalayır, lakin çıxış yolu görünmür. Çox güman ki, bu gözəl ölkəni sərvətlər və ərazi sferaları üzrə bölüşdürəcəklər.
Keçən əsrin 90-cı illərində Azərbaycan indiki Ukraynadan daha çətin vəziyyətdə idi. Birincisi, dövlət kimi yeni müstəqil olmuşdu və buna görə də siyasi institutları çox kövrək idi. Ukraynanın isə indi onillikləri əhatə etən təcrübəsi vardır. İkincisi, Ukrayananın ABŞ başda olmaqla Qərbin timsalında ciddi geosiyasi və siyasi-hərbi dəstəyi mövcuddur. Azərbaycana isə heç kəs arxa durmadı və ya dura bilmədi.
Deməli, bir neçə aspekt üzrə Azərbaycanın keçən əsrin 90-cı illərinin siyasi, hərbi, geosiyasi, ideoloji, informasiya və s. böhranları fonunda xilas olması şansı çox aşağı idi. Məhz bu anda həmin dövrdə liderin zəkası, diplomatiyası, dövlət quruculuğu kursu və praktiki fəaliyyətinin fəlsəfi və politoloji tədqiqi yüksək aktuallığı ilə göz önünə gəlir. Azərbaycan təcrübəsi bu kimi faktorlara görə, dünya üçün həqiqi mənada bir nümunədir. XXI əsrdə onun Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsi ayrıca liderlik nümunəsidir.
Heydər Əliyev yolu
Məsələnin nəzəri tərəfi heyrətamizdir. Çünki Avrasiyada ilk dəfə çox çətin vəziyyətdə olan yeni müstəqil dövlətin başçısı dövlət quruculuğunda konseptual yenilik etmişdir. Heydər Əliyev “ərazi bütövlüyü” anlayışını coğrafi faktorluqdan dövlətçilik kontekstində “dövlətin və cəmiyyətin bütövlüyü” anlamına realpolitika müstəvisində proyeksiya edə bilmişdir. Konkret olaraq, Ulu öndər dövlətin coğrafi bütövlüyü anlamı ilə “real müstəqil dövlət olmaq” anlamı arasında fəlsəfi, siyasi-nəzəri kontekstlərdə vəhdət yarada bilmişdir. Bununla, ilk dəfə olaraq, “bütövlük” anlayışının coğrafi aspekti uğurlu şəkildə “dövlət və cəmiyyətin bütövlüyü” anlamına proyeksiya olunmuşdur. Burada vurğulanan faktorların real məzmununu ifadə edən çox zərif bir “məna zonası” vardır. Məhz o sərhəd daxilində coğrafi bütövlüklə dövlət və cəmiyyətin bütövlüyü realpolitika müstəvisində konkret məzmun ala bilir. Bu da ümumi səviyyədə dövlətçilik kontesktində “bütövlük” anlayışının nəzəri dərkində yeni mərhələnin əsasının yaradılması deməkdir.
Postsovet məkanının gerçək mənzərəsində hələlik, bu, başqa bir liderə müyəssər olmamışdır.
Həmin proyeksiyanın başlıca fəlsəfi və politoloji özəlliyi nədən ibarət idi? Çox əlamətdar və maraqlıdır: Ulu öndər ərazi bütövlüyünü sırf coğrafi kontekstdən çıxarıb müstəqil dövlət kontekstinə konseptual olaraq daxil etmək üçün “milli ideya” (“zərif məna zonası”) anlayışından istifadə etmişdir!
Bu proyeksiya avtomatik olaraq Azərbaycanı bir sıra daxili və xarici neqativ təsirlərdən xilas edirdi. Hər şeydən öncə, onun təcavüzkarlıq çaları yox idi. Bundan başqa, parçalanmaq ərəfəsində olan cəmiyyəti vahid məqsədə, ideyaya milli tələbat kimi fokuslandırır, səfərbər edirdi.
Nəhayət, beynəlxalq hüquqdan süni istifadə edənlərin yolu kəsilirdi, çünki Azərbaycan dövlətçilik üçün beynəlxalq hüququn zəruri hesab etdiyi bir məsələni – ərazi bütövlüyünü özünün milli ideyası statusunda təqdim edirdi!
Bu anlamlara etiraz etmək mümkün deyildi! Əlac qalırdı onun reallaşmasına süni əngəllər törətməyə cəhdlərə. 1994-cü il və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd etməyə bir də bu bucaq altında baxmaq faydalı olardı. Həmin əngəlin başqa bir tərəfi Heydər Əliyevin enerji strategiyasını böyük məharət və uğurla müstəqil dövlət quruculuğu konseptinin mühüm atributlarından birinə çevirə bilməsi idi.
Beləliklə, indi biz Azərbaycanın dövlət olaraq uğurlarından bəhs edəndə Heydər Əliyevin çox çətin dönəmlərdə dövlət quruculuğu kursunu realpolitika çərivəsində perspektivi müəyyən etməsini mütləq vurğulamalıyıq. Bu kontekstdə də XXI əsrin ən uğurlu liderlərindən olan Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində, müxətlif rəsmi tədbirlərdə (xüsusilə, regional və beynəlxalq təşkilarda), beynəlxalq forumlar və konfranslarda, fərqli ölkələrin KİV-lərinə verdiyi müsahibələrdə və o cümlədən son olaraq Çin telekanalına müsahibsində irəli sürdüyü əsas tezislərinin mənasına varmalıyıq.
Burada Prezident İlham Əliyevin Çin telejurnalistinə müsahibəsində işlətdiyi əhəmiyyətli tezisin fəlsəfi və politoloji mənasına Ulu öndərin ərazi bütövlüyünü milli ideya kontekstinə proyeksiya etməsi fonunda baxmağa ehtiyac vardır. İlham Əliyev demişdir: “Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik”.
Bu fikirdə faktiki olaraq ərazi bütövlüyünün milli ideyaya Heydər Əliyev mənasında proyeksiyasının başlıca nəzəri və praktiki cəhətləri realpolitika müstəvisində ifadə edilmişdir.
Birincisi, ərazi bütövlüyü suverenliyin təmini ilə hüquqi və siyasi aspektlərdə vəhdətdə götürülür.
İkincisi, ərazi bütövlüyünün milli ideyaya proyeksiyası ayrıca proses olaraq beynəlxalq hüquq normaları ilə BMT Nizamnaməsinin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin məzmununu uyğunlaşdırmağa əsaslanır.
Üçüncüsü, ərazi bütövlüyünün bərpası Azərbaycanın milli ideyasının konkret təzahürü kimi ədalətin bərpası üçün vacib məqam olaraq qəbul edilir.
Bu tezislərin kompleks halında anlamından Azərbaycan Prezidentinin gəldiyi bir politoloji qənaət qlobal geosiyasətin müasir mərhələsi üçün olduqca əhəmiyyətli bir özəlliyi anlamaqda çox faydalıdır. Azərbaycanın dövlət başçısı müsahibəsində fikrinə belə davam edir: “Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var”.
Bu fikir Cənubi Qafqaz kimi geosiyasi və hərbi cəhətdən çox mürəkkəb olan bir məkanın təcrübəsinin qlobal miqyasda beynəlxalq hüququn təmin edilməsinə təsir imkanları baxımından aktualdır. Belə ki, İlham Əliyev iki siyasi məqamı yığcam ifadə edərək vahid bir məntiqdə sintez edir.
Birincisi, verilən vədlərə baxmayaraq, uzun müddət dünyanın böyük gücləri Azərbaycanın haqqını, hüququnu təmin etmədilər. Bu həqiqətin əlamətlərini də dövlət başçısı konkret vurğulayır: “Beynəlxalq hüququn normaları işləmədi”, “beynəlxalq təşkilatlar yardımçı olmadılar” və “çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı”.
Burada Azərbaycan Prezidentinin bir nəzəri keçidi çox əhəmiyyətlidir. Həmin nəzəri cəhət müxtəlif fəlsəfi və politoloji tədqiqatlarda göstərilir. Lakin realpolitika çərçivəsində onun xüsusi nümunələri kimi faktlar az gətirilir. O məqam beynəlxalq hüququn məzmunu ilə funksiyası arasında yaranmış paradoksal ziddiyyətlə bağlıdır. İlham Əliyev bunu beynəlxalq hüququn normaları ilə beynəlxalq hüququn normalarının təmininə müvəkkil olan mühüm strukturlar kimi beynəlxalq təşkilatların real fəaliyyəti arasında uyğunsuzluq kimi təqdim edir.
Çünki məsələnin iki tərəfi mövcuddur və onlar bir-biri ilə sıx əlaqəlidir. Birinci tərəf beynəlxalq hüququn mahiyyəti və məzmunu ilə bağlıdır. İkinci tərəf isə onun təşkilatalr tərəfindən funksionallaşması dərəcəsi ilə əlaqəlidir.
Lakin ikinci tərəfdə bir mühüm məqamı da öncə Heydər Əliyev, sonra isə İlham Əliyev vurğulamışlar. Ulu öndər 1994 və 1995-ci illərdə BMT-dəki çıxışı zamanı dünyanın böyük güclərini büynəlxalq hüquqa əməl etməyə və münaqişələrin həmin çərçivədə həll edilməsinə çalışmağa səsləmişdi. Heydər Əliyev demişdi ki, bu, baş verməsə bütün dünyanı ciddi geosiyasi və siyasi problemlər gözləyir. XXI əsrin ilk onillikləri bu uzaqgörən proqnozu tam təsdiqləmişdir. Çünki indi dünya həqiqi mənada həlli görünməyən ciddi geosiyasi, siyasi və hərbi problemlərlə üz-üzədir.
İlham Əliyevin müxtəlif beynəlxalq və regional təşkilatlarda irəli sürdüyü təkliflər və etdiyi təşəbbüslər də onu göstərir ki, Azərbaycan rəhbərliyi yaranmış vəziyyətə dünyanın böyük güclərinin müdaxilə etməsini vacib sayır. O cümlədən Prezident İlham Əliyev bir neçə dəfə vurğulamışdır ki, indi dünya hüquqla deyil, güc tətbiqi ilə idarə edilməyə çalışılır. Dövlətlər hüquqa deyil, güc işlətməyə üstünlük verirlər və vəziyyətin ümumi mənzərəsi belədir: “kim güclüdürsə, o da haqlıdır”!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru