Azərbaycan sabitlik məkanı, qlobal çağırışlar ünvanıdır

post-img

Ölkəmiz özünü təmin edən iqtisadiyyat nümunəsi yaradıb

Ümummillli lider  Heydər Əliyevin gələcəyə hesablanmış məqsədyönlü siyasəti nəticəsində ölkəmiz sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoyub. Ulu öndərin sosial-iqtisadi inkişaf strategiyasını inamla və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün bütün dünyada sabitlik məkanı, iqtisadi tərəqqi ünvanı və etibarlı tərəfdaş kimi tanınır. Zəngin yeraltı və yerüstü sərvətlərini uzunmüddətli tərəqqiyə və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə yönəltməyi bacaran Azərbaycan özünü təmin edən iqtisadiyyat qurmağa nail olub. Bunun nəticəsidir ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri dünya birliyində layiq olduğu yerdə qərarlaşıb.

Təsadüfi deil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “China Global Television Network” telekanalına müsahibəsi zamanı aparıcının çoxqütblü dünyada Azərbaycanın yeri ilə bağlı sualını cavablandıraraq deyib: “Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”.

Ötən ilin noyabrında paytaxtımızda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası isə Azərbaycanın beynəlxalq nüfuzunun bir qədər də artmasına, ölkəmizin müasir dünyanın qlobal çağırışlarının ön sıralarında mövqeyinin güclənməsinə səbəb oldu. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəklənməsi də ölkəmizə olan inamın nəticəsi idi. Əslində 200-ə yaxın ölkəni bir araya gətirən belə bir mötəbər iqlim tədbirinə ev sahibliyi etmək böyük çağırış olmaqla yanaşı, həm də məsuliyyət tələb edirdi. Dövlətimizn başçısı Çin televiziyasına müsahibəsi zamanı bu vacib məqama toxunaraq qeyd edib ki, COP29-a ev sahibliyi etməkdə məqsəd, ilk növbədə, Azərbaycan Respublikasının dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Azərbaycan üçün yüksək nailiyyət sayılan COP29, həm də son illər ölkəmizin şaxələndirilmiş xarici siyasətini bütün dünyaya bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin 120 dövləti birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etməsi onu göstərir ki, Azərbaycanın dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasəti beynəlxalq arenada dəstəklənir. 

Məhz bu inamın və dəstəyin nəticəsi idi ki, Azərbaycan üzərinə düşən vəzifələri bu dəfə də artıqlaması ilə yerinə yetirməyə müvəffəq oldu. Əvvəlki iqlim konfranslarından fərqli olaraq COP29-da bir sıra uğurlu nailiyyətlər əldə edildi. Bu baxımdan inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi sənədi diqqəti xüsusilə cəlb edir. Xatırladaq ki, bu sənəd 2035-ci ilə qədər hər il, ən azı, 300 milyard dollar vəsaitin səfərbər olunmasını nəzərdə tutur. Məhz bu səbəbdəndir ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilir. Yeri gəlmişkən, inkişaf etmiş ölkələr üzərlərinə böyük iqlim öhdəliyi götürmək istəməsələr də, diplomatik danışıqlar və gərgin müzakirələr müsbət nəticə verdi. Heç şübhəsiz, bu məsələdə Azərbaycan dövlətinin və onun rəhbərinin nüfuzu, siyasi məharəti böyük rol oynadı. 

Azərbaycan Qlobal Cənubun bir hissəsi olaraq onun maraqlarının müdafiəçisi kimi çıxış edir. Ölkəmiz bütün məsələlərdə olduğu kimi, iqlim dəyişikliyi sahəsində də Qlobal Cənuba dəstəyini nümayiş etdirir. Bu ideyaya sadiq qalan Azərbaycan COP29-da da Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq istəyini bir daha bəyan etdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi bir daha əmin oldu ki, iqlim məsələlərində hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir. Məlum olduğu kimi, kiçik ada dövlətləri iqlim dəyişikliklərinin mənfi təsirlərinə daha çox məruz qalsalar da, inkişaf etmiş ölkələr buna bir  o qədər də əhəmiyyət vermirdilər. Bakı iqlim konfransı bu baxımdan da dönüş nöqtəsi oldu. Məhz COP29-da Azərbaycan kiçik ada dövlətlərinin üzləşdikləri problemləri beynəlxalq səviyyədə qaldıra bildi. COP29 çərçivəsində kiçik ada dövlətlərinin Zirvə görüşü bir sıra məsələlərə aydınlıq gətirdi. 

Prezident İlham Əliyevin Çin televiziyasına müsahibəsində maraqlı məqamlardan biri də “yaşıl” enerji əməkdaşlığı ilə bağlıdır. Ölkəmiz son illər dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının fəal iştirakçılarından birinə çevrilib. Hazırda bir sıra tanınmış beynəlxalq şirkətlər və nüfuzlu maliyyə qurumları “yaşıl” texnologiyaya və “yaşıl” enerjiyə sərmayə yönəldirlər. Zəngin bərpaolunan enerji ehtiyatlarına malik olan Azərbaycan da investorlar üçün yaxşı investisiya mühiti yaradıb. Artıq “yaşıl” enerji sahəsində faəliyyət göstərən bir sıra beynəlxalq şirkətlər ölkəmizlə bu sahədə fəal əməkdaşlıq edirlər. Bunun da nəticəsində ölkəmizdə bərpaolunan enerji istehsalı getdikcə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə Azərbaycanda “yaşıl” enerji mənbələri üzrə elektrik enerjisi istehsalı əvvəlki ilə nisbətən 1 milyard 728,7 milyon kilovat-saat artaraq 3 milyard 850,9 milyon kilovat-saata çatıb. Bununla belə, ölkəmizin bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Prezident İlham Əliyev Çin televizisiyasına müsahibəsində bu məqama toxunaraq deyib: “Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır”. 

Son illər ölkəmizlə iqtisadi əlaqələrini genişləndirməkdə maraqlı olan Çin dövləti  “yaşıl” texnologiya sahəsində dünya liderinə çevrilib. Məhz bunun nəticəsidir ki, əksər şirkətlər bərpaolunan enerji layihələrinin reallaşdırılmasında Çin texnologiyasından istifadəyə üstünlük verirlər. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin ölkəmizdə inşa etdiyi “Qaradağ” Günəş Elektrik Stansiyasında quraşdırılmış əsas qurğu və avadanlıqların, demək olar ki, hamısı Çinin dünyaca məşhur şirkətlərinin istehsalıdır. Burada quraşdırılmış 570 min 720 ədəd günəş paneli də məhz bu ölkədən alınıb. Təsadüfi deyil ki, dövlətimizin başçısı müsahibəsində hazırda Azərbaycanın işçi heyətlərinin enerjinin tədarükü imkanları üzərində işlədiklərini vurğulayaraq deyib ki, artıq ən yaxşı batareyaların Çində istehsal olunduğu müəyyən edilib. 

Hazırda “yaşıl “ enerjinin istehsalı ilə yanaşı, onun nəqli imkanları üzərində də fəal danışıqlar, qızğın müzakirələr gedir. Məlum olduğu kimi, 2022-ci ilin dekabrında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.  Qara dəniz regionunun “yaşıl” enerji dəhlizi kimi yaradılmasında dönüş nöqtəsi olan bu saziş iddialı layihənin – Azərbaycanın nəhəng bərpaolunan enerji resurslarını Gürcüstan və Rumıniya vasitəsilə Avropa enerji şəbəkəsi ilə birləşdirəcək Qara dəniz enerji sualtı kabelinin tikintisinin əsasını qoyub. İcrası 3-4 il davam edəcək layihəyə Avropa Komissiyası 2,3 milyard avro ayırmağı planlaşdırır.

COP29-da isə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzalanıb. Qeyd edək ki, bu layihə ilə Mərkəzi Asiya ilə Azərbaycanın və potensial olaraq Çinin enerji kabeli ilə bağlantı imkanı yaradacaq.  Bununla yanaşı, Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, hazırda Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırılmasında maraqlıdırlar. Bu da iki ölkə arasında ticarət və investisiya əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək.

M.YAQUBZADƏ
XQ

 

Siyasət