Mixeil Kavelaşvili: “Dəyərlərindən və adət-ənənələrindən imtina edərək Gürcüstanın hər hansı bir təşkilata qoşulmasının mənası yoxdur”
“Komanda qərara gəldi ki, prezidentlik institutunu konstitusiya çərçivəsinə qaytaran şəxs mən olacağam. Bu, mənim üçün böyük şərəfdir. Təklifə gəlincə, partiyanın fəxri sədri və baş nazir məni görüşə çağırdılar.
Təbii ki, bu təklif gözlənilməz oldu, mənim namizədliyimə baxıldı və proses açıq şəkildə həyata keçirildi”.
Bunu yeni seçilmiş prezident Mixeil Kavelaşvili “İmedi” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, son illər çıxışları ictimaiyyətə bir qədər sərt görünə bilərik, lakin bu, həmin dövrdə qarşıda duran tapşırıqlarla əlaqədar idi: “Niyə bəzi hallarda mən radikal və aqressiv olmuşam? Bütün bunlar ölkəmizin mənafeyinə və milli maraqlarımıza xidmət edirdi.
Səmimiyyət mənim təbii vəziyyətimdir və bunu dəyişə bilmirəm, lakin bundan sonra ölkəmin maraqlarını başqa yolla müdafiə edəcəyəm. İndi vətəndaşlarla, xüsusilə də eyni fikirdə olmadığım insanlarla birbaşa danışmaq imkanım var. Mənim marağım ondan ibarətdir ki, müzakirələrə yol tapım və hər iki tərəflə həqiqəti danışa bilim”.
Kavelaşvili müsahibəsində deyib: “Dəyərlərindən və adət-ənənələrindən imtina edərək Gürcüstanın hər hansı bir təşkilata qoşulmasının mənası yoxdur. Əgər bizim dəyərlərimiz və xarakterimiz, mədəniyyətimiz, dilimiz, inancımız, vətəni müdafiəmiz olmasaydı, hansısa təşkilata qoşulmağın nə mənası olardı? Biz Avropa İttifaqına olduğumuz kimi üzv olmaq istəyirik, inteqrasiyadan imtina etmirik”.
O, Gürcüstanın istənilən mövzuda müzakirəyə hazır olduğunu, lakin Qərbin müzakirə etmək istəyini hiss etmədiyini, yalnız tənqidlə məşğul olduğunu bildirib. Yeni seçilmiş prezident sələfi Salome Zurabişvili ilə bağlı da danışıb: “Zurabişvili hökumətin siyasətinə qarşıdırsa, istefa verməli idi. Gürcüstan Konstitusiyası prezidentə hökumətlə qarşıdurmaya getmək imkanı vermir”.
Qərb Gürcüstanla müzakirələrə hazır olmadığını bir daha sübut etdi və Tbilisini sanksiya ilə hədələdi. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas təsdiqləyib ki, Aİ Xarici Əlaqələr Şurası Gürcüstana qarşı sanksiyaların və vizasız rejimə məhdudiyyətlərin tətbiqini müzakirə edir: “Əlbəttə, hazırda Gürcüstanda müşahidə etdiyimiz bütün hadisələr Aİ-yə namizəd ölkənin hərəkət etməli olduğu istiqamətdə getmir. Biz Gürcüstan hökumətinin müxalifətə qarşı repressiyalarından və orada istifadə edilən bütün vasitələrin nəticələrini, Avropa tərəfdən nə edə biləcəyimizi müzairə edirik. Bir mövzu da təbii ki, sanksiyalar, eləcə də vizasız rejimin məhdudlaşdırılmasıdır”.
Sanksiyalardan danışan Kaya Kallas bildirib ki, artıq konkret siyahı təklif olunub, müzakirələr davam edir və bütün ölkələrin razılığı lazımdır. Macarıstan fərdi sanksiyaları dəstəkləməyəcəyini bildirib. Gürcüstan Lüksemburqun simasında da gözlənilməz müttəfiq tapıb. Ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Ksavye Bettel Aİ-nin Tbilisiyə qarşı düşünülməmiş sanksiyalar siyasətinə qarşı çıxış edib. İlk növbədə məhdudlaşdırıcı tədbirlərə haqq qazandıracaq səbəbləri tapmağa çağırıb. O, Gürcüstanda keçirilən son seçkilərin nəticələrininin saxtalaşdırıldığını qəbul etməyib. Bettel Aİ-nin mümkün sanksiyalarını “seçkilərə qarşı sanksiyalar” adlandırıb: “Seçkilərə qarşı sanksiyaların tətbiqindən qorxuram. Biz ilk növbədə qanun pozuntularının olub-olmadığına əmin olmalıyıq. Seçkilərdə yüzlərlə seçici iştirak edib. Sadəcə seçkinin nəticələrini bəyənməməyimiz o demək deyil ki, biz qalib partiyaya qarşı sanksiyalar tətbiq etməliyik”.
Burdan da aydın olur ki, Aİ-də Gürcüstanın siyasi xadimlərinin siyahısı ilə bağlı heç bir konsensus yoxdur. Vizasız rejimin məhdudlaşdırılmasına gəlincə, bunun üçün Aİ-nin bütün ölkələrinin razılığı tələb olunmur. Bir neçə gün əvvəl məlum olub ki, Aİ diplomatik pasport sahibləri üçün vizasız gediş-gəlişi ləğv edə bilər.
Kallas prezident seçkiləri ilə bağlı sualı da cavablandırıb. Artıq bəzi avropalı siyasətçilər Gürcüstanın yeganə legitim prezidentinin Salome Zurabişvili olduğunu bəyan ediblər. “Biz prezident Salome Zurabişvilinin Gürcüstanı Avropa yoluna qaytarmaq istəyini tam dəstəkləyirik. Prezident seçkilərinə gəlincə, prezident (Zurabişvili) dekabrın 29-na kimi hakimiyyətdə olacaq və bu müddət ərzində çox şey baş verə bilər”,– o deyib.
Göründüyü kimi, Aİ hər imkanda Gürcüstana qarşı dost olmayan münasibətini nümayiş etdirir. Bundan əvvəl isə Litva, Latviya və Estoniya Gürcüstanın hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə, hökumət başçısına və 16 nümayəndəsinə qarşı sanksiyalar tətbiq ediblər. Litvanın xarici işlər naziri Kestutis Budrisin sözlərinə görə, Litva gürcü xalqını və onun Avropa arzusunu dəstəkləyir. Lakin o bildirib ki, Aİ səviyyəsində birgə fəaliyyətin vaxtı çatıb. Bundan sonra Tbilisinin sərt cavab verəcəyi gözlənilirdi. Lakin Gürcüstan hakimiyyəti Litva və Estoniyanın sanksiyaları ilə bağlı cavab tədbirləri görməmək qərarına gəlib: “Gürcüstan hökumətinin Litva və Estoniya hökumətlərinin bu anti-Gürcüstan qərarına qarşı çıxmaq hüququ və imkanı var. Lakin Litva və Estoniya xalqına hörmət edərək, belə bir addım atmağı məqsədəuyğun hesab etmirik”.
Bildirilib ki, Gürcüstan hakimiyyətinin qərarı gürcü, eston və Litva xalqları arasında ənənəvi dostluğa xələl gətirməmək üçün hər iki dövlətlə birtərəfli dostluq rejimində qalmaqdır: “Hamıya məlumdur ki, Estoniya və Litva bu gün bütün Aİ-də ən az suverenliyə malik olan və hökumətləri öz xalqlarının mənafeyindən deyil, xarici administrasiyanın diktəsi ilə hərəkət edən dövlətlərdir...
Təəssüf ki, 33 illik müstəqillik tarixinə baxmayaraq, Litva və Estoniya hakimiyyətləri hələ də sovet təfəkküründən qurtula bilməyiblər”.
Beləliklə, Qərb Gürcüstan iqtidarını tənqid edib, müxalifəti dəstəkləsə də, etiraz aksiyaları süquta doğru gedir. Müxalifət artıq etiraz aksiyalarına 2 min nəfər çıxara bilmir. Tezliklə parlamentin qarşısındakı küçədə də nümayişçilər qalmayacaq. Çünki hakim partiyanın kifayət qədər dəstəyi var.
P.ƏFƏNDİYEV
XQ