“Qaradağ” GES ölkəyə 500 milyon kilovat-saat enerji verib

post-img

Azərbaycanın bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Prezident İlham Əliyevin çağırışına uyğun olaraq 2018-ci ildən başlayaraq bu sahədə genişmiqyaslı layihələrin icrasına başlanılıb. Artıq “yaşıl” enerji sahəsində fəaliyyət göstərən şirkətlərin sayı da artmaqdadır. Aparılan işlərin nəticəsidir ki, ölkədə “yaşıl” enerji istehsalının həcmində sürətli artım müşahidə olunur.

Bu fikirləri “Masdar-Azərbaycan” şirkətinin direktoru Murad Sadıxov “Sıfıra doğru” şüarı ilə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu günə qədər energetika haqqında qanun və torpaqların istifadəsinə dair qərarlarla yanaşı, digər sahələrdə də bərpaolunan enerji və təmiz enerji mənbələrinin potensialından istifadəni genişləndirmək məqsədilə bir sıra hüquqi islahatlar həyata keçirib.

2021-ci ildə imzalanmış ilk pilot layihə çərçivəsində tikilən 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyasının fəaliyyətindən bəhs edən şirkət rəhbəri deyib ki, ötən il oktyabrın 26-da istismara verilmiş bu nəhəng istehsal müəssisəsindən indiyədək şəbəkəyə 500 milyon kilovat-saatdan artıq təmiz enerji ötürülüb. Onun sözlərinə görə, ötən müddətdə enerji istehsalı nəticəsində 130 milyon kubmetrdən artıq qazın istifadəsinə qənaət edilib, bununla da, 200 min tondan artıq karbon emissiyasının qarşısı alınıb. “Qaradağ” Günəş Elektrik Stansiyasının dövlət təminatı olmadan xarici investisiya hesabına icra edilən ilk layihə olduğunu xatırladan M. Sadıxov bunu Azərbaycanın investisiya cəlbediciliyini artıran mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib.

2022-ci ildə bərpaolunan enerji sahəsində daha iki böyük sazişin imzalandığını diqqətə çatdıran şirkət rəsmisi bildirib ki, həmin sənədlərə əsasən, quruda 1 giqavat gücündə günəş və 1 giqavat gücündə külək, dənizdə isə ilkin olaraq 2 giqavat, növbəti mərhələdə 4 giqavat gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi nəzərdə tutulur: “Bu məqsədlə COP29 çərçivəsində Energetika Nazirliyi və “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti ilə müvafiq müqavilələr imzalanıb. Artıq 760 meqavat gücündə 2 günəş elektrik stansiyasının tikintisinə başlanılıb. 445 meqavatlıq Biləsuvar və 315 meqavatlıq Neftçala günəş elektrik stansiyalarının isə 2026-cı ilin ilk rübündə istifadəyə verilməsi planlaşdırılır. Bütün bu tədbirlər Azərbaycan hökumətinin bərpaolunan enerji sektorunun inkişafına verdiyi əhəmiyyətin göstəricisidir. Dövlət bu sahənin genişlənməsi üçün həm hüquqi bazanı təkmilləşdirib, həm də investisiyaların cəlb edilməsini təşviq edib. Bu addımlar Azərbaycanın təmiz enerji mənbələrindən səmərəli istifadə etməsi və regionda “yaşıl” enerji mərkəzinə çevrilməsi istiqamətində atılmış mühüm addımlardır”.

 

 

İqtisadiyyat