Torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlər elektronlaşdırılır

post-img

Ölkə ərazisində torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlər bilavasitə Əmlak Məsələləri Dövlət Xidmətinə ediləcək. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov məlumat verib.

Bu müraciətlərə baxılması prosesinin “vahid pəncərə” prinsipi əsasında elektron qaydada həyata keçiriləcəyini diqqətə çatdıran rəis müavininin sözlərinə görə, yeni qaydalar 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. O deyib ki, dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək: “Bu halda, aidiyyəti dövlət orqanları 10 iş günü müddətində rəylərini elektron qaydada bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunacaq”.

Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə isə bildirilib ki, bu, kənd təsərrüfatı məhsullarının emalı sənayesinin inkişafı aqrar sektorda biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Qanunun müəyyən etdiyi yeniliklərə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər. Bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizinədək hissəsində tikilə bilər. Bu halda yay və qış otlaqları, ümumi istifadədə olan örüş sahələri istisna təşkil edir.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti-quraşdırma işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanlarını məlumatlandırılmaqla aparılacaq. Tikinti işlərinin aparılmasına dair tələblər isə müvafiq qanunla müəyyən edilib. İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı 5 hektara və 1 faizə dair məhdudiyyətlər tətbiq edilmir.

Yeniliklərdən biri də torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi məsələləridir. Belə ki, yay və qış otlaqları, örüş və biçənəklər istisna olmaqla, mülkiyyətçilər öz torpaqlarının məqsədli təyinatını kateqoriya daxilində dəyişmək imkanı əldə edirlər. Əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin bir-biri arasında məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri və ya icarəçiləri, həmçinin istifadəçiləri tərəfindən həyata keçirilir.

 

İqtisadiyyat