Gürcüstanda postseçki dövrü radikal müxalifət ünsürlərinin və qərbpərəst QHT nümayəndələrinin, eləcə də “demokratiya romantikləri”nin aqressiv iştirakı ilə çox gərgin keçir. Parlament seçkilərində məğlubiyyətini həzm edə bilməyən qüvvələr Qərbin təhriki ilə ölkəni xaosa sürükləməyə çalışırlar. Bir neçə gündür ki, polis qüvvələrinin çağırışlarına məhəl qoymayan etirazçılar paytaxt küçələrini qarşıdurma poliqonuna çevirməyə cəhd edirlər. Avropadan, eləcə də okeanın o tayından səsləndirilən bəyanatlar və qəbul edilən qərarlar da anti-hökumət qüvvələrinin aqressivliyini daha da artırır. Belə görünür ki, Qərb birmənalı şəkildə Cənubi Qafqaz regionunda bölücü xətləri dərinləşdirərək, geosiyasi ambisiyalarını təmin etmək istəyir.
Analitiklərin fikrincə, Qərb – Gürcüstan münasibətlərinin qarşıdurma mərhələsinə keçməsi regionun gələcəyi barədə ciddi düşünməyə əsas verir. Çünki qonşu ölkədə siyasi vəziyyətin xarakteri regiona da təsir göstərir. Doğrudur, Gürcüstanda radikal qüvvələrin hökumətə qarşı destruktiv fəaliyyəti Qərbin arzuladığı nəticəni vermir, rəsmi Tbilisi hər hansı bir xaosa yol verməyəcəyini bildirir, asayişi pozmağa çalışanlara qarşı qanun çərçivəsində tədbirlər görür. Bununla belə, paytaxtda baş verən hadisələrin inkişafı belə ehtimal etməyə əsas verir ki, radikal qüvvələr qarşıdurmanın xarakterini dəyişməyə cəhd göstərirlər. Aydındır ki, Qərb kursu qəsdən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasını sarsıtmaq məqsədi ilə ölkə daxilində vəziyyətin sabitliyini pozmağa can atır. Belə siyasətin əvvəllər Moldova və Ukraynada sınaqdan keçirildiyi hamıya məlumdur. Siyasi müşahidəçilərin sözlərinə görə, Qərb Gürcüstanda idarə olunan müxalifəti hakimiyyətə gətirməyə çalışmaqla, respublikanı geosiyasi qarşıdurmada “Qoca qitə”nin müttəfiqinə çevirməyi planlaşdırır. Bu siyasət, əlbəttə ki, çox risklidir, çünki Gürcüstanı yad oyunun iştirakçısına çevirə bilər.
Qonşu ölkədə görürlər ki, etiraz aksiyalarını açıq şəkildə qərbyönümlü QHT üzvlərindən olan əcnəbilər və ya onların az tanınan muzdlu emissarları idarə edirlər. Syasi texnoloqlar bu faktı gürcü iğtişaşları ilə Ukraynanın “Maydanı” arasında ciddi fərq kimi qabardırlar. Məsələ ondadır ki, “Maydan”da ukraynalı siyasətçilər əsas rol oynamışdılar və 2014-cü ildə Qərbi razı salan namizəd prezident seçilmişdi. Bugünkü Gürcüstan etirazlarında gürcü siyasətçilərinin özləri, hətta müxalifət partiyalarının liderləri də artıq arxa plandadırlar. Mütəxəssislərin qənaətinə görə, onları kənardan birbaşa liderlər və koordinatorlar əvəzləyiblər.
Əlbəttə, Tbilisidə gecələr keçirilən etirazlardan “qızılgül qoxusu” gəlmir. Gürcüstan ötən iyirmi ilin Gürcüstanı deyil. Xalq artıq siyasi çəkişmələrin yeri olacaq Gürcüstanı qəbul etmir. Sıravi gürcü vətəndaş kənardan dürtülən ideya və vədlərin ziyanını çox yaxşı bilir. İndiki iğtişaşların da uğurla nəticələnəyi gözlənilmir, çünki hazırda beynəlxalq şərait də tam fərqlidir. “Rossiya v qlobalnoy politike” jurnalının baş redaktoru Fyodor Lukyanovun sözlərinə görə, vəziyyət 21 il əvvəlkindən köklü şəkildə fərqlənir. İlk dəfə 2000-ci illərin əvvəllərində Gürcüstanda sosial-iqtisadi vəziyyət yaxşı deyildi. F.Lukyanov vurğulayır ki, Gürcüstan hazırda sabitlik və nisbətən uğurlu inkişaf şəraitində yaşayır, beynəlxalq fırtınalarla bağlı təhlükələrdən yayınır. Rusiyalı mütəxəssis düşünür ki, mövcud mühitdə hakimiyyətin dəyişməsi, demək olar ki, zəmanətli xaos demək olardı.
F.Lukyanov belə bir sual verir: “Əsas sual odur ki, etirazçılar cəmiyyəti həqiqətən sarsıdacaq bir zorakılıq səviyyəsinə nail ola biləcəklərmi? Təxribatlar bu cür hadisələrin ayrılmaz hissəsidir, deyə bilərik ki, onlar özünəməxsus “oyun qaydaları”nın bir hissəsidir. Etirazçıların vəzifəsi “qəsbkar hakimiyyət”in “vəhşi” simasını dünyaya göstərməkdir, hakimiyyətin vəzifəsi zəifliyə yol verməmək, möhkəm dayanmaq, eyni zamanda, təxribatlardan mümkün qədər yayınaraq çevik olmaqdır. Bu işə böyük bacarıq və dözüm tələb olunur”.
Gürcüstan hökuməti bu vəzifənin öhdəsindən gəlir. Bundan başqa, rəsmi Tbilisi iğtişaşların arxasındakı qüvvələri da yaxşı tanıyır. Ötən gün Baş nazir İrakli Kobaxidze brifinqdə açıqladı ki, Gürcüstanın müxalif siyasi qüvvələrinin fəalları, eləcə də qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Gürcüstan paytaxtında etiraz aksiyaları təşkil edirlər: “Əlbəttə, bu zorakılığı təşkil edən, lakin özləri kabinetlərində gizlənən siyasətçilər bu günlərdə baş verən hadisələrə görə məsuliyyətdən qaça bilməyəcəklər. Onu da xatırladacağam ki, bu zorakı aksiyalarda iştirak edən və onlara dəstək verən varlı QHT rəhbərləri bu ofislərdə gizlənirdilər”.
Gürcüstan hökumətinin başçısı onu da əlavə etdi ki, hakimiyyət nümayişçiləri gözyaşardıcı qazdan xüsusi qoruyucu eynəklərlə təmin edən, onlara pirotexniki vasitələr və digər ləvazimatlar alan QHT-lərin olduğunu da bilir.
Təəssüf ki, xarici qüvvələr və ölkələr baş verən hadisələrin Gürcüstanın daxili işi olduğunu “unudurlar”, demokratik əsaslarla keçirilən seçkilərin nəticələrinə hörmət etməyə meyil göstərmirlər. Əksinə, Qərb müxtəlif sanksiya alətlətini işə salaraq, qanuni seçilmiş hökumətə təzyiq göstətməyə çalışır, radikal müxalifəti və onun orbitində fırlanan QHT nümayəndələrini, eləcə də macərə axtaranları dəstəkləyərək təxribata sürükləyirlər. Amma bütün bu destruktiv siyasətin fiaskoya uğrayacağı şübhə doğurmur. Milli problemlərin həllinə köklənən müdrik gürcü xalqının kənar qüvvələrin bədnam planlarının ölkədə reallaşmasına imkan verməyəcəyinə inam böyükdür.
S.ELAY
XQ