“Qərb demokratiya və ədaləti çoxdan ayaqlar altına atıb”

post-img

Avropanın, ABŞ-nin postsovet məkanında, konkret olaraq Cənubi Qafqaz respublikalarında hansı maraqları güddüyü heç kəsə sirri deyil. Bölgədə hadisələrin son 30 illik xronologiyasına nəzər yetirsək, bu bölgənin “böyük güclər”in görünən və görünməyən qarşıdurması, özəl maraqlarını təmin etmələri üçün sınaq meydanına çevrildiyini tam əminliklə söyləyə bilərik. Müəyyən dövrlərdə, keçid mərhələlərində bu qarşıdurmanın xarakteri fərqli formalar alsa da, mahiyyəti dəyişməyib. Bunun sonu olacaqmı? Bölgədənkənar aktorların güzəştsiz mübarizəsində Azərbaycanı hansı təhlükələr gözləyə bilər? Bu və digər suallarımızı Qərbi Kaspi Universitetinin professoru, diplomat, politoloq Fikrət Sadıxov cavablandırır.

– Fikrət müəllim, son 30 ildə Qərbin postsovet məkanındakı respublikalara münasibətində müşahidə olunan tendensiya demokratik prinsipləri geosiyasi və iqtisadi maraqlara qurban verilməsidir. Bu dəyişikliyin əsas səbəbləri hansılardır?

– Qərbin postsovet məkanındakı bir sıra respublikaları öz nəzarəti altına almaq planları bu günün məsələsi deyil. Bu, keçmiş SSRİ ərazisində onun maraqlarını təmin etməsindən ötrü əsas prinsipinə çevrilib. Təbii olaraq, Qərb üçün bu prinsip naminə demokratik dəyərlər də arxa plana keçib. Bunların yerini geosiyasi və iqtisadi maraqlar tutub. Aydın məsələdir ki, bu prinsiplərə üstünlük verilməsinin əsas səbəbi Qərblə Rusiya arasında davam edən qarşıdurmanın nəticəsidir. Bəli, bu iki düşərgə arasında postsovet respublikaları uğrunda amansız mübarizə gedir. Yəni, Qərbin bir çox ölkələri, beynəlxalq təşkilatları, institutları bütün üsullardan yararlanmaqla bu respublikaları özlərinə loyal oyunçulara çevirməkdən ötrü çalışırlar. Əlbəttə ki, bu, heç də asanlıqla alınan məsələ deyil. Misal üçün, Azərbaycan heç vaxt kənar güclərin diktəsi ilə hərəkət etməyib və yaşamayıb. Bakı siyasi və diplomatik addımlarını yalnız milli mənafedən çıxış edərək atıb. Doğrudur, Azərbaycandan fərqli olaraq, bəzi respublikalar Qərbin qarşısında əyilib, digərləri isə ciddi müqavimət göstərməkdədir. Onlardan biri də qonşuluğumuzdakı Gürcüstandır.

– Konkret Ermənistan–Azərbaycan münaqişəsinə yanaşmada biz ikili standartların, hətta xristian həmrəyliyinin əyani şahidi olduq. Doğrudanmı, Qərb bəyan etdiyi beynəlxalq hüquqa söykənən, qanunun aliliyi kimi ümumbəşəri dəyərləri ayaqlar altına atıb?

– Qərb üçün bəşəri dəyərlər həmişə ritorik anlayış olub. Eyni zamanda, onu da deməliyik ki, Avropanın beynəlxalq hüququ, bəşəri dəyərləri sözdə üstün tutması onu göstərir ki, onlar elan etdiyi həmin prinsip və normaları özləri ayaqlar altına atıblar. Bunu biz öz təcrübəmizdən yaxşı bilirik. Ermənistanın otuz il ərzində Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinə, ərazimizə təcavüzünə demokratiyadan, insan hüquqlarından pafosla danışan Qərbin ikili standartlarla yanaşmasını unutmamışıq. Azərbaycan özünün ərazi bütövlünü və suverenliyini tam bərpa edəndən sonra həmin qüvvələrin təşvişə düşdüklərini də görürük. “Kollektiv Qərb”in məhz beynəlxalq hüququ, ədaləti bərpa edən, bölgədə reallığı dəyişən Azərbaycana qarşı açıq şəkildə həm siyasi, həm də diplomatik müstəvidə hansı addımları atmağa başladığına bütün dünya şahidlik edir. Birmənalı şəkildə deyə bilərik ki, Qərb Cənubi Qafqazda özünün korporativ maraqlarını təmin etmək naminə hər şeyi – demokratik prinsipləri, bəşəri dəyərləri qurban verməyə hazırdır. Rəsmi Bakının da bu münasibətə tamamilə adekvat münasibət sərgiləməyə haqqı var. Çünki Azərbaycan daha otuz əvvəlki zəif və siyasi iradəsi kövrək ölkə deyil.

– Cənubi Qafqazdan söz düşmüşkən, “kollektiv Qərb” özü üçün bu bölgəni, sanki, təcrübə zonasına çevirib. İndi Gürcüstanda ciddi hadisələr baş verir. Qonşu ölkədə davam edən eskalasiyada Qərbin rolunu necə qiymətləndirərdiniz?

– Görünən odur ki, “kollektiv Qərb” nəyin bahasına olursa-olsun, Cənubi Qafqazı özünün nəzarəti altına götürmək istəyir. O, bu missiyasına vaxtilə elə Azərbaycanda başlamışdı. Amma burada alınmadı. Qəti mövqe və siyasi iradə nümayiş etdirən, balanslı diplomatiyaya üstünlük verən Azərbaycanın yalnız milli maraqlarından çıxış etməsi Qərbi düşünməyə vadar etdi. Bakının bu cəsarətli mövqeyi, deyə bilərik ki, onları “yuxudan ayıltdı”. İntəhası, Avropanın bu məkrli planları Ermənistana münasibətdə alınır. Hər halda bunun baş verməsi üçün Fransa əlindən gələni edir. Məhz Parisin təhriki sayəsində Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi anti-Azərbaycan yönümlü qətnamə və bəyanatların məqsədi Bakını əyilməyə məcbur etmək idi. Bu da alınmayanda, görünür, növbə Gürcüstana çatıb. Görünən mənzərə ondan ibarətdir ki, “kollektiv Qərb”, xüsusilə də, Avropa İttifaqı açıq şəkildə bəyan edir ki, Gürcüstan yalnız mənə tabe olmalı və yaxın gələcəkdə deyil, indi, dərhal mütləq onun üzvünə çevrilməlidir. Vətəndaş cəmiyyəti nümayəndələrini, gəncləri küçələrə çıxarmaqla bu məqsədinə nail olacağını düşünür. Gürcüstan prezidentinin hətta məktəbliləri, azyaşlıları etiraz aksiyalarına qoşulmağa çağırması da kənardan verilən təlimatların nəticəsi, orada yazılmış ssenarinin tərkib hissəsidir. Yəqin bu yolla istəyirlər ki, gürcü uşaqları da gözyaşardıcı qazların təsirinə məruz qalsınlar. Ardınca Qərbin “insan hüquqlarının müdafiəsi üzrə” institutları hay-küy qaldırsınlar ki, bəs Gürcüstanda azyaşlılara zor tətbiq edirlər. Guya, bu üsullarla Avropa İttifaqı Gürcüstanı özünə yaxınlaşdırmağı planlaşdırır. Amma qonşu ölkənin ictimaiyyətinin böyük qismi bunun əleyhinədir. Əslində, keçirilən seçkilərin nəticələri də bu reallığı təsdiqləmiş oldu.

– Amma bəzi dairələrdə səsvermə prosesində saxtakarlığa yol verilməsi ilə bağlı iddialar eşidilirdi...

– Seçkinin nəticələrinə kölgə sala biləcək heç bir fakt, tutarlı arqument ortaya qoya bilmədilər. Demək istəyirəm ki, hər şey siyasi ritorika, bəyanatlar səviyyəsindədir. Hesab edirəm ki, Gürcüstandakı mövcud hakimiyyət öz yoluna və prinsiplərinə tam uyğun addımlar atmalı, ölkənin suverenliyini axıra qədər müdafiə etməlidir. Hakimiyyət heç bir halda respublikanın daxili işlərinə kənar müdaxiləyə yol verməməlidir.

Baxmayaraq ki, həmin “kollektiv Qərb” belə müdaxilələr sahəsində “zəngin təcrübəyə” malikdir. Bunun əyani misalı olaraq, Fransanın uzun illər müstəmləkələrini ordusunun, polisinin müdaxiləsi ilə, yerli xalqları sərt məngənələrdə sıxmaqla əlində saxlamağa çalışmasını göstərmək olar. Bu, qeyri-qanuni, qeyri-insani neokolonialist siyasətin sonda nə ilə nəticələndiyi hazırda bütün dünyaya məlumdur.

Qərbin aparıcı dövlətlərindən biri hesab olunan Fransa ilə müqayisədə Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və özünə qarşı belə cəhdlərə heç vaxt imkan verməyəcək. Bunu avropadakılar kimi, okeanın o tayındakılar da çox yaxşı bilirlər.

Qələmə aldı:
İmran BƏDİRXANLI
XQ



Müsahibə