Paşinyan deyir, Handanyan izah edir
Ermənistan baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəlki açıqlaması ölkəsində geniş müza-kirə mövzusuna çevrilməkdədir. Qeyd edək ki, Paşinyan Kazanda Prezident İlham Əliyevlə görüşünün nəticələrindən məmnunluğunu ifadə etmiş və bildirmişdi ki, Azərbaycan tərəfi ilə belə uzun və səmərəli görüş heç vaxt olmayıb.
Erməni hökumət rəhbəri həmin təmas barədə danışarkən onu da demişdi ki, Ermənistana və Azərbaycana dinc yanaşı yaşamaq üçün təkcə sülh müqaviləsi və digər sazişlər yox, eyni zamanda, gələcəkdə, yəni, qarşıdakı yüz ildə hansı düstur əsasında bir-birinin yanında olmaq niyyətinə dair strateji sazişin bağlanması lazımdır. “Hesab edirəm ki, bu, çox mühüm, fundamental məsələdir. Bu strateji müqavilənin nə olması barədə fikrim var. Strateji sazişə dair fikirlərimiz “Real Ermənistan” konsepsiyasına əsaslanır”, – deyən Paşinyanın sözlərinə görə, sözügedən sövdələşmənin ərsəyə gəlməsi özünün siyasi ifadəsini tapmalıdır.
Əslində, ilk baxışdan, N.Paşinyanın nə dediyi anlaşılmır. Çünki indiki məqamda ortada olan konkret sülh müqaviləsi layihəsi var. Ancaq görünən budur ki, rəsmi İrəvan həmin layihə ilə əlaqədar hansısa ciddi addımlar atmaq niyyətindən uzaqdır. Nikolun dilə gətirdiyinin mənasızlığı kontekstində də Ermənistanın reallıqdan kənar düşdüyünü görmək mümkündür.
Məsələn, yaxşı olardı ki, erməni tərəfi Bakının evsahibliyini gerçəkləşdirdiyi COP29-da iştirak edəydi, amma, bu alınmadı. Yəni, sülh müqaviləsi layihəsinin parametrindən asılı olmayaraq, Ermənistanın nüfuzlu toplantıda təmsilçiliyi müsbət məqam kimi dəyərləndirilə bilərdi. Özü də mövzu iqlim idi və onun prinsip etibarilə siyasətlə heç bir əlaqəsi yoxdur.
Ancaq rəsmi İrəvan xaricdəki anti-Azərbaycan qüvvələr kimi tədbiri boykot yolunu tutdu. Belə olan halda hansı etimad quruculuğundan danışmaq mümkündür? Ermənistan fürsəti əldən verdi və tam əminliklə bildirmək mümkündür ki, bunu Qərbin, başlıca olaraq isə Fransanın təhriki ilə etdi.
Əlqərəz, Paşinyanın Kazan görüşünün nəticələrini pozitiv qiymətləndirməsinə görə Ermənistanda qalxmış ajiotaj fonunda hakim komandanın təmsilçilərinin açıqlamaları diqqət çəkməkdədir. Müxalifət nümayəndələri Azərbaycanla strateji saziş məsələsini təslimçilik kimi qiymətləndirdikləri halda, baş nazirin tərəfdarlarının səsləndirdikləri mövqe onu deməyə əsas verir ki, Nikolun irəli sürdüyü tezis rəsmi İrəvanın növbəti manipulyasiyasından başqa bir şey deyil.
Fikrimizi Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasının fraksiya üzvü Sakris Handanyanın açıqlaması da təsdiqləyir. Handanyanın söylədikləri, belə demək mümkünsə, “köhnə hamam, köhnə tas” ritorikasının məhsuludur. Onun sözlərinə görə, baş nazirin haqqında danışdığı məsələ sülh müqaviləsinin əsasını təşkil edən eyni prinsiplərin möhkəmləndirilməsini, kommunikasiyaların blokdan çıxarılmasını, delimitasiya və demarkasiya prosesini nəzərdə tutur: “Tərəflər bir-birinin ərazi bütövlüklərini və suverenliklərini tanımalı, bir-birinin daxili işlərinə qarışmamalı, qarşılıqlı məqbul şərtlər əsasında münasibətləri normallaşdırmalıdırlar. Mövcud kontekstdə kommunikasiyaların blokdan çıxarılması fraqmenti çox vacibdir. Çünki yolların açılması halında həm Ermənistan, həm də Azərbaycan üçün faydalı durum yaranacaq, insanların və malların hərəkəti baş verəcək”.
Bəli, Handanyanın bildirdikləri Paşinyanın heç də yeni nə isə demədiyinin təsdiqidir. Bəs elə isə sual yaranır: Əgər bütün bu prinsiplər artıq sülh müqaviləsinə daxil edilibsə, niyə Nikol hansısa başqa fövqəladə müqavilə bağlamağın zəruriliyindən söz açır? Handanyanın sualla bağlı da qeydi var: “Biz hansısa əlavə sənədin imzalanmasından danışmırıq. Söhbət bütün bu proseslərdən (sülhün əldə edilməsi, kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşdirilməsi) hər iki tərəfin öz faydalarını götürməsi məntiqindən gedir”.
S.Handanyanın ümumi tezisləri təkrarlaması zamanı dilə gətirdiyi yenilik məhz fayda amilidir. Əslində, faydanın nə demək olduğu da anlaşılmır. Amma ilk baxışdan. Məsələyə qayıdacağıq. Hələlik isə Paşinyanın bu günlərdə verdiyi digər açıqlamaya diqqət yetirək. Nikolun sözlərindən belə çıxıb ki, Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul etmək niyyətindən uzaqdır. Məsələn, ölkəmiz Ermənistanın konstitusiyasının dəyişdirilməsinin vacibliyini bildirdiyi halda, Nikol buna gedilməyəcəyini təsdiqləyib və fikrini belə əsaslandırıb ki, Ermənistan konstitusiya məhkəməsi ölkənin İstiqlaliyyət bəyannaməsinin əsas qanunda yer almayan müddəalarını etibarsız sayıb. Məlum olduğu kimi, Ermənistanın İstiqlaliyyət bəyannaməsində Azərbaycana qarşı ərazi iddiası var. O da məlumdur ki, bir məhkəmə qərarı bu iddianı heçə endirmək gücündə deyil.
Deməli, sülh prosesində irəliləyiş də yoxdur. Diqqət yetirək, Paşinyan özünün və komandasının aydın təsəvvürə malik olmadığı strateji saziş məsələsini ortaya atır. Handanyan isə bildirir ki, rəsmi İrəvan Nikolun Kazanda Prezident İlham Əliyevlə görüşündən sonra kommunikasiyaların blokdan açılması ilə bağlı Bakıya yazılı təkliflər göndərib. Komissiya sədri yeni təkliflərlə əlaqədar təfərrüatları açıqlamaqdan imtina edərək, yalnız onu deyib ki, orada qeyri-rəsmi səviyyədə müzakirə olunan özəl mühafizə şirkəti ilə bağlı bənd yoxdur. Ən əsası isə Handanyan Ermənistanın Azərbaycana ünvanladığı təkliflərdə başlıca istinad nöqtəsinin “Dünyanın kəsişməsi” layihəsinin olduğunu vurğulayıb. “İndi yalnız onu deyə bilərəm ki, təkliflər göndərilib, lakin hələlik Bakı onlara reaksiya verməyib”, - deyən erməni komissiya sədri onu da bildirib ki, yalnız müzakirələr başladıqdan, fikir mübadiləsi aparıldıqdan sonra detalları açıqlamaq mümkün olacaq, hələlik isə söhbət yalnız təkliflərdən gedir.
Göründüyü kimi, rəsmi İrəvan yenidən “Dünyanın kəsişməsi” avantürasından yapışır. O avantüradan ki, Ermənistanı regional kommunikasiyaların açar fiquruna çevirməyə hesablanıb. O avantüra ki, Azərbaycanın 44 günlük müharibədən sonra irəli sürdüyü “Zəngəzur dəhlizi” təşəbbüsünə zidd mahiyyət daşıyır. Rəsmi Bakının bununla razılaşmayacağı gün kimi aydındır. “Dünyanın kəsişməsi” isə belə bir razılıq olmadan mümkünsüzdür. Onu da deyək ki, Ermənistan regional kommunikasiyaların açılması məsələsində Azərbaycanın şərtlərini qəbul etməyəcəyi halda, otuz ildən artıq müddətdə dalanda qaldığı kimi, yenə eyni aqibəti yaşayacaq.
Deməli, Handanyanın fayda məntiqinin nədən ibarət olduğu aydındır. Ermənistan öz faydasını düşünür, məğlub ölkə kimi öhdəliklərini yerinə yetirmək istəmir, üstəlik, diqqətə çatdırdığımız kimi, Paşinyan da açıq şəkildə ölkəsinin konstitusiyasının dəyişdirilməyəcəyini, sənəddə Azərbaycana qarşı ərazi iddiasının yer almadığını vurğulayır. Yəni, bir daha sübuta yetirilir ki, Nikolun strateji müqavilə ritorikası manipulyasiyadır.
Ə.RÜSTƏMOV
XQ