2020-ci ilin payızında başlayan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın “başına” iyirmi üç illik uzun hazırlığın Zəfər “tac”ını qoydu. Bu zəfərə uzanan yol zaman baxımından bəlkə də çox qısa görünə bilər, amma zaman çərçivəsində görülən işlər o qədər mühüm və çoxdur ki, bu gün onları açıqlamadan, onlara dəyər vermədən Zəfərin qədərini və dəyərini bütün təfərrüatı ilə dərk etmək asan olmayacaq.
Ermənistanın və Azərbaycana qənim kəsilənlərin böyük əksəriyyətinin dünyanın siyasət patriarxlarından biri Heydər Əliyevi şadyanalıqla hesabdan silmələrinə baxmayaraq, o, 1993-cü ildə Vətənə dağılmış ölkənin xilaskarı kimi qayıtdı. 1994-cü ilin mayında vətəndaş müharibəsini dayandırdı və ölkənin “yarımcan” ordusunun, hakimiyyət uğrunda bir-birinə qarşı savaş açan səhra komandirlərinin rüsvay olmasına imkan vermədi. Münaqişə donduruldu. Bundan sonra 26 il keçdi. Yalnız indi bir çox siyasi analitiklərə və politoloqlara bəlli olur ki, Qarabağ münaqişəsinin 26 il dondurulmasının açarını kənarda yox, məhz Bakıda, əvvəlcə ulu öndər Heydər Əliyevin, sonra isə Prezident İlham Əliyevin diplomatik siyasi gedişlərində və hesablamalarında axtarmaq lazım imiş.
...Hakimiyyətə gəldiyi ilk gündən uzaqgörən siyasətçi və diplomat Heydər Əliyevin xarici siyasətdə balanslaşdırma fəaliyyəti, həqiqətən, heyrət doğururdu. Rusiya, ABŞ, Avropa ölkələri, İran və Türkiyə ilə sıx bağlılıq deyil, bərabər məsafəli tərəfdaşlıq, ən əsası Ermənistanla münasibətlərdə “nə sülh, nə müharibə” elə ilk gündən hamını çaşbaş saldı. Birinci Qarabağ müharibəsinin qalibiyyətindən məst olan Ermənistanla sülh bağlamaq bütün vasitəçi dövlətlərin təklif etdiyi güzəştlərə boyun əyib məğlubiyyəti rəsmən qəbul etmək demək idi. Amma nə Heydər Əliyev, nə də ondan sonra dövlət başına gələn İlham Əliyev buna əsla getmədilər. Şuşa azad ediləndən sonra Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Ulu öndərin məzarını ziyarət edərkən dedi: “Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı... Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək, Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik”.
...1998-ci ilin fevral ayında Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişənin tarixində problemin sülh yolu ilə həllinin qeyri-mümkün olduğunu göstərən bir dönüş nöqtəsi oldu və bundan sonra onun hərbi yolla həlli yalnız zaman məsələsinə çevrildi. Hamıdan əvvəl bu analoji nəticəyə gələn uzaqgörən strateq Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasının və gələcək taleyinin yalnız hərbdən asılı olduğunu qətiləşdirdi və bunu öz siyasi varisi, cənab İlham Əliyevə verdiyi siyasi vəsiyyətinin əsas və gizli ideyasına çevirdi. 2020-ci il noyabrın 8-də Azərbaycanın dövlət başçısı Şuşa azad edildikdən sonra Şəhidlər xiyabanına gəlib “xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” – deməsi əsla təsadüf deyildi. Bu, bir daha onu göstərirdi ki, Zəfərə yol 44 günlük müharibədən 26 il əvvəl başlanıb. Prezident İlham Əliyev 2003-cü ildə dövlət başına keçən ilk gündən başlayaraq məsələnin həllinə hərtərəfli, təmkinlə və tələsmədən yanaşmağa başladı. Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünün təminatı kimi seçdiyi strateji hədəfə çatmaq üçün məqsədyönlü və sistemli şəkildə problemin üç blokunu – sürətli hərbi quruculuq, onun xarici siyasət və iqtisadi təminatını ardıcıl şəkildə həll etməyə başladı.
Hərbi quruculuq sahəsində Azərbaycan dövlətinin hərbi strukturunun, o cümlədən tapşırıqların hərbi üsullarla yerinə yetirilməsi nəzərdə tutulan digər təhlükəsizlik xidmətlərinin silahlı qüvvələri və birləşmələrində, habelə onların idarəetmə orqanlarında islahatların aparılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməyə başlandı. 2003-cü ildən 2020-ci ilə qədər – 17 il ərzində milli təhlükəsizliyin təmin edilməsi vəzifələrinə uyğun və ölkənin iqtisadi imkanları nəzərə alınmaqla silahlı qüvvələrin və digər qoşunların təşkilati strukturu, tərkibi və gücü, onların texniki təchizatı, işə qəbul və hərtərəfli dəstək ciddi şəkildə təkmilləşdirildi. Bunun üçün müvafiq hüquqi və hərbi-nəzəri baza yaradıldı: bir sıra yeni qanunvericilik aktları qəbul olundu, cari dəyişikliklər olundu. Qüvvədə olan qanunvericiliyə dəyişikliklər oldu, konseptual və doktrinal sənədlər – Hərbi doktrina, Milli təhlükəsizlik konsepsiyası, Dəniz təhlükəsizliyi strategiyası və s. işlənib hazırlandı və dövlət başçısının bilavasitə nəzarəti altında dəqiqliklə həyata keçirilməyə başlandı.
Xarici siyasət sahəsində bilavasitə Prezident İlham Əliyevin məharətli diplomatik gedişləri sayəsində Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında beynəlxalq ictimaiyyətin rəyini əsaslı şəkildə öz xeyrinə inkişaf etdirməyə nail oldu və ən böyük regional və regiondankənar aktorların – Rusiya, Türkiyə və İran, eləcə də ABŞ, Çin və Avropa Birliyi dövlətlərinin maraqları balansını qurdu. İqtisadi baxımdan infrastruktur və logistika sahəsində sıçrayış əldə edildi: ölkə beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində regional mərkəzə çevrildi, Xəzər dənizinin şelfində karbohidrogenlərin hasilatı və emalı daha da inkişaf etdirildi. Bu, öz növbəsində, büdcəni zəruri maliyyə resursları ilə doldurmağa və dövlətin hərbi strukturlarının uğurlu transformasiyası üçün əlverişli xarici siyasət fonunu təmin etməyə imkan verdi.
Azərbaycanın müharibədən əvvəl – 2018- 2019-cu illərdə hərbi xərcləri büdcə xərclərinin 10-11 faizi daxilində dəyişdi və ÜDM-in 4 faizinə yaxınlaşdı ki, bu da mütləq ifadədə 1,7-1,8 milyard dollar təşkil edirdi. Müharibənin başlayacağı 2020-ci hərbi ilində isə bu məbləğ qısa müddətdə 2,2 milyard dollara yüksəldi. Bu da büdcə xərclərinin 14 faizinə və ya ÜDM-in 5,4 faizinə bərabər idi. Azərbaycan hərbi xərclərlə milli büdcəni həddindən artıq yükləmədən, böyük həcmdə müasir, yüksək dəqiqlikli silah sistemlərinin alınmasını həyata keçirə bilirdi. Hərbi-texniki siyasətdə əsas diqqət pilotsuz aviasiya sistemlərinə və döyüş sursatlarına, habelə hərbi artilleriyanın uzaqmənzilli atıcı silahlarına yönəldilirdi. Beləliklə, 2020-ci il payızın əvvəlinə Zəfər yürüşünə başlamaq üçün Azərbaycan Silahlı Qüvvələrinin lazımi silah və sursat ehtiyatı yaradıldı və 44 gün davam edən bütün hərbi əməliyyatlarda kütləvi şəkildə istifadə olundu. Məhz bu tədbirlərlə Azərbaycan Silahlı Qüvvələrinin qondarma “DQR Müdafiə Ordusu” adı altında döyüşən Ermənistan ordusu üzərində ümumi üstünlüyü təmin edildi.
Erməni separatçılarının işğalı altında olan Dağlıq Qarabağ ərazisinin və Azərbaycanın ona bitişik yeddi rayonunun azad edilməsi məqsədi ilə qarşıdan gələn genişmiqyaslı hücum əməliyyatına hazırlığın mühüm tərkib hissəsi həm də Azərbaycan Silahlı Qüvvələrinin hissələrinin və hərbi birləşmələrinin intensiv əməliyyat və döyüş hazırlığı oldu. Dörd il yarım ərzində, 2016-cı ilin may ayından 2020-ci ilin sentyabr ayına qədər quru qoşunlarının hərbi hissələrinin və qoşun birləşmələrinin, digər silahlı qüvvələrin və hüquq-mühafizə orqanlarının birləşmələri və hissələri ilə birlikdə hər il bir neçə genişmiqyaslı əməliyyat-taktiki, əməliyyat və strateji ikitərəfli çoxsəviyyəli təlimləri keçirilirdi.
Etiraf edək ki, Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramında fəal iştirakı da alyansın Bakıya qarşı neytrallığının formalaşmasına böyük töhfə verdi. Müstəqillik illərinin bəlli dövrlərində Azərbaycan Ordusu planlı şəkildə NATO-nun himayəsi altında müxtəlif proqramlar üzrə keçirilən əməliyyatlarda iştirak edirdi. Praktiki baxımdan, Azərbaycan silahlı qüvvələri ilə NATO arasında hərbi əməkdaşlıq NATO-nun Əfqanıstanda hökumət qüvvələrinə təlim və yardım missiyası çərçivəsində həyata keçirilirdi.
Əlbəttə, Azərbaycanın dövlət başçısı İlham Əliyevin geosiyasi müstəvidə bütün bu diplomatik gedişləri 2020-ci ildə gerçəkləşəcək müharibədə qələbənin həm döyüş meydanında, həm də beynəlxalq siyasi müstəvidə təmin edilməsinə hesablanmış addımlar idi.
Azərbaycanın hərbi hazırlıqlarında qoşunların təşkili, hərbi infrastrukturun inkişafı və düşmənlə birbaşa təmasda olan hərbi xidmətin nüfuzunun yüksəldilməsi mühüm rol oynadı. 2013-cü ilin sonundan 2018-ci ilin ortalarına kimi cəbhəboyu zonada dörddən çox hərbi şəhərcik tikildi. Barak və yaşayış fondunun 80 faizi yenidən quruldu və ya əsaslı təmir edildi. Nəticədə silahlı qüvvələrin şəxsi heyətinin 85 faizi normal şəraiti olan tikililərdə yerləşdirildi. Cəbhə xəttində yerləşən hərbi birləşmələrdə hərbi qulluqçuların sosial, məişət və ərzaq təminatı əsaslı surətdə yaxşılaşdırıldı, hərbi şəhərciklərin qazlaşdırılması və su ilə təminatı məsələləri həll olundu. Eyni zamanda, bütün ölkə üzrə hərbçi ailələrinin mənzil-məişət şəraiti xeyli yaxşılaşdırıldı: Prezident İlham Əliyevin qərarı ilə 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət tərəfindən pulsuz mənzillə təmin olunmağa başlandı.
Təkcə 2016-2020-ci illərdə Hərbi Hava Qüvvələrinin (HHQ) Uçuşların İdarə Edilməsi və Texniki İdarəetmə Mərkəzi, HHQ-nin birgə komanda qərargahı, Pilotlu Döyüş Aviasiyasının Pilotlarının Hazırlığı Mərkəzi, Pilotsuz Təyyarə Mütəxəssislərinin Hazırlığı üzrə Təlim Mərkəzi, HHQ-nin Radiotexniki Bölmələrinin İdarəetmə Mərkəzi, Silahlı Qüvvələrin maddi-texniki təminatı qərargahının idarəetmə mərkəzi, rabitə vasitələrinə texniki xidmət və təmir mərkəzi, yenidən qurulan dalğıc poliqonu, hərbi hospitallar və digər hərbi infrastruktur istifadəyə verildi.
Nəhayət, ordu quruculuğunda yüksək döyüş hazırlığını təmin edən çox vacib aspekt – kadr siyasəti yeni tələblərlə gerçəkləşdirilməyə başlandı. Əgər ölkənin işğal olunmuş ərazilərinin azad edilməsi üçün hərbi əməliyyatın keçirilməsi ilə bağlı siyasi qərar uzaq 1998-ci ildə verilib və 2003-cü ildə təsdiqləndisə, kütləvi hərbi texnikanın alınması əsas ixracyönümlü neft-qaz infrastrukturunun istismara verilməsindən sonra – 2008-2014-cü illərdə həyata keçirilməyə, dövlət başçısının qarşıya qoyduğu siyasi tapşırıqların hərbi yolla həyata keçirilməsi üçün çağırılan kadrların seçilməsi və yerləşdirilməsi 2014-2020-ci illər ərzində, qoşunların və hərbi birləşmələrin döyüş hazırlığının artırılması prosesinə paralel gerçəkləşdi.
2013-cü ilin oktyabrında dövlət başçısının general Zakir Həsənovu müdafiə naziri təyin etməsi dönüş nöqtəsi oldu. Yeni nazir dövlət başçısı İlham Əliyevdən silahlı qüvvələrin təyinatı üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və toxunulmazlığının müdafiəsinə hazırlanması məqsədilə köklü hərbi islahatların aparılması üçün kart-blanş aldı. Artıq 2014-cü ildən silahlı qüvvələrin əməliyyat və döyüş hazırlığının məzmunu, istiqaməti və intensivliyi kəskin şəkildə dəyişdi. Səmimi etiraf edək ki, 20 illik mövqe müharibəsində durğunluq yaşayan ordu ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə qarşıdan gələn genişmiqyaslı hərbi əməliyyatlara planlı və məqsədyönlü hazırlığa keçdi.
Əməliyyat və döyüş hazırlığı üzrə illik planların icrası ilə paralel olaraq, komandanlıq heyətinin seçilməsi həyata keçirilirdi. Eyni zamanda, kadrlarla bağlı qərarlar mütəmadi olaraq Cənubi Qafqaz hərbi əməliyyatlar teatrında bu və ya digər şəkildə bütün əməliyyat sahələrinə təsir edən şəxsi əməliyyatların nəticələrinə əsasən qəbul edilirdi.
Azərbaycanın 2020-ci ilin payızında ölkənin ərazi bütövlüyünün bərpası üzrə hərbi əməliyyatda qazandığı qələbənin əsas komponentlərindən biri də hərbi əməliyyatın keçirilməsi vaxtının uğurla seçilməsi idi. Əvvəla, Ermənistanda Nikol Paşinyanın başçılıq etdiyi siyasi elitanın hakimiyyətə gəlməsi ilə erməni cəmiyyətində parçalanma başladı, İrəvan və Moskva arasında münasibətlərdə gərginlik yarandı. 2020-ci ilin payızında COVID, BREXİT, Trampın seçkilərdə yaratdığı qalmaqal Qərbdəki liberal beynəlmiləlçilərin diqqətini çəkdi. Eləcə də Ukrayna, Belarus, Navalnı məsələsi... Moskvanın diqqətini yayındırırdı. Üçüncüsü, aparıcı regional aktorlarla – Türkiyə, Rusiya və İranla balanslaşdırılmış hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq proqramı uğurla davam etdirilirdi.
Bu mənada, əlbəttə, Qarabağ uğrunda yeni müharibənin başlaması Qərbdəki ciddi analitikləri elə də təəccübləndirmədi. Müharibəni çoxdan gözləyirdilər, yalnız onun nə vaxt başlayacağı və hansı hesabla bitəcəyi sualları açıq qalırdı.
(ardı var)
Məhərrəm SƏFƏRLİ,
Həsən bəy Zərdabi mükafatçısı