Qəhrəmanımızın şəhadətə qovuşmasının 4-cü ildönümünə
Vətən müharibəsində hünəri ilə adını Azərbaycan tarixinə yazan hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik- leytenantı Ramiz Cəfərovdur. Qəhrəmanımız Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbçilərlə Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Zəngilan və sonda Şuşada gedən döyüşlərdə savaşıb. Ümumi olaraq 41 gün ərzində bir sıra yaşayış məntəqələrinin, əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Noyabrın 6-da Şuşa istiqamətində şəhid olub.
Ramiz Cəfərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ramiz Cəfərov, həmçinin sağlığında “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 illik yubileyi, “Azərbaycan Ordusunun 100 illiyi” və “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalları ilə də dəyərləndirilib.
Makeyevkadan Sumqayıta
Masallı əsilli, “Qartal” ləqəbli Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Ramiz Cəfərov Ukraynanın Donetsk vilayətinin Makeyevka kəndində 1974-cü ildə doğulub. Ailədə 2 qardaş olublar. Azərbaycana köçdükdən sonra Sumqayıtda yaşayıblar. Ramiz 1981–1985-ci illərdə Sumqayıt şəhərindəki 17 nömrəli, 1985–1989-cu illərdə 11 nömrəli tam orta məktəblərdə təhsil alıb. Televizorda 9 May Qələbə günü ərəfəsində nümayiş etdirilən “Burada üfüqlər sakitdir”, “Əsgər atası”, “Baharın 17 anı”, “Mən ki, gözəl deyildim”, “Bizim Cəbiş müəllim”, “Tütək səsi” və s. bu kimi filmlər, döyüş səhnələri və ya müharibə dövrünün arxa cəbhədəki həyatını əks etdirən kadrlar onun uşaq qəlbində dərin iz buraxır. Hərbçi olmaq istəyi yaranır, hərb sənətinə marağı gündən-günə artır.
Hərbçinin ilk addımı
Bu istəklə də o, 1989-cu ildə 9-cu sinfi bitirib sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verir və qəbul olur. Orada şəhid general Polad Həşimovla birgə təhsil alır, hərb sənətinin incəliklərini dərindən öyrənirlər. 1992-ci ildə ali hərbi təhsil almaq üçün sənədlərini V.F.Marqelov adına “Suvorov” ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbinə verir. Sənədlərin qəbulu vaxt boyu kifayət qədər yüksək olmadığından onu imtahanlara buraxmırlar. Lakin Ramizin fiziki hazırlığı o qədər yüksək olur ki, onun boy göstəricisi nəzərə alınmır və məktəbə qəbul edirlər. Təhsil illərində yüksək bilik və bacarıq nümayiş etdirən Ramiz həm təlimlərdə, həm nəzəri dərslərdə fəallığı ilə diqqət çəkir. 1996-cı ildə təhsilini qırmızı diplomla başa vuraraq geri qayıdır. Ölkə xaricində təhsil alıb onu müvəffəqiyyətlə başa vurması Azərbaycanda da dəyərləndirilir. Rusiya, Türkiyə, Almaniya və ABŞ-da keçirilən hərbi təlimlərdə mütəmadi iştirak edir. 2004-cü il martın 1-dən 20-nə qədər Amerika Birləşmiş Ştatlarında NATO-nun “Əməliyyat heyəti zabitləri” kursunu müvəffəqiyyətlə tamamlayır. Ömrünün 28 ilini Vətənə xidmətə həsr edən xüsusi təyinatlı polkovnik-leytenant ingilis, alman, rus dillərini də sərbəst bilirdi.
2005-ci ildə Salyan rayonunda xidmətdə olur. 1 il Mudafiə Nazilrliyində kəsfiyyat şöbəsində işləyir, sonra yenidən Salyana göndərilir. 2006–2014-cü illərdə Ağstafa rayonu Qırlı kəndində yerləşən “N” saylı hərbi hissənin komandiri olur. 2014-cü ilin may ayında yenidən Sumqayıta qayıdır və təyinatla 2020-ci ilədək Yaşma Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qərargah rəisinin müavini olur.
46 illik ömrünün 28 ilini həsr etdiyi hərbi xidmət həm də onun qəhrəmanlıq dastanı olur.
Aprel döyüşləri
2016-cı ildə Aprel döyüşləri adı ilə Azərbaycanın hərb tarixinə düşən 4 günlük müharibədə iştirak edir. Onun bacarıqlı idarəetməsi döyüş yoldaşlarını heyran edir. O, hər addımını, hər hərəkətini dəqiqliklə ölçüb-biçir, sonra qərar verir. Belə olanda uğur əldə etmək şansı böyük olur. Ona görə də döyüşün məkanından və zamanından asılı olmayaraq, Ramizin bütün planları uğurla nəticələnir. O, Aprel döyüşlərində bilik və bacarıq nümayiş etdirməklə qalmır, həm də döyüş təcrübəsi toplayır, strategiya və taktikaya aid təcrübəsini zənginləşdirir. Döyüşlər zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndlərinin yolları düşməndən azad edilir.
Qüsursuz xidmətlərinə görə dəfələrlə mükafatlara layiq görülür. Döyüş yoldaşları onun haqqında deyir: O döyüşlərdə hücum vaxtı heç vaxt “İrəli!”– deməzdi, birinci addımı özü atıb, sonra əsgərlərinə “Arxamca!”– deyirdi. Bu qəhrəmanlıqlarına görə ona “Qartal” ləqəbi vermişdilər. Mən polkovnik-leytenantam, amma ən böyük titulum döyüş yoldaşlarımın mənə verdiyi “Qartal” rütbəsidir.
Haydı, igidlərim, döyüşə!
2020-ci ilin sentyabr ayında ailəsi ilə görüşür. Tabeliyində olan xüsusi təyinatlı qüvvələrlə ən qaynar döyüşlərin getdiyi nöqtələrə yollanır. 41 gün müddətində bir çox rayonların azad edilməsində iştirak edirlər. Hər rayon azad edildikcə sevinirlər ki, zəhmətimiz yerdə qalmadı, qazandıq. Oktyabrın 30-da sonuncu dəfə ailəsi ilə əlaqə saxlayır. Oğlu Nurlana son sözü “az qalıb, oğlum, Şuşa bizimdir. İnşaallah, gələcəyəm, birlikdə balıq ovuna gedəcəyik” – olur. Həmin vaxt o Şuşa uğrunda döyüşlərdə iştirak edirdi. Döyüşlər zamanı düşmənin xeyli canlı qüvvəsini və bir çox texnikasını məhv edir. 2020 -ci il noyabrın 6-da Şuşada gedən şiddətli döyüşlərdə Ramiz Cəfərovla birlikdə 13 xüsusi təyinatlı da şəhid olur. Noyabrın 11-də II Fəxri xiyabanda dəfn edilir. Azərbaycan Prezidentinin sərəncamına əsasən, Ramiz Cəfərova Vətən Müharibəsi Qəhrəmanı adı verilir.
2020-ci il 10 dekabrda Zəfər paradı günü Ramizin 46 yaşı tamam olurdu.
Xatirələrdə yaşayan “Qartal”
Qardaşı Rafiq Cəfərov:
– Uşaqlığından hərbçi olmaq arzusunda idi. İstəyinə çatdı da. Müharibə başlayanda yalnız qələbə barədə düşünürdü. Ramizin ölümü ilə barışmaq çətindir. Tək qalmışam. Amma, bilirəm ki, Qələbə şəhidsiz, qansız olmur. Onun ölümü adi ölüm deyil. Qürur duyulası şərəfli ölümdür. Yoldaşları onun haqqında deyirlər ki, Ramizi əlbəyaxa döyüşlərdə məğlub etmək mümkün deyildi. Bu məni bir qardaş kimi çox qürurlandırır.
Fərrux Cəfərov, əmisi oğlu:
– Ramiz sirr verən adam deyildi. Nə müharibənin başlayacağını deyirdi, nə də döyüşə getdiyini dedi. Bir sözü vardı: Qələbə bizimlədir, hər şey yaxşı olacaq. Aprel döyüşlərində də iştirak etmişdi. Nə vaxt vəziyyəti soruşsan eyni cavab alardın: Qələbə bizimlədir, hər şey yaxşı olacaq.
Ramiz həqiqətən də müharibə gedən müddətdə qəhrəmanlıqlar göstərib. Elə yerlər olub ki, orada düşmənlə üz-üzə gəlib, əlbəyaxa döyüşüblər. Hadrutda meşəlikdə 5 nəfərlə 78 erməni hərbçisini öncə mühasirəyə alıb, sonra hamısını qırıblar. Dostları danışırdılar ki, Ramiz çox çevik və cəsarətli idi. Qorxu nə olduğunu bilmirdi. Əlbəyaxa döyüşlərin birində balta ilə erməninin birini necə vurubsa, düşmən tətiyi çəkməyə belə imkan tapmayıb. Onun mina təmizləmək üçün beli var imiş. O ülgücdən də iti olur. Ramiz həmin bellə neçə-neçə ermənini cəhənnəmə vasil edib.
Şəhid polkovnik-leytenantla son dəfə Şuşada görüşən döyüşçünün xatirəsi:
– Mən noyabrın 5-də Şuşaya hücum zamanı yaralandım. Hərbi hissə komandiri Ramiz Cəfərov və onun digər müavini döyüşü idarə edə-edə arxadan gəlirdilər. Onlar bölmələri yoxlayır, nəzarət edirdilər. Mənə də yaxınlaşanda bildirdim ki, ayağımdan açıq qəlpə yarası almışam və olduğum mövqedə gözləyirəm ki, əks-hücum olarsa, atış edim. Komandir mənə baxdı, dedi ki, təxliyyə gələndə aşağı düşərsən. Yaralısan, indi getməsən, iki- üç gün sonra ağırlaşacaqsan, səni kimsə aparmalı olacaq. Noyabrın 6-sı günortadan sonra mən yüksəklikdən aşağı düşməyə başladım. Ermənilər minomyotla oranı səhər saatlarında vurdu, 6 nəfər şəhid oldu. Hava qaraldı, erməni minomyotu həmin dikin üstünü bir də vurdu. Bir qrup döyüşçü oradan bizim yanımıza yeni yaralı, şəhid gətirdilər. Digər qrup isə onları aşağı aparırdı. Onda eşitdim ki, komandirim Ramiz qardaşım da şəhid olub. Bir neçə saat əvvəl mənimlə danışan adam artıq həyatda yox idi. Çox pis oldum. Söhbət əsnasında demişdi ki, müharibə bitsin, qızıma toy edəcəyəm. Hamınızı dəvət edəcəyəm. Çox böyük arzuları var idi. Şuşaya qalxmaq özü bir qəhrəmanlıqdır. Hər adam ora gedib çıxa bilməzdi. Şuşanı görməyi çox istəyirdi, yaxşı ki, bu, ona qismət oldu.
Dostları ona “Qartal” ləqəbi vermişdilər. Bu ləqəbin verilməsinin öz tarixçəsi vardı Onlar danışırdılar ki, Ryazanda oxuyanda paraşütlə tullanmağı məşq edirmişlər. Qəflətən səmada Ramizin paraşütünün ipləri dolaşır, Bu mənzərəni seyr edən yoldaşları narahat olurlar. Amma elə həmin vaxt o, özünü itirməyib, elə səmada olanda vəziyyətdən çıxır. O hadisədəki qoçaqlığına görə ona belə ləqəb vermişdilər. Çox məsuliyyətli adam idi. Gecə saat ikidə də çağırış gəlirdisə, gedirdi. Aprel döyüşlərində onun necə çevik olduğunu, çətin anda situasiyadan çıxa bilmək bacarığının dəfələrlə şahidi olmuşdum.
Ailə həyatı
Ramiz Cəfərov 1998-ci ildə ailə qurur. İkisi əkiz olmaqla Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qalmışdır. 5 övladdan sonbeşik əkizlər –Nurlan və Nurlana hələ atalarının yoxluğunu o qədər dərk etmirlər. Amma onun necə qəhrəman olduğunu yaxşı anlayırlar. Deyirlər ki, şəhid övladı olduğumuzla qürurlanırıq. Fəxr edirik ki, atamız qəhrəmandır. Hamı bizi qəhrəman şəhidin övladı kimi tanıyr. Nurlana deyir ki, atam həmişə yanaqlarımdan dartırdı. Hamı məni atama oxşadırdı.
Rəbiqə Salayeva, qızı:
– Bir dəfə zəng edəndə dedim ki, ata, sənə 1 sual verim, amma düzünü de: vəziyyət necədir? Dedi: “ata canı, hər şey yaxşıdır, Qələbə də bizimdir, özü də tezliklə. O, çox vətənpərvər idi, ölkəsini, peşəsini hədsiz sevirdi. Nişanlı idim. Onun arzusu mənim toyumda döyüş yoldaşlarının iştirakı idi. Ailə qurdum, amma arzuladığımız toy nə mənə, nə ona qismət oldu.
Şəhidin xanımı Sitarə Cəfərova:
– Sentyabrın 26-da səhər saat 5-də bizimlə sağollaşıb getdi. Müharibə barədə kəlmə kəsmədi. Bildirdi ki, yenə təlimlərə qatılacaq, ondan nigaran qalmayaq. Ola bilsin ki, təlim çox çəksin, evə bir müddət gəlməsin. Biz hərbçi ailəsiyik. Belə yaşamağa öyrəşmişdik. Onun işi ilə əlaqədar müxtəlif rayonlarda yaşamışıq, həmişə yolunu gözləmişik. Amma ertəsi gün eşitdik ki, müharibə başlayıb. Ramizlə yalnız bir həftə sonra əlaqə saxlaya bildik. Yaxşı olduğunu, hər şeyin yolunda getdiyini, qələbənin bizimlə olacağını deyirdi. Amma sonradan dostları danışırdı ki, düzlərdə, meşələrdə, yağışlı günlərdə çox çətinliklərlə üzləşiblər. Qələbə asan qazanılmayıb. Elə ərazilərdən keçiblər ki, ərzaqla təminat mümkün olmayıb. Günlərlə yemək yeməyiblər.
Sonuncu zəngi oktyabrın 30-da gəldi. Dedi ki, Şuşaya qalxırıq, salamatlıqdır, burada zəng etməyə imkan olmaya bilər. Şəbəkə də tutmaya bilər, mümkün olan kimi əlaqə saxlayacağam. Mən onu çox yaxşı tanıdığımdan, səsindən çox yorğun olduğunu hiss etdim. Ondan sonra yoldaşım haqqında heç bir məlumat ala bilmədik. Noyabrın 8-də şəhid olduğu barədə xəbəri gəldi.
Həyat davam edir
Böyük qızım 1 il idi ki, nişanlı idi. 2020-ci il avqustun 9-da toyunu danışmışdıq. Pandemiya araya düşdü, toylara icazə verilmədi. Sonradan yanvar ayında toysuz köçürdüm. İndi Səid adlı 3 yaşlı nəvəm var. Ramizin arzusu uşaqlarını ali təhsilli görmək idi. 2-ci qızım Nigar Polşada Varşava Universitetində beynəlxalq münasibətlər fakültəsində 3-cü kursdadır. Onun təhsil xərclərini Yaşat Fondu öz üzərinə götürüb. 3-cü qızım Nərgiz Xəzər Universitetində biznesin idarə edilməsi fakültəsində 1-ci kursda təhsil alır. Əkizlər– Nurlan və Nurlana 21 saylı orta məktəbin 8-ci sinifində oxuyurlar.
Ailədə sərt insan idi. İstəyirdi ki, hər şey qaydasında olsun, hər kəs nizam-intizama əməl etsin. Deyirdim ki, Ramiz, burada əsgərlər yoxdur, xasiyyətini bir az yumşalt. Amma, o qədər sərt xarakterin altında həlim ürək gizlənmişdi. Ailəsini çox istəyirdi. 21 il evli olduq, nə qədər düşünürəmsə, onun hansısa pis cəhətinin olduğu yadıma gəlmir. Bizi bir dəfə də olsa incitməyib. Bircə dəfə demək kifayət idi ki, evə nəsə lazımdır, unutmurdu, onu həll etməyincə evdən çıxmırdı. İstirahət günlərində hamımızı gəzməyə aparırdı. Mənə deyirdi: “Sitarə, torpaqları gec, ya tez alacağıq. Hər şeyə hazır ol. Mən hərbçiyəm, kəşfiyyatçıyam, başıma hər an nəsə bir iş gələ bilər”.
Hərbçi həyatı bambaşqadır. Biz onun işi ilə əlaqədar Salyanda yaşayanda daim Kür sahilinə gedir, balıq tuturdu. Bu, onun hobbisi idi. İşdən vaxt tapan kimi balıq ovuna gedirdi. Bəzən oğlunu da aparırdı. Deyirdi ki, mənə heç nə balığın tilova düşdüyü anı gözləmək qədər zövq vermir. Şuşadan zəng vuranda da oğluna dedi ki, gəlib səni balıq tutmağa aparacağam.
Sonuncu dəfə bizimlə sağollaşıb gedəndə, “qismət olsa qayıdacağam. Uşaqlardan muğayat ol, evin ipotekasına görə narahat olma. Mənə nəsə olsa, dövlət ödəyəcək” –dedi. Elə də oldu. Ramizin ən böyük sevgisi Vətən idi. Ona görə də o, yaşamağı yox, şəhidliyi seçdi. Bunu həm də onun peşəsinə olan vəzifə borcu tələb edirdi.
Şəhadətə qovuşmasının 4-cü ildönümündə onu xatırlamaqla ruhunu şad etmək istədik. Ramizin ruhu şaddır ki, uğrunda şəhidlik zirvəsinə yüksəldiyi Şuşada üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır. Masallı şəhəri 6 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Sübhan oğlu Cəfərovun adı verilmişdir. Şəhidimizin həyatına həsr olunan “Bir Şuşa qəhrəmanı” adlı sənədli film çəkilmişdir. Dövlətimiz Ramiz Cəfərovun ailəsini 3 otaqlı mənzil və Prezident təqaüdü ilə təmin edib. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi hər zaman bizim üçün əzizdir. Azərbaycançılıq məfkurəsinə könüldən bağlı olan bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.
Zərifə BƏŞİRQIZI
XQ