Deyəsən, Baqrat “geosiyasi qütb”ünü dəyişir

post-img

Kanada vətəndaşı olan keşişin Rusiyaya gizli səfəri birmənalı qarşılanmır

Ermənistanda iqtidarın Azərbaycanla sülh əldə olunması istiqamətində addımlar atmasına qarşı çıxanlardan böyük bir qrupuna erməni apostol kilsəsinin başçılıq etdiyi heç kəsə sirr deyil. Kilsə tarixən iki xalqın, sonradan isə iki dövlətin münasibətlərinin gərginləşməsində müstəsna rol oynayıb.

Biz bu gün sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyini bildiririk. Ancaq sülhə əngəl olmaq istiqamətində fəaliyyət göstərən kilsənin hayların əsas qanununda əksini tapmış xüsusi konstitusion statusu da ləğv edilməlidir. Konstitusiyanın 18.1-ci maddəsində erməni apostol kilsəsinin milli kilsə kimi “erməni xalqının mənəvi həyatında, onun milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunub saxlanılmasında müstəsna missiyası” təsbit edilib. O kilsənin ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün cinayətlərin, belə deyək, ideya əsaslarını hazırlayıb. Cinayətləri həyata keçirənlərə xeyir-dua verib, onları qəhrəmanlaşdırıb. Məhz kilsə tarix boyu ermənilər arasında türklərə və azərbaycanlılara qarşı nifrət hissi aşılayıb, etnik və dini zəmində ədavət salıb, düşmənçilik toxumu səpib. Din xadimi adlanan həmin şəxslərin apardıqları kütləvi təbliğat erməni xalqının “beyinyuma əməliyyatına” məruz qoyulmasına, onlarda kütləvi psixoz vəziyyətinin yaradılmasına gətirib çıxarıb. Həmin ideologiyanın təsiri altında və xaricdəki havadarların təlimatı əsasında haylar azərbaycanlıların başına olmazın müsibətlər gətiriblər, o cümlədən ölkəmizə qarşı terror aktları törədiblər.

Kilsə indi də öz əməllərindən qalmır. Hər vasitə ilə çalışır ki, iki ölkənin münasibətləri qaydaya düşməsin, sahmana salınmasın. Bu məqsədlə Tavuş yeparxiyasına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyanı irəli verib. Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən delimitasiya-demarkasiya prosesinə qarşı çıxmaq Baqratın ilk işi oldu. O, elə həmin günlərdə etiraz aksiyalarının başladığını elan etmişdi. May ayının 4-də sərhədyanı Kirants kəndindən İrəvana doğru yürüş edərək mayın 9-da paytaxta yetişmiş, həmin gün mərkəzi meydanda tərəfdarları ilə mitinq keçirmişdi. Ancaq onun çağırışına səs verənlərin sayı çox az olmuşdu. Bu isə Ermənistan cəmiyyətinin ölkəni 20 ildən çox çapıb-talamış, bütün sahələri bərbad günə salmış Robert Koçaryan–Serj Sarkisyan cütlüyünün başçılıq etdikləri Qarabağ klanının, digər revanşist kəsimin, eləcə də, onlarla bir cərgədə addımlayan kilsənin siyasi oyunlarına, fitnəkarlığına qoşulmamaqda israrlı olduğunun daha bir göstəricisi sayıla bilər.

Buna baxmayaraq, keşiş siyasi oyunlarını yenə də müxtəlif formalarda davam etdirdi. Baqrat bütün yaz ayları boyunca Ermənistan cəmiyyətini gərginlikdə saxlamağa çalışdı. Yolları bağladı, iş yerlərinə, universitetlərə gedərək tətil etməyi, mitinqlərə qatılmağı tələb etdi. Nəhayət, iyunun 12-də İrəvanda baş verənlər bu oyunların kulminasiya nöqtəsi oldu. Həmin gün onlar parlament binasının qarşısında polislə qarşıdurmaya gedərək təxribat törətdilər. Ancaq yenə də istədikləri nəticəni əldə edə bilmədilər. Erməni xalqı arxasında Qarabağ klanının dayandığı heç kəsdə şübhə doğurmyan bu qaragüruha “yox!” dedi. Hakimiyyətə gəlmək üçün bütün çapalamaların fayda vermədiyini görən müxalifət hərəkatının etirazları səngidi. Keşiş, necə deyərlər, qınına çəkildi. Ermənistan mediası yay ərzində onunla bağlı ara-sıra xəbərlər yaysa da, Baqrat əsasən sakitlik nümayiş etdirdi. Arxiyepiskop onu da bildirmişdi ki, müxalifət öz mübarizə taktikasına yenidən baxacaq.

Siyasi proseslərə hər zaman bir dinamiklik gətirən payız fəsli başlar-başlamaz keşişin də, necə deyərlər, qırışığı açıldı. Ona sifariş göndərən mərkəzlər “haydı, irəli!” komandası verdilər. Beləliklə, Nikol Paşinyan hakimiyyətinə “qızmar payız” vəd edən Baqrat hərəkətə keçdi. O, sentyabrın 22-də hərəkatın “aktiv mübarizəsinin” bərpa olunduğunu elan etdi. Ancaq “Vətən naminə Tavuş” adlanan qondarma hərəkatın adını başqa bir qondarma ada – “Müqəddəs mübarizə” adına dəyişən “srbazan”a sarı gedənlərin sayı bu dəfə daha az oldu. Arabir bərpa olunan aksiyalar, demək olar ki, dərhal söndü. Hazırkı hakimiyyətin devrilməsini və Qarabağın qaytarılmasını tələb edən Baqrata ciddi dəstək verən olmadı.

Buna baxmayaraq, Qalstanyan səs-küylü bəyanatlar verməyi xoşlayır. O, oktyabrın 3-də ictimai televiziyada baş nazirə müraciət edərək bildirib ki, Paşinyan hökumətə rəhbərlik etdiyi müddətcə onların mübarizəsi davam edəcək. Oktyabrın 8-də isə məhkəmə Qalstanyanın Paşinyana qarşı iddiasını qəbul edib. Etirazçıların lideri tələb edir ki, baş nazir “iyunun 12-də parlament binası yaxınlığında keçirilən aksiyada polislərin “daşqalaq” edilməsinin təşkilatçısı o olub” bəyanatını açıq şəkildə təkzib etsin.

Baqratla bağlı yayılan son məlumat bu mənada maraq doğurur. “Müqəddəs mübarizə” teleqram kanalı oktyabrın 30-da belə bir məlumat yaymışdı ki, arxiyepiskop tibbi müayinədən keçmək üçün iki günlük xaricə səfər edəcək.

Məlumatda keşişin hansı xəstəlikdən əziyyət çəkdiyi və hansı ölkəyə gedəcəyi qeyd edilməmişdi. Bu isə müəyyən şübhələrə yol açmışdı. Erməni mətbuatının yazdığı kimi, tibbi müayinə məsələsi, əslində, sadəcə, bir örtükdür. Qalstanyan ABŞ-yə, ən böyük erməni diasporunun yaşadığı Kaliforniyaya gedib. Ermənistan müxalifətindəki mənbələr iddia edirlər ki, Baqratın hərəkatı üçün həm maliyyə, həm də siyasi motivlər tükəndiyi üçün arxiyepiskop Ermənistanda etirazları davam etdirmək və N.Paşinyan hökumətinə qarşı mübarizə aparmaq üçün diaspor və lobbi strukturlarından pul istəməyə hazırlaşır. Digər mənbələr B.Qalstanyanın Ermənistanı, ümumiyyətə, birdəfəlik tərk etmək qərarına gəldiyini iddia edirlər.

“Hraparak” qəzeti bu “sirri” çözə bilib. Qəzet mənbələrə istinadən yazır ki, müxalifət hərəkatının lideri Rusiyaya gedibmiş. Səfərdən məqsəd isə hansısa tibbi müayinədən keçmək yox, Moskvada müəyyən dairələrlə görüşmək imiş. Ancaq onun Moskvada kimlərlə görüşdü, hansı məsələləri müzakirə etdiyi, istədiyi dəstəyi alıb-almadığı barədə əlavə məlumat verilməyib.

Erməni ekspertləri də Baqratın hərəkatının artıq iflas etdiyini bildirirlər. İctimai-siyasi xadim Narek Malyanın fikrincə, “Müqəddəs mübarizə”nin süqutu artıq baş vermiş hadisədir. O, yazır: “Baqrat srbazanın müsahibəsinə baxdım, möhtərəmin nitqini dinləmək çox çətin olsa da, bunun öhdəsindən gəldim. Sıfır proqram, sıfıra yaxın məzmun, əvəzinə özündən razılıq, lovğalıq və təkəbbürlə doludur. Təəssüf edirəm ki, bir çox ləyaqətli və vətənpərvər insanlar möhtərəm Baqratın hərəkətlərinə ümidlə baxırdılar. Onun hərəkətlərindən yeganə faydalananlar indiki hakimiyyət orqanları idi və bu, belə olaraq qalır. Bir neçə ay əvvəl həbsxanada məni ziyarət edən deputatlardan, hərəkatın səmimi, fədakar liderlərindən biri məndən niyə “Müqəddəs mübarizə”ni dəstəkləmədiyimi soruşdu. Cavab verdim ki, möhtərəm mənim susmağımı dəstək kimi qəbul edə bilər. Əzizlərim, əvvəlcədən proqnozlaşdırıla bilən “Müqəddəs mübarizə”nin süqutu artıq başa çatmış faktdır. Daha etimad krediti yoxdur”.

N.Malyan hesab edir ki, süqutun iki səbəbi var: “Birincisi, baş nazirliyə namizədin son dərəcə yanlış seçilməsi, ikincisi, hakimiyyətin dəyişdirilməsi üçün proqramın tamamilə mövcud olmaması. Yaxın bir neçə gün ərzində qeyd etdiyim iki səbəbi hansısa formada təqdim edəcəm, həmçinin bəzi açıqlamalar verəcəm”.

Politoloq İlyas Hüseynov isə “XQ”yə açıqlamasında bildirdi ki, Baqrat öz məqsədinə çatmaq üçün mübarizəsini davam etdirmək niyyətindədir. Zaman da göstərdi ki, onun arxasında böüyk qüvvə dayanmır. Maraqlıdır ki, Paşinyan özü 2018-ci ildə hakimiyyətə gələndə geniş xalq kütlələrinə arxalanırdı və onların dəstəyi ilə özünün siyasi məqsədlərinə çatdı. İlk baxışdan mümkünsüz görünən prosesin həllinə, yəni Serj Sarkisyan rejimini iqtidardan uzaqlaşdırmağa nail oldu və öz hakimiyyətini qurdu: “İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra – 2021-ci ilin iyununda ona göstərilən etimad, verilən mandat həm də əhalinin sülh və təhlükəsizliyə səs verməsi idi. Bu gün isə revanşizmin artan dalğası fonunda, Ermənistanın silahlanması müstəvisində radikal qüvvələrin yenidən meydanlarda görünmələri yaxşı hal deyil. Bu, bölgədəki gərginliyi bir qədər də artıran məqamdır”.

İ.Hüseynov qeyd etdi ki, digər tərəfdən özünü əsas müxalifət lideri kimi göstərməyə çalışan B.Qalstanyan həm də Kanada vətəndaşıdır. Bu isə onu deməyə əsas verir ki, onun arxasında dayanan qüvvələr ayrı geosiyasi mərkəzləri təmsil edirlər. Sanki Qərbin Ermənistanda hakimiyyətə gətirdiyi N.Paşinyan üçün bir əvəzləyici düşünülmüşdü. Amma onun səfərləri, davranışları, eks-prezident Robert Koçaryanın ofisində görünməsi, onunla məsləhətləşməsi belə təəssürat yaradır və əminlik formalaşdırır ki, onu idarə edən qüvvələr tamamilə ayrı mərkəzdə yerləşirlər, ayrı geosiyasi qütbü təmsil edirlər. Müalicə adı altında Rusiyaya səfər etməsi də Baqratın təlimatlandırılması funksiyasını yerinə yetirəcək.

Ancaq politoloq hesab edir ki, bunun nə dərəcədə uğurlu olub-olmayacağını indidən də proqnozlaşdırmaq olar. Cəmiyyətdə Paşinyanın tərəfdarlarının sayı çoxdur, onun dayaqları möhkəmdir. Paşinyanla bağlı müxtəlif sosioloji sorğular keçirilsə də, ona siyasi imicin ölçülməsinin müxtəlif metodları tətbiq edilsə də, Nikola hələ də güclü alternativ görünmür. Baqratın din xadimi olması səbəbindən dinin, yaxud kilsənin gücü ilə hansısa digər qüvvəyə meydan verilməsi ehtimalları kifayət qədər aşağıdır. Bu baxımdan müsahibimiz hesab edir ki, indiyədək aparılan fəaliyyət heç bir fayda vermədiyi kimi bu səfər də səmərəsiz qalacaq. Bundan sonra səmərə verəcəyi də inandırıcı görünmür.

Səxavət HƏMİD
XQ

 





Siyasət