Onların missiyaları “desant” göndərildikləri ölkələrdə fiaskoya uğradı
SSRİ dağılandan sonra şimal qonşumuzun təbii sərvətlərinin istismarının özəl qurumlara transformasiyası “yeni ruslar” dedikləri oliqarxların, qısa zamanda zənginləşən, milyarderə çevrilən dünənki kiçik sahibkarların meydana çıxması ilə müşayiət olundu. İctimaiyyət onları “yeni ruslar” epiteti ilə çağırsa da, aralarında qeyri-ruslar üstünlük təşkil edirdi. “Kasıbçılıqdan knyazlığa adlamış” belə oliqarxlardan ikisi – erməni əsilli Ruben Vardanyan və moldovan İlan Şordan bəhs edəcəyik.
“Euronews” telekanalının saytında beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, Kiyev Milli Universitetinin politologiya üzrə professoru Taras Kuzionun məqaləsi dərc olunub. Müəllif Avropa İttifaqı və onun müttəfiqləri tərəfindən Kremlin maraqlarından çıxış edən oliqarxlara oxşar yanaşmanın zəruriliyindən bəhs edir. Belələrinə nümunə olaraq o, Ruben Vardanyan və İlan Şorun adını çəkir.
Bəs, Ruben Vardanyanla İlan Şoru birləşdirən nədir? Birinci hayların “xilaskarı” kimi Xankəndiyə göndərilmiş “uğursuz desant”, ikinci isə moldovalı müxalif siyasətçi, moskvayönlü binesmen, postsovet məkanında Kremllə əlaqələri sayəsində milyardlar qazanan oliqarxlardır. Hər ikisi müəyyən dərəcədə Qərb ölkələri və ya onların müttəfiqləri tərəfindən qoyulan məhdudiyyətlərə və ya sanksiyalara məruz qalır. Artıq heç kəsə sirr deyil ki, Moskva onları Ermənistan və Moldovada iğtişaşlar törətmək, bu yolla hakimiyyəti ələ keçirmək, Rusiyanın Avrasiyadakı təsirini qoruyub saxlamaq üçün göndərmişdi.
Ekspertin yazdığına görə, Vardanyan və Şor Ermənistan və Moldovada, guya, Qərb liberal demokratiyasını qurmaq, qanunun aliliyini gücləndirmək missiyasını yerinə yetirməli idilər. Fəqət indi onlar Rusiyanın dominantlıq etdiyi Avrasiya məkanından uzaqda Avropaya inteqrasiya səylərinə artıq təhlükə yaradırlar.
“Əgər biz, həqiqətən də, Qərb dəyərlərini və normalarını müdafiə etməyə və dəstəkləməyə çalışırıqsa, onlar bərabər səviyyədə qiymətləndirilməlidir, çünki hər ikisi Kremlin etibarlı emissarıdır”, – yazan müəllif faktlara əsaslanır.
* * *
Faktlar isə həmişə amansız olub. Vardanyan Azərbaycanın suveren ərazisindəki qondarma rejimin tərkibinə tanınmamış “dqr”ə, qeyri-qanuni etnik erməni kvazi–dövlətinin “dövlət naziri” postuna Moskva tərəfindən təyin olunmuşdu. Onun əsas vəzifəsi bölgəni Rusiyanın təsir orbitində saxlamaq, Ermənistanda Avropanın dəstəklədiyi və Kreml üçün arzuolunmaz persona sayılan baş nazir Nikol Paşinyan iqtidarını devirmək idi. Məxfi plana görə, Xankəndidəki müvəqqəti “fəaliyyəti” onun İrəvana “hücumu” üçün tramplin rolunu oynayırdı. İndi Vardanyan Bakıda həbsxanada bütün bunlar barədə memuar yazmaq barədə düşünür...
Azərbaycan dilində həm adı, həm də soyadı maraqlı assosiasiya doğuran İlan Şora gəldikdə isə o, Moldovada Avropa İttifaqına üzvlüklə bağlı keçirilən referendumda 130 min saxta səsi maliyyələşdirməkdə ittiham olunur. Onun bu “fəaliyyəti” Moldovanın Rusiyanın nəzarətində olan Avrasiya İqtisadi Birliyinə qoşulmasına gətirib çıxarmalı idi.
Bütün bunları məqaləsində ardıcıllıqla nəql edən professor Taras Kuzio belə bir qənaətə gəlir: “Əgər Qərb, həqiqətən də, Rusiyanın revanşist meyllərinə qarşı çıxmaq, azadlıq, ədalət və demokratiya prinsiplərini dəstəkləmək niyyətindədirsə, o, Avropaya qoşulmaq istəyən ölkələrə sabitliyi pozmaq missiyası ilə göndərilən adamlar kimi, Kremlin hər iki agentinə eyni münasibət göstərməlidir”.
Yəni, tanınmış ekspertin sözünün “mustafası” ondan ibarətdir ki, Qərb mediası Kremlin nəzarəti altında olan bu psevdo-oliqarxların fəaliyyəti və niyyətləri barədə diqqətlə və məsuliyyətlə məlumat verməlidir. Bununla belə görünür ki, mediada bəziləri yaxşı təşkil olunmuş PR kampaniyalarına boyun əyməyə hazırdırlar. İki oliqarxdan və Kreml agentindən Vardanyan üçün işləyən PR məsləhətçiləri öz müştəriləri haqqında fəal şəkildə yalan məlumatlar yayırlar.
* * *
Məqalə müəllifi haqlı olaraq ortaya belə bir sual qoyur: “Niyə Vardanyanın həbsdə olduğu barədə xəbərlər Azərbaycanın evsahibliyi etməyə hazırlaşdığı BMT-nin qlobal iqlim dəyişikliyi sammitinin – COP29-un keçirilməsinə xələl gətirməkdən ötrü mümkün qədər geniş media platformalarında yayılır?”. ABŞ-nin varlı “PR” firması sayılan “Edelman” tərəfindən təşviq edilən kampaniyaya görə, Ruben Vardanyan xeyriyyəçi və müqəddəs atadır. Bəlkə də bu, doğrudur. İntəhası, bu xarakterli məlumatlar cinayətin bağışlanması üçün əsas ola bilməz. Yuxarıda qeyd etdiyimiz kimi, erməni əsilli, Rusiya mənşəli, Ukraynada sanksiyaya məruz qalmış korrupsioner oliqarx pulunu ötən əsrin sonlarında postsovet Rusiyasında hökmranlıq edən “vəhşi kapitalizm” dövründə qazanıb. Bu baxımdan o, Şora bənzəyir. Rusiyanın gizli polisi, FSB onların üzərinə kifayət edəcək miqdarda çirkli əməliyyatları qoymaqla, kukla kimi idarə etməyə qərar vermişdi. Belə olmasaydı, Vardanyan 70 ofşor şirkət şəbəkəsi vasitəsilə təsis etdiyi və işlətdiyi “Troyka dialoq” özəl bankının məşhur “Troyka Laundromat” sxemi ilə 4,6 milyard dollar pul yumaqda ittiham olunmazdı. Onun səlahiyyətinə Rusiyaya hərbi logistik xidmətlərin əsas təchizatçısı olan “Volqa-Dnepr”də rəhbər vəzifə də daxildir. Vardanyanın Ukraynanın sanksiyalarına məruz qalmasının səbəbi isə Kremlin iki il bundan əvvəl Kiyevə qarşı başlatdığı xüsusi hərbi əməliyyatlarda şərik kimi adının hallanması idi. Həmin əməliyyatlarda Vardanyanın izlərinin tapılması heç də təəccüblü deyildir.
“Euronews” telekanalının saytında işıq üzü görən analitik məqalədə daha sonra deyilir ki, Ermənistanın nəzarətində olan, Rusiya və İran tərəfindən dəstəklənən separatçı “dqr”a göndərmək üçün FSB ilə işbirliyi olan etnik ermənidən daha uğurlu kadr tapıla bilməzdi. İntəhası, keçən ilin sentyabrında özünü “respublika” elan etmiş həmin qondarma rejim dağılanda Ruben Vardanyan ərazini fərari kimi tərk etmək istəyərkən Azərbaycan hakimiyyəti tərəfindən saxlanıldı. Bunun ardınca müəllif etiraf edir: “İstənilən müstəqil müşahidəçi üçün aydındır ki, Vardanyan məsələsi quramadır. Tam şəffaflıq naminə etiraf etməliyəm ki, bu adama qarşı obyektiv ola bilmərəm. Böyük Britaniyada doğulmuş qürurlu ukraynalı vətənpərvər kimi mən Kremlin agenti olan və Ukrayna kimliyinin məhv edilməsinə yönəlmiş müharibəni dəstəkləyən bir adama qərəzsiz yanaşa bilmərəm”.
* * *
Məqaləsinin sonunda professor Taras Kuzio Vardanyanın 2014-cü ildə Moldova banklarına qarşı fırıldaqçılıq yolu ilə sərvət qazanan Şorla eyni səviyyədə cəzalandırılmalı olduğunu yazır. “On il bundan əvvəl ölkənin ÜDM-nin 12 faizi həcmində vəsait ofşor şirkətlərin hesablarına köçürülüb və yoxa çıxıb” – deyə qeyd edən ukraynalı ekspert Qərb dövlətlərinin Kremlin xüsusi xidmətində olan bu üzdəniraq oliqarxlara qarşı hansı addımları atmalı olduğunu sadalayır. Birincisi, ictimaiyyət Vardanyan və Şor barəsində həqiqəti gizlətməyə çalışan Qərbin muzdlu mediasının piar təbliğatına inanmamalıdır. İkincisi, Qərb hərəkətə keçməli və Ukrayna hökuməti tərəfindən artıq sanksiyaya məruz qalanlara qarşı sanksiyalar tətbiq etməlidir. Kiyevdəki müttəfiqlərimizə dəstəyi maksimuma çatdırmaq istəyiriksə, bu işdə heç bir boşluğun buraxılmadığına əmin olmalıyıq. Əgər Ukrayna hesab edirsə ki, Vardanyan kimi korrupsioner, Kreml agenti onun sağ qalması üçün təhlükə yaradır, o zaman Qərb də bunu etməlidir.
ABŞ, Böyük Britaniya və Aİ Rusiyanın Moldovanın daxili işlərinə müdaxiləsini təşkil etməkdə oynadığı rola görə Şora qarşı artıq sanksiyalar tətbiq edib. Bu kontekstdə Vardanyanın da əməllərinə həm Azərbaycanın, həm də Ermənistanın siyasi işlərinə qarışmasında iştiraka görə başqa cür baxılması üçün zərrə qədər əsas yoxdur. Vardanyanın müharibə və işğal yolu ilə rus imperializmini dəstəkləmək üçün etdiklərinə Şor seçki saxtakarlığı ilə nail olmağa çalışıb.
Müəllif məqaləsinə bu məntiqi nəticə ilə nöqtə qoyur: “Aİ və onun Fransa, ABŞ kimi müttəfiqləri Moskvanın bu iki oliqarx agentinə qarşı bərabər və sərt addımlar atmalı, onlara haqq qazandırmaq üçün başladılan hər hansı piar cəhdlərinə dəstək verməməlidirlər”.
İ.HƏSƏNQALA
XQ