Zəfər marafonunun 40-cı günü
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
• Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur olub.
Ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan–Azərbaycan dövlət sərhədində və cəbhənin müxtəlif istiqamətlərində yerləşən mövqelərimizi, həmçinin Goranboy, Tərtər, Ağdam və Ağcabədi daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülüb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 5-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Mətbuat katibi qeyd edib ki, əsasən Ağdərə və Xocavənd istiqamətlərində davam edən döyüşlərdə düşmənin hücumlarının, Ermənistan–Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu hissəsində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Tərtər istiqamətində endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu darmadağın edilib.
Anar Eyvazov deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə aparılan əks–hücum əməliyyatı nəticəsində məğlubiyyətə məhkum edilmiş Ermənistan çıxış yolunu yenə də yanlış olaraq dezinformasiya və feyk məlumatlar yaymaqda görür. Ermənistandan fərqli olaraq, biz Azərbaycan xalqına və dünya ictimaiyyətinə Ordumuzun uğurları barədə döyüş meydanında müasir avadanlıqlarla çəkilmiş foto və videogörüntülər əsasında məlumat çatdırırıq. Bu video təsvirlərdə aydın şəkildə görünür ki, Azərbaycan Ordusu yaşayış məntəqələri və mülki infrastrukturu atəşə tutmur, dəqiq zərbələrlə yalnız legitim hərbi hədəfləri məhv edir.
“Hazırda qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Qələbə bizimlədir”, – deyə Anar Eyvazov vurğulayıb.
Cəbhənin bəzi sahələrində çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun hücumlarının, Ermənistan–Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
• Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. Dövlətimizin başçısı müsahibədə jurnalistin – “Dağlıq Qarabağdakı müharibənin altıncı həftəsi başlayır. Cəbhədə hazırda vəziyyət necədir?” – sualında cavabında deyib: “Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik”.
Ali Baş Komandan daha sonra bildirib ki, bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmişkən, artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik. Çünki ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduq”.
• Azərbaycan Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
• Cəbhənin Tərtər istiqamətində düşmənin hərbi infrastrukturuna ciddi zərbələr endirilib. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndindəki 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya atəşi ilə dağıdılıb.
• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət kimi bölmələrimizin ələ keçirdiyi hərbi texnikaların görüntülərini paylaşıb.
• Ermənistan ordusunun 41-ci artilleriya alayının batareyası və hərbi kolonu məhv edilib.
• Düşmənin dinc əhaliyə qarşı təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 5-dək 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb, 2971 ev, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• Ermənistan ordusu Goranboy rayonunun Meşəli kəndinə “Smerç” raketi atıb.
XQ