Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən həftə ölkə parlamentindəki çıxışında vurğulayıb ki, Azərbaycan İrəvanın regional kommunikasiyaların açılması təklifini “yarı rəsmi” təsdiqləyib. Regional kommunikasiyalar dedikdə, əlbəttə ki, ilk növbədə, ağla Naxçıvana yol gəlir. O zaman erməni XİN rəhbəri məsələni bir qədər fərqli qoymalıdır. Bildirməlidir ki, Ermənistan Azərbaycanın sözügedən yolla bağlı şərtini qəbul edib. Həqiqətən, qəbul edibmi? Təfərrüatlar hələ məlum deyil.
Azərbaycan Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd nəzarəti olmayan yolda israrlıdır. Rəsmi İrəvan məsələnin yolverilməzliyini bildirir, mövqeyini ərazi bütövlüyü və suverenliyin toxunulmazlığı kontekstində izah edir. Görəsən, indi nə isə dəyişibmi? Hər halda, Azərbaycanın öz mövqeyindən geri çəkilməyəcəyi birmənalıdır. Deməli, kompromis variant varsa, ona getməli olan tərəf Ermənistandır. O zaman ortaya daha bir sual çıxır: Rəsmi İrəvan güzəştə nə üçün getməlidir?
Məlumdur ki, Naxçıvana yol qlobal kommunikasiya habının tərkib hissəsidir. Təsəvvür edin, Çindən və Mərkəzi Asiyadan daşımalar onun vasitəsilə Xəzərdən, sonra Azərbaycan ərazisindən, o cümlədən, Naxçıvandan keçməklə Türkiyəyə, oradan isə Qərbə doğru yön alacaq. Azərbaycan Ermənistana sözügedən yola qoşulmağı təklif edib. Özü də təkcə indi və 44 günlük müharibədən sonra yox, daha əvvəl.
Keçmişdən gələn səslər
Fikrimizi əsaslandırmaq üçün Prezident İlham Əliyevin 2015-ci il fevralın 7-də 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə – Avropada həll olunmamış münaqişələr” mövzusunda keçirilmiş panel müzakirə zamanı bildirdiklərinə nəzər salaq. Dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad olunmasının zəruriliyindən söz açarkən demişdir: “Beləliklə, danışıqlar prosesini davam etdirəcəyimizi nəzərə alaraq bu ətraf rayonların bir qisminin geri qaytarılmasına başlanılması mənzərəni dərhal dəyişəcək, hərbi əməliyyatlar dərhal dayanacaq, atəşkəs rejiminə tam riayət olunacaq. Biz artıq Azərbaycan ilə Ermənistan arasında bütün kommunikasiyaların açılacağına dair təklif irəli sürmüşük. Beləliklə, Ermənistanın bizim ərazimizdən dəmir yolu vasitəsilə Rusiyaya çıxışı olacaq. Həmçinin Türkiyə də Ermənistan ilə bütün kommunikasiyalarını açacaq. Beləliklə, biz hərbi əməliyyatların başlanması ilə əlaqədar istənilən potensial riskləri aradan qaldırmış olacağıq və etimad qurmağa başlayacağıq”.
Prezident İlham Əliyev sözügedən müzakirə zamanı səslənmiş sualları cavablandırarkən, Ermənistanın Azərbaycanın təkliflərinə qeyri-konstruktiv yanaşdığını da dilə gətirmişdi: “Lakin Ermənistan bizim bütün təkliflərimizə məhəl qoymur. Çünki Ermənistan sülh istəmir. Düşünürəm ki, bu, münaqişənin həll olunmamasının səbəbi ilə bağlı ən vacib məsələlərdən biridir. Çünki bir tərəf sülh, ərazi bütövlüyünün bərpasını istəyir, digər tərəf isə sülh istəmir. Ermənistan hər şeyin dəyişməz qalmasını istəyir. Çünki onların torpaqları işğal altında deyil, onların bizim üzləşdiyimiz bir milyon qaçqın və məcburi köçkün kimi böyük problemi yoxdur. Onlar danışıqlar prosesində sadəcə imitasiya xarakterli müəyyən addımlar atırlar. Bəs nə etmək lazımdır? Necə edək ki, Ermənistan daha çox məsuliyyətli olsun? Biz beynəlxalq təşkilatlarla, ilk növbədə vasitəçilərlə bu məsələlər üzərində işləməliyik”.
Əvvəl mümkün idi, indi yox
Bəli, Ermənistan nəinki hər şeyi olduğu kimi saxlamaq istədi, eyni zamanda, ölkənin yeni iqtidarının ekslərdən fərqli daha azğın mövqe səsləndirdiyini gördük. Söhbət baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatından, Şuşada – Cıdır düzündə şərab içib sərxoş olmasından, rəqs eləməsindən və bu yolla Azərbaycan xalqının heysiyyatına toxunmasından gedir. Sonra nələr baş verdi, güman edirik, 44 günlük müharibə vəhşəti Ermənistanın və dünya erməniliyinin yadından tarix boyu çıxmayacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev ayrı-ayrı məqamlarını diqqətə çatdırdığımız paneldə ölkəmizin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verilməsinə dair mövqeyini bir daha açıqlamışdı. Əlbəttə, 44 günlük müharibə ilə muxtariyyət məsələsi gündəlikdən çıxdı, Ermənistan itirdi. Savaşdan sonra ölkəmiz Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası təklifini irəli sürdü. Rəsmi İrəvan bölgədəki separatçı rejimi qorumağa çalışdı. Ölkəmizin 2023-cü il sentyabrında keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı rejim iflasa uğradı. Deməli, Ermənistan yenə itirdi. Əslində, Ermənistanın ən böyük itkisi daha əvvəl yaşanmışdı. Nəzərə alaq ki, əgər Azərbaycan torpaqları işğal olunmasa idi, Bakı-Tbilisi-Ceyhan və onunla əlaqəli enerji layihələri də məhz bu ölkənin ərazisindən keçəcəkdi.
İndi Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Naxçıvana maneəsiz yol tələb edir. Ermənistan bununla da razılaşmayacağı təqdirdə, dalanda qalacaq. Görəsən, A.Mirzoyanın regional kommunikasiyaların açılması məsələsindəki mövqeyi bunu anlamaqdırmı? Mövcud xüsusda birmənalı fikir bildirmək mümkün olmasa da, nikbinlik üçün müəyyən əsas var. Amma tələsməyək.
Naxçıvana İran ərazisindən gediş
Bəli, Ermənistan rəhbərliyi Azərbaycanın Naxçıvana maneəsiz yol tələbini qəbul etmədiyini açıqlamaqla yanaşı, “Dünyanın kəsişməsi” adlı avantürist layihə də irəli sürərək, ölkənin qlobal nəqliyyat tranzitində mühüm fiqura çevrilmək niyyətini ortaya qoyub. “Dünyanın kəsişməsi”ni bütün beynəlxalq tribunlara daşıyan rəsmi İrəvana xaricdəki ermənipərəst qüvvələr də dəstək veriblər. Onlar regional kommunikasiyaların açılmasını Azərbaycan – Ermənistan sülh gündəminin başlıca elementinə çevirməyə çalışıblar ki, ikinciyə sərfəli barış mühiti erməni avantürizmi üçün dividend qazandırsın. Nəzərə alaq ki, “Dünyanın kəsişməsi” Ermənistanı qlobal tranzitin açar nöqtəsinə və beləliklə ondan Cənubi Qafqaz dövlətlərinə, o cümlədən, regionda tarixi maraqları olan Rusiya, Türkiyə və İran kimi ölkələrə təzyiq alətinə çevirməyə hesablanmış təşəbbüsdür. Əlbəttə, Azərbaycan buna yol verə bilməz və yenə mövqeyində qətidir.
Azərbaycan mövqeyində tam qətidir ki, Ermənistanın etirazları səbəbindən, Naxçıvana yolun onun ərazisindən deyil, İrandan keçməsi təklifini irəli sürüb. Rəsmi Bakı 2022-ci ildən başlayaraq bu variantın üzərində dayanıb. Məsələ ilə əlaqədar anonsu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev verib. O, 2022-ci ildən sonrakı bir sıra açıqlamalarında da bu mövzuya qayıdıb. Nəinki qayıdıb, hətta nikbinlik yaradıb. Söhbət Bakı ilə Tehran arasında imzalanmış Anlaşma Memorandumu ilə əlaqədar nikbinlikdən gedir.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov isə “3+3” regional məşvərət formatının bu il oktyabrın 18-də İstanbulda keçirilmiş görüşü zamanı bildirib ki, ölkəmiz birgə layihələrin Naxçıvanı da əhatə etməsinə, xüsusilə İrandan keçərək, Şərqi Zəngəzur iqtisadi rayonumuz ilə muxtar respublikanı birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına ümidvardır.
Bəli, Azərbaycan İran ərazisindən keçəcək və Zəngilanın Ağbənd kəndindən başlayaraq, digər ərazilərimizi Naxçıvanla birləşdirən alternativ nəqliyyat dəhlizi üzərində işləyir. İranlıların “Araz yolu” adlandırdıqları bu layihənin təfərrüatları bir müddət əvvəl Tehranda hər iki ölkənin dəmir yolu administrasiyası təmsilçilərinin iştirakı ilə reallaşmış danışıqların da mövzusu olub. Görüşdə tərəflər digər məsələlərlə yanaşı, konkret olaraq, Ağbənd stansiyasını Ordubadın Salam Məlik stansiyası ilə birləşdirəcək yeni dəmir yolu marşrutu ətrafında müzakirə aparıblar. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Rövşən Rüstəmov bildirib ki, İran ərazisindən keçəcək optimal marşrut, demək olar, razılaşdırılıb, hazırda Araz çayı üzərindən körpülərin yerləşdirilməsinə və dəmir yolu xətti marşrutuna dair danışıqlar yekunlaşır.
Muxtar respublikaya “çıxış” muxtariyyəti
Bütün bunları və A.Mirzoyanın fikirlərini nəzərə alaraq, belə qənaətə gəlmək olarmı ki, Naxçıvana bir deyil, iki yol olacaq, yaxud ola bilər? Muxtar respublikaya həm İrandan, həm də Ermənistandan yolun olması ehtimalınını nəzərdə tuturuq. Görəsən, ikinci variant, birincinin əhəmiyyətini azaltmayacaq ki? Əslində, suallar yetərincə çoxdur. Keçmişin ənənəsinə söykənsək, uzun illər Naxçıvana Ermənistan ərazisi kimi sayılan bölgədən yol olub. Söhbət Meğri yolundan gedir. Ancaq erməni millətçilərinin Qarabağ avantürası başlananda sözügedən ərazidə hərəkət edən qatarların daşa basıldıqları hamımızın yaxşı xatirindədir. Sonra isə işğal yaşandı...
Naxçıvana İran ərazisindən yol işğal dövrünün məhsuludur və artıq təcrübə kimi sınaqdan çıxıb, bir növ, ənənə mahiyyəti daşımağa başlayıb. Yəni, vətəndaşlarımız həmin yoldan istifadə edərək, qədim diyarımıza təhlükəsiz şəraitdə yetişiblər. İndi sual olunur: Ermənistan təhlükəsizliyi təmin edə biləcəkmi? Sual ritorikdir, çünki ölkəmiz rəsmi İrəvanın bununla bağlı zəmanətlərinə inanmır və inanmamaqda haqlıdır.
Əvvəla, Ermənistan illərlə qəsbkar siyasət yeridib və bu siyasətindən öz xoşuna daşınmayıb. Azərbaycan nəyi əldə edibsə, öz gücü hesabına qazanıb. Habelə, İrəvan etimad quruculuğu baxımından da heç bir iş görməyib. Belə bir durumda Ermənistanın baş naziri Nikol Paşinyanın Naxçıvana yol məsələsində Azərbaycana İranın təklif etdiyi keçid şərtlərinin eynisini təklif etməsinin heç bir önəmi yoxdur. Həm də ona görə ki, Azərbaycandan Azərbaycana yola Ermənistanın illərlə həyata keçirdiyi işğalın təzminatıdır.
N.Paşinyan onu da bildirib ki, Naxçıvana yolda sadələşdirilmiş keçid mexanizminin tətbiqinə hazırdır. Ola bilərmi ki, Mirzoyanın açıqlaması Azərbaycanın həmin mexanizmlə razılaşmasından qaynaqlanır? Bu ehtimalı, üstəlik, İranla anlaşmanın praktik addımlarının dönməzliyi ritorikasını əsas götürsək, Naxçıvana ikili yol məntiqi üzərində dayanmaq mümkündür.
Əlbəttə, istərdik ki, məsələlər vurğuladığımız qədər sadə təbiətə malik olsun. Ancaq mürəkkəb məqamlar var və olacaq. Hər bir halda, indidən Azərbaycan diplomatiyasının prosesdən uduşlu çıxdığını deyə bilərik. Çünki İranla razılaşmanın hazırkı irəliləyiş sürətinə baxsaq, artıq Naxçıvana quru yolunun Ermənistanın razılıq ritorikasından uzaq düşdüyünü söyləmək mümkündür. Yəni, yol istənilən halda açılacaq.
Naxçıvana qapı və funksionallıq amili
Elə isə xəyalən də olsa, hər iki yolun eyni dərəcədə funksionallığı və əhəmiyyəti üzərində dayanaq. Nəzərə alsaq ki, qlobal kommunikasiya habı üzrə daşımalar böyük miqyaslıdır, demək olmaz ki, iki yoldan yalnız birinə ehtiyac var, ikincisi önəmsizdir. O zaman tam maneəsiz yol daha işlək olduğundan cəlbedici görünür. İran ərazisindən keçəcək marşrutun hansı şərtlərlə fəaliyyət göstərəcəyindən xəbərdar deyilik. Amma indiki dövrdə region üçün yeni model yaratmaq imkanı var. Buna ad da qoyaq – “regional şengen”.
Hesab edirik ki, belə bir durum yaransa, təhlükəsizlik daha ciddi şəkildə təmin olunacaq. Yəni, mənfəət, istər-istəməz, ona zəmanət verəcək. İran qlobal tranzitdə yer alıb imkanlarını yaxşılaşdıracaq. Ermənistan isə ona qoşulmaqla, təcriddən çıxacaq və real iqtisadi inkişafa nail olacaq. Nəticədə regionda dayanıqlı və uzunmüddətli sülh də yaranacaq.
Sonda onu da deyə bilərik ki, hazırda əsas məsələ Azərbaycanla Ermənistanın regional kommunikasiyaların açılması xüsusunda yekun nəticəyə gələ bilməsi və İrəvanın kənar təsirlərə sinə gərməyi bacarmasıdır. Qərbin, konkret olaraq, ABŞ-nin Naxçıvana yolun İrandan keçməsinə qarşı çıxdığını bilirik. Ənənəvi imperiya ambisiyaları bir kənara qoyulsa, Rusiyanın və İranın barəsində söz açdığımız ikili marşrutdan faydalanma imkanları böyükdür. Ermənistana gəlincə, ölkə leqal, sanksiyada olan Rusiya mallarının təkrar idxalı kimi, belə demək mümkünsə, pirat deyil, həqiqi gəlirə sahiblənməklə, ələ baxan olmaq, avantürizm alətinə çevrilmək arasında ciddi və tarixi seçim etməlidir.
Bir vacib məqam da var. Söhbət xəyali ikili marşrut ideyasının, ümumən, regional kommunikasiyaların açılmasının Qərb cəbhəsinə təsirindən gedir. Prinsipcə, ortada Avropanı qane edəcək durum var. Hər halda, Orda dəhliz ideyası, onun tərkib hissəsi olaraq Naxçıvana yol həyata vəsiqə alsa, Şərqin ucuz malları “Köhnə qitə”yə doğru yön alacaq. Bəs ABŞ? Hadisələr qeyd etdiyimiz səmtdə inkişaf etsə, itirən yalnız Birləşmiş Ştatlar olacaq.
Beləliklə, Avropanın və ABŞ-nin Naxçıvana yolla bağlı mövqelərində fərqliliyin yaranacağını düşünmək mümkündür. Avropanın qlobal tranzitdən qazanacağı üstünlük şəraitində Vaşinqtonun ona təsir rıçaqları zəifləyəcək. Digər yandan, Birləşmiş Ştatların, ümumən, Cənubi Qafqaz regionuna da təsirinin və təzyiq imkanlarının sıradan çıxma ehtimalı üzərində dayanıla bilər. Hadisələr hansı səmtə doğru gedəcək, bunu əlahəzrət zaman göstərəcək.
Əvəz CAHANGİROĞLU
XQ