Üçüncü fiasko

post-img

İrəvanı daha ağır aqibət gözləyir

44 günlük müharibənin nəticələri təkcə Ermənistana deyil, bütövlükdə, dünya erməniliyinə son dərəcə bö­yük zərbə idi. Azərbaycan diplomatiyası bu durumu hələ savaşdan əvvəl formalaşdırmışdı. Ancaq müha­ribə günlərində dünyanın ayrı-ayrı qütblərinin an­ti-Azərbaycan motivli gedişlərini, ölkəmizi, az qala, işğalçılıqda günahlandıran bəyanatlarını gördük. Əl­bəttə, belə neqativ təmayüllərin Ermənistana dəstək baxımından heç bir faydası olmadı. 

Vətən müharibəsindən sonrakı Ermənistanın müdafiə cəhdləri diqqətimizdən yayınmadı. Bəzi beynəlxalq dairələr ölkəmizin Vətən müharibəsində qazandığı Zəfəri heçə endirməyə, Qarabağda ermə­ni avantürizmini saxlamağa cəhd göstərdilər. İrəvana silah-sursat yardımı həyata keçirildi, ölkəmizə qarşı mina terroru reallaşdırıldı, diplomatik vasitələrdə Qarabağ erməniləri üçün təminat məsələləri gündəmə gətirildi. Ən əsası isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini mübahisələndirmək istəkləri baş qaldırdı. Bütün bun­ların Ermənistana ancaq ziyanı oldu.

Silahlı qüvvələrimizin 2023-cü ilin sentyabrında reallaşdırdığı lokal xarakter­li antiterror tədbirləri ilə bədxahlarımızın səyləri heçə endirildi. Antiterror tədbirləri Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycanın diplomatik uğurunun məntiqi sonluğu idi. Bu uğurun nəticəsi idi ki, ikinci dəfə də Ermənistanın, ümumən “erməni kartı”nın lazımsızlığı sübuta yetirildi. Ancaq rəsmi İrəvan yaşananlardan nəticə çıxarmadı... 

Baş nazir Nikol Paşinyan və koman­dası indi də anlaya bilmir ki, ötən dörd ilə yaxın müddətin hadisə və prosesləri təkcə Azərbaycanın güc yolu ilə əldə etdiyi nə­ticə deyil, bütövlükdə, düzgün strategiya­nın məhsuludur. Sözügedən komandanın dərin düşünülmüş, ustalıqla gerçəkləşdi­rilən strategiyaya qarşı qoyacaq heç nəyi yoxdur. Amma erməni başbilənlər bunun fərqində olmayacaq, gücsüzlüklərini anla­mayacaq qədər rəzil və iflic durumdadırlar. 

Rəsmi İrəvan, o cümlədən, xaricdəki ermənipərəstlər çalışırlar ki, Azərbaycanla sülh müstəvisində Ermənistan üçün han­sısa dividendlər əldə etsinlər. Bunun üçün ərazi bütövlüyü və suverenliyi əsas götü­rür, mahiyyətcə isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrasından yayı­nırlar. Onlar Azərbaycanın Naxçıvana ma­neəsiz – heç bir gömrük və sərhəd nəzarəti olmayan yol istəyinin təmin edilməməsinə, açılması beynəlxalq zərurətə çevrilmiş qlo­bal nəqliyyat kommunikasiyalarının İrəva­nın maraqlarına uyğun – “Dünyanın kə­sişməsi” avantürası əsasında fəaliyyətinin təmin olunmasına səy göstərirlər. Hazırda sırf bu komponent üzrə Qərb, Rusiya və İran xəttinin aktivliyi diqqətdən yayınmır. Yəni, Ermənistanın diplomatik fəallığı sö­zügedən üç qütbün maraqları kontekstində manevr gerçəkləşdirməyə əsaslanır. Əl­bəttə, bu, səmimiyyətdən uzaq, son dərəcə məkrli oyundur. Müharibə məğlubu olan ölkə belə təhlükəli sularda üzməməlidir. 

Ermənistan rəhbərliyi rasional düşün­mək istəmir, Azərbaycanla düşmənçilik ritorikasına xas üslubda davranır. Bu dav­ranışda fürsətcillik var. İrəvan silahlanır və onun millitarizasiya siyasətinin ölkəmizə qarşı işğalçılıq cəhdlərinin yaşanacağına dair ciddi şübhələr formalaşdırır. Baş na­zir Nikol Paşinyan administrasiyası, sanki münasib zaman gözləyir. Daha doğrusu, zamanın Qərb, Rusiya və İran arasında rəqabət müstəvisini formalaşdırmaqla ye­tişəcəyini düşünür. Erməni hakimiyyəti oxşar davranışının iki dəfə fiaskoya uğra­dığının fərqinə varmır, illüziya bataqlığın­dakı yerini bir qədər də möhkəmləndirir. 

Qeyd edək ki, Azərbaycanın uğurla həyata keçirdiyi xarici siyasət kursu bütün mümkün təhlükələrdən etibarlı müdafiə institsionallığına malikdir. Hərbi potensial isə öz yerində. Yəni, ölkəmizin siyasi-dip­lomatik səriştəsi ilə hərbi gücü bir-birini tamamlayan xüsusiyyətə malikdir və xa­rakterimiz indiyədək dəfələrlə sınaqlardan çıxıb. Ermənistanın siyasi rəhbərliyinin unutduğu başlıca məqam da elə budur. Paşinyan və komandası hazırda Azərbay­canın diktə etdiyi sülh şərtlərini qəbul etməməklə, müasir Ermənistan tarixinin üçüncü fiaskosuna doğru gedir. 

Bəli, Ermənistan rəhbərliyi ötən iki fiaskonun acı nəticələrini unutmamalıdır. Obrazlı desək, Azərbaycan adlı qatarın çarxlarına çomaq soxmaqdan uzaq dayan­malıdır. Nəzərə almalıdır ki, ölkəmiz istər 44 günlük müharibədən, istərsə də bir il­liyini qeyd etdiyimiz lokal xarakterli anti­terror tədbirlərindən sonra ona barış əlini uzatdı, əməkdaşlığa dəvət etdi. Bu məna­da Prezident İlham Əliyevin Azərbaycan xalqına sözügedən antiterror tədbirlərinin başa çatmasından sonra, konkret olaraq, 20 sentyabr 2023-cü il tarixindəki müraciə­tində bildirdikləri yada salınmalıdır: “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmiz­dən uzaqda yerləşən, ancaq öz siyasi gün­dəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qü­vvələr, saxtakarlar, korrupsiyalaşmış si­yasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquş­malar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istə­yirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümid var ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan problemləri tənzimləyəcək, sülh müqaviləsi imzala­yacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında iş­ləməyə başlayacaqlar”.

Ancaq ötən bir ildə ümidlərin özünü doğrultmadığını görürük. Bildirdiyimiz kimi, hazırda Ermənistan öz avantürizmini Qərb, Rusiya və İran arasındakı ziddiyyət­lər fonunda davam etdirməkdədir. Eynilə 44 günlük müharibədən və lokal xarakter­li antiterror tədbirlərindən əvvəlki dövrdə olduğutək, İrəvan Bakının səbir kasasını daşırmaqla məşğuldur. Ermənistan rəhbər­liyi düşünür ki, Azərbaycanı tutduğu haqq yolundan döndərə biləcək. Bunun üçün müxtəlif təxribatlara əl atır, şərti sərhəddə gərginlik yaradır, xaricdən aldığı silahları sınaqdan keçirərək, ölkəmizin silahlı qüv­vələrinin mövqelərini atəşə tutur. Paşinyan və komandasının üzvləri bu yolu seçmək­lə, ölkənin ərazi bütövlüyünə və suverenli­yinə təhdid adı ilə icrasından boyun qaçır­dıqları öhdəliklərinin yerinə yetirilməməsi məsələsində müqavimət göstərəcəklərini sübuta yetirməyə çalışırlar. 

Son olaraq, yenə də vurğulayaq ki, Ermənistan və dünya erməniliyi özünün üçüncü fiaskosunun astanasındadır. Nəzərə alsaq ki, hazırda rəsmi İrəvanın cəhdləri daha böyük miqyaslıdır, Ermənistan üçün yaşanacaq fiaskoda tam iflas təhlükəsinin mövcudluğu mütləqdir. Yekun nəticədə ABŞ başda olmaqla kollektiv Qərb, ha­belə Rusiya və İran bu gedişata mane ola bilməyəcək. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, heç kəs Ermənistana kömək etməyəcək.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət