19–20 sentyabr antiterror əməliyyatı Qarabağda erməni separatizminə son qoydu

post-img

Xankəndi xuntasının iflası ilə Azərbaycanın suverenliyi bütün ölkədə bərpa edildi

Sentyabrın 19–20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticə­sində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu­na son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin bö­yük Zəfərlə başa çatması nəticəsində Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyuldu. Azərbaycan xalqının, dövlətinin və ordusunun dəmir yumruğa çevrilmiş birliyi nəticəsində Ermənistanın iş­ğalçı ordusu məhv edildi. Düşmənin canlı qüvvəsinə və texniki təchizatı­na ağır zərbə vuruldu, işğalçıya və onun himayədarlarına layiq olduqla­rı yer göstərildi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davan edən Vətən müharibəsinin gedişində Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal altın­da olan 300-ə yaxın məntəqəni azad etdi. Er­mənistanın hərbi-siyasi rəhbərliyi işğal altında qalmış Ağdam, Kəlbəcər və Laçın rayonlarını isə hərbi əməliyyatlar aparılmadan azad etmə­yi öz öhdəsinə götürməli oldu. Amma Ermə­nistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan qarşısında öz üzərinə götürdüyü öhdəlik yal­nız bundan ibarət deyildi. Üçtərəfli Bəyanata əsasən, Ermənistan tərəfinin icra etməli oldu­ğu öhdəliklərdən biri də keçmiş Dağlıq Qara­bağ ərazisində qalmış erməni hərbi qüvvələri­nin tərksilah və ləğv edilməsi idi. 

Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmə­di. Nəticədə Rusiyanın müvəqqəti sülhyarat­ma kontingentinin dayandığı ərazilərdə ermə­ni hərbi qüvvələrinin silahsızlaşdırılması və bundan sonra da Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycanın daxi­li həyatına inteqrasiya edilməsi aparılmadı. Əksinə, Ermənistanda revanşist qüvvələr baş qaldırdı və beynəlxalq himayədarları da onları itirilmiş olan ərazilərin geriqaytarılması üçün Azərbaycana qarşı təxribatçı əməllərə təhrik etməyə başladılar.

Ermənistanın hərbi-siyasi rəhbərliyi, bu rəhbərlik tərəfindən Qarabağda yaradılmış xunta rejimi üçtərəfli Bəyanatın imzalanmasından sonra yuxudan və xülyalar­dan ayılmadılar. Onlar bir tərəfdən, Qarabağın dağlıq hissəsində mövcud olan təbii sərvətləri talan edib Ermənistana daşıyır, digər tərəfdən Rusiya sülhməramlı kontingentinin müvəqqə­ti nəzarəti altında olan ərazilərə silah-sursat daşıyırdılar. Ermənistanın hərbi-siyasi da­irələri reallıq hissini o dərəcədə itirmişdilər ki, hətta Azərbaycan rəhbərliyinin ciddi etiraz səslərini də qulaq ardına vururdular. 

Erməni separatçı quldur dəstələri Rusiya­nın müvəqqəti şəkildə bölgədə yerləşdirilmiş sülhyaratma kontingentinin gözü qarşısında yeni səngərlər və mühəndis-istehkam xətləri qurur, bölgəyə yeni hərbi qüvvələr və hərbi təchizat daşınmasını davam etdirirdilər. Yəni açıq şəkildə Azərbaycana qarşı yeni bir hərbi təcavüzə ciddi hazırlıqlar aparılırdı və müşa­hidəçilər də bunun belə olduğunu inkar etmir­dilər.

Bu açıq müharibə hazırlıqlarının və ermə­ni revanşizminin qarşısını almaq üçün Azər­baycan Ordusunun bölmələri 2022-ci il mart ayının 24-25-də Fərrux dağını tam nəzarətə götürdü. Bununla Azərbaycan Ordusunun bölmələri bölgədə strateji mövqe üstünlüyünü daha da möhkəmləndirdi, Fərrux dağının ətra­fındakı geniş vadi, Cinli, Çullu, Əlimədədli, Mollalar və Əliağalı kəndlərinin təhlükəsizli­yi təmin edildi. Eyni zamanda, Yeddixırman və Daşbaşı zirvələri, habelə 1050 və 1145 say­lı adsız yüksəkliklər, habelə Pirlər, Xanabad və Əsgərana qədər olan ərazilər Azərbaycan qüvvələrinin müşahidə nəzarəti altına düşdü.

Lakin erməni hərbi qüvvələri yenə də öz müharibə hazırlıqlarını və hərbi təxribatlarını dayandırmadılar. Üçtərəfli Bəyanatın imza­lanmasından sonra atəşkəs rejimini davamlı şəkildə pozan erməni hərbi qüvvələri 2022-ci il avqust ayının 3-də daha qanlı bir təxribata əl atdılar. Belə ki, Rusiya Federasiyası sülh­məramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində mövcud olan qeyri-qa­nuni erməni silahlı dəstələrinin üzvləri 2020-ciil avqustun 3-də Azərbaycan Ordusunun böl­mələrinə qarşı terror-təxribat əməli törətdilər, əsgər Anar Kazımov şəhid oldu. 

Azərbaycan Ordusu bölmələrinin bu təxribata cavab olaraq keçirdiklə­ri “Qisas” əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin strateji əhəmiyyət kəsb edən Sarıbaba yüksəkliyi və bir sıra digər hakim yüksəkliklər nəzarət altına alındı. Pre­zident İlham Əliyev Fərrux dağı və Qırxqız–Sarıbaba yüksəklikləri ətrafında aparılmış döyüşlərin əməliyyat-taktiki əhəmiyyətini yüksək qiymətləndirib: “Fərrux əməliyyatı, Sarıbaba–Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqeləri­mizi böyük dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bil­məz, Qarabağ Azərbaycan torpağıdır və bu­rada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız”.

Baş verənlərdən nəticə çıxarmayan ermə­ni hərbi qüvvələri 2022-ci il sentyabr ayının 12-də daha geniş hərbi təxribata əl atmaqla Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqelə­ri, sığınacaqları və dayaq məntəqələri müxtə­lif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutdular. Nəticədə Azərbaycan bölmələtrinin şəxsi heyəti arasında itkilər baş verdi, hərbi infrastruktura ziyan dəydi.

Azərbaycan tərəfi bu təxribatı cavabsız buraxmadı. Həyata keçirilən qətiyyətli təd­birlər nəticəsində 2022-ci il sentyabr ayının 12–14-də Azərbaycan–Ermənistan sərhəd xəttində baş verən erməni hərbi təxribatları­nın qarşısı uğurla alındı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Qarabağ bölgə­sində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altın­da qalmış Azərbayca–Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan–Ermənistan sərhədi­nin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq”.

Azərbaycanın dövlət rəhbərliyi kimi, Azərbaycan xalqı da ermənilərin bu oyunla­rına qarşı öz etiraz səsini qaldırdı, Ermənis­tandan Qarabağ ərazisində yerləşən erməni hərbi qüvvələrinə silah və sursat gətirilməsinə və Qarabağdakı təbii sərvətlərin talanaraq Er­mənistana daşınmasına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-də Azərbaycan vətən­daş cəmiyyətinin nümayəndələri, ekologiya fəalları və gənc könüllüləri Şuşa–Laçın yo­lunda etiraz aksiyasına başladılar. Onlar mül­ki, tibbi, ictimai daşınmalar istisna olmaqla, digər daşınmaların nəzarət altına alınmasını tələb etdilər. Qanunsuz daşınmaların və keçi­din qarşısının alınması üçün 2023-cü il aprel ayının 23-də isə Azərbaycanla Ermənistanı quru yolla birləşdirən Laçın yolu üzərində dövlət sərhəd-nəzarət postu qoyuldu. Bununla Azərbaycanın bütün sərhəd xətti respublika­nın nəzarəti altına alındı və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu.

Lakin erməni millətçi dairələri bundan sonra da öz təxribatçı əməllərindən əl çəkmədilər. Onlar iki respublika arasında­kı sərhədin qeyri-işlək hissələrindən Qarabağ ərazisinə hərbi yüklər daşınmasına dəfələrlə cəhd göstərdilər. Bu cəhdlər hava çəkilişləri vasitəsilə qeydə alındı və onların yolveril­məzliyi Qarabağ ərazisində müvəqqəti yerləş­dirilmiş sülhməramlı kontingentin rəhbərliyi­nin nəzərinə də çatdırıldı.

Sakitləşmək bilməyən erməni millətçi-tə­cavüzkar dairələrinin qanunsuz fəaliyyətin təhlükəli hal almasının nəticəsi idi ki, 2023-cüil sentyabrın 18-də ermənilərin yol üzərin­də yerləşdirdiyi minalardan 6 Azərbaycan vətəndaşı öz həyatını itirdi. Əvvəlcə Avtomo­bil Nəqliyyatı Agentliyində çalışan iki nəfər Azərbaycan vətəndaşı Xocavənd rayonunda, sonra isə Daxili İşlər Nazirliyinin dörd əmək­daşı həmin rayon ərazisində mina qurbanı ol­dular. 

Sentyabr ayının 19-da isə saat 11:45 ra­dələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Ru­siya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermə­nistan silahlı qüvvələrinin bölmələri tərəfin­dən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Bu atəş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu yaralandı.

Bütün bu baş verənlər göstərdi ki, Ermə­nistanın hərbi-siyasi rəhbərliyi Azərbayca­na qarşı öz iddialarından əl çəkmədiyi kimi, qondarma qurumun qondarma rəhbərliyi də Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiya edilməsi təkliflərini qəbul etmək istəmir. 

Vətən müharibəsindən sonra bölgədə cərəyan edən təhlükəli revanşizm Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və dövlət rəhbərinin əmri ilə Rusiya sülhməramlı kontingentinin müvəqqə­ti yerləşdiyi Azərbaycan ərazisində lokal xa­rakterli antiterror əməliyyatının (tədbirinin) keçirilməsi qaçılmaz zərurət oldu. 

Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törə­dilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbay­can ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğal­dan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükə­sizliyinin təmin olunması və Azərbaycan Res­publikasının konstitusiya quruluşunun bərpa edilməsi zəruriliyi bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə yol açdı. 

Bu antiterror əməliyyatı 2023-cü il sen-tyabr ayının 19-da, təxminən saat 13:00-da başladı. Bununla bağlı məlumat yayan Mü­dafiə Nazirliyi bildirdi ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüv­vələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələ­ri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. O da vurğulanırdı ki, Azə­baycan Ordusu tərəfindən bu əməliyyatın ge­dişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. 

Şanlı antiterror əməliyyatı xüsusi ola­raq planlaşdırılmış bir əməliyyat idi. Məqsəd də mülki əhaliyə və infrastruktura zi­yan yetirmədən qarşıya qoyulan hədəflərə nail olmaq idi. Azərbaycan Respublikasının Prezi­denti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də bu antiterror əməliyyatının mülki əhaliyə ziyan vurmadan aparılmasını zəruri sayırdı: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələ­rimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qara­bağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunma­lıdır. Göstəriş verilmişdir ki, mülki infrast­ruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.

Mülki əhaliyə və obyektlərə ziyan ye­tirilmədən antiterror əməliyyatının aparılması isə Azərbaycanın hərbi rəhbərli­yindən xüsusi diqqət və qətiyyət tələb edirdi. 30 il ərzində Ermənistanın hərbi rəhbərliyi Qarabağın dağlıq hissəsinə böyük sayda hərbi qüvvə və texnika yerləşdirmiş və eşalonlaşdı­rılmış mühəndis-istehkam sistemi yaratmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, antiterror əmə­liyyatının aparıldığı sahə mürəkkəb relyefə malik idi, erməni döyüş mövqelərinin əksə­riyyəti əlverişli yüksəkliklərdə yerləşmişdi.

Əldə edilən məlumatlar da göstərirdi ki, erməni hərbi qüvvələri, hətta Vətən mühari­bəsindən sonra Qarabağın dağlıq hissəsində hərbi imkanlarını xeyli artırmışdılar. Bəlli idi ki, antiterror əməliyyatının başlanması ərəfə­sində erməni hərbi qüvvələrinin 300-ə yaxın artilleriya və 50-dən artıq minaatan mövqeləri var idi. Bunlardan başqa erməni hərbi qüv-vələrinin ixtiyarında ondan artıq yer-hava raket sistemi, 6 radiolokasiya stansiyası, 20-dən artıq radioelektron mübarizə vasitəsi və təxminən 30 mobil operator baza stansiyası var idi. 

Ali Baş Komandanı İlham Əliyev müəy­yənləşdirdiyi döyüş tapşırıqlarının düzgün və vaxtında icra edilməsi üçün dərhal zəruri olan tədbirlərin icrasına başlandı. Bu məqsədlə əv­vəldən aparılmış olan kəşfiyyatın nəticələri, düşmənin ehtimal olunan mina sahələrindən keçidlərin açılma yerləri, hərəkət istiqamətin­də düşmənin istifadə etdiyi yollar və onlara birləşmə yerləri döyüş tapşırıqlarına uyğun olaraq yenidən qiymətləndirildi.

Antiterror əməliyyatının başlamasından saat yarım sonra əməliyyatın gedişi ilə bağ­lı Azərbaycan Respublikası Müdafiə Nazir­liyinin ilk məlumatı açıqlandı. Bildirildi ki, yalnız legitim hərbi obyektlər və hərbi infras-truktur dəqiq silahlarla hədəfə alınır və sıra­dan çıxarılır.Yaşayış məntəqələri yaxınlığın­da erməni atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmasına və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək ver­məməsinə çağırış edildi. 

Yerli əhalinin nəzərinə o da çatdırılırdı ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazı­mi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaqdır. Əhali­nin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamət­lərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılması da Müdafiə Nazirliyi tərəfindən bəyan edildi.

Antiterror əməliyyatının xüsusiyyəti nəzərə alınmaqla döyüşlərin və idarəetmənin təşkilində, qoşun növləri və bölmələr arasında qarşılıqlı əlaqələrin yaradılmasında, raket-ar­tilleriya və hərbi-hava qüvvələrinin tətbiqində Vətən müharibəsinin təcrübəsi yaradıcı şə­kildə nəzərə alınması əldə edilən nəticələrin miqyasına da öz təsirini göstərdi. Belə ki, kütləvi atəş zərbələri vaxtında plana uyğun olaraq yerinə yetirildi, ardınca sistematik atəş təsirləri mütəmadi olaraq həyata keçirildi, dö­yüş əməliyyatı bölgəsində olan bütün hərbi obyektlər, döyüş postları, komanda müşahidə məntəqələri dəqiq raket və artilleriya zərbələ­rinə tutuldu, yaşayış məntəqələrinə, mülkü şəxslərə və obyektlərə zərər vurmamaq üçün yüksək dəqiqlikli raket zərbələrinə geniş yer verildi, düşmənin kritik döyüş mövqelərinə raket və artilleriya zərbələri endirməklə Azər­baycan bölmələrinin itkilərinin minimuma endirilməsi təmin edildi. 

Eyni zamanda, antiterror əməliyyatının başlanması ilə Azərbaycanın Hərbi Hava Qüv-vələri tərəfindən əməliyyat rayonu üzərində havada üstünlük, hava məkanının müdafiəsi, hərbi obyektlərin və qoşunların hava hücum­larından etibarlı qorunması təmin olundu. Bü­tün bunlar isə antiterror əməliyyatının uğur­lu gedişini təmin etdi. Bölmələr və qüvvələr üçün isə döyüş tapşırıqları konkretləşdirildi, onlar üçün döyüş sektorları müəyyənləşdiril­di.

Sentyabrın 19-da aparılan əməliyyat nəticəsində Ermənistan silahlı qüv­vələrinin 60-dan çox döyüş mövqeyi Azər­baycan bölmələrinin nəzarətinə keçdi, Er­mənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq "Martira" radioelektron mübarizə stansi­yası və digər hərbi təyinatlı vasitələri zərər­sizləşdirildi. Xeyli sayda erməni hərbi texni­kası və canlı qüvvəsi məhv edildi. Sentyabr ayının 19-da gecə saatlarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi antiterror əməliyyatının aparıldığı rayonda yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə silahın yerə qoyulması ilə bağlı çağırış etdi. Bildirildi ki, bu halda antoterror əməliyyatı da dayandırılacaqdır.

Lakin Ermənistanın hərbi-siyasi rəhbər­liyi və Qarabağın dağlıq hissəsində yerləşən erməni hərbi qüvvələri bu çağırışı qəbul etmə­dilər və sentyabrın 20-də səhərdən döyüşlər yenə davam etdirildi. Bu zaman Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural mar­kalı hərbi avtomobil və 4 ədəd minaatan Si­lahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirildi. Əsas döyüşlər isə Papravənd-Sərsəng, Qalayçılar–Heyvalı, Canyataq–Sırxa–vənd, Gülyataq–Mehmana, Abdal–Harov, Abdal–Yemişcan, Yuxarı Vey­səlli–Qarakənd, Qacar–Sos, Qarabulaq–Xaç­mas, Sıqnax–Dağdağan, Əliağalı–Kolataq, Abdal–Xocalı istiqamətlərində aparıldı. 

Bu döyüşlərin gedişində Ermənistan silah­lı qüvvələrinin Qarabağın dağlıq hidssəsində yerləşən hərbi qüvvələrinə ağır zərbə vuruldu, onların döyüş potensialı məhv edildi. Sen-tyabrın 20-də günorta saatlarına qədər Ermə­nistan silahlı qüvvələri birləşmələrinin tərtib­ləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı qüvvələrimizin nəzarətinə keçirildi. Eyni za­manda, qarşı tərəfə məxsus 7 ədəd hərbi nəq­liyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını və xeyli sayda silah-sursat Azərbaycan bölmələri tərəfindən qənimət olaraq götürüldü.

Ermənistanın hərbi-siyasi rəhbərliyi də sentyabrın 20-də Qarabağın dağlıq ərazisində yerləşdirilmiş erməni hərbi qüvvələrinə ağır zərbə vurulmasını etiraf etmək məcburiyyə­tində qaldı. Bildirildi ki, bəzi istiqamətlərdə Azərbaycan hərbi qüvvələri “müdafiə ordu­sunun” döyüş mövqelərini ələ keçirərək bir sıra yüksəklikləri və strateji yol qovşaqlarını nəzarət altına ala bilmişdir. Erməni hərbi qüv­vələri xeyli sayda itki vermişdir. 

Günorta 13:00 radələrində Azərbayca­nın işğal edilmiş ərazilərində yara­dılmış olan xunta rejiminin rəhbərliyi Azər­baycanın şərtlərini qəbul etməyə və silahı yerə qoymağa hazır olduğunu bildirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məsələyə münasibətini belə bildirdi: “Əmə­liyyatın uğurlu gedişatı, təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Ermənistan ordusunun bizim ərazi­mizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azər­baycan antiterror tədbirlərini dayandıra bilər. Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib”.

Lokal antiterror əməliyyatının dayandı­rılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ictimaiyyət üçün açıqlama verildi. Həmin açıqlamada deyilirdi: “Azərbaycan Respubli­kası Müdafiə Nazirliyi bildirir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti­ni nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırıl­ması barədə razılıq əldə olunmuşdur”.

Məlumatın davamında qeyd edilirdi ki, Azərbaycan Respublikasının Qarabağ bölgə­sində yerləşən Ermənistan silahlı qüvvələri­nin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərin­dən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüv­vələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. 

Erməni tərəfi əvvəlcə antiterror əmə­liyyatının gedişində 100 nəfər, sonradan isə 200 nəfər canlı itkinin olduğunu bildirdi. Bu rəqəmlər ilkin rəqəmlər idi. Yaralıların sayı isə bu rəqəmlərdən yüksək idi. 

Antiterror əməliyyatının dayandırıldı­ğı saatlardan erməni hərbi qüvvələ­rindən silahların təhvil alınmasına, erməni döyüş mövqelərinin ləğv edilməsinə, silah və sursat anbarlarının nəzarət altına götürülmə­sinə başlandı. Xeyli sayda silah və susat mü­sadirə edildi ki, onların da bir qismi 2021-ci ildə istehsal olunmuşdu. Yəni 2020-ci il no­yabr ayının 10-da razılaşdırılmış üçtərəfli Bə­yanatın şərtlərinin əksinə olaraq, Ermənistan rəhbərliyi Qarabağın dağlıq hissəsində olan erməni hərbi qüvvələrini silahlandırılmasını davam etdirmişdi. 

2023-cü il oktyabrın ayının 2-də, saat 18:00-a olan məlumata görə, erməni hərbi qüvvələrindən aşağıdakı sayda silah, sursat və hərbi texnika müsadirə edilmişdi: atıcı si­lahlar – 2608, qumbaraatanlar – 235, top və haubitsalar – 60, minaatanlar – 64, tank əley­hinə silahlar – 58, HHM silahları – 165, zi­rehli texnika – 31, avtomobil texnikası – 265, qoşqular – 23, yardımçı texnika – 9, raketlər – 1700, top və haubitsa mərmiləri – 5177, zenit top mərmiləri – 31771, minaatan mərmiləri –12806, qumbaralar – 5880, əl qumbaraları –3068, patronlar – 2009970, digər sursatlar –5778, optik cihazlar – 314, digər cihazlar – 38, fərdi təchizat vasitələri – 1027, müxtəlif silahların qurğuları – 15, digər təchizat va­sitələri – 3323.

Bu rəqəmlər ilkin rəqəmlər idi və sonrakı günlərdə də erməni hərbi qüvvələrinə məx­sus olan silah və sursatın tapılaraq müsadirə olunması davam etdirildi. Lokal xarakterli antiterror əməliyyatı başa çatandan sonra aşa­ğıdakı yaşayış məntəqələri qondarma xunta rejiminin nəzarətindən azad edildi: Qırmızı Bazar qəsəbəsi (Xocavənd), Şuşakənd kəndi (Xocalı), Xəlfəli kəndi (Şuşa), Turşsu qəsə­bəsi (Şuşa), Daşkənd kəndi (Xocalı), Heyvalı kəndi (Ağdərə–Kəlbəcər), Canyataq kəndi (Ağdərə–Tərtər), Təpəkənd kəndi (Ağdərə–Tərtər), Dağyurd kəndi (Xocalı), Qızıloba kəndi (Xocalı), Çərəkdar kəndi (Ağdərə–Kəl­bəcər), Qozlukörpü kəndi (Ağdərə–Kəlbə­cər), Qozlu kəndi (Ağdərə–Kəlbəcər), Yuxarı Quşçular kəndi (Şuşa), Zərdəxaç kəndi (Ağ­dərə–Kəlbəcər), Həsənriz kəndi (Ağdərə–Kəlbəcər), Qızılqaya kəndi (Ağdərə–Kəlbə­cər), Yuxarı Oratağ kəndi (Ağdərə–Kəlbəcər), Xanqutala kəndi (Ağdərə–Kəlbəcər), Xaç­maç kəndi (Xocalı), Kərkicahan qəsəbəsi (Xankəndi).

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun yeni bir tarixi uğuru ilə sona çatan lokal xarakterli antiter­ror əməliyyatının nəticələrini belə dəyərlən­dirdi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəman­lıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqla­rı qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qala­caq, necə ki, 8 Noyabr. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümü­zü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla sepa­ratçıların kitabı bağlandı. Artıq Azərbaycan­da separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir”.

Beləliklə, dünya hərb tarixində Azərbay­can Ordusu daha bir bir nadir əməliyyat həya­ta keçirdi. Bir sutkadan da az davam edən bu əməliyyat nəticəsində bölgədəki mülki əha­liyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində respublikanın suverenliyi təmin edildi. 

Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru



Siyasət