“Peycer partlaması” “Hizbullah”ı iflic edəcəkmi?!

post-img

Çərşənbə axşamı Livanda və Su­riyada “Hizbullah” qruplaşmasının 3 minə yaxın üzvü və çox sayda digər şəxslər ağır yaralanıb. 

Partlayış nəticəsində həlak olanlar da var. Mütəxəssislər son hadisənin Yaxın Şərq regionunda onsuz da ağır vəziyyəti daha da gərginləşdirəcəyindən ehtiyatla­nırlar.

“Reuters” Livan təhlükəsizlik güclə­rindəki yüksək rütbəli mənbəyə istinadən yazır ki, “Mossad” bir müddət əvvəl “Hiz­bullah” tərəfindən sifariş edilmiş Tayvanın “Gold Apollo” şirkətinin 5 min peycerini minalayıb. Hər peycerə az miqdarda part­layıcı maddə qoyulub.

“Reuters”in məlumatına görə, peycer­lərin bu dəsti 2024-cü ilin əvvəlində Li­vana gətirilib. “Əl-Cəzirə” telekanalının mənbəyi Livanın bir neçə bölgəsində “Hiz­bullah” yaraqlılarının istifadə etdiyi rabitə vasitələrinin partladığını təsdiqləyib. Liva­nın digər təhlükəsizlik mənbəsi isə iddia edir ki, “İsrail “Hizbullah”ın radio rabitə sistemini sındırıb və bu da partlayışlara səbəb olub”. “Əl-Hadat”ın məlumatına görə, İsrail qabaqcıl texnologiyadan istifa­də edərək uzaqdan rabitə vasitələrini part­ladıb. Lakin İsrail hələlik bu partlayışlara görə məsuliyyəti üzərinə götürməyib.

Bununla belə, CNN bildirir ki, Livan­da peycerlərin partladılması əməliyyatının arxasında İsrail kəşfiyyatı və hərbçiləri dayanır. TV-nin məlumatına görə, partla­yışlar “İsrail kəşfiyyatı və İsrail ordusunun birgə əməliyyatı” nəticəsində baş verib. Eyni zamanda, CNN hesab edir ki, görün­məmiş hücum Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb ola bilər. Artıq Li­van rabitə vasitələrinin partlamasına görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb. “Hizbullah” da peycer partlayışına cavab verəcəyini vəd edib. İsrail də Müdafiə Qüvvələrinin elitalarından sayılan və tər­kibində komando və paraşütçü briqadaları olan 98-ci diviziyanı Livanın şimal sərhə­dinə yaxınlaşdırıb. Tel-Əviv hər ehtimala qarşı Livan qruplaşmasının mümkün hücu­muna hazırlaşır.

İsrailin adı açıqlanmayan sabiq rəsmi­si “Walla” portalına bildirib ki, qurğuların partladılmasında məqsəd genişmiqyaslı hərbi əməliyyatlar zamanı “Hizbullah”ı müvəqqəti iflic vəziyyətə salmaq və İsra­ilə üstünlük qazandırmaqdan ibarət olub. Ancaq son günlər Livan qruplaşması­nın əməliyyatdan xəbərdar olacağından ehtiyat edən İsrail rəhbərliyi təcili məs­ləhətləşmələr aparıb və əməliyyatı həyata keçirmək qərarına gəlib. Bundan başqa, peycerlər rabitə vasitəsi kimi xidmət edirdi və İsrailin məqsədlərindən birinin də “Hiz­bullah”ın kommunikasiyalarını iflic etmək olduğu istisna edilmir. 

Livan hökumətinin UNIFIL qüvvələ­ri ilə keçmiş koordinatoru və hərbi məh­kəmənin sabiq rəhbəri, briqada generalı Munir Şəhadə “Əl-Nəşrə” qəzetinə verdiyi müsahibədə “Hizbullah”dan peycer partla­yışlarına yaxın günlərdə tez cavab gözlə­diyini söyləyib. O, İsrailin ona ciddi cavab verməkdən başqa çarə qoymadığını vurğu­layıb. M.Şəhadə xəbərdarlıq edib ki, belə bir reaksiya bölgədə əhəmiyyətli dərəcədə eskalasiya qorxusunu artıraraq genişmiq­yaslı müharibəyə səbəb ola bilər.

Politoloq, siyasi elmlər doktoru, bey­nəlxalq münasibətlər və milli təhlükəsiz­lik üzrə ekspert Simon Tsipis mətbuata açıqlamasında bildirib ki, xüsusi xidmət­lərin peycerlərlə işləməsi üç mərhələdən ibarət olub: haker hücumu, mobil şəbəkə şifrələməsinin uzaqdan sındırılması və minlərlə peycerə partlayış siqnalının gön­dərilməsi. S.Tsipis deyir ki, SMS mesaj­laşma avadanlığı – peycerlər yalnız “Hiz­bullah” yaraqlıları tərəfindən radio kimi istifadə edilib. Şəbəkəni sındıran İsrail kəşfiyyat xidmətləri bu şəbəkəyə qoşulan hər kəsi müəyyənləşdirməyi bacarıb. Mül­ki əhalinin zərər görməməsi üçün müəy­yən saatda peycerlərə mesaj göndərilib və “Hizbullah”ın üzvləri mesajı oxuyanda partlayış olub. 

S.ELAY
XQ

Dünya