Dost ölkənin Milli Günü ərəfəsində yeni faktların şahidi oluruq
Bir neçə gündən sonra bütün problemli günlərimizdə və sevincli anlarımızda – daim yanımızda olan Səudiyyə Ərəbistanı Krallığı özünün Milli Gününü (Krallığın yarandığı gün) 94-cü dəfə qeyd edəcək. Məmnuniyyətlə xatırladırıq ki, son 20– 25 ildə bu ölkə haqqında danışarkən, ilk növbədə, Ər–Riyadın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanla diplomatik münasibətlər qurmadığını, Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurdan qaçqın və məcburi köçkün düşmüş soydaşlarımıza qardaşlıq yardımı göstərilməsini, “Əsrin müqaviləsi”ndə Səudiyyə şirkətinin də iştirak etdiyini, ölkəmizdə reallaşdırılan bir çox infrastruktur layihələrinin (Vəlvələçay, Taxta-körpü layihələri və s.) icrasında səudiyyəli tərəfdaşlarımızın da yaxından iştirakını gözlərimiz önünə gətirdik.
Son illərdə isə, daha doğrusu, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonrakı əməkdaşlığımızın yeni istiqamətləri yaranır. Nəticədə, bu gün Azərbaycanın ən böyük layihəsi olan “Yaşıl enerji” siyasətinin reallaşdırılmasında Səudiyyə şirkətləri yaxından iştirak edirlər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il oktyabrın 5-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edərkən Bakı ilə Ər-Riyadın çoxşaxəli əməkdaşlığının tarixçəsini növbəti dəfə yada salaraq qürurverici faktlardan söz açmışdır. Ölkələrimiz arasında qardaşlıq əlaqələrinin və ölkə rəhbərlərinin dostluq münasibətlərinin olduğunu qeyd edən Prezident İlham Əliyev bütün dövrlərdə – həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək qiymətləndirmişdir. Dövlət başçımız eləcə də, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını məmnunluqla qeyd etmişdir.
Xüsusilə xatırladılmalı məqamlardan biri də odur ki, dövlət başçımız Səudiyyə Ərəbistanı şirkətinin enerji sahəsində Azərbaycana böyük sərmayə qoymasını tez-tez və səmimiyyətlə xatırladır.
Yeri gəlmişkən, cənab Prezident bu il sentyabırın 6-da İtaliyaya səfəri çərçivəsində – Çernobbio şəhərində Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında hökumətlər-arası müştərək komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşündə də əməkdaşlığımızın yeni sahələrindəki uğurları məmnunluqla yada salmışdır.
Dövlət başçımızın nazirlə söhbəti zamanı iki ölkə arasında – xüsusilə enerji sektorunda əməkdaşlıq məsələləri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin fəaliyyəti müzakirə olunmuş, Azərbaycanda və regionda ən böyük külək enerjisi stansiyasının tikintisinin davam etdirildiyi, gələn ilin sonunda həmin stansiyanın istifadəyə veriləcəyi bildirilmişdi. Xatırladaq ki, “Acwa Power” şirkəti ilə Azərbaycanın Energetika Nazirliyi arasında ölkəmizdə ilk dəfə 200 MVa saxlama güclərinin yaradılması ilə bağlı razılaşmaya uyğun olaraq birgə fəaliyyət həyata keçirilir. Digər xoş xəbər isə bu işlərin COP29-dək başa çatdırılmasının nəzərdə tutulmasıdır. Yəni Səudiyyə şirkəti müstəqil Azərbaycanın evsahibliyi edəcəyi ən böyük beynəlxalq tədbirə özünəməxsus töhfə verəcək.
Onu da əlavə edək ki, Çernobbioda xatırladılmışdır ki, “Acwa Power” şirkətinin Azərbaycandan Avropaya yaşıl enerjinin ixracı sahəsində əməkdaşlıqda maraqlıdır. Bununla bağlı Azərbaycanın Energetika Nazirliyi və “Acwa Power”in Xəzər dənizində külək enerjisi layihələri üzərində iş apardıqları qeyd edilmiş, bunun da növbəti mərhələdə yaşıl enerjinin ixracı üçün mənbə rolu oynayacağı vurğulandı.
Yəni yüz illər boyu davam edən Azərbaycan – Səudiyyə Ərəbistanı əməkdaşlığı müasir dövrün tələblərinə cavab olaraq çoxşaxəli variant alır və gənc müstəqil dövlətimizin daha da qüdrətləndirilməsinə yaradılan stimulun tərkib hissələrindən birinə çevrilir.
İttifaq MİRZƏBƏYLİ