Gəncədə bu mövzuda keçirilən beynəlxalq elmi-praktik konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin və AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə keçirilib.
Beynəlxalq elmi-praktik konfransda Azərbaycan–Özbəkistan qardaşlığı və dostluğundan geniş söz açılıb. İki ölkə arasında münasibətlərin, güclənən strateji tərəfdaşlığın Türk dünyası birliyinə töhfə olduğu diqqətə çatdırılıb. Həmçinin ədəbi-mədəni əlaqələrin tarixi və müasir dövrünə nəzər salınıb.
Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin özbək dilində çap olunması, onun ardıcıllarından olan böyük özbək şairi Əlişir Nəvainin əsərlərinin Azərbaycanda tərcümə edilərək geniş oxucu kütləsinə çatdırılması hər iki ölkənin mədəni həyatında mühüm hadisə adlandırılıb.
Konfrans iştirakçıları Gəncə şəhərinin tarixi abidələri ilə də tanış olublar.
Bununla yanaşı, AMEA Gəncə Bölməsində Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzi açılıb. Mərkəzdə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlıq əlaqələrini əks etdirən guşələr, eksponatlar, Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığına aid nəşrlər təqdim olunub.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri