Paşinyan “Rusiyadan qaçış” planını “Rusiyaya dönüş” taktikası ilə əvəzləyir
Qərbin təzyiqləri qarşısında Rusiyaya qarşı gözlənilməz və ağlagəlməz siyasi demarşlar nümayiş etdirən rəsmi İrəvan, deyəsən, indi bunun altını çəkməkdədir. Rusiyadan tamamilə qopma texnologiyasına xidmət edən KTMT-nin toplantı və təlimlərində iştirakdan imtinası İrəvana “kollektiv Qərb”dən bəzi dividentlər qazandırsa da, vəd olunanı tam əldə edə bilməyəndən sonra seçim etmək məcburiyyətində qaldı. İqtisadiyyatının 70 faizi Rusiyanın dominantlıq etdiyi Avrasiya İqtisadi İttifaqından asılı vəziyyətdə olan Ermənistanın, əslində, başqa seçim variantı da yox idi. Paşinyan iqtidarının düşdüyü indiki durumu bir el məsəlimizdə daha düzgün təsvir edilib: “Örkən nə qədər uzun olsa da, yenə gəlib doğanaqdan keçir”.
Ermənistan XİN rəsmisi Ani Badalyan bəyan edib ki, onun ölkəsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Vilnüs bəyannaməsinə qoşulmayıb. Roma Statutu adını almış bəyannamə–müqavilənin şərtinə əsasən, Rusiya Prezidenti Vladimir Putin üzv dövlətin ərazisinə daxil olanda onun həbsi qaçılmazdır. Çünki bu barədə BCM-nin qətnaməsi var.
“Ermənistan lap əvvəldən həmin bəyannaməyə qoşulmayıb. Onu imzalamaq məsələsi də gündəlikdə deyil. Ölkə ona ya qoşulur, ya da qoşulmur”. A.Badalyan açıqlamasını bu şərhlə tamamlayıb.
* * *
Məlumat üçün bildirək ki, BCM 2023-cü ilin mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh qismində ittiham edərək həbsinə order verib. Ermənistan parlamenti BCM-nin Roma Statutunu ratifikasiyası edib. İndi məlum bəyannaməni imzalamadığını bəyan edən rəsmi İrəvanın bu addımına qarşı Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbul-edilməz olduğunu bildirmişdi: “Ermənistan tərəfindən Roma Statutunun ratifikasiyası ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Moskva Ermənistan parlamentində statutla bağlı zərərli qərara möhür vurmayacaq qüvvələrin olacağına ümid edir”.
Amma Paşinyan iqtidarı Kremlin bu xəbərdarlığını vecinə almadı və Roma Statutunu təsdiqlədi. Amma hazırda Ermənistan XİN baş vermiş faktı ört-basdır etməyə çalışır. Oxucuların diqqətinə 2023-cü il oktyabrın 3-də Ermənistan parlamentində keçirilən səsvermənin nəticələrini çatdırırıq. Ermənistan Milli Assambleyası lehinə 62 səslə Roma Statutunu ratifikasiya edib. Oktyabrın 14-də isə prezident Vahan Xaçaturyan parlamentin qərarının qüvvəyə minməsi barədə sərəncam imzalayıb. Bəs, Ermənistan XİN hansı hüquqi və məntiqi əsasla ölkənin qanunverici orqanının ratifikasiya etdiyi və prezidentin təsdiqlədiyi müqavilə ilə boynuna götürdüyü öhdəlikdən imtina edir?
İndi isə 11 ay əvvəlki səsvermədən dərhal sonra erməni deputat Eduard Ağacanyanın dedikərinə diqqət yetirək: “Ermənistanın Roma Statutunun ratifikasiya olunacağı təqdirdə Rusiyanın müəyyən addımlar atacağına inanmağa əsası yoxdur. Bu addımın Ermənistanla Rusiya arasında ikitərəfli əməkdaşlığa heç bir aidiyyatı yoxdur və bu barədə Ermənistan rəsmiləri rusiyalı həmkarlarına məlumat veriblər. Eyni zamanda, Ermənistan tərəfi bununla bağlı bəyanatlar və daxil olan reaksiyalarla tanışdır. İrəvanın mövqeyi dəyişməz olaraq qalır: Ermənistan suveren dövlətdir və biz müstəsna olaraq ölkəmizin dövlət maraqlarını rəhbər tutmalıyıq”.
Jurnalistlərin Ağacanyandan Rusiya tərəfindən müəyyən tədbirlər görüləcəyi təqdirdə İrəvanın nə edəcəyini soruşduqda o, hakimiyyətin buna uyğun reaksiya verəcəyini bildirmişdi. Beləliklə, Ermənistan BCM-nin Roma Statutu üzrə boynuna götürdüyü öhdəlikləri tanıyıbsa, bu ölkəyə ayaq basdığı anda Rusiya Prezidentini həbs etməli idi. Onu da xatırladaq ki, bir il əvvəl Valdimir Putinin Ermənistana səfəri planlaşdırılırdı. Fəqət Ermənistan parlamentinin bu qərarından sonra həmin səfərin taleyi, eləcə də ümumiyyətlə, Rusiyanın reaksiyasının nə olacağı ciddi marağa səbəb olmuşdu.
* * *
Baş nazir Nikol Paşinyan yeddi ay bundan əvvəl “Politico Europe” nəşrinə müsahibəsində BSM-nin Roma Statutunun Ermənistanın təhlükəsizlik maraqları baxımından vacib statusa malik olduğunu vurğulamışdı. O, bununla bağlı bildirmişdi ki, Ermənistanın hazırkı təhlükəsizlik sistemi və alətləri müasir standartlara cavab vermir və onların yeniləri ilə əvəzlənməsi vaxtı yetişib. Əlbəttə, onun Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyün Ermənistana heç bir fayda gətirmədiyini söyləməsi də diqqətdən yayınmamışdı.
Beləliklə, Paşinyan bu səpkili ikibaşlı açıqlamaları ilə Moskvaya müəyyən mesajları ötürdüyü qənaətində idi. Əslində, bu zaman rəsmi İrəvan hüquqi cəhətdən tez-tez naqolay vəziyyətlərə düşürdü. Misal üçün, Paşinyanın Roma Statutu ilə KTMT-ni müqayisəsi hətta erməni ictimaiyyətində ironiya ilə qarşılanmışdı. Sosial şəbəkələrdə bu mövzuda xeyli rəy paylaşılmışdı.
Digər tərəfdən, Paşinyan 2023-cü ilin martında Roma müqaviləsinin vacibliyinə dair izahına Qarabağ məsələsini də əlavə etməyi yaddan çıxarmamışdı. Bildirmişdi ki, bölgədəki Rusiya sülhməramlıları üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyi bacarmırlar. Aydın məsələdir ki, Ermənistan baş naziri Qarabağdan söz açarkən Roma Statutuna bağladığı psevdo-ümidlərini də dilə gətriməyi unutmamışdı. O demişdi ki, bu beynəlxalq sənədin köməyi ilə “Azərbaycanı beynəlxalq cinayət məsuliyyətinə” cəlb edəcək. Ümidlər özünü doğrultmadı. Vaxt İrəvanın ziyanına işlədi və o, öz aləmində düzgün saydığı və Qərbə doğru atdığı bir addımın əvəzinə geriyə üç addım atmağa məhkumdur.
ARAYIŞ: Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu 1998-ci il 15 iyun – 17 iyul tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının İtaliyanın paytaxtı Romada qəbul etdiyi BCM-nin qurulması haqqında statutdur. 2016-cı ilin mart ayından bugünədək 139 dövlət müqaviləni imzalasa da, cəmi 124 ölkə onu təsdiqləyib. Ermənistan son mərhələni adlamaqla statutun 125-ci tamhüquqlu üzvü olub.
Fikrət SADIQOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
– Əslində, mahiyyət etibarilə Roma Statutu formal bir prosedurdur. Doğrudur, bir çox dövlətlər bu öhdəliyi öz üzərinə götürüblər və müəyyən şərtlər daxilində buna əməl edə bilərlər. Rusiya Prezidenti də bunu yaxşı başa düşür və bu səbəbdən həmin ölkələrə səfər etmir. Ermənistan isə Roma Statutuna qoşulmaqla onu göstərmək istəyirdi ki, o, Rusiyadan tamamilə üz döndərir və Qərbə daha da yaxınlaşmaq niyyətindədir. Eyni zamanda, bu, heç də o demək deyildi ki, Vladimir Putin Ermənistana gələrsə, onu həbs edəcəkdilər.
Rəsmi İrəvan bir sıra istiqamətlər üzrə Rusiya ilə sıx bağlıdır. Buraya nəqliyyat, iqtsadiyyat, sərhəd, hərbi-texniki sahələr daxildir. Bu ölkənin ərazisində Rusiyanın hərbi bazaları yerləşir. Faktlar onu təsdiqləyir ki, Paşinyan ikibaşlı oyunlarını davam etdirməklə Qərbdən nələrisə qoparmağa çalışırdı. Güman edirdi ki, onun bu oyunları Qərbdə qəbul olunacaq, ölkəsinə müəyyən güzəştlər ediləcək. İşdir-şayət, fors-major duruma düşəcəyi təqdirdə isə guya, onu xilas edəcəklər. Ən maraqlısı isə odur ki, eyni vaxtda iki stulda əyləşməyə çalışanın aqibəti sonda acınacaqlı olur. Paşinyan hazırda bu vəziyyətlə üzləşib. Yəqin indiyə qədər bunu başa düşmürdü.
Rusiyadan qopmağın ölkəsi üçün hansı fəsadları törədə biləcəyini təsəvvürünə gətirən Ermənistan baş naziri bu gün artıq geriyə dönüş etməyə çalışır. Həm də Moskvanın konkret ismarıcları onu Qərbə doğru getdiyi yoldan qayıtmasına səbəb oldu. Onun bu yoldan hara kimi və necə dönəcəyini isə zaman göstərəcək.
İ.HƏSƏNQALA
XQ