XII MƏQALƏ
Bu zəfər tarixi zəfərdir. İndi isə bizim üçün yeni dövr başlayır – quruculuq dövrü.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Vətən savaşı və multiregional miqyas
İndi Vətən savaşının regional miqyasda yaratdığı yeni geosiyasi vəziyyətin multiregional miqyasa təsirindən danışmaq olar. Bu təsirin məntiqi ardıcıllığı aşağıdakı kimidir: Ərazi bütövlüyünün təmini regional geosiyasi mənzərəni yenilədi, sonuncu da Azərbaycanın regionlararası məkanda yeni səviyyədə fəaliyyət göstərməsinə yol açdı. Hazırda Azərbaycan regional və multiregional miqyaslarda siyasi-diplomatik fəaliyyətini uyğunlaşdırmaqla yeni təhlükəsizlik arxitekturasının yaradılmasında fəal iştirak edir. II Qarabağ savaşında əldə edilən Zəfərin siyasi və geosiyasi dividendlərini geniş məkanda qalıcı təhlükəsizlik arxitekturasının formalaşmasına istiqamətləndirməklə Azərbaycan milli maraqlarla yanaşı, regional maraqları da ön plana çəkmiş olur. Vətən müharibəsinin yaratdığı bu imkanın siyasi qiyməti verilməlidir.
Son 4 ilin təcrübəasi göstərir ki, postmüharibə dövründə regional təhlükəsizliyin yeni arxitekturasının formalaşması mürəkkəb məsələdir. Eyni zamanda, regionlararası məkanda qalib ölkə kimi fəaliyyətin səmərəli üsulunu tapmaq məharət tələb edir. Burada əsas məqam bir ölkənin Vətən müharibəsində əldə etdiyi nailiyyəti regionlararası məkana düzgün proyeksiya etməsi ilə bağlıdır.
Məsələ ondan ibarədir ki, Vətən müharibəsində təkbaşına regional mənzərəni yeniləşdirən dövlət, regionlararası məkanda eyni məntiqlə fəaliyyət göstərə bilmir. O, regional təşkilat çərçivəsində uğurlu siyasi-diplomatik üsul tapmalıdır. Bu da təcrübə tələb edir. Bundan başqa, Vətən savaşında hərb meydanında əldə edilən qələbə digər sferalarda dəyişikliklərin təkanverici amili oldu. Lakin postmüharibə mərhələsində regionlararası məkanda hərbi fəaliyyət istisnadır. Deməli, məharətli siyasətlə hərbdə əldə edilən və regiona aid olan müsbət tendensiyaların yaratdığı əlverişli şəraitdə siyasi-diplomatik uğurlar qazanmaq lazım gəlir.
Postmüharibə dövründə təhlükəsizlik arxitekturası
Təhlükəsizlik arxitekturası kontekstində bunun üçün liderin yaradıcı və məharətli addımlar atması şərtdir. Azərbaycan Prezidentinin son bir neçə ay ərzində həmin istiqamətdə fəaliyyətinin təhlili fonunda son tezisin məzmununu açmaq mümkündür.
Prezident İlham Əliyevin son aylar səfərlərinin trayektoriyası Yaxın Şərqi (Misir), Mərkəzi Asiyanın (Özbəkistan), Şərqi (Pakistan) və Avropanı (İtaliya) əhatə edir. Bundan başqa, Rusiya Prezidenti Azərbaycana səfər etmişdir. Bu səfərlərdə müzakirə edilən məsələlər sırasında ortaq olanları da vardır. Onlar təhlükəsizlik, enerji əməkdaşlığı və nəqliyyat marşrutları ilə bağlı olmuşlar. Özü də yalnız Azərbaycana aid müzakirələr aparılmamışdır.
Məsələn, Misir Prezidenti ilə müzakirələr, bütövlükdə, Yaxın Şərq üçün aktual olan mövzular üzrə aparılmışdır. Bura Qafqaz da daxil olmaqla təhlükəsizlik məsələləri daxildir.
Özbəksitanda da enerji, nəqliyyat və təhlükəsizliyin təmini məsələləri ön plana çıxmışdır. Mərkəzi Asiyanın bu böyük və güclü dövləti ilə Azərbaycan strateji müttəfiq olmuşdur. Pakistan səfəri də vurğuladığımız istiqamətlər üzrə son dərəcə faydalı olmuşdur. Rusiya Prezidentinin Bakıya səfəri isə, ümumiyyətlə, son zamanlar ekspert dairələrinin ən çox müzakirə etdiyi və onu birbaşa regional təhlükəsizlik, enerji və nəqliyyat mövzuları ilə bağladığı məlumdur.
Nəhayət, İlham Əliyevin son İtaliya səfəri də enerji, nəqliyyat-loqistika və təhlükəsizliklə bağlı mövzular üzrə olmuşdur.
Bu səfərlərdə müzakirə edilən məsələləri bir məntiqi prizmada təhlil etsək, görərik ki, rəsmi Bakı milli və regional miqyasda əldə etdiyi nailiyyətləri regionlararası miqyasda siyasi-diplomatik müstəviyə proyeksiya edə bilir. Bu prosesin başlıca məntiqi, özəlliyi ondan ibarətdir ki, regionlararası miqyasda təhlükəsizlik arxitekturası regional təhlükəsizlik üçün müəyyən mənada “çətir” rolunu oynamalıdır. Lakin bunun üçün regional miqyasda təhlükəsiziliyin təminatçı faktoru olmalıdır. Konkret olaraq, yerli dövlətlərdən biri həmin vəzifənin məsuliyyətini üzərinə götürməlidir.
Ermənistan və Gürcüstan bu vəzifənin öhdəsindən gələ bilməzlər. Çünki onların özlərinin daxili vəziyyəti sabit deyildir və dövlət kimi çox zəif təsir gücünə malikdirlər. Azərbaycanın isə II Qarabağ savaşında parlaq qələbə təcrübəsi vardır və dövlət kimi regionun ən güclüsüdür. Azərbaycanla bu coğrafiyada hər kəs hesablaşır.
Yuxarıda vurğuladığımız kimi, bu prosesdə Azərbaycanın regional təşkilatlarda fəaliyyəti xüsusi yer tutmalıdır. Çünki təhlükəsizliyin və əməkdaşlığın mühüm tərəfi hüquqi təminatla bağlıdır. Regional təşkilatlar çərçivəsində fəaliyyətin beynəlxalq hüquq çərçivəsində aparılması lazım gəlir.
Regional əməkdaşlıq və təhlükəsizlik
Hərbi zəfərdən sonra multiregional miqyasda siyasət regional əməkdaşlıqla təhlükəsizliyi siyasi-diplomatik müstəvidə sintez etməyi nəzərdə tutur. Özlüyündə mürəkkəb olan bu vəzifə Vətən savaşından sonra yaranan əlverişli geosiyasi dinamika fonunda həyata keçirilə biləndir. Regional əməkdaşlıqla təhlükəsizliyin arxitekturasına eyni bucaq altında baxmaq imkanı Cənubi Qafqazda yeni hadisədir. Bir nümunədə onun vacibliyini anlamaq mümkündür.
Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı bir sıra böyük dövlətlərin kəskin mübarizəsi başlamışdır. Rəsmi Moskvanın bu layihəni reallaşdırmaq istiqamətində bəyanat verməsindən sonra ona daha açıq etirazı Qərb deyil, İran etdi. Gözlənilirdi ki, artıq Zəngəzurda kiçik də olsa, hərbi kontingenti olan Amerika Kremlə sərt reaksiya verəcək. Lakin səs Tehrandan çıxdı. İran Zəngəzur dəhlizinin açılmayacağı kimi qəti fikir bildirdi. Hətta Azərbaycanla Naxçıvan arasında quru yolunun heç bir variantda açılmayacağı barədə cümlə də işlədildi. Əlbəttə, təəccüblü və təəssüfedicidir, lakin KİV-də yayılan informasiyalara görə, faktdır.
Bu, onu göstərir ki, Cənubi Qafqazda təhlükəsizliklə əməkdaşlığın nisbətinə münasibət xeyli mütəhərrikdir. Gözlənilmədən hansısa böyük dövlət irəli sürülən bir fikrə kəskin reaksiya verə bilər. Bu da, bütövlükdə, situasiyanın riskli olduğunu göstərir. İranın Rusiyaya hədələyici cavab verməsi isə daha dərinlərdə regional əməkdaşlıq və təhlükəsizliyin kövrək olduğuna işarərdir. Belə bir çoxməchullu şəraitdə Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı necə siyasi xətt tutmalıdır ki, əməkdaşlıqla təhlükəsizlik bir-birini tamamlasın?
Onu da nəzərə almaq lazımdır ki, Ermənistan və Gürcüstan faktiki olaraq bu məsələdə faydalı ola bilmirlər. Ermənistan məlum məsələdir. Gürcüstan isə özünün daxilində meydana gəlmiş problemlərdən baş aça bilmir. Regional əməkdaşlıq və təhlükəsizlik üçün hansısa tutarlı addım ata bilməz. Deməli, Azərbaycanın üzərinə yük daha böyük ölçüdə düşür.
Multiregional əməkdaşlıq və təhlükəsizlik
Vurğulanan məqamlardan Vətən müharibəsinin fəlsəfəsi baxımından daha çox əhəmiyyətlisi və aktual hesab edilən bir məsələ məntiqi olaraq alınır. Vətən muharibəsinin yaratdığı yeni geosiyasi şərtlərin multiregional miqyasa transformasiyası faktiki siyasi-diplomatik müstəvidə həyata keçməlidir. Nəzəri olaraq bunu ifadə etmək çətin deyildir. Lakin real fəaliyyətdə ona nail olmaq son dərəcə mürəkkəb məsələdir. Bu kontekstdə əsas sual Azərbaycan Prezidentinin vurğulanan transformasiyanı necə həyata keçirməsi ilə bağlıdır.
Proseslər göstərir ki, Prezident İlham Əliyev II Qarabağ savaşının yaratdığı yeni geosiyasi dinamikanı regionlararası məkana adekvat transformasiya etmək üçün çoxvektorluqla çoxəlaqəlilik istiqamətlərini üzvi surətdə sintez edir. Diplomatiyada, bu, olduqca maraqlı bir məqamdır. Çünki XXI əsrin şərtləri elədir ki, burada mütəhərrik və nəticəverici siyasi-diplomatik fəaliyyət xüsusi məharət tələb edir. Diplomatiyada isə çoxistiqamətliliklə çoxaspektli əlaqələri nəticəverici yöndə məzmunlaşdırmaq bu baxımdan ayrıca qabiliyyət və məharət tələb edir. Məsələnin fəlsəfi baxımdan mahiyyətini izah edək.
Çoxistiqamətlilik siyasi-diplomatik fəaliyyətin liderin öncədən seçdiyi və prioritet adlandırdığı istiqamətlərdə fəaliyyətlərin cəmini nəzərdə tutur. Burada hələlik seçilən istiqamətlərdə atılan addımların konkret məzmunu ön plana çıxmır – əsas parametr istiqamətlərin çoxluğudur. Ona görə də çoxaspektli fəaliyyət çoxistiqamətliliyi məzmunca elə tamamlamalıdır ki, qarşıya qoyulan məqsədə hüquqi çərçivədə nail olmaq mümkün olsun. Burada siyasi-diplomatik fəaliyyətin səmərəverici məzmunlaşmasını təmin edən mexanizm Vətən savaşının regional miqyasda yaratdığı dinamikadır. Deməli, həmin müsbət nəticədən elə yararlanmaq lazımdır ki, regionlararası məkanda alınacaq nəticə regional uğurun məntiqi davamı ola bilsin.
Bunun gerçəkləşməsi üçün lider Vətən müharibəsinin siyasi, geosiyasi, iqisadi, təhlükəsizlik və ideoloji dividendlərini uğurlu surətdə regionlararası miqyasa transformasiya edəcək kollektiv fəaliyyət forması tapmalıdır. Bu formanı Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatı (TDT) mərkəzdə olmaqla regional təşkilatlar əsasında müəyyən etmişdir. Yəni TDT miqyasında Bakının siyasi-diplomatik fəaliyyəti regionlararası məkanda Vətən savaşının geosiyasi və təhlükəsizlik aspektlərində uğurlarını yenidən aktuallaşdırmalıdır. İndi müşahidə edilən proseslər həmin istiqamətdə Bakının kifayət qədər fəal olduğunu və nəticələr aldığını göstərir.
Beləliklə, Azərbaycanın təkbaşına Vətən savaşında qalib gəlməsi öncə Cənubi Qafqaz regionu miqyasında geosiyasi düzəni yeniləşdirdi, sonra isə əldə edilən nəticələri regionlararası miqyasda çoxistiqamətliliklə çoxaspektli əlaqələr müstəvisinə proyeksiyasına nail oldu. Vətən müharibəsinin fəlsəfi dərkində bu məqamın da rolu olduqca əhəmiyyətlidir. Söhbət faktiki olaraq geniş bir geosiyasi məkanda ciddi rol oynayan müstəqil dövlətin siyasi-diplomatik və hüquqi fəaliyyətinin məzmunlaşmasından gedir. Bu, həm milli miqyasda, həm də postsovet məkanı miqyasında ilk təcrübədir. Ona görə də ilk təcrübə kimi Azərbaycanın bu fəaliyyətinin fəlsəfi ilə yanaşı, siyasi-nəzəri anlamı da dərindən araşdırılmalıdır.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru