Ermənistan kommunikasiyalarla bağlı öhdəlikləri yerinə yetirmir

post-img

Təəssüf ki, Ermənistan tərəfi növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür.

Bu barədə Azərbaycan Xarici İşlər Na­zirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər nazirinin “sülh sazişi” və kommunikasiyalar ilə bağlı fikir­ləri ilə əlaqədar yerli medianın suallarına cavabında deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibət­lərin qurulması haqqında saziş layihəsi üzrə sonuncu dəfə Azərbaycan tərəfindən iyun ayında təqdim olunmuş şərhlərə Er­mənistan tərəfi avqust ayının sonunda, təq­ribən 70 gün sonra şərhlərini göndərib.

“Ermənistan tərəfi, Azərbaycanın təq­dim etdiyi şərhlərə adekvat reaksiya ver­mək əvəzinə, layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təq­ribən 80 faiz razılaşdırılsa da, bəzi müd­dəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Er­mənistan tərəfi təklif etdiyi kimi, razılaşdı­rılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu məqbul hesab edilə bilməz. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlər­də iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir.

Azərbaycana qarşı ərazi iddialarını da­vam etdirən, keçmiş münaqişənin qalığı olan Minsk qrupunun işinin bərpasına çalı­şan Ermənistanın “sülh sazişi”nin mətninin əhatə dairəsini azaldaraq onu hər bir forma­da imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyəti barədə bir çox suallar yaradır.

Saziş layihəsinin imzalanması üçün Ermənistan, ilk növbədə, hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən konsti­tusiyasında müvafiq dəyişikliklər etməlidir.

Azərbaycanın qərb bölgələrini Nax­çıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğu­nu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib. Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunma­sı barədə fikirlər ilə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barə­də müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasi­yaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, 9 sentyabr tarixində Er­mənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqun xarici iş­lər və ticarət naziri ilə birgə mətbuat konf­ransında bildirib ki, sonuncu dəfə Ermənis­tan tərəfindən Azərbaycana təqdim edilmiş “sülh sazişi” layihəsinin mətni tam olaraq razılaşdırılıb və layihə razılaşdırılmış müd­dəaları ehtiva edir. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan tərəfi öz ərazisindən keçən hər hansı bir yola nəzarəti üçüncü tərəfə vermək niyyətində deyil. Bunun­la yanaşı, yük və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün hər iki ölkədə xarici özəl şirkətin prosesə cəlb edilməsi məsələsinin müzakirə edildiyi diqqətə çat­dırılıb.

XQ

Siyasət