Onların bu cəhdləri də fiaskoya uğrayacaq
Azərbaycan Ordusunun ötən ilin sentyabrında ərazi bütövlüyümüzün tam təmin edilməsi, Qarabağ iqtisadi rayonunun hər yerində suverenliyimizin bərpa olunması, separatçı rejimin varlığına son qoyulması üçün keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin ildönümü yaxınlaşdıqca, Ermənistandakı revanşistlərin və dünyadakı hay havadarlarının səsləri yüksəlməkdədir. Hər bir məsələdən öz mənfəətləri üçün istifadə edən bu dairələr lokal xarakterli antiterror tədbirlərinin gələn ay qeyd edəcəyimiz birinci ildönümündən də yararlanmağa çalışırlar. Onlar bu hadisələrdən yenə də Azərbaycana qarşı hansısa sanksiyaların tətbiqi, ölkəmizin, guya, “etnik təmizləmə” həyata keçirməsi kimi heç kəsin inanmadığı yalanları gündəmə gətirmək üçün istifadə etməyə cəhd göstərirlər.
Xaricdə bu istiqamətdə əsas canfəşanlığı yenə də bədnam Amerika Erməni Milli Komitəsi (ANCA) edir. Komitənin təşəbbüsü ilə sentyabrın 19-da ABŞ Konqresində lokal xarakterli antiterror tədbirlərinin birinci ildönümü ilə bağlı tədbir keçiriləcək. Əlbəttə, onların yaydığı məlumatda məlum hadisələrin adı belə təhrif olunub. Zərurətdən, son çarə kimi həyata keçirilən antiterror tədbirləri “Azərbaycanın Artsaxa amansız hücumunun ildönümü” kimi qələmə verilib. ANCA-nın genişmiqyaslı tədbiri gözlənildiyi kimi, erməni lobbiçilərin çoxluq təşkil etdiyi ABŞ Konqresində keçiriləcək. Komitənin yaydığı məlumatda bildirilib: “Konqres liderləri, ictimai fəallar və koalisiya tərəfdaşları sentyabrın 19-da Kapitoli təpəsi adlandırılan yerdə Azərbaycanın “Artsax”da 2020-2023-cü illərdə törətdiyi “soyqırımı”na görə məsuliyyətə cəlb olunmasına həsr olunmuş tədbirdə iştiraka toplaşacaq və yerli ermənilərin qlobal mandat və beynəlxalq müdafiə altında təhlükəsiz qaytarılmasına çağıracaqlar. “Cavabdehlik 2024” adlı tədbir Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də on aylıq mühasirədən (?) sonra etnik təmizləmə və 120 min etnik erməninin öz tarixi vətənlərindən qovulması (?) ilə başa çatan Artsaxa amansız hərbi hücumunun birinci ildönümünə təsadüf edir”.
ANCA-nın icraçı direktoru Aram Ambaryanın sözlərinə görə, onlar Amerikanın hər yerindən Vaşinqtona ona görə toplaşırlar ki, Azərbaycana hərbi yardıma qanunvericilik yolu ilə qadağa qoyulsun və ölkəmizə sanksiyalar tətbiq etməklə bizi məsuliyyətə cəlb etsinlər: “Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının “Artsax”ın yerli ermənilərinin beynəlxalq himayəyə alınmasını tələb edən qətnaməsinin icrasına rəhbərlik etməklə bu prosesi geri qaytara bilər və qaytarmalıdır”.
Tədbir çərçivəsində senatorların və digər nümayəndələrin çıxışları olacaq, ABŞ rəhbərliyinin Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, “soyqırımından sağ çıxanlara” yardım göstərilməsi və ermənilərin “Artsax”a təhlükəsiz qayıtmasına dəstək verilməsi ilə bağlı prosesə rəhbərlik etməsinin əhəmiyyəti vurğulanacaq.
Qeyd edək ki, ANCA dünyanın superdövlətində geniş fəaliyyət göstərən erməni diasporunun əsas təşkilatıdır. Azərbaycan torpaqlarında etnik separatizm ocağının yaranmasında, sonrakı dövrdə torpaqlarımızın işğal olunmasında və bu işğalın uzun illər davam etməsində ANCA-nın da özünəməxsus rolu var. Yaxşı təşkilatlanmış komitə bütün digər erməni diaspor qurumlarından daha çox nümayəndəliyə və ofis şəbəkəsinə malikdir. Təşkilatın mənzil-qərargahı Vaşinqtonda yerləşir. Həmçinin onun İrəvanda da ofisi var. İşğalın davam etdiyi müddətdə ANCA-nın Xankəndidə də ofisi fəaliyyət göstərirdi. ANCA ABŞ-nin 25 ştatında 45 filiala malik olmaqla yanaşı iki regional ofisə də malikdir. Bunlar Qərbdə Qlendeyl (Kaliforniya ştatı) və Şərqdə Utertaun (Massaçusets ştatı) şəhərlərində yerləşən ofislərdir. Təşkilatın Fransa, Böyük Britaniya və İtaliyada da nümayəndəlikləri fəaliyyət göstərir. Bir müddətdir ki, ANCA Avropa İttifaqı nəzdində də nümayəndəliyə malikdir. Komitə özündə 10 min üzvü birləşdirərək 3,5 milyon dollar illik büdcəyə malikdir. ANCA müxtəlif gənclər təşkilatlarının, mətbu orqanların və institutların təsisçisidir. Qurum “Massis Weekly”, “Armenian Liberty”, “Snark News Agency” və “Armenian News” kimi media resursları ilə yaxın əlaqələrə malikdir.
Təşkilatın əsas işi qondarma erməni soyqırımını tanıdılması, erməni diasporunun siyasi proseslərdə iştirakının təmin edilməsi, ABŞ–Ermənistan əlaqələrinin gücləndirilməsi, Ermənistana və Qarabağdakı keçmiş separatçı rejimə dəstək verilməsi, erməni diasporunun maraqlarına uyğun olaraq ABŞ–nin xarici siyasətinə təsir göstərilməsidir. Təsadüfi deyil ki, ANCA 1997-ci ildə qondarma soyqırımını daha yaxşı tədqiq və təbliğ etmək üşün “Erməni milli institutu”nu təsis edib.
Hayların ABŞ-dəki diasporunun dövlət orqanlarına təsirinə gəldikdə isə demək lazımdır ki, 1995-ci ildə Konqresdə erməni məsələləri üzrə ikipartiyalı (yəni, hər iki partiyanın nümayəndələrinin daxil olduqları–S.H.) konqresmenlər qrupu yaradılıb. İngilis dilində “Armenian Caucus” adlanan qrupu demokrat Frenk Pallone və respublikaçı Edvard Porter təsis edib. Sonradan Porterin yerini Co Nollenberq tutub. Bu qrupun fəaliyyəti Ermənistanın və erməni diasporunun maraqlarını əks etdirən bir sıra sənədlərin Konqresin gündəliyinə gətirilməsindən və qəbulu üçün səy göstərməkdən ibarətdir. Qrupun üzvü olan bir çox konqresmen 1992-ci ildə ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını qadağan edən “Azadlığa dəstək aktına 907-ci düzəliş”in lehinə səs verən şəxslərdir. Konqresdəki qrupdan əlavə Demokratlar və Respublikaçılar partiyalarında erməni şuraları mövcuddur. ABŞ qanunvericilik orqanlarında bir neçə güclü lobbiçi erməni məsələsi ilə məşğuldur. Onlardan ən məşhuru Senatın maliyyə məsələləri üzrə komitəsinin keçmiş sədri Robert Douldur. O, onilliklər boyu erməni məsələlərinin Konqresdə və Senatda özünə yer tapması üçün çalışıb. ANCA 2001-ci ildə onu bu səylərinə görə mükafata layiq görüb. Həmçinin, erməni lobbiçiləri xarici siyasətin maliyyələşdirilməsi üzrə alt komitənin rəhbəri, senator Mitç Makkonelin öz tərəflərinə çəkilməsi işində uğura nail olub. ABŞ-də yaşayan ermənilər Makkonelə və onun təmsil etdiyi ştatda fəaliyyət göstərən Respublikaçılar Partiyasının bölməsinə 200 min dollar vəsait ianə ediblər. Bundan əlavə, erməni diasporu Makkonelin rəhbərlik etdiyi respublikaçı senatorlar qrupu üzvlərinin yenidən seçilməsi üçün də komitəyə küllü miqdarda vəsait ayırıb.
ANCA və digər erməni diaspor qruplarının əsas məqsədi bunlardır: Qondarma erməni soyqırımının ABŞ hökuməti tərəfindən tanınması, Qarabağdan öz xoşları ilə getmiş ermənilərin geri qaytarılması və onlara yardım göstərilməsi, bədnam 907-ci düzəlişin qüvvədə saxlanılması, Ermənistana ABŞ tərəfindən yardım göstərilməsi, Türkiyəyə və Azərbaycana müasir silah satışının qarşısının alınması.
Bu təşkilat bir vaxtlar Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars, Bakı–Tbilisi–Ərzurum kimi layihələrə də qarşı çıxırdı. Ancaq onların bütün cəhdləri boşa çıxdı. Azərbaycan qarşısına qoyduğu bütün iqtisadi layihələri uğurla reallaşdırdı. Bunun nəticəsində ölkəmizə böyük məbləğdə valyuta axınının gəlməsi reallaşdı. Bu isə iqtisadiyyatımızın güclənməsinə, ordu quruculuğu məsələsinə daha böyük diqqət ayırmağımıza, müasir silah-sursat almağımıza gətirib çıxardı. Bütün bunlar 2020-ci ildə 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vurmağımızda mühüm rol oynadı. Əlbəttə, burada əsas rolu yetişdirilən vətənpərvər gənc nəslin oynadığını da xüsusi vurğulamalıyıq.
Amerika erməniləri, onların diaspor və lobbi qurumları indiyədək bir çox təxribatçı əməllərə imza atmışdılar. Amma onların, demək olar ki, hamısı uğursuzluğa düçar olmuşdu. Ermənilərin Konqresdə hazırlaşdığı budəfəki təxribatın da uğursuz olacağı şübhəsizdir. Nyu-cersili ermənipərəst senator Robert Menendesin başına gələnlər, zənnimizcə, erməni diaspor və lobbisinə görk olmalıdır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev “XQ”-yə açıqlamasında bildirdi ki, erməni lobbisinin ABŞ-də Azərbaycana qarşı dinləmələr, hansısa tədbirlər keçirməsi ilk dəfə deyil. Onun sözlərinə görə, bu tədbirlərin indiyədək heç bir təsiri olmayıb, bundan sonra da olmayacaq: “Əksinə, hesab edirəm ki, belə tədbirlər hazırda Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqları prosesinə neqativ təsir göstərir. Amma bu, erməni radikallarını, hətta, mən deyərdim ki, irqçilərini və onların ANCA təşkilatını maraqlandırmır”.
F.Şəfiyev qeyd etdi ki, erməni lobbisinin maraqlarına xidmət edən ABŞ konqresmenlərini ancaq maliyyə vəsaiti və erməni əsilli seçicilərin səsi maraqlandırır: “Biz bugünlərdə Demokratlar Partiyasının üzvü olan senator Robert Menendesin aqibətini gördük. Onunla bağlı korrupsiya, rüşvət faktları açıqlandı. Nəticədə, o, siyasi karyerasını bitirdi. İndi isə yenə də Konqresdə hansısa şou təşkil edirlər. Yenə də deyirəm, onun real vəziyyətə heç bir təsiri olmayacaq”.
Səxavət HƏMİD
XQ