Ya həqiqəti dinlə, ya heç dinmə!

post-img

Mark Libbinin davranışı ABŞ–Azərbaycan münasibətlərinə kölgə salır

Yəqin hələ bölgə ilə yaxından ta­nış olmadığından, şərqli mentalitetinə tam alışmadığındandır ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi efirdən diploma­tik və peşə etikasını aşan hərəkətlərə yol verir. Onun İctimai televiziyanın efirindən dedikləri həm baş vermiş məlum hadisə, həm də şəxsən özünün diplomatik səriştəliliyi barədə sual dolu qənaətə gəlməyə əsas yaradir. Cə­nab Libbi məlum tele-müsahibəsində ölkəsinin Ermənistanı silahlandırması ilə bağlı “Caliber.az” portalının təq­dim etdiyi konkret fakt və sübutları “cəfəngiyyat” adlandırıb: “Caliber.az-ın məlumatı tam cəfəngiyyatdır. Yazdıqları hər bir şey uydurmadır. Mən onları təkzib edirəm. Aranı qa­rışdırmağa, Ermənistanla Azərbaycan arasında problem yaratmağa çalışır­lar. “Caliber.az” da belə qüvvələrdən biridir. Onun dərc etdiyi bütün məlu­matları təkzib edirəm”.

Heç bir əks-arqument ortaya qoyma­dan xeyli vaxtdır gündəmi zəbt etmiş olay­la bağlı informasiyalara bu cür başdansov­du cavabı ilə səfir Libbi ölkəsinin bölgədə gərginliyi artırmağa xidmət edən siyasətinə şübhələri daha da artırmış oldu. Mark Libbi teleaparıcının ABŞ-dən birbaşa Ermənista­na – Zvartnos hava limanına, oradan isə hayların Sünik dediyi Zəngəzur vilayətinə silah-sursatın daşınması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirməsi barədə müra­ciətini cavablamaq yerinə, üçüncü, beşinci dərəcəli məsələlərdən danışmağa üstünlük verir. Aparıcının hərbi təyyarələrdə hətta erməni əsilli ABŞ əsgərlərinin də həmin vilayətdə yerləşdirildiyinə dair Vaşinqto­nun rəsmi mövqe bildirməsi təklifinə dair sualına cavab verməkdənsə, səfir Libbi bölgə dövlətləri arasındakı münasibətləri şərh etməyə girişir. Cənab səfir avqustun 2-də Zvartnos hava limanında ABŞ hərbi hava qüvvələrinə məxsus yük təyyarələri­nin foto-şəkillərinə, onların ABŞ-la Ermə­nistan arasında keçirilən hərbi təlimlərdən sonra çəkilməsi faktına, ümumiyyətlə, bu iki ölkə arasında hərbi əməkdaşlığın şüb-həli xarakter daşımasına konkret cavab verməkdən yayınır: “Onu deyə bilərəm ki, ABŞ-nin istər Ermənistanla, istər Azərbay­canla, istərsə də Gürcüstanla əməkdaşlığı üç geniş məqsədə xidmət edir. Birinci, bu bölgənin ölkələrini kənar təsirlərdən uzaq, suveren, demokratik və müstəqil, öz arala­rında sülh şəraitində yaşayan ölkələr kimi görmək istəyirik. Həmçinin, istərdik ki, bu üç ölkə bir-biri ilə mehriban qonşuluq şəraitində yaşasınlar. Ağ ev bu üç dövlətlə birbaşa əməkdaşlıq qurur və mən dediyim­dən kənar heç nə deyə bilmərəm. O ki, qal­dı keçən ay ABŞ və Ermənistan arasında baş tutan təlimlərlə bağlı “Caliber.az”-ın yazdığına, buna da heç nə əlavə edə bil­mərəm”. 

* * *

Tamaşaçıların ondan konkret suala ca­vab gözlədikləri halda sualdan açıq-aşkar yayınan, mövzu ətrafında “fırlanan” səfi­rin Azərbaycanın aparıcı media portalının ünvanına təkəbbürlə, aşağılayıcı tərzdə ifadələr işlətməsi, foto-video sübutla­rı gözləri deşən məlumatı “cəfəngiyyat” sayması, ümumiyyətlə, o boyda dövlətin diplomatına yaraşmayan davranış, hörmət­sizlik nümunəsidir. Özünün efirdən peşə etikasına sığmayan davranışını malalama­ğa çalışan cənab Libbi tez ABŞ-nin Azər­baycanla münasibətlərə xüsusi önəm ver­diyini vurğulamağa başlayır. “Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayan ölkədir” – deyən səfir ardın­ca Azərbaycanın Əfqanıstan və Kosovoda NATO-nun sülhməramlı missiyasında sona qədər nümunəvi xidmət etməsini, alyansa dəstək olmasını deməyi də “unutmur”. 

Bu ilin yanvarından ABŞ-nin Azərbay­candakı səfiri statusunda diplomatik fəa­liyyətə başlayan Mark Libbi Əfqanıstanda terrora qarşı mübarizədə NATO-nun məhz Azərbaycanın logistik imkanlarından is­tifadə etdiyini və bunu unutmadıqlarını vurğulayıb. O, bu amillərin “Azərbaycan və ABŞ münasibətləri tarixi üçün xüsusi əhəmiyyət kəsb etdiyini” qeyd edib.

Biz də cənab səfirin yadına onun nor­mal məntiqə uymayan bəzi “jestlərini” salmaq istərdik. Misal üçün, cari il ma­yın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı bir qrup jurnalistə müsa­hibəsində Azərbaycanın işğaldan azad etdiyi ərazilərə getməməsinin səbəbi ilə bağlı suala müxtəlif bəhanələr gətirməklə verdiyi cavaba diqqət yetirin: “İndiyədək Azərbaycanın bir neçə regionunda səfərdə olmuşam. Bunun siyasi səbəbləri yoxdur. Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir... Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm... Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”. 

Bəs, dörd ay əvvəl şou nümayiş etdirən kim idi? İşğal dövründə ermənilərin Qa­rabağda törətdikləri aşkar vandalizm akt­larını əyani fakt və sübutlarla ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin diplo­matik nümayəndələrinə, işgüzar dairələ­rin təmsilçilərinə göstərən Azərbaycan hakimiyyəti, yoxsa Ordumuzun savaşaraq qaytardığı ərazilərin “bir az fərqli” olduğu barədə sərsəm “arqumenti” üfürən “super­gücün” elçisi? 

* * *

Mark Libbinin diplomatik rəzillik sayı­la biləcək müsahibəsinin özü bir siyasi şou, teletamaşa idi. Doğrudanmı, rəsmi Vaşinq­tonun Cənubi Qafqaza dördillik missiyaya göndərdiyi diplomatı efirdən verdiyi açıq­lama və bəyanatlarla Azərbaycan–ABŞ münasibətlərinə kölgə saldığının fərqin­də deyil? Təkzibolunmaz fakt və dəlillər qarşısında məntiqli bir söz deyə bilməyən səfir özünə dəstəvuz kimi ölkəsinin Ermə­nistandakı səfirliyinin açıqlamasını təkrar­layır. Yəni Hayastana hərbçilərin və hərbi yükün göndərilməsini ABŞ və Ermənistan arasında keçirilmiş hərbi təlimlə əlaqəli olduğunu ərz edir. Bununla da səfir ortaya çıxarılan konkret fakt və sübutları hava­dan təkzib etməklə kifayətlənmir, üstəlik, peşəkarlığı və mötəbərliyi heç kəsdə şüb-hə doğurmayan ciddi informasiya saytını, deməli, Azərbaycan mətbuatını təhqir et­məkdən də çəkinmir, onu araqarışdıran qü­vvə adlandırır. Şuşaya səfər etməyi şouya qoşulmaq kimi anlayan psevdodiplomat­dan bundan artıq nə gözləmək olardı?

Mark Libbi Bakıda olduğu 8 ayda daha çox ziddiyyətli açıqlamaları, bölgədə cərə­yan edən hadisələrə iki standartlı yanaş­ması ilə yadda qalıb. Bəzən də özü-özünü təkzib edir. Deyəsən, cənab səfir tele-mü­sahibəsində elçisi olduğu ABŞ-nin 30 il ər­zində bədnam ATƏT-in Minsk qrupu adlı beynəlxalq təsisatın həmsədrlərindən biri olduğunu unudub. Bu faktı nəzərə almaq əvəzinə, onun diplomatik çərçivəyə sığ­mayan, ziddiyyətli açıqlamaları müəyyən güman və fərziyyələrə yol açır. Onun ABŞ-nin Ermənistanı silahlandırması ilə bağlı ortaya çıxarılan konkret dəlil və faktlara, sübutlara bu şəkildə saymazcasına cavabı söylədiyi yalanı ört-basdır etməyə xidmət edir. 

Artıq heç kəsə sirr deyil ki, “kollektiv Qərblə” həmahəng hərəkət edən ABŞ Er­mənistan kütləvi silahlandırmaq kursunu tutub. Rəsmi Vaşinqtonun son aylar bu məsələdə nümayiş etdirdiyi hərbi-siyasi fəallığının altqatında nələrin durduğunu Bakı yaxşı bilir. Azərbaycan hakimiyyəti Ermənistanın silahlandırılmasına hərtərəfli şərait yaradan ABŞ-nin İrəvanda dünyada ikinci ən böyük diplomatik korpusunu, si­lahlı qüvvələrini və xüsusi hərbi attaşesi­ni saxladığından da xəbərdardır. Bir ildən çoxdur ki, Pentaqon 44 günlük müharibədə biabırcasına məğlub olmuş, 6 milyardlıq silah və texnikası qənimət kimi alınmış bir fərari ordu ilə “Qartal tərəfdaşlığı” devizi ilə təlimlər keçirir. Bütün bu fəaliyyətlər ondan xəbər verir ki, ABŞ-nin, bütövlük­də, Qərbin Ermənistanı silahlandırması Cənubi Qafqazı yeni müharibəyə sürük­ləmək məqsədini daşıyır. Bu, həm də o deməkdir ki, Vaşinqton iki ölkə arasında danışıqlara və sülh prosesinə heç də səmi­mi yanaşmır. Bu kontekstdən yanaşanda, səfir Mark Libbinin efirdən səsləndirdiyi fikirlər Azərbaycanın ABŞ-a münasibət­də yürütdüyü dürüst və şəffar siyasətinə, ədalətli mövqeyinə və qələbəmizə qarşı hörmətsizlik deməkdir. Güman edirik ki, rəsmi Bakının buna cavabı tam adekvat olacaq.

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Görünür, ABŞ-nin Azərbaycan­dakı səfiri hesab edir ki, supergücün burada təmsilçisi olaraq ağlına gələni danışa bilər. O, işğaldan azad olun­muş Şuşaya getməməsinin səbəbini də uzun müddət açıqlamırdı. Yalnız Bakının təzyiqindən sonra, guya, kö­nüllü şəkildə ora səfər etdi. 

Digər tərəfdən, əgər Zəngəzura ABŞ-nin hərbi təyyarələri silah-sursat daşıyırsa və bu təyyarələrin haradakı hərbi bazalardan hansı hava marşrutu ilə hərəkət etdikləri də bizə məlum­dursa, nəyi təkzib etmək olar? Eyni zamanda, bu da faktdır ki, Ermənis­tan müdafiə nazirliyində Pentaqonun daimi nümayəndəsi təyin olunub. Bu ölkə Ermənistanda mütəmadi olaraq birgə təlimlər, manevrlər keçirir. Bü­tün bunlar nə deməkdir? Əlbəttə ki, ikitərəfli münasibətlərə xələl gətiril­məsi deməkdir. ABŞ-nin Bakıdakı səfiri onu da anlamalıdır ki, əgər Va­şinqton bölgədə sülhün yaranmasında maraqlıdırsa, onda bu yöndə müvafiq diplomatik addımlar atmalıdır. İşğal­çı dövlətə hərbi texnika göndərməyi hansı diplomatik məntiqlə sülhə xid­mət hesab eləmək olar? Səfirin mə­lum olaya münasibəti açır şəkildə ikili və qərəzli yanaşmanın təzahürüdür. 

Rəsmi Bakıya hər şey məlumdur, bunu birmənalı formada bəyan edir və onların nəzərinə çatdırır. ABŞ Azər­baycan mediasının aşkar etdiyi fakt və sübutlara əsaslandırılmış cavab versin, ya da heç olmasa, sussun. Bu zaman reallığın və buna ABŞ səfirli­yinin mövqeyinin nədən ibarət oldu­ğunu dəqiq bilərdik.

İmran BƏDİRXANLI
XQ



Siyasət