Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Qlobal iqtisadi gündəlikdə mühüm yer tutan bu məclis Azərbaycana xarici sərmayələrin cəlbi, yeni tərəfdaşlıqların qurulması və ölkəmizin beynəlxalq maliyyə mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
AZPROMO-dan XQ-yə bildirildi ki, Prezident İlham Əliyevin himayəsi, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin strateji tərəfdaşlığı, “Euronews”un media və “Sea Breeze”in təşkilati dəstəyi ilə sentyabrın 22–23-də keçiriləcək bu forumda dünyanın müxtəlif ölkələrindən dövlət qurumları, beynəlxalq maliyyə institutları, transmilli şirkətlər və işgüzar dairələrin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Bakı bu dəfə təkcə regionun deyil, həm də qlobal biznes icmasının diqqət mərkəzinə çevriləcək. 2 gün ərzində qlobal iqtisadiyyat və investisiya sahələrində ən aktual məsələlər müzakirə olunacaq forumun proqramına plenar iclas, institusional görüşlər, tematik panel sessiyaları və sərgi daxildir. Sərgi çərçivəsində Azərbaycanın investisiya mühiti, strateji layihələri və yeni imkanları iştirakçılara təqdim olunacaq.
Panel müzakirələrində isə enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə, daşınmaz əmlak və “yaşıl” iqtisadiyyat kimi mühüm sektorlar üzrə əməkdaşlıq perspektivləri araşdırılacaq. Forum, həmçinin dövlət rəsmilərini, nüfuzlu sahibkarları və beynəlxalq şirkətlərin rəhbərlərini bir araya gətirərək yeni tərəfdaşlıqlar üçün imkanlar açacaq.
Bununla yanaşı, AZPROMO hesab edir ki, tədbir Azərbaycanın iqtisadi gücünün, investisiya mühitinin və strateji mövqeyinin qlobal miqyasda tanıdılması baxımından mühüm fürsət olacaq: “İlk dəfə keçiriləcək bu forum ölkəmizin Şərq ilə Qərb arasında etibarlı körpü rolunu bir daha təsdiqləyəcək. Azərbaycanın üzərindən keçən Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən əsas nəqliyyat arteriyasıdır və bu, logistika, ticarət və investisiya baxımından böyük üstünlüklər yaradır.
Yerləşdiyimiz strateji coğrafi mövqe və sabit iqtisadi mühit yeni layihələrin həyata keçirilməsinə əlverişli zəmin formalaşdırır. Makroiqtisadi sabitlik, güclü valyuta ehtiyatları və açıq biznes mühiti ölkəmizi investorlar üçün etibarlı tərəfdaşa çevirir. Tədbirin məqsədi yalnız ideyaların müzakirəsi ilə kifayətlənmək deyil, onları real layihələrə çevirmək, təşəbbüsləri regional əməkdaşlıq və ortaq rifah üçün praktiki nəticələrə yönəltməkdir. Bu baxımdan, texnologiya, kapital və bilik gətirən hər bir təşəbbüs tam dəstəklənəcək”.
I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yatırım dialoqunun qurulması ilə yanaşı, həm də Azərbaycanın iqtisadi potensialının beynəlxalq miqyasda təqdimatı üçün strateji platforma olacaq. İnanırıq ki, burada səslənəcək ideyalar uğurlu nəticələrə çevriləcək, imzalanacaq sazişlər isə Azərbaycanın gələcək inkişafına və regionun dayanıqlı tərəfdaşlıq şəbəkəsinin güclənməsinə töhfə verəcək.
XQ