İki supergücün Bakı “bağlantısı”

post-img

ABŞ və Çinlə eyni vaxtda strateji əlaqələri inkişaf etdirən nadir dövlətlərdəndir

XXI əsrin geosiyasi mühitində kiçik və orta gücə malik dövlətlərin beynəlxalq sistemdə mövcudluğu artsa da, onların real təsir imkanlarını müəyyənləşdirən əsas amillərdən biri suveren qərarvermə və manevr qabiliyyətidir. Bu kontekstdə, Prezident İlham Əliyevin xarici siyasət kursu xüsusi diqqət çəkir. Bakı qlobal və regional güc mərkəzləri olan Qərb və Şərqlə qarşılıqlı faydaya əsaslanan, milli maraqları prioritet götürərək balanslaşdırılmış və praqmatik münasibətlər qurmaqla fərqlənir.

Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlərdə mühüm tranzit, enerji və diplomatik əlaqə platformasına çevrilərək, Vaşinqtonla Pekin arasında ortaq maraqların kəsişdiyi geostrateji məkan statusu qazanır. Bu fenomen şərti olaraq “Azərbaycan bağlantısı” konsepti kimi xarakterizə oluna bilər.

Rəsmi Bakının mühüm strateji vektor olan Çin Xalq Respublikası ilə münasibətlərinin dinamik inkişafı xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin cari il aprelin 23-də Pekinə dövlət səfəri çərçivəsində ÇXR Sədri Si Cinpin ilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.

Azərbaycan–Çin əməkdaşlığının institusional əsasları yalnız iqtisadi və ticarət mübadiləsi ilə məhdudlaşmır. “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın aktiv iştirakçı olması ölkənin geoiqtisadi və geostrateji əhəmiyyətini daha da artırır. Ötən il ikitərəfli ticarət dövriyyəsinin 20,7 faiz artaraq 3,744 milyard ABŞ dollarına çatması bu əlaqələrin real iqtisadi ölçülərini göstərir. Çin bu gün Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı olaraq, idxal üzrə 17,69 faizlik payla lider mövqeyə malikdir. Bu göstəricilər Azərbaycanın xarici ticarət strukturunda Çin amilinin durmadan artan çəkisini təsdiqləyir.

Bununla yanaşı, Çinin iqtisadi aktorlarının Azərbaycandakı iştirakı getdikcə genişlənir. Hazırda ölkəmizdə Çin kapitalı ilə təsis edilmiş 375 şirkət mövcuddur ki, onların 298-i aktiv fəaliyyət göstərir. Bu fakt iki ölkə arasında investisiya mühitinin etibarlılığı və qarşılıqlı maraqların praktiki ifadəsidir.

Azərbaycan–Çin münasibətlərinin yüksələn xətlə inkişafında siyasi dialoq xüsusi rol oynayır. Prezident İlham Əliyevin aprelin 21-də Çin Xalq Respublikasının “Sinxua” agentliyinə verdiyi müsahibə strateji gündəliyin konturlarını daha aydın şəkildə ortaya qoydu: “Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir”.

Buradan belə nəticə hasil olur ki, gələcəkdə ikitərəfli münasibətlər yalnız ticarət və infrastruktur sahələrində deyil, həm də yüksək texnologiyalar, enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, humanitar mübadilə və regional təhlükəsizlik məsələlərində daha da dərinləşəcək.

Digər bir supergüc olan ABŞ-la münasibətlər də xüsusi diqqət çəkir. Avqustun 8-də Vaşinqtonda prezidentlər İlham Əliyev və Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. Bundan əlavə, iki lider arasında şəxsi münasibətlər də yaxşı səviyyədədir. Ötən ay ABŞ lideri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə maraqlı hədiyyə göndərib. Hədiyyə Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşündə çəkilmiş fotolardan ibarətdir. Donald Tramp həmin fotoların üzərinə ürək sözlərini yazıb. Fotoların birində Trampın imzası ilə “İlham, siz böyük lidersiz”, digərində isə “İlham, siz böyüksüz” sözləri öz əksini tapıb. Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində rəsmi “X” hesabı vasitəsilə ABŞ liderinə təşəkkür edib: “Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm”.

XXI əsrin beynəlxalq münasibətlər sistemi multipolyarlaşma meyilləri ilə xarakterizə olunur. Qlobal güc mərkəzlərinin, ABŞ və Çin kimi supergüclərin qarşıdurma və əməkdaşlıq arasında dəyişkən münasibətləri beynəlxalq təhlükəsizlik mühitinə ciddi təsir göstərir.

Dünyada çox az ölkə eyni zamanda ABŞ və Çinlə strateji tərəfdaşlıq münasibətləri qura bilmişdir. Çünki bu iki supergüc arasındakı rəqabət, xüsusilə Asiya–Sakit okean məkanında, həm də qlobal iqtisadi və texnoloji sistemlərdə sərt geosiyasi xətt üzərindədir. Azərbaycan isə bu qarşıdurma xəttinə tərəf getmədən, əksinə, hər iki gücün maraqlarının kəsişmə nöqtəsində yerləşərək körpü rolunu oynayır.

Azərbaycanın xarici siyasət modeli yeni geosiyasi çağırışlar fonunda “orta güc diplomatiyası”nın uğurlu nümunəsi kimi qiymətləndirilir. Dünyanın iki aparıcı gücü ilə eyni anda strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq Azərbaycanın beynəlxalq sistemdəki rolunu, sadəcə, regional aktordan qlobal miqyaslı oyunçuya çevirir.

Beləliklə, Azərbaycan supergüclər arasında körpü rolunu oynamaqla yanaşı, özünü də geosiyasi supergüc mövqeyinə yüksəldir – resursları ilə deyil, strateji mövqeyi, siyasi iradəsi və balanslaşdırılmış diplomatiyası ilə.

Tacir SADIQOV
XQ



Siyasət