Məlum olduğu kimi, bütün zamanlarda parlaq simalar məhz milli-mənəvi və bəşəri dəyərlərin inkişafına layiqli töhfələr verməklə, mühüm ictimai təşəbbüsləri reallaşdırmaqla tanınıblar. Fəxrlə deyə bilərik ki, bəşəri ideyalar naminə çalışmaları ilə dünyada tanınan xoşməramlı şəxsiyyətlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı xüsusi ehtiramla çəkilir.
Mehriban xanım görkəmli siyasi xadim, yüksək təşkilatçı, bacarıqlı idarəçi, Ümummilli lider Heydər Əliyevin dövlətçilik kursunun fəal təmsilçilərindəndir! Ən əsası isə böyük vətənpərvərdir. Özünün əzmkar fəaliyyəti ilə milli-mənəvi dəyərlərin, qeyri-maddi irsin dünya miqyasında təbliği ilə ad-san qazanıb.
Təsadüfi deyil ki, 2017-ci ildə Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması cəmiyyətimizdə, xüsusilə də daimi qayğıkeşi olduğu mədəniyyət cameəsində böyük coşqu ilə qarşılanıb. Hamı tam əmin idi ki, bu, Mehriban xanımın ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafı naminə çalışmalarını daha da genişmiqyaslı edəcək. Onun dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərini daha da şaxələndirəcək. Elə də oldu.
İnamla deyə bilərik ki, bu gün Azərbaycan muğamının dünyaya səs salmasının əsas səbəbkarı onun böyük himayədarı – Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevadır. 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Gününün məhz mötəbər mədəniyət təşkilatlarının xoşməramlı səfiri olmuş, Heydər Əliyev Fondunun yaradıcısı Mehriban xanımın doğum gününə təsadüf etməsi də fərəh doğuran bir faktdır. Məhz onun rəhbərliyi ilə Heydər Əliyev Fondu muğamı dünyada layiq olduğu səviyyədə təbliğ edir. Fond 2005-ci ildən “Azərbaycan muğamları” layihəsini uğurla həyata keçirir. Bu çərçivədə gerçəkləşən bir çox layihələr yaxın-uzaq ölkələrdə uğur qazanıb, yaddaşlarda dərin iz buraxıb. Burada “Muğam aləmi” festivalları və muğam müsabiqələrini xüsusi qeyd etmək olar. Unudulmaz tədbirlər sayəsində muğam sənəti yenidən layiq olduğu mərtəbəyə çatıb. “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri”, “Muğam ensiklopediyası”, “Muğam aləmi” adlı nəşrlər reallaşıb, 24 virtuoz ifaçının səsləndirdiyi muğam parçalarından ibarət “Qarabağ xanəndələri” albomunun Parisdə, UNESCO-nun mənzil-qərargahında təqdimat mərasimi keçirilib.
Başlanğıcını ənənəvi Niaqara musiqi festivalından götürmüş Azərbaycan Muğam Günü məmnuniyyətlə qeyd etdiyimiz bayramlar sırasındadır. Çünki muğam sənəti bizim xalqımızın zəngin tarixinin, mədəni irsinin vacib qolunu təşkil edir. Bu şanlı gün həm də İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Beləliklə, məhz Mehriban xanım Əliyevanın özəl münasibəti, diqqət və qayğısı nəticəsində muğamımız kiçik konsert salonları səviyyəsindən çıxarılaraq, UNESCO səviyyəsinə qaldırılıb, layiq olduğu beynəlxalq statusa yiyələnib.
Muğam özü sirli-sehirli bir aləmdir, insanın mənəviyyatına nüfuz edərək, kamillik yaradır. Muğam özünün sənət ucalığı, əbədiyaşarlığı ilə bir dəyər olaraq, əsrləri adlaya-adlaya gələn nəsnədir. Həqiqi poeziya ilə qoşa qanad təşkil edən muğam ifaçılığı tarixən Azərbaycandakı ədəbi və musiqili məclislərdən dalğa-dalğa ətrafa yayılıb və professional şəkil alıb. Həmin məclislərdə poeziyanın və musiqinin sərrafları toplaşar, muğamlara qulaq asar, sənət müzakirələri aparardılar. Uyğun qəzəllər üstündə oxunan “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Şüştər”, “Humayun”, eləcə də “Şahnaz”, “Rahab”, “Heyratı”, “Arazbarı”, “Simayi-şəms”, “Mənsuriyyə” muğamları milli-mənəvi dəyərlərimizi daha da dolğunlaşdırıb.
Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması ölkəmizdə bu qədim sənətə dəyər verilməsinin, qayğı göstərilməsinin təzahürüdür. Möhtərəm Prezidentimiz hər zaman mədəniyyətin mühüm qolu olan muğama yüksək qiymət verib: “Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür... Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir”
Xatırladaq ki, 1971-ci ildə UNESCO-nun 50 albomdan ibarət “Dünya ənənəvi musiqisinin antologiyası” seriyasına “Azərbaycan musiqisi plastinkası” da daxil edilib, 1975-ci ildə isə Azərbaycan muğamları “Musiqi mənbələri” seriyasında buraxılıb. 2003-cü ildə Azərbaycan muğamı UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub, 2008-ci ildə isə bu sənət xəzinəsi UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısı”na daxil edilib.
Mədəniyyət paytaxtımız Şuşada hələ XIX əsrin əvvəllərindən ünlü xanəndələr nəsli muğam ifaçılığı məktəbinin əsasını qoyub. Bütün Qafqazda və İranda tanınmış tarzən və bəstəkarlar Mirzə Əsəd oğlu Sadıqcan, Məşədi Cəmil Əmirov, xanəndələr Mirzə Səttar, Hacı Hüsü, Məşədi İsi, Əbülhəsən xan Azər İqbal, Mirzə Muxtar Məmmədzadə, Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Əbdülbaqi Zülalov, Ağasəid Ağabalaoğlu, Mirtağı Mirbabayev, Məcid Behbudov, Keçəçi oğlu Məhəmməd və başqaları muğamı layiq olduğu zirvəyə ucaldıblar. Sonrakı dövrlərdə Seyid Şuşinski, Məcid Behbudov, Məşədi Cəmil Əmirov, Zülfü Adıgözəlov, İslam Abdullayev, Xan Şuşinski kimi ifaçıların, XX əsrin 2-ci yarısında isə Sara Qədimova, Arif Babayev, Yaqub Məmmədov, İslam Rzayev, Əlibaba Məmmədov kimi xanəndələr, Qurban Pirimov, Məşədi Zeynal, Bəhram Mansurov, Baba Salahov, Ramiz Quliyev kimi tarzənlər, Mirzə Səttar, Qılman Salahov, Habil Əliyev, Firuz Əlizadə, Tələt Bakıxanov, Şəfiqə Eyvazova kimi kamança ifaçıları bu sənət məktəbinin inkişafı və yaşadılmasını təmin ediblər. Muğamın kamil elmi əsasını qoymuş böyük bəstəkar Üzeyir Hacıbəyli “Leyli və Məcnun” muğam operası ilə milli incəsənətimizin milli-orijinal xüsusiyyətlərini çulğalaşdırıb.
Üzeyir bəyin ardınca bir çox bəstəkarlarımız bu əsasda dəyərli nümunələr yaradıblar. Fikrət Əmirovun “Şur”, “Gülüstani-bayatı-şiraz”, Niyazinin “Rast”, Süleyman Ələsgərovun “Bayatı-şiraz” simfonik muğamları, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası bu sıradandır. Vaqif Mustafazadə caz-muğam sintezi ilə əcnəbi dinləyiciləri belə valeh edib. Beləcə, muğam ənənələrimiz davam edib.
Maraqlı bir fakt: həmkarımız, filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli yazır ki, 1956-cı ildə görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyev Mədəniyyət Nazirliyinin Baş Radio Məlumat İdarəsinin rəisi işlədiyi zaman respublikada ilk dəfə olaraq radioda “Oxu, tar, səni kim unudar” adı altında muğam müsabiqəsi keçirilməsinin təşəbbüskarı olub. Həmin müsabiqənin münsiflər heyətində Səid Rüstəmov, Müslüm Maqomayev, dirijor Niyazi, tanınmış xanəndə, Xalq artisti Xan Şuşinski təmsil olunublar. İştirakçılardan Nəriman Əzimov (tar), Habil Əliyev (kamança), Şövkət Ələkbərova, Rübabə Muradova və başqaları müsabiqədə qalib gəliblər. İki il sonra isə onlar Moskvada keçirilən 2-ci dekadada çıxış edərək uğur qazanıblar.
Hələ ondan 15 il öncə – İkinci Dünya müharibəsi zamanı “Döyüşən Krım” qəzetində məsul katib vəzifəsində çalışarkən, Nəsir İmanquliyev siyasi təbliğatçı kimi, 416-cı Taqanroq diviziyasında vuruşan Azərbaycan əsgərləri ilə mədəniyyət xadimlərimizin görüşlərini təşkil edib. Oraya Xan əmi, Zülfi Adıgözəlov, Seyid Şuşinski, Şövkət xanım və başqaları dəvət olunublar. Dövrün böyük sənətkarları cəbhədə belə onun vasitəsilə Azərbaycan muğamlarının sədaları altında düşmənə qarşı mübarizəyə səfərbər ediliblər.
Həmin vaxtlar respublika rəhbəri olan İmam Mustafayev Nəsir müəllim haqqında yazmışdır: “Dilimizin, tariximizin, mədəniyyətimizin sanballı bilicilərindəndir. Mətbuat məsələlərini, təbliğat-təşviqat işini yüksək səviyyədə bilir. Vətənini, xalqını sevir. Nəsir İmanquliyevin radioda təşkil etdiyi “Muğam müsabiqəsi” zamanında atılan ən ciddi addımlardan idi. O, bununla muğamın əsl sahibinin ünvanını göstərdi. Muğamın beşiyi olan Şuşanın, Qarabağın tarixi sakinlərinin kimliyini sübut etdi”.
İllər sonra nəsillərin estafeti qədirbilənliklə davam etdirilib. Nəsir İmanquliyevin nəvəsi olan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildə ilk Televiziya Muğam Müsabiqəsi keçirilib. Bu, genetik kodun yaşaması amili, çox güclü kökə əsaslanan sağlam rişənin pərvəriş tapması və gözəl bəhrələr verməsi deməkdir. Etiraf edək ki, muğamın az qala gözdən salındığı, bayağı musiqilərin meydanı başına götürdüyü bir vaxtda məhz Mehriban xanım Azərbaycan muğam sənətinə sahib çıxıb, ölkədə ilk muğam portalı yaradılıb.
Bugünün məşhur sənətçiləri Təyyar Bayramov, İlkin Əhmədov və Babək Niftəliyev həmin televiziya müsabiqəsinin nəticələrinə görə, müvafiq olaraq ilk üçlükdə qərarlaşıblar. Onlara Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu adından diplomlar, mükafatlar təqdim olunub. Növbəti dəfə isə Elməddin İbrahimov, Güllü Muradova, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova (Ərəbova) və Nasir Ətapur seçiliblər. Qaliblərin qala-konsertini Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər.
Düz 16 il əvvəl –2008-ci il dekabrın 27-də Bakıda dənizkənarı Milli Parkda qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladan qeyri-adi memarlıq dizaynında Beynəlxalq Muğam Mərkəzi istifadəyə verilib. Daha sonra bölgələrdə də Muğam mərkəzləri yaradılıb. Bu gün ölkəmizin bir çox guşələrində muğam məktəbləri və mərkəzləri fəaliyyət göstərir. Yeni-yeni nəsillər qədim incəsənət növünü dərindən öyrənirlər.
2009-cu il martın 18–25-də Bakıda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bu ictimai qurumun təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq, özü də iki nominasiyada – vokal və instrumental ifaçılıq üzrə “Muğam aləmi” (“Space of Mugam”) Beynəlxalq Muğam Festivalı keçirilib. Sonra hər iki ildən-bir təşkil olunan festivallarda müxtəlif ölkələrdən tanınmış musiqişünaslar iştirak ediblər. Müxtəlif ölkələrin muğam ifaçıları, Şərqin müxtəlif ənənəvi musiqi sənətkarları Bakıda bir araya gəliblər.
Festivallar çərçivəsində həm Bakıda, həm də bir çox bölgələrdə konsertlər keçirilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunub. Bu gün artıq “Muğam aləmi” festivalları gözəl bir mədəniyyət ənənəsinə çevrilib və beynəlxalq aləmdə möhtəşəm muğam bayramı kimi nüfuz qazanıb. Bu festivallar müxtəlif Şərq musiqi mədəniyyətləri arasında daha bir maraqlı dialoqdur, mədəniyyətlər arasında daha bir mühüm əməkdaşlıq platformasıdır. Eyni zamanda, beynəlxalq muğam bayramları bir daha Azərbaycanı Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu tarixi-mədəni məkan kimi dünyaya tanıdır. Bundan son dərəcə məmnun qalan musiqiçilərimiz nuğama analıq qayğısına görə beynəlxalq festivalların, o cümlədən Beynəlxalq Muğam Müsabiqəsi layihəsinin ideya müəllifi və təşkilatçısı Heydər Əliyev Fonduna, şəxsən fondun prezidenti, Azərbaycanın birinci xanımı, xoşməramlı missiyalar daşıyıcısı Mehriban xanım Əliyevaya hədsiz minnətdarlıq duyğularını ifadə edirlər.
Görünən budur ki, neçə-neçə gənc muğam ifaçısı məhz bu silsilə festivalların sayəsində tanınaraq musiqisevərlərin sevimlisinə çevrilib. Mirələm Mirələmov, Səbinə Ərəbli, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Ariz Hüseynov, Nigar Şabanova, Almaxanım Əhmədli və başqaları buna misal ola bilərlər. Onların seçilib qalib kimi tanıdılmasında görkəmli sənətkarlar Arif Babayev, Ağaxan Abdullayev, Aygün Bayramova, Səkinə İmayılova, Mənsum İbrahimov, Fəxrəddin Dadaşov, Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Möhlət Müslümovun obyektivliyi də əsas rol oynayıb.
Ötən il keçirilən 6-cı “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakının müxtəlif mədəniyyət obyektlərində, həmçinin Şuşanın tarixi məkanlarında müxtəlif tədbirlər – müsabiqə, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumlar, 24 saat ərzində canlı muğam marafonunun təşkilini hər kəs yaxşı xatırlayır. Müsabiqəyə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı qatılıb. Azərbaycanı instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib. Münsiflərin yekdil rəyinə əsasən, müsabiqənin xanəndəlik kateqoriyasında Qran-pri mükafatına Mohiçehra Şahmurotova (Özbəkistan) layiq görülüb, 1-ci yeri Mirəli Sarızadə (Azərbaycan), 2-ci yeri Daşqın Kürçaylı (Azərbaycan), 3-cü yeri isə Dostmurod Negmurodov (Özbəkistan) tutublar. İnstrumental ifaçılıq kateqoriyasında isə Qran-pri mükafatını Vaqif Təhməzov (Azərbaycan) alıb. Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan) sahib olublar.
Söz-sənət beşiyi olan Qarabağ torpağında, erməni işğalından azad edilən Şuşanın məşhur Cıdır düzündə neçə illərdən sonra bərpa edilən “Xarıbülbül” musiqi festivalının əsas təşkilatçısı da Heydər Əliyev Fondu olub. Fond həmin günlərdə Şuşada “Qarabağın mədəni irsi” toplusunu təqdim edib. Bu topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir. Bundan başqa, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu canlı tədris vəsaiti kimi hazırlanıb.
Bildiyimiz kimi, muğamın daha geniş təbliği mədəniyyət paytaxtımız Şuşada məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən Cıdır düzündə “Xarıbülbül” beynəlxalq musiqi festivalının keçirilməsi ilə başlayıb. Ondan bir əsr əvvəl isə Xan qızı Natəvanın Qarabağda yaratdığı “Məclisi üns” dərnəyində xanəndələr də iştirak edib və şairlərin qəzəllərini muğam üstündə avazla səsləndiriblər. Yeri gəlmişkən, qeyd edək ki, Şuşada erməni vandallarının məhv etdikləri bir çox mədəni irs nümunələrimizi, o cümlədən Xurşidbanu Natəvanın, eləcə də qoşma və gəraylı və qəzəlləri dillərdə gəzən Molla Pənah Vaqifin və muğamları böyük məharətlə operaya gətirmiş Üzeyir Hacıbəylinin abidələrini məhz Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bərpa edərək, əvvəlki yerlərinə qaytarıb.
Mədəniyyət paytaxtımız Şuşa işğaldan azad ediləndən sonra orada təşkil edilən konsertdə gənc ifaçı Kənan Bayramlı (Əməkdar artist Təyyar Bayramlının oğlu) 7 əsas muğam dəstgahlarından biri olan “Bayatı-Şiraz”ı oxuduğu zaman dövlət başçımızın da, bütün dinləyicilərin də necə təsirləndiyi, xüsusilə də Mehriban xanımın ifanı elə hey başı ilə təsdiqlədiyi indi də gözlərimiz önündədir. Bu faktın özü muğamın hər bir azərbaycanlı üçün, ona qayğısını əsirgəməyən Mehriban xanım üçün necə əziz olduğunu göstərir.
Bu barədə düşündükcə özünün məqsədyönlü fəaliyyətilə Azərbaycan muğamını bəşəriləşdirən Mehriban xanım Əliyevanın bu sənət növü haqqında söylədikləri yadımıza düşür: “Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır... Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq”.
Özünəməxsus fəlsəfi yanaşmadan da göründüyü kimi, muğam hər hansı bir musiqi xadiminin bəstələyib dövriyyəyə buraxdığı adi bir musiqi parçası deyil. Bu, insan ruhunu oxşayan, onun varlığına çeşidli yönlərdən ecazkar təsir göstərə bilən nadir bir vasitədir. Klassik poeziya ilə qoşa qanad olan muğamın dərinliklərinə vardıqca, Nizami, Füzuli, Nəsimi, Seyid Əzim Şirvani, Vahidin poetik ruhuna daldıqca insan sehrli bir aləmə düşür, saflaşır, humanistləşir. Elə muğama xas olan əsas fenomen də məhz budur ki, o, əsrlər boyu insanı müşayiət edib, dünən, bu gün və sabah arasında körpü rolu oynayıb.
Mehriban xanımın muğama göstərdiyi analıq qayğısının, bu yöndə reallaşdırdığı fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır.
Əli NƏCƏFXANLI
XQ