Bu gün Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Tədbir Bakı Təşəbbüs Qrupu və Boneyra İnsan Hüquqları və Dəyişiklik Naminə Hərəkat tərəfindən təşkil olunub. Bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çərşənbə günü jurnalistlərə bildirib.
O qeyd edib ki, Boneyra adası cari ilin oktyabrında BMT-yə qətnamə layihəsi təqdim edəcək. Bu sənəd adanın kolonizasiya siyahısına əlavə olunmasını özündə əks etdirir.
“Bakıda səfərdə olan Boneyra adasının nümayəndə heyəti Bakı Təşəbbüs Qrupuna burada birgə beynəlxalq konfransın təşkili ilə bağlı müraciət edib. Biz konfransın avqustun 22-də təşkili barədə qərara gəlmişik. Nümayəndə heyəti qətnamə layihəsini təqdim etməzdən əvvəl Bakıdan bununla bağlı dünyaya çağırış ünvanlayacaq”, - deyə icraçı direktor əlavə edib.
Konfrans iştirakçıları
Boneyra adasının nümayəndə heyətinin üzvü, Boner Dəyişim Hərəkatının yaradıcısı Ceyms Finis:
– Bizim adamız Niderlandın müstəmləkəsidir. İnsanlarımız çox çətin vəziyyətdədir. Belə ki, adamızdakı bütün qanunlar müstəmləkə olduğumuz üçün Niderland tərəfindən yazılır. Bizim xalqımız demokratik hüquqlarına sahib deyil.
Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə dəstəyinə və bizə sözümüzü demək üçün şərait yaratdığına görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm.
Niderland hökuməti qanunları dəyişdirib və artıq Avropa İttifaqı ölkələrinin vətəndaşı olan insanlar buraya köçmək hüququ əldə ediblər.
2030-cu ildə ölkəmizin yerli əhalisinin 30 faizdən az olacağı deyilir. Demək olar ki, biz öz ölkəmizdə milli azlıq olacağıq. İnsanlarımızın bu vəziyyətdən şikayət etmək hüquqları belə yoxdur.
Boneyra adasının nümayəndə heyətinin üzvü, BMT yanında Afrikaəsilli Vətəndaşlar Forumunun üzvü June Soomer:
– Müasir dünyada hələ də müstəmləkəçilikdən əziyyət çəkən, boyunduruq altında olan ölkələr, insanlar var. Təəssüf ki, buna qaradərili insanlar daha çox məruz qalırlar. Bakı Təşəbbüs Qrupu çox mühüm platformadır və müstəmləkəçilikdən əziyyət çəkənlərin yanında olduğunu hər zaman göstərir.
Azərbaycanda olmaq, avqustun 22-də keçiriləcək beynəlxalq konfransa qatılmaq mənim üçün çox mühüm əhəmiyyətə malikdir.
Müstəmləkədən əziyyət çəkən insanların buraya gəlib öz səslərini dünyaya çatdırmaları çox yaxşı fürsətdir. Müstəmləkələrin və quldarlıq rejiminin afrikaəsilli insanlara hələ də təsir etməsindən danışmaq da vacibdir. Biz bu ölkələrin necə müstəqillik əldə edə biləcəyi haqqında müzakirələr aparmalıyıq. O cümlədən biz onların bu müstəqillik yolunda nələr etdiyinə baxmalıyıq.
Belizin nümayəndə heyətinin üzvü, Belizin BMT-də daimi və səlahiyyətli səfiri Karlos Füller:
– Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən ölkələr üçün çox mühüm platforma yaradır və buna görə təşəkkür edirik. Düşünürəm ki, biz və müstəmləkəçilikdən əziyyət çəkən digər xalqlar bunu dünyanın diqqətinə çatdırmalıdırlar.
Bizim ölkəmiz öz müstəqilliyini 1981-ci ildə əldə edib. Bu çox əziyyətli proses idi. Müstəqilliyimiz uğrunda əzmlə mübarizə aparmışıq və buna 20 ildən sonra nail ola bilmişik. Müstəmləkəçilikdən əziyyət çəkən digər ölkələr və regionlar da öz səslərini ucaltmalıdır.