Hulusi Kılıç: Qarabağ Bəyannaməsi Türk dünyasında əməkdaşlığın yol xəritəsidir

post-img

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısının yekunları üzrə qəbul edilən Qarabağ Bəyannaməsi türk dövlətləri arasında gələcək əməkdaşlığın yol xəritəsi oldu. Əminəm ki, bu Bəyannamənin bəndləri TDT-nin gələcək sammitləri zamanı nəzərə alınacaq və əsas götürüləcək.

Bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Kılıç qeyd edib ki, Türk Dövlətləri Təşkilatı addım-addım dövlətlərin və xalqların gələcək inkişafına təsir göstərən struktura çevrilir. “Şuşada keçirilən sammitin iştirakçıları birlik və əməkdaşlığın vacibliyini qeyd edərək, TDT-nin etibar edilən və dinlənilən güclü struktura çevrilməsinin tərəfdarı oldular. Türk ailəsi ideyası ətrafında birləşməyin zəruriliyi vurğulanıb”, - deyə keçmiş səfir qeyd edib.

Onun sözlərinə görə, bu qəbildən olan sammitlər Şuşanı TDT-nin siyasi mərkəzlərindən birinə çevirərək, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına kömək edir. “Şuşada keçirilən sammit həm də Bakının tərəfdaşlarını Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpası istiqamətində aparılan genişmiqyaslı işlərlə tanış etmək üçün yaxşı fürsət oldu”, - deyə “İMZA” birliyinin nümayəndəsi bildirib.

Türkiyəli ekspert Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Respublikasının (ŞKTC) lideri Ersin Tatarın Şuşaya dəvət edilməsi ilə bağlı qərarını yüksək qiymətləndirib. “Şuşada keçirilən qeyri-rəsmi TDT sammiti, şübhəsiz ki, ŞKTC-nin üzləşdiyi maneələrin dəf edilməsi yolunda yeni tramplin oldu”, - deyə Kılıç bildirib.

 
Ramin Abdullayev 

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Siyasət