Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Ukraynaya artilleriya sursatları, 90 Brimstone raketi, on AS-90 artilleriya qurğusu, 50 kiçik qayıq və 40 mina təmizləmə maşını daxil olmaqla yeni hərbi yardım paketi təqdim etməyi planlaşdırdığını açıqlayıb.
“Ola bilsin ki, hökumətdə dəyişikliklər olub, lakin Böyük Britaniya Ukrayna üçün həmrəydir. Yeni müdafiə naziri kimi mən həyati əhəmiyyət kəsb edən hərbi yardımların tədarükünü artıraraq dəstəyi artırmağımızı təmin edəcəyəm”, - Con Hili Britaniya hökumətinin saytında dərc olunan bəyanatda bildirib. Müdafiə naziri, həmçinin apreldə vəd edilən yardım paketinin yaxın 100 gün ərzində Ukraynaya çatdırılmasını əmr edib.
Aprel ayında Britaniya hökuməti ölkə tarixində 620 milyon dollar məbləğində ən böyük hərbi yardım paketini elan edib. Bu paketə 400 maşın, 60 qayıq, 4 milyona yaxın atıcı silah, həmçinin 1,6 mindən raket və hava hücumundan müdafiə raketləri daxildir. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri London Kiyevə 3,7 milyard dollara yaxın hərbi, humanitar və iqtisadi yardım ayırıb.
İyulun 5-də Ukrayna prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın yeni baş naziri Kir Starmer arasında telefon danışığı olub. Söhbət zamanı 100 illik tərəfdaşlıq haqqında sazişin hazırlanması, ölkələr arasında ticarət, təhlükəsizlik və müdafiə, elm və təhsil sahələrində əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib.
S.ELAY
XQ