ABŞ-nin sülh təşəbbüsü: nəzərə alınanlar və alınmayanlar

post-img

Vaşinqtonun Bakı–İrəvan barışı ilə bağlı yanaşmasına sözardı

“Azərbaycan bu işdə həlledici rol oynamalıdır”.  ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı ölkəmizlə Ermənistan arasında sülh prosesindən söz açarkən belə deyib. Əlbəttə, cənab Blinken mövzu barədə başqa məsələləri də dilə gətirib. Məsələn, o deyib ki, hazırda Bakı və İrəvan arasında barışın imzalanmasına nail olmaq üçün müstəsna imkan var: “Bu, onilliklərdir davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, iqtisadi əlaqələr, iqtisadi artım, Şərq və Qərb, Cənub və Şimal ölkələri arasında əlaqələrin qurulması baxımından regionda böyük imkanlar yaradacaq”.

A.Blinken onu da bildirib ki, ölkəsi Cənubi Qafqazda sülhün əldə edilməsi üçün fəal diplomatik səylər göstərməkdədir. ABŞ Azərbaycan və Ermənistanla bu istiqamətdə iş aparır: “Mən hesab edirəm ki, bu (sülh), indi həqiqətən əldə edilə bilər. Mən bu barədə cəmi bir həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Hesab edirəm ki, bu, həyata keçirilə bilər və Azərbaycan və Ermənistan xalqlarının, eləcə də bütün regionun maraqlarına tam cavab verir”.

Əslində, Blinkenin söylədiklərini onun Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ölkəmizə, daha əvvəl isə İrəvana səfəri zamanı daha təfərrüatlı şəkildə açıqlamışdı. Yəni, təfərrüatlar regionun gələcək faydaları üzərində səslənmişdi. İqtisadi artım, rifah və ilaxır. Aydındır ki, mövcud müstəvidə həlledici söz sahibi Azərbaycandır. Ancaq məsələnin qoyuluşu Blinkenin yazının lap əvvəlində diqqətə çatdırdığımız sitatdakı kimidir? 

Bəli, istər Blinkenin, istərsə də onun köməkçisi C.O’Braynın Azərbaycanın həllediciliyi xüsusunda söylədikləri fikirlər məsuliyyət yaradır. Daha doğrusu, məsuliyyət ancaq ölkəmizin üzərinə düşür. Belə nəticə hasil ola bilər ki, sülh əldə edilməsə, ittiham olunmalı tərəf Azərbaycandır. Məsələnin qoyuluşundakı ən böyük yanlışlıq da elə budur. İstər-istəməz düşünürsən: həm Blinken, həm də O’Brayn proseslə bağlı vaciblik xüsusunda ölkəmizin adını daha yüksək səslə ictimailəşdirməklə birmənalı mövqe tutmurlarmı? Təsəvvür edin, dünyada Azərbaycanın Ermənistanla sülh sazişi ilə bağlı mövqeyinin həllediciliyinə dair qəti təsəvvür yaranır və yekunda proses məntiqi təsir bağışlayan nöqtəyə çatmır. Beynəlxalq aləm nə düşünəcək? Heç 
şübhəsiz, Blinkenin və O’Braynın söylədikləri fonunda bu qənaətə gələcək ki, sülhdə maraqlı olmayan rəsmi Bakıdır. 

Əlbəttə, Cənubi Qafqazda söz sahibliyi region üzrə bir çox layihələrin reallaşmasında başlıca rol oynayan ölkəmizə məxsusdur. Ancaq amerikalılar bu baxımdan daha nələri düşünürlər? Məsələn, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Mark Libbinin ötən həftə O’Braynın paytaxtımıza səfəri fonunda səsləndirdiyi fikirlərə əsasən düşünmək olar ki, keçmiş SSRİ-nin süqutundan sonra bölgədəki inkişaf, o cümlədən, Azərbaycanın çiçəklənməsi, bilavasitə Birləşmiş Ştatların dəstəklədiyi təşəbbüslər hesabınadır. Səfir “Bakı–Tbilisi–Ceyhan” neft kəmərini, qaz sazişlərini yada salır. 

Onu da bilirik ki, Vaşinqton Avropaya  hər fürsətdəcə minnət qoymağı xoşlayır. Elə Libbi də bunu edir və bildirir ki, Azərbaycanın başlıca rol oynadığı layihələr “köhnə qitə”nin enerji təhlükəsizliyini təmin edib. Ancaq o, Azərbaycanın çiçəklənməsi məntiqini də qabardaraq, elə görüntü formalaşdırır ki, sanki sözügedən təşəbbüslər reallaşmasaydı, ölkəmiz indiki kimi inkişaf etmiş olmazdı. Deməli, regionun inkişafına çalışan ABŞ olub, özü də bunu heç bir təmənnasız, hansısa məqsəd güdmədən gerçəkləşdirib? Yəni, Vaşinqton xeyirxahlıq mələyidir, haqq və ədalət çarçısı, sülhün gerçək təşəbbüskarıdır? Əlbəttə, biz onun özünü bu mövqedə təsəvvürə gətirməsinə bir söz deyə bilmərik. Ancaq üzləşdiyimiz həqiqətlər də var. Ən böyük və acı həqiqət işğal yaşantımızdır. Daha acı olan isə bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün həyatı, çadır şəhərciklərində, soyuq vaqonlarda yaşamağa məcbur qalmasıdır. Ölkəmizin çiçəklənməsi məhz bu məhrumiyyətlər fonunda gerçəkləşib. Görəsən, ABŞ-də bunu nəzərə alan varmı? 

Əslində, otuz ilə yaxın müddətdə Azərbaycan xalqının üzüntülərini düşünən olmayıb. Bu düşüncəsizlik fonunda regional iqtisadi təşəbbüslər təşviq olunub. Kollektiv Qərbin, elə Birləşmiş Ştatların da baxışı belə olub ki, Qarabağın və işğalda olan torpaqlarımızın kimə məxsusluğu məsələsi önəmli deyil. Təki iqtisadi planlar gerçəkləşsin. O planlar ki, təməlində siyasi amillər dayanıb. Daha doğrusu, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq məqsədi. Uzun müddət Ermənistandakı hakim siyasi elita həmin məqsədin reallaşmasına maneçilik törədib. Bu gün həmin elitanın yerini Qərbpərəst Nikol Paşinyan tutub. Üstəlik, işğal faktoru aradan qalxıb. Ona görə də Blinken və O’Brayn, bir növ, tələsir, Libbi isə az qala minnət qoyur. Təxminən belə: daha nə istəyirsiniz? 

Bəli, ABŞ başda olmaqla kollektiv Qərb məsələlərə səthi yanaşma nümayiş etdirir. Axı dünyada erməniləri yaxşı tanıyırlar. Erməni amilinin mahiyyətinə və xislətinə gözəl bələddirlər. Ancaq stereotipləri bilə-bilə Azərbaycanın qaldırdığı təminat məsələsinin üzərindən keçirlər. Diqqət yetirək, sülh müqaviləsi fonunda regionun iqtisadi baxımdan inkişaf etməsi, rifah və sair bu kimi gözəl səslənən fikirlər önə çəkilir, ancaq mahiyyətdən söz açılmır. Yəni, rəsmi Vaşinqton detallara varmır. Vardığı bir detal var, daha dəqiq desək, məqsəd – Rusiyanı regiondan sıxışdırmaq. Bu isə o deməkdir ki, həm də erməni faktoru diri saxlanılsın və bütövlüklə, Qərbin nəzarətinə keçsin. Kim deyə bilər ki, sabah həmin faktor Azərbaycana qarşı təzyiq vasitəsi kimi nəzərdən keçirilməyəcək? Ölkəmiz məhz bunun olmamasına dair təminat istəyir. Ona görə də Ermənistan konstitusiyasının dəyişdirilməsi üzərində dayanır. Məsələ heç də başqa ölkənin daxili işlərinə qarışmaq deyil. Çünki erməni ana qanunu qonşulara qarşı ərazi iddiası ritorikasından çıxış edir. Bu, regional təhlükəsizlik üçün də təhdiddir, rifah və inkişaf baxımından da. İndi məsələ kənara qoyulacaqsa, deməli, gələcək üçün problem saxlanılacaq. 

Digər tərəfdən, Ermənistan indiyədək heç nəyi öz xoşuna etməyib. Elə həmin Qərbpərəst N.Paşinyan vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verdi, danışıqlar prosesini dalana dirədi, 44 günlük müharibənin başlanmasına səbəb oldu. Müharibə Ermənistanın acınacaqlı məğlubiyyəti ilə başa çatdı. Ölkə kapitulyasiya aktına imza atdı, lakin bu akta – 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əməl etmədi. Qarabağda erməni silahlı birləşmələri saxlanıldı, əraziyə silah-sursat daşındı, rəsmi İrəvan Qarabağ erməniləri üçün beynəlxalq təminat kimi avantürizmə baş vuraraq, Azərbaycan yurisdiksiyasına diplomatik yolla meydan oxumağa girişdi. Nəticədə ölkəmiz 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirlərinə əl atdı, torpaqlarındakı separatizmi tarixin arxivinə gömdü. 

Ermənistan rəhbərliyi bundan sonra da öz ambisiyasından əl çəkmədi – Qarabağı tərk etmiş ermənilərin bölgəyə qayıtmaları xüsusunda beynəlxalq təminat kampaniyasına başladı. Yenə Azərbaycan qanunvericiliyini saymazdan gəldi. Nəhayət, bütün bunların nəticə vermədiyini görəndə, məcbur qalıb delimitasiya və demarkasiya işlərinə razılıq verdi, Qazaxın dörd kəndini qaytardı və sair.

Ancaq Ermənistanın yerinə yetirmədiyi ən böyük öhdəlik qalır. Söhbət Naxçıvana yoldan gedir. O yol ki, ölkəmiz onu “Azərbaycandan Azərbaycana yol” kimi görür. Yəni, heç bir gömrük və sərhəd nəzarəti olmadan. Ermənistan bununla razılaşmayaraq, ərazi bütövlüyü və suverenlik məsələsini qaldırır. Görəsən, ABŞ Azərbaycanın sülh prosesindəki həllediciliyi məntiqini ictimailəşdirərkən bunu nəzərə alırmı? Nəzərə alırmı ki, Ermənistanı Paşinyan və komandasındakı şəxslərin dili ilə desək, “Dünyanın kəsişməsi” (layihə) nöqtəsinə gətirmək, həm də bölgədə erməni avantürizmi üçün perspektiv deməkdir? Azərbaycan bununla niyə və nə üçün razılaşmalıdır? Deməli, sülh müqaviləsi baxımından Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbindən sonra bu məsələ də aktuallığını qorumalıdır.  

ABŞ-nin Azərbaycandakı səfiri M.Libbi “Bakı–Tbilisi–Ceyhan”dan danışırsa, nəzərə almalıdır ki, vaxtilə Qərb bu marşrutun da Ermənistan ərazisindən reallaşmasına çalışırdı. Ancaq ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində dünya miqyaslı nəhəng layihə Gürcüstandan keçdi, Ermənistan işğala görə ilk cəzasını aldı – təcriddə qaldı. Bu, Ulu öndərin böyük tarixi xidməti idi. İndi də oxşar durum var. Yenə Qərb erməni təəssübkeşliyinə girişib. İstəyir ki, qlobal tranzit yolu Ermənistan ərazisindən keçsin. Yuxarıda da bildirdiyimiz kimi, rəsmi Bakı belə bir formulla razı deyil və ən əsası, əgər “Bakı–Tbilisi–Ceyhan” məsələsində otuz il əvvəlki prinsipiallığımız Ermənistanın Gürcüstanla əvəzlənməsi reallığını doğurmuşdusa, indiki qətiyyətimizdə İran faktoru var. Yəni, rəsmi İrəvan Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” məntiqi ilə razılaşmayacaqsa, həmin yol İran ərazisindən keçəcək və Ermənistan yenə dalanda qalacaq. Durum bu qədər sadədir. 

Söylədiklərimizin yekunu olaraq yenə Blinkenin şəxsində ABŞ-nin Azərbaycanın sülh prosesindəki həllediciliyini vurğulamasına qayıdaq. Hesab edirik ki, rəsmi Vaşinqton Cənubi Qafqazda əmin-amanlığa nail olmaq istəyirsə, prosesin bütün tərəfləri üzərində dayanmalı, qeyri-müəyyənliyə əsaslanmış təəssübkeşliyi deyil, soyuq prinsipləri rəhbər tutmalıdır. 

Əgər Qərbdə Azərbaycanın regiondakı öncül mövqeyi qəbul edilirsə, bu yanaşma şəksiz olmalıdır. Ölkəmizin regionun, elə Ermənistanın da gələcəyi baxımından verdiyi təminatlara söykənilməlidir, nəinki rəsmi İrəvanın ərazi bütövlüyü və suverenlik kimi avantürizmi hədəf seçən siyasi spekulyasiyasına. Düşünülməlidir ki, Cənubi Qafqaz coğrafiyasında erməni dövləti varsa və hələ də varlığını sürdürürsə, bu, xalqımızın erməni qövmü üçün böyük lütfüdür. Bu qövmə hansısa əlavə üstünlüklər qazandırmaq sülh təşəbbüsü yox, ədalətsizlikdir. Azərbaycan isə bundan sonra heç bir ədalətsizliyə imkan və şərait verməyəcək. Bunu ABŞ da, ümumən kollektiv Qərb də bilməli və birmənalı şəkildə dərk etməlidir. 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət