Yaşıl dünya naminə həmrəylik və çoxmədəniyyətlilik

post-img

 

Keçmişdən bu günə qədər yaranmış cəmiyyətlərin əksəriyyəti multikultural quruluşa malik olub. Ən azından müharibə, köç, ticarət kimi amillərə görə müxtəlif cəmiyyətlərin bir-biri ilə qarşılıqlı əlaqəsi fərqli mədəniyyətlərin birgə yaşadığı sosial modellərin yaranmasına zəmin yaradıb. 

Məqalənin adından göründüyü kimi, burada üç önəmli məfhum yer alır; yaşıl dünya (biosfera), həmrəylik və çoxmədəniyyətlilik. Bu yazıda cari ildə ölkəmizdə keçiriləcək COP29 tədbirinin məzmun və mahiyyətini, o cümlədən multikultural–fəlsəfi yöndən əhəmiyyətini göstərməyə çalışacağıq. 

İlkin olaraq biosferanın (yaşıl dünyanın) fəlsəfi-etik təsvirinə nəzər yetirək. XX əsrdə sürətli texniki inkişafla bərabər dünya əhalisinin artması, şəhərləşmə və sənayeləşmənin təbiət üzərindəki təsiri ilə təhlükəli problemlər ortaya çıxdı. XVII-ci əsrdən etibarən fəlsəfə tarixində və elmdə “təbiətə hakim olma” istəyi sənayeləşmə inqilabı ilə birlikdə təbiəti nəzarət altına almaq istəyinə çevrildi. Nəticədə özünü təbiətin “ağası” sayan bəşər övladı təbiət ilə uzlaşmanın labüdlüyü fikrini qəbul etdi. Bu baxımdan müasir filosofların daha çox vurğuladıqları məfhum “organic” aləm məfkurəsidir. Onlara görə, bizim bir dünyamız vardır və onun başına nə gələrsə, bizim də başımıza gələcəkdir. Buna görə insanın ətraf mühitə qarşı laqeyd qalması nəticəsində özü də zərər çəkəcəkdir. Ekoloji şüur bizə, insanların fatehlər olmaqdan çox canlı cəmiyyətin üzvlərindən mütəşəkkil “bio yurddaşlar” olduğumuzu göstərir. Bu anlayış eko-sistemlərdə insanın imtiyazlı vəzifəyə sahib olmadığını qəbul edir. Tədqiqatları ilə eko mərkəzli etikanın inkişafına təsir göstərən Aldo Lipold “torpaq etikası“ məfhumunu ortaya atıb. Lipoldun torpaq etikası anlayışı Lokun torpağın bir mal olduğu yolundakı görüşünə qarşıdır. Artıq biz torpağa obyekt, cansız bir varlıq olaraq baxa bilmərik. Bu ərazi, bitki və heyvanların daxil olduğu sahədən axan enerji mənbəyidir. İnsanın özünü hakim deyil, təbiətin bir parçası olaraq görməsi bu kontekstdə ən əhəmiyyətli məsələdir.

İkincisi həmrəylik anlayışıdır; tarix boyunca insanlar ortaq məxrəcə, həmrəyliyə və uzlaşmağa gəldiklərində daha çox fayda əldə etmiş və bu mənada sivilizasiyaların inkişafı labüd hala gəlmişdir. Burada önəmli olan həmrəyliyə aparan yolun çoxsəslilikdən və fərqlilikdən keçməsidir. Qədim yunan filosofu Platon cəmiyyətin inkişafının həmrəyliyə dayandığını iddi edirdi. Ancaq onun şagirdi Aristotelə görə, cəmiyyətin inkişafı fərqliliklərə istinad edərək, çoxyönlü inkişafı zərurətə çevirir. Bu mənada fərqliliklər və bu fərqliliklərə söykənən uzlaşma cəmiyyətin və mədəniyyətlərin əsasını təşkil edir. 

XX əsrin məşhur alman filosofu H.Q.Qadamerə görə, cəmiyyət daxilində insani münasibətlərdə anlaşmaya əsaslanan “üfüqlərin qovuşması” ideyası çoxmədəniyyətliliyin əsasını təşkil edir. Bu mənada məqalədə nəzərdən keçirilən üçüncü anlayış –çoxmədəniyyətlilik birbaşa həmrəylik anlayşı ilə əlaqəlidir. Məhz çoxmədəniyyətlilik (multikulturalizm) birdən çox mədəni qrupu təmsil edən strukturların mövcud olduğu cəmiyyətə istinad edir və bu kontekstdə o, özündə həm konkret, həm də mücərrəd olan kimlikləri, dəyərləri və simvolları ehtiva edir. Məşhur multikulturalizm tədqiqatçısı Bixu Parexin təbirincə desək, “multikultural cəmiyyət iki və ya daha çox mədəni icmanı özündə birləşdirən cəmiyyətdir”.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. BMT-nin Cop29 –“Conference of the Parties”, yəni Tərəflərin Konfransının sayca 29-cu olduğuna işarə edir. Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətində olduğunu elan edib. Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. 2050-ci ilədək bu ərazilərin “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını, sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bu kontekstdə qeyd etməliyik ki, iqlim dəyişikliyi ilə bağlı belə qlobal tədbirin keçirilməsi birbaşa miqrasiya, köçün qarşısının alınması ilə yerli xalqların və icmaların məruz öz yurdlarında yaşamasını təmin etməkdir. Məhz yerli xaqların və yerli icmaların platforması, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) nəzdində yer alan 17 platformadan biridir. Digər tərəfdən, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək məqsədilə maliyyə yardımı üçün fond yaradılır. Bu, həm də məqsədsiz miqrasiyanın qarşısını almaq üçün edilən təşəbbüsddür. 

Yerli icmalar və yerli xalqlar platforması açıq və əhatəli məkandır. O, iqlimə davamlı dünya qurmaq üçün insanları və onların təcrübələrini bir araya gətirir. Paris Sazişinə və COP21 qərarına uyğun olaraq, iqlim dəyişikliyi bəşəriyyətin ümumi narahatçılığıdır. İqlim dəyişikliyini həll etmək üçün tədbirlər görərkən, digər məsələlərlə yanaşı, yerli xalqların və yerli icmaların hüquqlarına dair müvafiq öhdəliklərə hörmət və təşviq edilməli də nəzərə alınmalıdır. Daha konkret desək, yerli icmalar eyni ölkədə yaşayan və ümumi maraqlara malik heterojen bir qrup insanı təmsil edərək kollektiv biliklərə sahib olan və yaşayış vasitələri ümumi ekosistem və ya təbii ehtiyatlarla sıx bağlı olan icmaları ehtiva edir. Onlar yaşadıqları cəmiyyətlər daxilində fərqli etno-mədəni kimliklərini qoruyub saxlamışlar. 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katovitse mütəxəssislər komitəsi tərəfindən cari ilin 28 iyun tarixində yeni hesabatı dərc olundu. Hesabat həssas qruplar üçün həm imkanları, həm də riskləri araşdırır, daha inklüziv iqlim siyasətinin hazırlanmasının önəmini vurğulayır. Sənəddə iqlim dəyişikliyinə diqqət yetirmək və onlara reaksiya verməklə bağlı yerli icmaların və yerli xalqların biliklərinin, texnologiyalarının, təcrübələrinin və səylərinin gücləndirilməsinin zəruriliyi vurğulanır. Burada yerli icmaların və yerli xalqların platformu (LCIPP) ənənəvi biliklərin, yerli xalqların biliklərinin və yerli beyin sistemlərinin, habelə problemlərin həlli ilə bağlı texnologiyaları, təcrübələri tətbiq etmək məqsədilə qabaqcıl təcrübə mübadiləsini təşviq edir. Bu ənənəvi biliklərə, innovasiyalara və təcrübələrə sahib olan şəxslərlə iqlim dəyişikliyinə cavab vermək məqsədi güdür. 

Hesabatda dörd əsas yumşaldıcı siyasət araşdırılır: karbon ticarəti və enerji səmərəliliyi, kömürdən mərhələli şəkildə imtina, bərpa olunan enerjinin qəbulu və meşə sektorunda islahatlar. O, hər bir siyasətin müxtəlif həssas qruplara, o cümlədən qadınlar, yerli icmalar, yerli xalqlar, gənclər, qocalar, uşaqlar, əlillər və yoxsullar üzərində potensial müsbət və mənfi təsirlərini təhlil edir. Bu kontekstdə hesabatda vurğulanan əsas məsələlərdən biri də yerli icmalar və yerli xalqların ənənəvi təcrübələrini pozan və ya onları öz torpaqlarından sıxışdıran bərpa olunan enerji layihələrindən mənfi şəkildə təsirlənə bilmə istiqamətidir. Bununla belə, bu icmalar təmiz enerjiyə çıxışı təmin edən və iqtisadi imkanlar yaradan bərpa olunan enerji layihələrindən də faydalana bilər. 

Nəticədə onu qeyd edə bilərik ki, ümumiyyətlə, sonuncu COP tədbirlərinə nəzər yetirdikdə, iqlim dəyişikliklərinin insanların dünyagörüşlərində və paradiqmalarında əsaslı təsirlərin labüd olduğunu göstərir. Birləşmiş Ərəb Əmirliklərində–Dubayda keçirilən COP28 tədbirində elm, texnoloji inkişaf, gender məsələsi və s. 17 platforma-mövzuların yer alması, eyni zamanda yerli xalqlar və yerli icmalar platformasının yaradılması, multikulturalizm aspektindən də xüsusi əhəmiyyət kəsb edir. 

Bu onu göstərir ki, iqlim dəyişikliyinə eyni zamanda qlobal müstəvidə milli azlıqlar və icmalar da məruz qalaraq məcburən miqrasiya etmiş olur. Bu isə qlobal xaosa, eko-sistemin pozulmasına gətirib çıxarır. Bunun qarşısının alınması isə müxtəifliyə, fərqliliyə və çoxsəsliliyə istinad edərək eko-sistemin mühafizəsinə səbəb olacaqdır. 

Rəşad İlyasov

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

Analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru



Siyasət