İyulun 2-də müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiks ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Qərargah rəisi Stefan Fiksi ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib, NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirib.
Azərbaycan–NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyi əminliklə qeyd olunub.
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına böyük töhfə verdiyini bildirən general-polkovnik K.Vəliyev bunun yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.
General-mayor S.Fiks isə öz növbəsində Azərbaycana növbəti səfərindən məmnun olduğunu qeyd edib. Azərbaycan ilə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda, eləcə də NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə peşəkar fəaliyyətinin müsbət qiymətləndirildiyi qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi də aparılıb.
XQ