İyunun 17-də Paris və İrəvan arasında “Sezar” özüyeriyən artilleriya qurğularının alqı-satqısına dair imzalanmış saziş həm Ermənistanda, həm də Azərbaycanda ciddi müzakirə olunur. Qeyd edək ki, sazişə Hayastanın müdafiə naziri Suren Papikyan və onun fransız həmkarı Sebastyan Lekornu imza atıblar. Sənədə əsasən Ermənistan qarşıdakı 15 ay ərzində 36 ədəd “Sezar” haubitsası almalıdır.
Ancaq hərbi ekspertlər bu alqı-satqının uğursuz olması qənaətindədirlər. Onlar bu fikirdədirlər ki, sazişin imzalanması zamanı bir sıra yerli xüsusiyyətlər nəzərə alınmayıb. Ümumi fikir bundan ibarətdir ki, Ermənistanın Fransadan “Sezar” silahlarını alması o qədər də uğurlu addım deyil. Belə ki, bu qurğular kifayət qədər böyükdür və çəkisi də ağırdır. Nəhəng ölçülərinə görə, “Sezar” dağlıq və yolsuzluq şəraitlərdə kifayət qədər zəif manevr imkanları nümayiş etdirir. Bundan başqa, “Sezar” qurğuları məhdud sayda, cəmi 18 ədəd sursat dəstinə malikdir. Bu, ona intensiv döyüş şəraitində üç dəqiqə sursat atmağa imkan verir. “Sezar”ların istifadə etdiyi mərmilər 155 mm-lik NATO kalibrlidir. Ermənistanda isə bir dənə də olsun bu ölçüdə mərmi yoxdur. Bu mərmiləri istehsal edən şirkətlər isə hazırda Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar intensiv sifarişlər alır. Yəni Ermənistan üçün yaxın zamanda mərmi istehsal edə bilməyəcəklər.
Ekspertlər bu düşüncədədirlər ki, “Sezar” qurğularını alması Ermənistanın Azərbaycanla güc balansını dəyişməyəcək. Çünki ölkəmizin arsenalında bu gün “Sezar” qurğularından daha güclü artilleriya və müdafiə sistemləri var. Bundan başqa bu qurğuları sıradan çıxaracaq potensiala malik pilotsuz uçuş aparatları mövcuddur. Yəni, narahatlığa əsas yoxdur.
Rusiyalı politoloq, siyasi elmlər doktoru Sergey Boqdan bildirib ki, Ermənistan müdafiə nazirinin Parisə səfəri zamanı Fransanın özüyeriyən artilleriya qurğularının alınmasına dair müqavilənin imzalanması revanşist əhval-ruhiyyəni gücləndirə bilər, lakin güc balansını dəyişməyəcək. Ermənistan ordusunun mövcud regional konfiqurasiyada və İrəvanın hazırkı xarici siyasət kursu ilə hər hansı qonşu dövlətlə hərbi toqquşmaya tab gətirmək iqtidarında olub-olmaması sualını qaldırmağın vaxtı çatıb.
Ekspert qeyd edib ki, bu, Paşinyan və Makronun ciddi siyasi addımı kimi görünür. Ancaq material hissə ilə bağlı suallar yaranır: “Əslində, fransızlar indiyə qədər bu özüyeriyən silahı yalnız bir Qərb ölkəsinə – Fransa təsirinin böyük olduğu Belçikaya və daha bir neçə Asiya, ərəb və kiçik Şərqi Avropa dövlətlərinə sata biliblər. Baxmayaraq ki, 2002-ci ildən istehsal olunur. Ancaq Fransa hərbi sənaye kompleksinin bu məhsulunu sınaqdan keçirənlərin və rədd edənlərin siyahısı heyrətləndiricidir – Norveçdən Kolumbiyaya, Böyük Britaniyadan Hindistana qədər və sair. Paris Ukraynadakı müharibə sayəsində bu sistemi inkişaf etdirməyə ümid edir. Xüsusən bu sistemlər istəmək xarici dövlətlərə Kiyevə ucuz hədiyyələr verməyə imkan verir: Danimarka artıq bu özüyeriyən silahları alıb Ukraynaya verib”.
Analitik bildirib ki, Ermənistan həqiqətən də silahlanır. Ordu və silahlanma xərclərini 2022-ci ildəki, təxminən, 700-800 milyon dollardan bu il 1,4-1,5 milyard dollara qədər artırıb. Bununla belə, erməni analitiklərin özlərinin də etiraf etdiyi kimi, avadanlıqların böyük hissəsi Hindistandan alınır, Nyu-Dehli ilə müqavilələrin ümumi həcmi artıq bir milyard dollara yaxındır. İndi Paşinyan fransızlardan – lakin bazarda şübhəli reputasiyaya malik olan avadanlıqların tədarükünün başlanmasına nail ola bilib.
S.Boqdan hesab edir ki, bu cür satınalmaların strateji əhəmiyyəti onların regionda sabitliyi pozmaq qabiliyyəti ilə eyni deyil. Onlar revanşizm alovuna benzin tökəcəklər, ancaq Ermənistanın heç bir qonşu ölkənin ordusuna müqavimət göstərmək şansını artırmayacaq. Əksinə, bu cür hipotetik toqquşmaları daha qanlı edəcəklər.
Ekspert qeyd edib ki, Ermənistan son illərdə bütün “strateji dərinliyini” itirib: “Bu fikirlər zəncirini davam etdirərək bildirməyə dəyər ki, yeni strateji reallıqda Ermənistan tərəfi heç bir hərbi toqquşmaya tab gətirə bilməz. Onun üçün təhlükəsizliyə aparan yeganə yol Azərbaycan və Türkiyə ilə sülh və münasibətlərin normallaşmasıdır. Yeri gəlmişkən, buna misal olaraq ilk erməni burjua respublikasının yüz il əvvəlki tarixini göstərmək olar. Axı, onun da oxşar strateji parametrləri var idi, lakin qonşuları ilə razılığa gəlməkdən inadla imtina etdi. Bu, onu əvvəlcə sonsuz fəlakətlərə, sonra isə fəlakətli sonluğa apardı. O vaxtkı erməni liderləri hesab edirdilər ki, Antanta onlara həmişə kömək edəcəksə, Azərbaycan və ya Türkiyə onlara nəyə lazımdır. Yeri gəlmişkən, Antantada da baş rolu Fransa oynayırdı...”
Mövzu üzrə “XQ”-nin suallarını cavablandıran Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə bildirdi ki, son vaxtlar Ermənistanın silahlandırılması prosesi sürətlənib. Onun sözlərinə görə, digər tərəfdən silahlandırma nümayişkəranə şəkildə həyata keçirilir. Prosesin siyasi tərəfi hərbi tərəfdən daha çoxdur. Bununla Ermənistanın Avropa ölkələri arasında, necə deyərlər, siyasi çəkisinin ağır olduğunu göstərmək istəyirlər. Məsələ Azərbaycanın diqqət mərkəzində olmalıdır. Bu da səbəbsiz deyil. Ən böyük səbəb Ermənistan və Azərbaycan arasında hələ də sülh müqaviləsinin imzalanmaması, müharibə şəraitində olmağımızdır. Atəşkəs rejimi hələ müharibənin bitməsi demək deyil.
Hərbi ekspert qeyd etdi ki, iki ölkə arasında hələlik sərhədin 12 km-lik hissəsi delimitasiya və demarkasiya olunub. Qalan hissə şərti sərhəd sayılır. Şərti sərhəd sayıldığı üçün həm qarşı tərəf, həm də biz sərhəddə yox, mövqelərdə, səngərlərdə dayanmışıq: “Biz müharibə şəraitində olduğumuz üçün hazırda Ermənistana gətirilən istənilən silah-sursat, hərbi texnika Azərbaycan üçün legitim hərbi hədəf sayıla bilər. Buna görə də düşünürəm ki, Ermənistanın hansısa formada silahlandırılması Azərbaycanın nəzarəti, diqqəti altında olmalıdır. Əlbəttə, Azərbaycan dövləti çox əsaslı, haqlı olaraq və hərbi yanaşmalardan irəli gələrək bu silahlandırmanın qarşısını almaq üçün müəyyən addımlar atmaqdadır. Hələlik bu addımlar diplomatiya sahəsində atılır. Ancaq əgər ölkəmizə qarşı hansısa təhlükə yaranarsa, hətta üçüncü ölkələrin ərazisində də bu təhlükənin qarşısını almaq üçün real tədbirlər görməyə beynəlxalq hüquq normaları imkan verir. Bu gün də Azərbaycanla müharibə şəraitində olduğu üçün Ermənistana böyük və ya kiçik, zəif, yaxud güclü silahların verilməsi ölkəmizə təhlükə mənbəyidir”.
Özüyeriyən “Sezar” artilleriya qurğularının xarakteristikasına gəldikdə isə Ş.Ramaldanov bildirdi ki, ümumiyyətlə, Fransa silahları silah bazarında o qədər də tələb olunan silahlar sayılmır. “Sezar”a gəldikdə isə onun uzunluğu 18 metr, ekipajı 4-5 nəfərdir. Mərminin kalibri 155 millimetr, vuruş məsafəsi adi mərmilərlə 40 km, reaktiv mərmilərlə isə 55 km-dir. Fransanın zirehli maşınları kimi özüyeriyən artilleriya haubitsası da daha çox düzənlik ərazilərdə istifadə üçün istehsal olunub. Çünki Fransanın koloniyaları Afrikada yerləşdiyi və oralar daha çox düzənlik ərazi olduğu üçün Fransa dağlıq ərazilərdə döyüş aparmağa yararlı silah istehsalında o qədər də maraqlı deyil. “Bastion” zirehli texnikası kimi “Sezar” haubitsalarının da Ukraynada gedən döyüşlərdə intensiv istifadəsinə dair məlumatlar yoxdur.
“Sezar”ın bir ədədinin 5 milyon avro olduğunu qeyd edən Ş.Ramaldanov bunun prinsip etibarilə baha olduğunu vurğuladı. Halbuki, silah bazarında eyni tipli özüyeriyən haubitsaları, demək olar ki, iki dəfə ucuz əldə etmək mümkündür: “Düzdür, bu özüyeriyən haubitsaların dağlıq şəraitdə hərəkət etmək imkanları məhdud olsa da, atəş açdıqda peykdən idarə olunduğu zaman hədəfləri dəqiq vura bilir. Buna görə “Sezar” dəqiq vuran haubitsalar sırasındadır. Ümumiyyətlə, “Sezar” haubitsaların orta nəslinə aid silahdır. 2002-ci ildən etibarən Fransa ordusunun arsenalına daxil edilib”.
Hazırda İrəvanda yaşayan ABŞ-nin Stenford Universitetinin siyasi elmlər üzrə doktoru, professor Artur Xaçikyan Ermənistan rəhbərliyinin xarici siyasət arenasında absurd hərəkətlərinin xaosa gətirib çıxardığı düşüncəsindədir. O qeyd edib ki, ölkəsinin xarici siyasəti hələ də aydın deyil. İrəvanın Rusiyadan ayrılmaq istədiyi bildirilir, ancaq ayrılmır. Sonra Ermənistanın Qərbə doğru getdiyi bildirilir, amma nəticədə bu da baş vermir.
Xaçikyanın fikrincə, xarici siyasət uşaq nağılları üzərində deyil, imkanların ayıq qiymətləndirilməsi və praqmatizm üzərində qurulmalıdır. Nümunə kimi ekspert İrəvanın Fransanın “Sezar” artilleriya qurğularını əldə etməsi ehtimalını göstərib: “Təbii ki, bu, Fransadan alınan “Bastion”lardan qat-qat ciddi texnikadır. Amma sual budur ki, bu qurğular Ermənistana necə çatdırılacaq? Hətta, yararsız “Bastion”ların tədarükü zamanı da problem yaranmışdı. Ankaradan edilən bir zənglə erməni yükləri Gürcüstan limanında bir ay gecikdirilmışdi. Tutaq ki, qurğuları Ermənistana gətirə bilirik, bu qurğuların sursatları necə çatdırılacaq? Hamımız xatırlayırıq ki, Gürcüstan müharibə zamanı bizim üzümüzə sərhədi bağlayıb. Yeni müharibə olacağı təqdirdə bunun baş verməyəcəyinə dair təminatlar haradadır? Bu halda bu parametrlərdən necə istifadə olunacaq?”
Ekspert qeyd edib ki, regionda Ermənistanın mövcudluğunda maraqlı olan yeganə ölkə İrandır və məhz onunla hərbi-texniki əməkdaşlığı artırmaq lazımdır, lakin İrəvan rəhbərliyi bu addımı atmır: “Bununla yanaşı, Ermənistan Rusiya ilə münasibətlərini tamamilə korladı. Bu da Moskva və Bakının yaxınlaşması ilə nəticələndi. Başqa sözlə, ölkənin xarici siyasəti tam fiaskoya uğrayıb. Azərbaycan güclü mövqedən çıxış edir və ardıcıl uğurlar qazanır. Bakının prinsipial mövqeyi Ermənistanı konstruktiv mövqe tutmağa məcbur edir”.
Onu da bildirək ki, Ermənistanın silahlanması ilk hadisə deyil. Nə də sonuncuya oxşamır. Özü də onlar bunu nümayişkarənə şəkildə etməyi xoşlayırlar. Sanki bizə nəyisə sübut etməyə çalışırlar. Bununla ölkəmizi qıcıqlandırmağa çalışdıqları, yoxsa hərbi sahədə paritet yaratmağa cəhd edərək danışıqlarda mövqelərini gücləndirməyə cəhd etdikləri aydın deyil. Bir məqam aydındır: Prezident İlham Əliyevin dediyi kimi, bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq. Bizə qarşı hərbi güc nümayiş etdirəndə, bəzən öz qoşunlarını sərhədimizdə cəmləyəndə biz sakit otura bilmərik. Bu, bizim təhlükəsizliyimizdir və narahat olmağa haqqımız var. Ermənistana nə qədər silah göndərilsə də, onların bizə qarşı heç bir şansları yoxdur. İkinci Qarabağ müharibəsi də bunu nümayiş etdirdi.
Səxavət HƏMİD
XQ