Erməni baş nazirin dilə gətirdiyi reallıqlar
Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamarı ilə erməni cəmiyyətinin başıpozuq kəsiminin əsəbini korlamaqda davam edir. Əslində, onun qeyd etdiyi məqamları heç də adi məsələ saymaq olmaz. Nikol bir çox hallarda reallıqları dilə gətirir. Reallıqlar və həqiqətlər isə bir qayda olaraq ağır və acı olur.
Əlbəttə, baş nazirin rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının toplantısında söylədiyi fikirləri həqiqət yüklü mesajlar kimi dəyərləndirmək niyyətindən uzağıq. Xüsusən də bu fikri: “Azərbaycan deyir ki, “siz məni 30 il yaşamağa qoymadınız, mən də sizin yaşamağınıza imkan verməyəcəm” və bu, bizim öhdəsindən gəlməli olduğumuz ən böyük problemdir”.
Əslində, Paşinyan ikibaşlı danışır. Azərbaycan heç də Ermənistandan yerinə yetirilməsi mümkünsüz olan şeyləri tələb etmir. Ölkəmiz İrəvandan 44 günlük müharibə məğlubu kimi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasını tələb edir və haqlıdır. Lakin Ermənistan rəhbərliyi hər hərəkəti ilə çalışır ki, buna qarşı çıxsın. Konkret olaraq, Naxçıvana maneəsiz quru yolu vermək istəmir, məsələni ərazi bütövlüyü və suverenlik məntiqi ilə əsaslandırır, siyasi manipulyasiyaya əl atır.
Nikolun, belə demək mümkünsə, ikibaşlı məntiqində başlıca məqam ondan ibarətdir ki, o, haqqında söz açdığımız konkretlik üzərində dayanmır, mövzunu Azərbaycanın qeyri-konstruktivliyi kontekstində gündəmə gətirir. “Rahat yaşamağa imkan verməmək” deyimi həm bunu söyləməkdir, həm də sığortadır. Ən əsası isə bu, bəlkə də müəyyən subliminal mesajdır. Yəni, Bakının, guya, maksimuma kökləndiyini vurğulayan mesaj. Başqa sözlə desək, əgər ölkəmizin tələblərini yerinə yetirmək qaçılmaza çevrilsə, o zaman rəsmi İrəvan bildirəcək ki, Azərbaycan 30 il ərzində itirdiyinin konpensasiyasını istəyir. Yenə də qeyd edək ki, məsələ üçtərəfli bəyanatda yer alıb, mövcud istiqamətdə hansısa yenilik yoxdur. Sadəcə olaraq, Paşinyan və komandası özündə iradə və qətiyyət tapıb sənədi icra etməlidir.
Təəssüf ki, Ermənistan rəhbərliyi xaricdəki havadarlarının köməyinə arxalanaraq, sözügedən öhdəliyin icrasından yayınır. Əlbəttə, bu yerdə Paşinyan ona görə haqlıdır ki, öhdəliyi yerinə yetirməmək Ermənistan üçün rahat yaşam olmayacaq. Həm də ona görə ki, ölkə regional kommunikasiyalardan kənarda qalacaq, özünün dalan mahiyyətini saxlayacaq. Belə bir gedişat Ermənistana sərfəlidirsə, o başqa məsələ. Sərfəli deyilsə və rahat yaşamağı üstün tutursa, deməli, Azərbaycanın şərtlərinə həssas yanaşmalıdır.
N.Paşinyanın çıxışındakı daha bir məqama keçid alaq. Əslində, bu məqam da Nikolun əvvəl dilə gətirdiyinin təkrarıdır. Ancaq bir qədər fərqli formada. Beləliklə, erməni baş nazir, faktiki olaraq, şikayətlənir. Ancaq şikayətlənərkən reallıqları dilə gətirir. Nikol beynəlxalq oyunçuların Ermənistanın tərəfində olmadığına dair mesaj verir. Daha doğrusu, o, hazırda beynəlxalq şəraitin ölkəsinin tələblərinin yerinə yetirməsi baxımından qeyri-məqbulluğu məntiqini qabardır.
Digər tərəfdən isə Paşinyan haqqında söz açdığı mövzu fonunda tipik erməni xisləti üçün xarakterik olan mətləbləri qabardır. Məsələn, o, beynəlxalq oyunçuların ermənilərə baxış prizmasına əsaslanaraq, bunları deyir: “Bir dəqiqə gözləyin. Necə yaşamaq istəyirsiniz? Siz yaşayan xalqlardan deyilsiniz, əziyyət çəkən xalqsınız. Əziyyət çəkməlisiniz, mühacirət etməlisiniz, öldürülməlisiniz, döyüşməlisiniz və bütün bunlardan keçib gəlməlisiniz, məndən qurtuluş diləməlisiniz. Mən gəlib sizi xilas etməliyəm ki, sizi öldürməyə davam etsinlər və siz döyüşəsiniz”.
Göründüyü kimi, Paşinyan erməni toplumu üçün xarakterik olan, onu səciyyələndirən cəhətləri yada salır. Eyni zamanda, həmin toplumun tarixin müxtəlif dövrlərindəki yaşam spesifikası ilə bağlı məqamları açıqlayır. Axı ermənilər heç vaxt rahat yaşamağa üstünlük verməyiblər. Elə buna görə də regionda öz məqsədlərini gerçəkləşdirmək niyyəti güdən qüvvələrin alətinə, buyruq quluna çevriliblər. Paşinyan hazırda həmin təfəkkürdən uzaq durulması ilə bağlı çağırış edən ampluasındadır. Onun sözlərindən gəlinən qənaət budur ki, xarici güclərin təhrikinə uyub əbədi olaraq müharibə aqibəti ilə üzləşməkdənsə, yaşam seçmək lazımdır.
Əlbəttə, Paşinyan müəyyən pafosa da üstünlük verir. Məsələn, o, rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının həyat, yəni, yaşam ideologiyasını dövlət ideologiyasına çevirmək məqsədindən söz açır. Özlüyündə son dərəcə mücərrəd məqama toxunur. Əslində isə onu demək istəyir ki, erməni cəmiyyəti reallığı görməyi bacarmalı, mif və əsatirlərdən uzaq dayanmalıdır. Nikol, habelə, gerçəklikləri deyil, əks yolu tutanları da hədəfə alıb. Paşinyanın sözlərinə görə, xalqın belələrinə mesajı odur ki, əbədi döyüşmək yox, sadəcə yaşamaq istəyirlər.
Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Qeyd edək ki, N.Paşinyan artıq neçə dəfədir siyasi-fəlsəfi traktologiyaya baş vurarkən, pozitiv kimi görünən məqamları qabardır. Ancaq məsələ burasındadır ki, hazırda Ermənistandakı gərgin durumun formalaşmasında onun da günahı böyükdür. Baxın, bu adam döyüş, müharibə ritorikası ilə heç nəyə nail olunmayacağını vurğulayır. Halbuki, durumu əvvəldən görməli idi. Məsələn, Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verəndə, eləcə də Şuşada – Cıdır düzündə sərxoş olub yerə səriləndə. Azərbaycan xalqının heysiyyatına toxundu, danışıqları dalana dirədi.
Bəli, Paşinyan məhz o zaman duruma adekvat münasibət ortaya qoymalı idi. O isə sadəcə olaraq, özünü ən yaxşı (pis) erməni kimi göstərməyə girişdi. İlk növbədə, hakimiyyətə gələnədək elan etdiyi prinsiplərdən uzaqlaşdı. Vaxtilə Qarabağı Ermənistan üzərindən asılmış ağır daş kimi görən baş nazir, obrazlı desək, həmin daşı yerdən götürüb erməni xalqının başına vurdu. Yəni, 44 günlük müharibənin başlanmasında bilavasitə baiskara çevrildi. Elə ona görə də bu gün onun səmimiyyətinə inananlar azdır, dilə gətirdiyi reallıqları prinsipial yanaşma deyil, satqınlıq olaraq qiymətləndirənlər ortadan çıxmırlar. Ən pisi isə budur ki, Ermənistan hakimiyyəti siyasətini ortadan çıxmayan revanşist-şovinist kəsimin “məqsəd və mənafelərinə” kökləyir. Ötən dörd ildə Azərbaycanla sülhə gəlməmək də bunun bariz göstəricisidir.
Ə.RÜSTƏMOV
XQ