Şərhçi: Rəsmi Parisin sülh əleyhinə addımları nəticə verməyəcək

post-img

Fransa və Ermənistanın regionda sabitliyi pozmağa və Parisin siyasi təsirini artırmağa yönəlmiş addımları hər iki ölkə üçün ciddi fəsadlarla nəticələnə bilər. Bu siyasi tandem müasir dünyada ən uğursuz variantlardan biridir və özündə hadisələrin inkişafı baxımından, potensial nəticələrin bir neçə mümkün ssenarisini ehtiva edir. Bundan başqa, Fransanın sülhə zidd addımları və ikili standart siyasəti region və bütövlükdə beynəlxalq ictimaiyyət üçün böyük ləkədir. Ermənistan və Fransanın qısamüddətli siyasi və ya iqtisadi faydaları deyil, uzunmüddətli sülh və sabitlik maraqlarını nəzərə alaraq öz strategiyalarına yenidən baxması vacibdir. Fransa ənənəvi olaraq Ermənistana dəstək bayrağı altında, bu tərəfdaşlıqdan Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün istifadə etmək istəyir. 

Bu fikirləri “XQ”-yə Beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi.

O bildirdi ki, 2024-cü il iyunun 18-də SEZAR artilleriya qurğularının tədarükü ilə bağlı imzalanmış müqavilə, eləcə də bir qrup fransız siyasətçinin Ermənistana qoşun yeritmək barədə çağırışla Fransa prezidentinə müraciəti rəsmi Parisin məkrli strategiyasının tərkib hissəsidir. Bu hadisələr bu il aprelin 19-da sərhədlərin delimitasiyası üzrə mühüm razılaşmaların əldə olunmasından sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi fonunda baş verir. Fransanın Ermənistan və Cənubi Qafqazla bağlı strategiyası siyasi, iqtisadi və hərbi məqsədlərin xaotik birləşməsidir. Öz məqsədlərinə çatmaq üçün rəsmi Paris Ermənistandan istifadə etməklə, bu ölkənin Azərbaycanla münasibətləri normallaşdırması prosesinə xələl gətirir. Ermənistan uzunmüddətli mənfi nəticələrin qarşısını almaq, müstəqilliyini və suverenliyini qorumaq üçün belə tərəfdaşlığın mümkün risklərini və faydalarını diqqətlə qiymətləndirməlidir.

M.Dəmirov fikrincə, Fransa Ermənistandan istifadə edərək, bir tərəfdən, bölgədə sülhün bərqərar olması prosesinə zərbə vurmaq, digər tərəfdən isə, silah satışından gəlir əldə etmək istəyir: “Bu strategiyanın bir neçə əsas aspekti var. Birincisi, Fransa siyasi manipulyasiya siyasəti yeritməklə, öz təsirini gücləndirmək üçün Ermənistanın ehtiyaclarından istifadə edir. Bura təkcə hərbi yardım deyil, həm də beynəlxalq aləmdə diplomatik dəstək daxildir. İkincisi, müasir artilleriya qurğularının tədarükü Ermənistanı mövcud reallıqdan uzaqlaşdırırarq, regionda gərginliyin artmasına səbəb ola bilər. Bu, Ermənistanın hərbi dəstək və texnologiya baxımından Fransadan asılılığını yaradır. Üçüncüsi, bu cür qeyri-konstruktiv addımlar Ermənistanın Fransadan iqtisadi asılılığını yaradır ki, bu da Parisə lazım gəldikdə İrəvana təzyiq göstərməyə imkan verir. Ermənistan belə tərəfdaşlığın nəticələri barədə ciddi düşünməlidir. Hərbi dəstək qısa müddətdə öz mövqeyini gücləndirə bilsə də, uzunmüddətli nəticələr olduqca mənfi ola bilər. O cümlədən, Fransanın siyasi təsirinin gücləndirilməsi Ermənistanın suverenliyini və beynəlxalq arenada müstəqil qərarlar qəbul etmək imkanlarını daha da məhdudlaşdıra bilər. Hər bir halda, bu addımların mənfiliyi həm Ermənistana, həm də Fransaya ciddi təsir göstərəcək”.

Vəziyyəti dəyərləndirən ekspert qeyd edir ki, rəsmi Parisin sülh əleyhinə addımları Azərbaycanın mövqeyinə təsir etməyəcək. Bu siyasət müasir sivil dünyanın reallıqlarından kənara çıxır və çoxdan dəbdən düşüb. Azərbaycan uğurlu diplomatik təşəbbüsləri və normallaşma prosesləri ilə dəstəklənən sabitliyə və iqtisadi inkişafa sadiqliyini nümayiş etdirir. Fransanın bölgəni hərbiləşdirməsi bu məqsədlərə çatmağa kömək etmir, sadəcə əlavə maneələr yaradır.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət