I məqalə
Öncədən görmək idarə etmək deməkdir.
Blez PASKAL
Heydər Əliyevin siyasi uzaqgörənlik məharəti
Siyasətdə, xüsusilə liderlikdə öncəgörmə böyük əhəmiyyət daşıyır. XXI əsrin geosiyasi dinamikasının mürəkkəbliyi, qeyri-müəyyənliyi və riskliliyi fonunda, bu, ayrıca əhəmiyyəti olan məqamdır. Avrasiya məkanında XX əsrin 90-cı illərindən bu yana olan siyasi idarəetmə təcrübəsi göstərir ki, liderlər əsasən proqnozlaşdırmadakı uğursuzluğa görə, siyasi səhnədən çəkilməli olurlar. Liderdə hətta əksəriyyətə qaranlıq olan məqamlar haqqında öz kursuna uyğun aydın təsəvvür olmalıdır. Bu bağlılıqda Azərbaycan təcrübəsində çox maraqlı faktlar mövcuddur.
Heydər Əliyev keçən əsrin 90-cı illərində düzgün proqnozlaşdırmaq qüdrətini göstərdi. Ulu öndər yeganə siyasi lider idi ki, Avrasiya məkanında müstəqil dövlət quruculuğu kursunun strateji hədəfini güclü dövlət qurmaq kimi müəyyənləşdirdi. Bu qərar həmin mərhələ üçün xeyli dərəcədə gözlənilməz idi. Çünki o zaman, xüsusilə SSRİ-nin dağılması nəticəsində müstəqil olmuş ölkələrin böyük əksəriyyəti liberalizmdən, demokratiyadan və Qərb nümunəsində “azad cəmiyyət” qurmaqdan bəhs edirdi. Və bu tendensiya həmin mərhələdə sosialist düşərgəyə qalib gəlmiş və buna görə də dünyanın yeganə “ümid yeri” kimi qəbul edilən Qərb tərəfindən dəstəklənirdi.
Deməli, Azərbaycan iki yoldan birini seçməli idi. Birincisi, Qərbin marağına uyğun olan sözdə liberal və demokratik kursu seçmək olardı (o cümlədən, qonşular kimi). İkincisi, o dövr üçün qeyri-populist olsa da, milli maraqlara xidmət edən güclü dövləti olan azad, demokratik, hüququn aliliyinin, insan haqlarının təmin olunduğu, multikultural dəyərlərə sahib və hakimiyyət-toplum birliyinə dayanan vətəndaş cəmiyyəti formalaşdırmaq. Yəni qısa ifadə etsək: güclü dövlətdən güclü, monolit vətəndaş cəmiyyətinə doğru!
O mərhələdə dünya miqyasında güclü dövlət qurmaq kursu ən yaxşı şəkildə Çində əksini tapmışdı. Çin öz milli dövlətçilik ənənəsi üzərində müasir tələblərə cavab verən güclü iqtisadiyyata və iradəetmə institutlarına malik dövlət qurmaqda idi. Lakin Cənubi Qafqaz ölkəsi kimi Azərbaycanın bu seçimi etməsi yüksək liderlik qabiliyyəti, uzaqgörənlik, iradə və qətiyyət tələb edirdi. Milli liderin ən böyük keyfiyyəti ondan ibarətdir ki, bu cür həyati seçim məqamında öz imicini deyil, dövlətin müstəqilliyini önə çəksin. Həmin məqamda liderin mövqeyi ilə strateji öncəgörməsi vəhdət təşkil etməlidir. Etiraf edək ki, Heydər Əliyevin bu seçimini əvvəlcə, hətta, Azərbaycan cəmiyyətində anlamayanlar oldu.
Lakin liderin prosesləri geniş və dərindən görmək qabiliyyəti, ölkə tarixinin incəliklərini dərindən bilməsi, siyasi qətiyyəti, əminliyi və obyektiv siyasi-nəzəri proqnozlaşdırmaq qüdrəti həlledici rol oynadı. Heydər Əliyevin milli müstəqil dövlət quruculuğunda seçdiyi istiqamət güclü dövlət konsepti oldu! Onu da vurğulamaq lazımdır ki, o dövrdə Qərbin də tanınmış politoloqları, analitikləri, filosofları “güclü dövlət” anlayışının praktiki tərəfini tam anlamış deyildilər – onlar da hər bir müstəqil dövlətin uğurlu gələcəyini liberalizm və demokratiya ilə bağlayırdılar. Xüsusilə, Avrasiya məkanında yalnız liberallığın müstəqil dövləti inkişaf etdirə biləcəyini təsdiq edən tezislər irəli sürürdülər. Nümunə kimi də əsasən Ukrayna və Gürcüstanı göstərirdilər, Ermənistanı da Qafqazda “demokratiya adası” kimi təqdim etməyə çalışırdılar.
Güclü dövlətlə liberalizm arasında
Bunların xülya olduğunu həyat sübut etdi. Öncə, XXI əsrin əvvəllərində Qərb fəlsəfi və politoloji fikrində “güclü dövlət” anlayışını fərqli aspektdə anlamağa başladılar. Bunun bariz nümunəsi Frensis Fukuyamanın “Güclü dövlət. XXI əsrdə idarəetmə və dünya nizamı” (2004-cü il) əsəri idi. Diqqət edək: Qərbin ən nüfuzlu analitik, sosioloq və filosoflarından biri güclü dövlət anlayışına XXI əsrdə dünya nizamı və idarəetmə fonunda baxır. Əsərinin ilk sətirlərindən aydın olur ki, F.Fukuyama həmin dövrdə Qərb fəlsəfi və politoloji fikrində dominant olan mövqeyə uyğun gəlməyən konsepsiya irəli sürür.
O yazır ki, “bizim diqqət mərkəzində güclü dövlət quruculuğunun əsas yer tutması kimlərəsə nöqsan kimi görünə bilər”. Çünki çoxları dövlətin məhdudlaşması və onun funksiyalarının azaldılmasından bəhs edir. Ancaq F.Fukuyama fikrini onunla əsaslandırır: “Dünya təcrübəsi göstərdi ki, qlobal miqyasda ciddi problemlərin qaynağı zəif müstəqil dövlətlərin və hakimiyyətlərin olması ilə bağlıdır.”
O, həmin əsərdə güclü dövlət qurmağın fəlsəfəsini də bu şəkildə qısa ifadə etmişdir: “Güclü dövlət qurmaq mövcud hakimiyyət institutlarını (müəssisələrini, qurumlarını – F.Q.) möhkəmlətmək və yenilərini yaratmaqdan ibarətdir.”
Bizim oxucuya güclü dövlət quruculuğunun fəlsəfi və politoloji özəlliklərini tam anlatmaq kimi niyyətimiz yoxdur. F.Fukuyamanın XXI əsrin əvvəllərində yazdığı fikirləri ulu öndər Heydər Əliyevin hələ XX əsrin 90-cı illərində (əsasən 1994 və 1995-ci illərdə) dolğun, aydın və politoloji prinsiplərə tam uyğun söylədiyini siyasi proqnozlaşdırma kontekstində anlatmağa çalışırıq. 1994-cü və 1995-ci illəri də təsadüfən seçmirik. Biz onu nəzərdə tuturuq ki, həmin illərdə Heydər Əliyev iki miqyasda güclü dövlət quruculuğu aspektində böyük işlər gördü.
Birincisi, daxildə qanunsuz silahlı qruplaşmalara və radikal siyasi düşüncələrə qarşı nəticəverici mübarizə apardı.
İkincisi, iki il dalbadal – 1994-cü il və 1995-ci ildə BMT Baş Assambleyasının iclaslarında Azərbaycanda güclü və hüquqi dövlət quruculuğunun əsas parametlərini dünyaya anlatdı!
O dövrdə F.Fukuyama və həmfikirləri dünyada liberalizmin möhtəşəm qələbəsindən “tarixin sonu” kontekstində geniş danışırdılar. Güclü dövlətçiliyi Qərb dəyərlərinin daha tez mənimsənilməsi ilə bağlayırdılar. Qərb politoloqları üçün, təqribən, 10 il lazım oldu ki, geosiyasi, siyasi və bütövlükdə politoloji prosesləri təhlil edib, proqnozlaşdırmaqda Heydər Əliyev mövqeyinin doğru olduğunu qəbul etsinlər.
Bundan başqa, XXI əsrin ilk iki onilliklərində postsovet məkanında baş verən proseslər Heydər Əliyevin tam haqlı olduğunu və F.Fukuyama ilə yanaşı, onlarca Qərb filosof və politoloqunun öz yanlışlığını düzəltməyə çalışdığını sübut etdi. Belə ki, 2008-ci ildə Gürcüstan və 2014-cü ildən başlayaraq isə Ukrayna güclü zərbələr aldılar. Onlarda liberal, güclü və demokratik dövlət anlayışından əsər-əlamət qalmadı.
Bu hadisələrdən sonra Qərb və Ukrayna politoloqları demokratik və liberal dövlətdən yox qrup maraqlarının və kənardan təsirlərin üstünlük təşkil etdiyi dövlətdən danışmağa başladılar. Hər iki anlayışı birləşdirən məqam dövlətdə real demokratik faktorların deyil, qrup maraqlarının, hakimiyyətin sırf süni irsi əsaslarla ötürülməsinin (bu anlamda siyasi varisiliyin qeyri-obyektiv istiqamət almasına) aparıcı olmasıdır (məsələn, ukraynalı araşdırmaçı A.A.Fisun (1997, 2000, 2004) mövqeyidir). Eyni zamanda, politoloqlar artıq güclü iqtisadiyyatı demokratiya və liberalizmlə bağlamaq kimi xülyalardan da imtina etməkdədirlər. Gürcüstan bunun tipik nümunəsidir. Hazırda qonşu dost ölkədə siyasi qüvvələr bir-biri ilə milli maraqlara görə deyil, qrup maraqlarına görə çəkişirlər. Halbuki, Azərbaycan Gürcüstanın güclü dövlət olmasında maraqlıdır.
Siyasi dinamika və əsaslı proqnozlaşdırma
Qısa müqayisələrdən maraqlı politoloji nəticələr əldə etmək olar. Hər şeydən öncə, siyasi və geosiyasi proqnozlaşdırmanın Azərbaycan təcrübəsi göstərir ki, ən böhranlı situasiyalarda belə uzaqgörən lider dövləti, cəmiyyəti və bütövlükdə, ölkəni düzgün istiqamətə yönəldə bilər. Bu zaman ən böyük maneələrdən biri, nüfuzlu sayılan siyasi və elmi dairələrin ehkam halına gəlmiş təsəvvürlərinə qarşı olmaqdan ibarətdir.
Heydər Əliyev bu aspektdə nümunədir. Ulu öndər milli, regional və qlobal miqyasda keçən əsrin son onilliyi üçün, demək olar ki, ehkam halını almış təsəvvürləri darmadağın etdi. Güclü dövlət konseptini eksklüziv olaraq həyata keçirməklə siyasi və geosiyasi proqnozlaşdırmada öndə olduğunu sübut elədi. Yuxarıda Qərb politoloji fikrinin təzadları kontekstində apardığımız qısa müqayisələr bu məsələdə Heydər Əliyevin dövlət xadimi kimi yüksək təhlil və proqnozlaşdırma potensialından xəbər verir. Deməli, siyasi proqnozlaşdırmada liderin biliyi, təcrübəsi və iradi qətiyyəti vəhdət halında ilk sıradadır.
Yuxarıdakı müqayisə əsasında siyasi proqnozlaşdırmanın digər aspekti kimi liderin hər tarixi situasiyanı obyektiv, dərindən və milli maraqlar kontekstində dərk etməsinin zəruriliyini qəbul edə bilərik. Liderlik təlimlərində liderin situasiyanın məntiqini dərk etməsi ciddi yer tutur. Hətta, bununla bağlı XX əsrdə liderologiyada situativlik nəzəriyyəsi formalaşmışdır. Bu nəzəriyyə daxilində “situasion liderlik modeli” (Pol Hersi və Ken Blanşar) formalaşdırılmışdır. Həmin modelə əsasən, hər bir uğurlu lider situasiyanın şərtlərinə uyğun fəaliyyət göstərməlidir. Bunun isə iki tərəfi vardır – birincisi, liderin şəxsi keyfiyyətləri, ikincisi, liderin ətraf mühitlə uğurlu kommunikasiya qurmaq bacarığı. Bu iki tərəf real sintez edildikdə lider konkret situasiyada uğurlu ola bilər.
Buradan belə nəticə ala bilərik ki, geniş miqyasda liderin bilik, bacarıq, təcrübəsini konkret tarixi situasiyanı dərindən və obyektiv dərk etmək əsasında əyaniləşdirməsi olduqca vacib keyfiyyətdir. Onun reallaşmasında isə siyasi proqnozlaşdırmanın (o cümlədən, strateji öncəgörmənin) rolu ayrıdır.
Nəhayət, üçüncü aspekt. Geosiyasi və siyasi proqnozlaşdırmada dünya miqyasında dəyişmə mənzərəsini lider görə bilməlidir. XXI əsr üçün bunun nə dərəcədə çətin olduğunu bəlkə də sübut etməyə ehtiyac qalmamışdır. Çünki çox sayda fəlsəfi, siyasi, geosiyasi, hüquqi, iqtisadi və s. araşdırmalarda dövrün xarakteristikası verilmişdir. Bizi maraqlandıran lider–siyasi proqnozlaşdırma kontekstində isə başlıca məqam konkret tarixi mərhələdə liderin proqnostik fikirləri və praktiki davranışlarının məntiqidir. Bu məqalədə postmüharibə dövrü bizi Prezident İlham Əliyevin uğurlu liderliyi fonunda məhz həmin aspektdə maraqlandırır.
Fikirlərimizə davam etmək üçün öncə onu vurğulayaq ki, postmüharibə dövründə İlham Əliyevin uğurlu lider kimi proqnozlaşdırma qüdrətini vurğuladığımız üç aspektin kəsişmə “sahəsi”ndə araşdırmağa çalışacağıq. Bunun üçün isə siyasi proqnozlaşdırmanın metodoloji bazasında xüsusi yeri olan bir faktora nəzər salmaq lazım gəlir. Biz, “siyasi diaqnostika” anlayışını nəzərdə tuturuq. Çünki təcrübə göstərdi ki, Prezident İlham Əliyev II Qarabağ savaşına qədərki dövrün dəqiq siyasi diaqnostikasını müəyyən etmişdir. Ona görə də postmüharibə dövründə siyasi diaqnostikanın başlıca məqamlarını anlamamız üçün öncəki tarixi mərhələnin bir sıra geosiyasi və siyasi özəlliklərinə baxmalıyıq.
(ardı var)
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru