İqlim dəyişmələri və kolonializm – Azərbaycanın COP29 gündəliyi

post-img

İqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaq... Prezident İlham Əliyev bu fikri Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli  29-cu toplantının iştirakçılarına müraciətində bildirib. 

Dövlətimizin başçısı, həmişə olduğu kimi, yenə də son dərəcə vacib məsələyə diqqət yetirib. Çünki XXI əsrdə kölə rəftarının, müstəmləkəçi təfəkkürün mövcudluğu bəşəriyyət üçün böyük təhdiddir. Belə münasibət, əlbəttə ki, iqlim məsələlərini də arxa plana atır. 

Təsəvvür edin ki, hazırda müxtəlif beyin institutları hesablamalar aparır və iqlim dəyişiklikləri səbəbindən 30, 50, 100 ildən sonra Yer üzündəki həyatın necə olacağı barədə gündəm formalaşdırır, bədbin proqnozlar verirlər. Ancaq mövcud istiqamətdəki təcrübi biliklər real iş müstəvisində özünü ya göstərmir, ya da çox zəif göstərir. Sanki müəyyən dövlətlər gələcək düzəni deyil, yalnız indini düşünürlər. Elə müstəmləkəçilikdən əl çəkməmək də bunun nəticəsidir. 

Müstəmləkəçilikdən əl çəkməyənlər kimlərdir? Başlıca olaraq Fransa, o cümlədən, Niderland. O ölkələr ki, dünyanın ayrı-ayrı məmləkətlərinə bəşəri dəyər və prinsiplərlə bağlı dərs verməyə qalxırlar, insan hüquq və azadlığının fundamentallığından dəm vururlar. Ancaq, nədənsə, özləri həmin fundamentallığı polis dəyənək və çəkmələrinin altında əzərək həqarətlərindən qalmırlar. XXI əsrdə Orta əsrlər dövrünün kolonial sistemlərini qoruyub saxlayırlar. Bununla bağlı müqavimət göstərir və elə rəy formalaşdırırlar ki, sanki hansısa mütərəqqi ənənənin sıradan çıxmasına qarşıdırlar. Əslində isə əldən buraxmaq istəmədikləri istismar etdikləri ərazilərdir. O ərazilər ki, insan orqanizmi üçün, ətraf mühit baxımından bütün çirkli və zərərli işlərini onlar üzərindən reallaşdırırlar. Söhbət həm də insanlıq əleyhinə cinayətlərə yol açan işlərdən gedir. 

Bəli, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Ölkənin indinin özündə də fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici və rüsvayçı səhifələrindən biridir. Nəzərə alaq ki, tarixin müxtəlif dövrlərində milyonlarla afrikalı həmin siyasətin qurbanı olub. Dünyanın ­ədalətsizlyinə də baxın ki, hazırda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, insanlığın taleyi ilə bağlı qərar verən statusundadır. 

Rəsmi Paris mövcud yüksək statusundan sui-istifadə edir, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Həmçinin zorakılıqla da. Yeri gəlmişkən, haqqında söz açdığımız mövzu Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə bu günlərdə Nyu-Yorkda keçirilmiş və kolonializmə qarşı mübarizəyə həsr olunmuş tədbirdə də müzakirəyə çıxarıldı. Toplantıda Fransa və Niderlandın müstəmləkə altında saxladıqları ərazilərdən təmsilçilər, habelə Korsika, Fransa Qvianası, Qvadelupe, Martinik, Maohi Nui (Fransa Polineziyası), Kanaki (Yeni Kaledoniya), müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar,   kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqların nümayəndələri bildirdilər ki, Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə məhəl qoymur, neokolonializm siyasətini davam etdirir. Ən əsası isə bu çirkin siyasət nəticəsində yalnız xalqların müstəqillik və suverenlik hüquqları məhdudlaşdırılmayıb, həm də onların malik olduqları yeraltı və yerüstü sərvətlər amansızcasına talan edilib. Elə buna görə də Azərbaycan Prezidenti məsələnin COP29 çərçivəsində müzakirəsini mühüm prioritet elan edir. 

Qeyd edək ki, bu gün BMT-nin Nyu-Yorkdakı Mənzil Qərargahında Bakı Təşəbbüs Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında Bəyannaməsinin icrası ilə bağlı yaradılmış xüsusi komitənin – C24-ün illik iclası çərçivəsində "Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu" adlı konfransı da keçiriləcək. Göründüyü kimi, dövlətimiz məsələyə fundamental yanaşır. Heç şübhəsiz, fundamentallıq özünü digər yüksək miqyaslı tədbirlərdə də göstərəcək. Başlıca vəzifə isə ona hesablanıb ki, dünya üzrə aparılan kolonializm siyasətinin fəsadları müxtəlif aspektlərdən dəyərləndirilsin. Azərbaycan öz tərəfindən məsələyə böyük önəm verir. Təsadüfi deyil ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə dekolonizasiya prosesi ilə mübarizəyə müstəsna dividendlər qazandırıb. Əlbəttə, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparılması və təşkilatlanma son dərəcə vacibdir. Əslində, Azərbaycan Prezidentinin COP29-la bağlı müəyyənləşdiriyi gündəlik də bu baxımdan xüsusilə əhəmiyyətlidir. 

Habelə, Korsikada, Fransa Qvianasında, Qvadelupedə, Martinikdə, Maohi Nuidə və digər Fransa müstəmləkələrindəki vəziyyətə dair gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması üçün çağırışlar da səsləndirilməlidir. Hesab edirik ki, bu baxımdan da Azərbaycanın COP29-a sədrliyi mühüm nəticələr verəcək. Bir daha bildirək ki, qlobal iqlim fəlakətlərini doğuran cəhətlərin kökündə qeyri-insani rəftarın özü dayanır. Belə yarıtmaz təfəkkürə son qoyulmalıdır. Azərbaycanın prinsipial mövqeyi bundan ibarətdir. 

Ə.RÜSTƏMOV
XQ

 



Siyasət