Nikol Paşinyanın Aleksandr Lukaşenko qınağı

post-img

Yaxud erməni baş nazirin 44 günlük müharibə ilə bağlı ittihamları

Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə səsləndirdiyi fikirlərin Ermənistanda böyük əks-səda doğurduğu məlumdur. İrəvandakı revanşist-şovinist kəsim ilə yanaşı, iqtidar təmsilçilərinin və onlara yaxın ekspert cameəsinin Belarus liderini hədəfə götürdüyü də həmçinin. Belələrinin sırasına baş nazir Nikol Paşinyan da qoşuldu. Nikolun nə dediklərinə diqqət yetirəcəyik. Eyni zamanda, ona verilən cavablara və digər məqamlara nəzər salacağıq. Hələlik isə cənab Lukaşenko nədən danışmışdı? 

Prezident Lukaşenko demişdi:

“Mən bir daha düşündüm və mühari­bədən əvvəl, Sizin azadlıq müharibəniz­dən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqla­rı dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq lazımdır, onların bəzilə­ri şəhərdə anadan olub, problemlər ola bilər və sair. Qələbə çaldınız və onu qo­ruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir”.

Yeri gəlmişkən, Ermənistanın baş nazirinin, eləcə də Cənubi Qafqazda maraqlı olan qüvvələrin menyusuna Belarus liderinin Bakıdakı fikirlərinin birini də əlavə edək. Əlavə edək ki, cənab Lukaşenkonun ustalıqla təsvir etdiyi mənzərə daha aydın görünsün: “Bəli, biz regionlarımızda təhlükəsizlik məsələlərini müzakirə etmişik. İlham Heydər oğlu burada baş verənlər­lə bağlı mənə ətraflı məlumat verdi, qeyri-sabit regiondur, Allaha şükürlər olsun ki, burada Azərbaycanın timsa­lında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nə­zarətdə saxlamağa qadirsiniz. Bu, ar­tıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də, bu, Sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Za­man Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”.

***

Əlqərəz, N.Paşinyan Milli Assamb­leyadakı hökumət saatında çıxış edib və Belarus Prezidentinin söylədiklərinə münasibət bildirərkən deyib ki, Ermə­nistana qarşı 44 günlük müharibənin hazırlanmasında Kollektiv Təhlükəsiz­lik Müqaviləsi Təşkilatının ən azı iki üzvü iştirak edib. “Mən KTMT-yə üzv olan ən azı iki ölkəni tanıyıram ki, onlar bizə qarşı müharibənin hazırlanmasın­da iştirak ediblər. Bu ölkələr təbii olaraq bizə, guya, kömək göstərdikləri ilə bağlı imitasiya yolu tutdular. Amma bir daha demək istəyirəm ki, müharibə heç də Qarabağa görə deyildi. Çünki mən İs­tintaq Komissiyasında göstərmişəm ki, onlar Qarabağ məsələsini özləri üçün çoxdan bağlayıblar. Həmin müharibə­nin məqsədi Ermənistan Respublikası adlı müstəqil dövlətin olmaması idi”, – deyən erməni baş nazir A.Lukaşen­konun ictimai qaydada fikirlərini açıqla­masından sevindiyini də dilə gətirib. Ni­kolun sözlərindən belə çıxıb ki, rəhbəri olduğu hökumətin məqsədi Ermənista­nı əzmək istəyənləri üzə çıxarmaqdır və mövcud istiqamətdə iş aparılır. O, bir qədər də atmacalı şəkildə bunları vurğulayıb: “Bu cəhdlər davam edə­cək. Hələ də bu barədə ictimaiyyətə danışmasına ehtiyac duyulan insanlar var”.

Paşinyan ardınca özünün konspri­oloji dünyagörüşünü işə salıb. O, Er­mənistanın dövlətçiliyinə qəsd cəhdlə­rinini sadalayıb və bildirib ki, hücumlar 2020-ci il noyabrın 9-da və ondan son­ra, eləcə də 2021-ci ilin mayında Milli Assambleya və hökumətin buraxılması ilə uğursuzluğa düçar olub. Həmçinin, bu cəhdlər 2022-ci ilin və 2023-cü ilin sentyabr aylarında uğursuzluqla nə­ticələndi. Nəhayət: “2024-cü il mayın 9-da cəhd edildi, amma yenidən iş­ləmədi və işləməyəcək. O cümlədən, tənqid etdikləri delimitasiya prosesinə görə. Delimitasiya prosesi ilə biz 2024-cü il mayın 9-da baş vermiş hadisələr­lə paralel olaraq, bir çoxlarını sərhəd toqquşmalarını qızışdırmaq imkanın­dan məhrum saldıq”. 

Erməni baş nazir, həmçinin 2022-ci ildə ölkə tribunasından səsləndirdiyi qənaətini xatırladıb. Onun sözlərinə görə, əgər yaxın bir-iki ildə Ermənis­tanın dövlətçiliyini qoruyub saxlamaq mümkün olarsa, 50-100 il ərzində onun mövcudluğuna təminat yarana­caq. “Delimitasiya prosesinə gəlincə, dediklərim mübaliğə kimi görünə bilər. Lakin biz problemi 60 faiz həll etmişik. Hay-küylü insanlar vətəndaşlar arasın­da şüurun kök salmasının qarşısını al­maq məqsədi daşıyırlar. Biz isə bu gün Kirantsda, Voskeparda, Berkaberdə dövlətimizin təməl daşlarını qoyuruq. Onun üzərində dövlət, təhlükəsizlik, azadlıq, xoşbəxtlik qurulacaq”, – deyə Paşinyan fikrini tamamlayıb.

***

Əlbəttə, Ermənistan baş nazirinin ucuz populizm notlu çıxışında səslən­miş fikirlərin hədəfi məlumdur. O, ilk baxışdan, Prezident Lukaşenkoya fo­kuslanır, Belarus liderinin adını çəkir. Amma, necə deyərlər, ayının min oyu­nu bir armudun başındadır. Paşinyan, əslində, Ermənistanın Rusiyaya əks xəttini yenidən gündəmə gətirir. Möv­cud xüsusdakı açıq və ənənəvi ittiham ünvanı isə KTMT-dir. Yəni, Nikol ha­zırda anti-Rusiya məntiqi çərçivəsində Ermənistanın anti-KTMT kursunu də­rinləşdirməklə məşğuldur. 

Paşinyan ölkəsinin 44 günlük müha­ribədəki məğlubiyyətinə səbəb olmuş dövlətlərin, belə demək mümkünsə, faş ediləcəyindən danışırsa, buna Rusiya tərəfindən də təpkilərin formalaşması mütləqdir və formalaşır da. Nikolu sərt tənqidə məruz qoyanların başında isə qatı ermənipərəst mövqeyi ilə seçilən, Rusiya Dövlət Dumasının MDB işləri və Avrasiya inteqrasiyası üzrə komitə­sinin sədr müavini Konstantin Zatulin dayanır. Zatulin Paşinyanın haqqında söz açdığımız nitqindəki fikirlərini yal­nız tənqid etməyib. O, Nikola, sözün əsl mənasında, təhqir yağdırıb, erməni hökumət rəhbərini “yalançı” və “əclaf” adlandırıb: “Paşinyan yalançı və əclaf­dır. Erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışır. O, sələflərinin və bütün erməni xalqının uzun illər mü­barizə apardığı hər şeyi uğursuzluğa düçar etmiş və itirmişdir”, – deyə vur­ğulayıb. Zatulin Paşinyanın Ermənis­tan parlamentindəki son çıxışında Be­larusla yanaşı, Rusiyanı da 44 günlük müharibədəki məğlubiyyət səbəbindən qınadığını deyib. 

Qeyd edək ki, Paşinyanın Qara­bağ məsələsindəki mövqeyinə görə KTMT-ni ittiham ritorikası 2022-ci il­dən start götürüb. O, həmin ilin no­yabrında qurumun Dövlət Başçıları Şurasının İrəvanda keçirilmiş və Ru­siya Prezidenti Vladimir Putinin də qatıldığı toplantısında bildirmişdi ki, KTMT ölkəsinin 2020 və 2021-ci illərdə “Azərbaycan qoşunlarının Ermənistan ərazisinə təcavüzü zamanı” yardımla bağlı müraciətlərinə cavab verməyib, 2022-ci ilin sentyabrında Azərbaycan­la sərhəddə baş vermiş silahlı toqquş­malarla əlaqadar İrəvanın irəli sürdüyü məsələlərə əhəmiyyətsiz yanaşıb. 

Məlumdur ki. 2020-ci ildən indiyə­dək Nikolun komandasındakı ayrı-ayrı şəxslər də Ermənistanda anti-KTMT xəttinin dərinləşməsində fəal rol oyna­yıblar. Nəhayət, 2024-cü ilin fevralında Paşinyan bildirib ki, KTMT öhdəliklərini yerinə yetirməsə, Ermənistan ona üzv­lüyünü donduracaq. Dondurmanın ma­hiyyətinə gəldikdə, baş nazirin fikrincə, bu, ölkənin alyansda daimi nümayən­dəsinin olmaması və təşkilatın yüksək səviyyəli tədbirlərində iştirakdan imtina məntiqinə söykənir. 

Yeri gəlmişkən, Paşinyan mart ayında da KTMT-ni ittiham predmetinə çevirməsi ilə yadda qalmışdı. O bil­dirmişdi ki, təşkilat İrəvanın qaldırdığı suallara cavab verməsə, Ermənistan ondan ayrılacaq. Baş nazirin sözlərinə görə, KTMT Ermənistanı Azərbaycan­la sərhəddə sülhməramlılar yerləşdir­məyə hazır olduğuna əmin edib, lakin respublikadakı məsuliyyət sahəsini göstərmədiyindən, həmin sahənin ha­rada yerləşdiyinə cavab verməlidir: “Əgər KTMT bu suala cavab versə və cavab bizim ideyalarımıza uyğun gəl­sə, bu, Ermənistanla KTMT arasındakı məsələlərin bütün nəticələrlə həll olun­duğu anlamı daşıyacaq. Əks halda, Er­mənistan qurumdan çıxacaq. Nə vaxt deyə bilmərəm”.

Onu da vurğulayaq ki, KTMT-dən İrəvanın sualına cavab olaraq bildi­rilmişdi ki, təşkilatın Ermənistandakı məsuliyyət zonası ölkənin nizamlan­mış dövlət sərhədləri çərçivəsindəki suveren əraziləridir. Məlumdur ki, bu ərazilər yoxdur. Çünki Azərbaycanla Ermənistan arasında hazırda start gö­türmüş delimitasiya və demarkasiya proseslərinə mart ayında hələ başlanıl­mamışdı. 

Atmacalı ritorikasına sadiq qalan Paşinyan daha sonra Ermənistan ha­kimiyyətinin KTMT-də iştirakın məqsə­dəuyğunluğu ilə maraqlandığını demiş­di. Onun sözlərinə görə, təşkilat üzv ölkələrin ümid edə biləcəyi mexanizm funksiyasını öz üzərinə götürməyib: “Ermənistan cəmiyyətini maraqlandırır ki, niyə ölkə hələ də KTMT-nin üzvü olaraq qalır. Açığını deyim ki, suala ca­vabım yoxdur”.

Bir məqamı da diqqətə çatdıraq ki, Paşinyanın ardınca Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da KTMT-yə qarşı çıxmışdı. O da öz növ­bəsində qurumun mexanizmlərinə “iliş­mişdi”: “KTMT hərbi-siyasi birlikdir və artıq qeyd etdiyim kimi, üzv dövlətlərin sərhədlərini qorumaq üçün yaradılıb. Biz hələ də KTMT-nin üzvüyük. Lakin çalışmalıyıq ki, müəyyən edilmiş bütün mexanizmlər işləsin və buna ehtiyac var”.

Onu da bildirək ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyə­tinin KTMT-ni əsassız ictimai tənqid­lərə məruz qoymasından təəssüfünü açıqlayıb. Qurumun rəsmi nümayən­dəsi Mariya Zaxarova qeyd edib ki, KTMT öz nizamnaməsinin məqsəd və prinsiplərinə tam uyğun şəkildə Ermə­nistan qarşısında bütün öhdəliklərini yerinə yetirib. Öhdəliklərdən söz düş­müşkən, bu ay məlum oldu ki, rəsmi İrəvan qurumun maliyyələşdirilməsin­də və 2024-cü il büdcəsinin təsdiqində iştirakdan boyun qaçırıb. KTMT-dən Ermənistanın qərarından xəbərdar ol­duqlarını, lakin qərarın ölkənin birliyə üzvlüyünü dayandırması anlamına gəl­mədiyini vurğulayıblar.

***

Əlbəttə, N.Paşinyanın hər bir fik­rindəki manipulyativ tonu görmək mümkündür. Həmin tonun müxtəlif elementləri gözə dəysə də, hamısına nəzər salmağa ehtiyac duymur, son­da onun parlamentdə dilə gətirdiyi bir məqamın üzərində dayanırıq. Nikol 44 günlük müharibənin Ermənistan adlı müstəqil dövlətin varlığına son qoy­maq məqsədi daşıdığını bildirib. O za­man sual yaranır: müharibəni başlayan kim idi? Əlbəttə, Ermənistan! Paşinyan Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verib, Şuşanın Cıdır düzündə sərxoşluq etməsəy­di, Azərbaycanla danışıqlar prosesini pozduğunu nümayişə çıxarmasaydı, konstruktiv mövqe tutsaydı, savaş baş verməyəcəkdi. Görəsən, baş nazir nə üçün o zaman Ermənistan dövlətçili­yinin məhvi perspektivini fikirləşmirdi? Səbəb sadədir. Bu adam elə bilirdi ki, Qərbdəki ağaları ona kömək göstərə­cəklər. Düşünürdü ki, demoktarik Er­mənistanın “avtoritar Azərbaycana” qarşı haqsız davası beynəlxalq ictima­iyyət tərəfindən dəstəklənəcək. Özünü demokratiyanın qladiatoru sayırdı. 

Dünya “qladiatorun” və ölkəsinin hansı acınacaqlı aqibətlə üzləşdiyini yalnız seyr etməklə, yalançı, heç bir nəticəsi olmayan bəyanatlar səslən­dirməklə kifayətləndi. Bu yerdə yadı­mıza bir lətifə düşür. Həmin lətifədə təyyarədə siqaret çəkən ayıya bunun yolverilməzliyini başa sala bilmirlər. Nə deyirlərsə, ayı “yaxşı edirəm” deyərək bozarır. Axırda təyyarə qəzaya uğrayır və göydə uçan qarğa yerə doğru yu­marlanmaqda olan ayıdan uça bilib-bil­mədiyini soruşur. Burada ayının “yox” cavabı deyil, qarğanın ayıya dediyi söz maraqlıdır: uça bilmirdinsə, niyə siqa­ret çəkirdin? 

Paşinyan, obrazlı desək, “uça bil­mir, amma siqaret çəkməyindən də” qalmır. Bu adamın Prezident Luka­şenkoya cavabında gündəmə gətirdiyi anti-Rusiya xətti və həmin xəttin tərkib hissəsi olan anti-KTMT ritorikasındakı məntiq də bunu deməyə əsas verir. Deməli, qalır Ermənistan adlı təyyarə­nin qəzaya uğraması. Ancaq qəzadan qurtulmaq üçün Nikolun bir şansı var ki, o da Azərbaycanla danışıqların ha­zırkı axarına kölgə salmamaq, ötən müddətdə həyata keçirdiyi manipulya­tiv yanaşmadan uzaq durmaq. Uzaq duracaqmı, bunu zaman göstərəcək. Nəzərə alaq ki, delimitasiya və demar­kasiya prosesi yeni başlayıb. Hər şe­yin qaydasında getməsi üçün erməni iqtidarı gərək A.Lukaşenkonun Azər­baycanın Qafqazın lideri olmasına dair fikirlərini də qulağında sırğa eləsin. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət