Mayın 23-də Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti, Regional İnkişaf İctimai Birliyi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb. “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş və “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusunda təşkil olunan bu ilki konfrans mayın 26-dək davam edəcək.
Rəsmi açılışda iştirakçıları salamlayan UNEC rektoru professor Ədalət Muradov beynəlxalq konfransda 39 ölkədən 374 tədqiqatçının iştirak edəcəyini və 42 sessiyada 245 tədqiqat işinin məruzə olunacağını bildirib. Ə.Muradov UNEC-in elmi fəaliyyəti və əldə olunan nəticələr barədə metrik göstəriciləri iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, “Scopus” bazasında indekslənən elmi əsərlərin 97 faizi, istinad sayının 99 faizi, xarici müəllifli elmi əsərlərin 99 faizi, “Web of Science” bazasında indekslənən elmi əsərlərin 90 faizi, istinad sayının 93 faizi, xarici müəllifli elmi əsərlərin 87 faizi məhz 2014-2024-cü illərin payına düşür. Ə.Muradov “Scimago”da dünya universitetlərinin reytinqinə əsasən, UNEC-in 2023-cü ildə Azərbaycan üzrə 1-ci yerdə qərarlaşdığını vurğulayıb. Q1 kvartilli jurnallarda dərc olunan məqalələrin sayına görə UNEC-in ölkədə lider olduğunu diqqətə çatdırıb.
Elm və təhsil naziri Emin Əmrullayev UNEC tərəfindən ənənəvi olaraq, hər il keçirilən ISCEMR konfransının ölkədə təhsilin və elmin inkişafına təkan verdiyini bildirib. UNEC-də elmi fəaliyyətin artan dinamikasını yüksək qiymətləndirən nazir, Dövlət Proqramı ilə xaricdə təhsil alan gənclərin sayına görə UNEC-in xüsusi olaraq fərqləndiyini deyib.
Türkiyənin Rəqabət Qurumunun rəhbəri Birol Küle iqtisadiyyatların dayanıqlılığının təmin edilməsi məqsədilə ölkələr arasında əməkdaşlığın əhəmiyyətindən danışıb.
RİİB-in təhsil və ekoloji layihələr üzrə koordinatoru Simuzər Fərəczadə iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, keyfiyyətli ətraf mühitin formalaşması, yaşıl iqtisadiyyata transformasiya və bu istiqamətdə digər sahələr üzrə görülən işlərdən söz açıb.
Açılış nitqlərindən sonra çıxış edənlərə plaketlər təqdim olunub. Konfrans “Azərbaycan universitetlərində dayanıqlı inkişaf: bərpa olunan enerji və iqlim”, “Gələcəyi istiqamətləndirmək: Dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər” adlı panel sessiyalarla davam edib.
XQ