Hər dəfə Ümummilli lider Heydər Əliyev haqqında düşünəndə iftixar hissi keçirirəm ki, mən də bu nadir tarixi şəxsiyyətin soydaşıyam. Ulu öndərin ölkəyə rəhbərliyinin hər iki dövründə onun titanik fəaliyyətini izləmək, adı və əməlləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu dahi insanın xalqımız qarşısında, dövlətçiliyimizin dirçəldilməsi və möhkəmləndirilməsində misilsiz xidmətlərinin şahidi olmaq kimi xoşbəxtliyi mən də yaşamışam.
Heydər Əliyevin həyat yolu və fəaliyyəti Azərbaycan tarixində böyük hadisə, bütöv bir epoxadır. Lakin yaxın keçmişə nəzər salmadan bu epoxanı dərk etmək, Ulu öndərin öz xalqının gələcəyi naminə həyata keçirdiyi möhtəşəm işləri təsəvvür etmək çətindir. Bu baxımdan möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi böyük əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentimizin sərəncamı hamının ürəyindən oldu. Bu, bizə imkan verdi ki, ağır vaxtlarda ölkəmizin taleyinə cavabdehlik missiyasını şərəflə, sədaqətlə yerinə yetirən müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, həyat yolu ölkəmizin çağdaş siyasin tarixi ilə ortaqlaşmış Heydər Əliyevin gördüyü möhtəşəm işlərin miqyasına bir daha nəzər salaq.
İl boyu davam edən yubiley ab-havasında ziyalılar, qələm sahibləri, elm adamları, Ulu öndərin sədaqətli silahdaşları, rəhbərliyi altında işləmiş ağsaqqallar, bir daha bu dahi şəxsiyyət haqqında qədirşünaslıq əlaməti olaraq söz demək, məqalələr, kitablar, monoqrafiyalar yazmaq imkanı əldə etdilər. Bir daha aydın oldu: Heydər Əliyev elə bir sahilsiz ümman, elə bir möhtəşəm abidədir ki, onun miqyası, çəkisi, önəmi zaman keçdikcə daha yaxından görünəcək, daha dərindən dərk ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyasında Ulu öndərin 100 illiyinə həsr olunmuş Elm günündə söylənənlər zamanın Heydər Əliyev dühasına qiymətinin yeni bir səhifəsi kimi yaddaşlarda qaldı. Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli həmin gün dərin məzmunlu məruzə etdi. Akademiklərdən geoloq alim Akif Əlizadə, heykəltaraş Eldar Ömərov, Respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleyman Ulu öndərin gördüyü misilsiz işlərdən, Prezident İlham Əliyevin Ümummilli liderin kursunu sədaqətlə davam etdirməsinin uğurlu nəticələrindən məhəbbətlə danışdılar.
Toy-bayrama çevrilən Elm günündə bir çox alimlərimizin, xüsusən də akademiklərin “Heydər Əliyev – 100” medalı və başqa nominasiyalar üzrə təltif olunması mərasimə ikiqat təntənə gətirdi. Mən isə əsərlərinə ən çox istinad edilən alim kimi “İstinadda rekord” diplomu ilə təltif olundum. “Heydər Əliyev İli”ndə mükafat almağıma sevinirəm. Az adam bilir ki, Ulu öndər mənim də taleyimdə müstəsna rol oynayıb. Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsində IV kurs tələbəsi olarkən xaricdə tərcüməçi işləmək üçün sənəd hazırlamışdım. İkinci Dünya müharibəsi vaxtı atam neytral dövlət olan İsveçrəyə gedib çıxmışdı. O, əsir düşməmişdi, bununla belə, sovet quruluşunun belə hallara qarşı amansızlığını göz önünə gətirəndə şansımın az olduğunu düşünürdüm.
On iki il Ulu öndərin rəhbərliyi altında işləmiş general və gözəl yazıçı Yasif Nəsirli şahidlik edir ki, Heydər Əliyev mənim həmin sənədlərimi diqqətlə oxuyub imza atdı və dedi: “Gəncdir, qoy getsin, inkişaf etsin”.
Ümummilli liderin şəxsiyyətinə və gördüyü möhtəşəm işlərə dərin hörmət və sonsuz məhəbbətimi əvvəllər də, “Heydər Əliyev İli”ndə də etdiyim məruzələr, yazdığım çoxsaylı məqalələr və Ulu öndər epoxasına, İlham Əliyevin liderliyinə həsr etdiyim, akademik İsa Həbibbəylinin “Xilaskardan xilaskara” adlı ön sözü ilə çap olunan “Xilaskarlar” kitabımda göstərməyə çalışmışam. Mətbuatda yüksək qiymətləndirilən, Milli Kitabxanada təqdimatı keçirilən “Xilaskarlar” kitabım 2022-ci ildə Tehranda “Naqus” nəşriyyatında da çap edildi.
“Heydər Əliyev İli”ndə Ulu öndər haqqında Tovuz rayon ziyalıları və fəalları qarşısında, AMEA-nın Ədəbiyyat İnstitutunda, BDU-nun Ümummilli liderə həsr olunan yığıncağında, BDU-nun informasiya və sənət menecmenti fakültəsində, Azərbaycan Universitetində, Məhkəmə Ekspertiza Mərkəzində, Milli Kitabxanada, Yazıçılar Birliyində və başqa mötəbər müəssisələrdə məruzələrlə çıxış etmişəm. AMEA-da akademiyanın müxbir üzvü, professor Misir Mərdanovun “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimatında da məruzə etmişəm.
“Heydər Əliyev İli”ndə Yazıçılar Birliyinin hazırladığı, Azərbaycanda və Türkiyədə çap olunan “Ədəbi ömrün yüz ili” və “Azərbaycan reallığında Heydər Əliyev epoxası” kitablarında məqalələrim çap olunub. Bundan əlavə, professor Misir Mərdanovun “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabım haqqında mətbuatda “İbrətamiz və bənzərsiz əsər” adlı məqaləm, “Heydər Əliyev və İlham Əliyev Nostradamusun görücülüyündə” adlı yazım işıq üzü görüb. Ümummilli lider haqqında yazılarımı indi də davam etdirirəm. “Ulu öndər və unudulmaz xatirələr” məqaləm çap olunub.
Ulu öndərlə bağlı xatirələrim çoxdur. Əsasən də doğma kəndim Düzqırıxlıda (Tovuz rayonu) keçən əsrin 70-ci illərində Ulu öndərin 3 dəfə (1975, 1977, 1980) respublika üzümçülərinin zona müşavirəsini keçirərkən baş verən maraqlı hadisələr barədə “Xilaskarlar” kitabımda ətraflı söhbət açmışam. Onu da deyim ki, Ulu öndər yeni bir üzüm sortunu bizim kənddə Xəlfəqulu oğlu Abbasın sahəsində əkmişdi. Ümummilli lider Abbas kişinin bol məhsullu üzüm sahəsində olarkən demişdi: “Ağsaqqal, biz Bakıdan gəlmişik, nəyə ehtiyacın var, arzun nədir?”
Abbas kişi demişdi: “Qadan alım, heç nəyə ehtiyacım yoxdur. Arzum isə odur ki, gedək qonağım ol, beş-altı toğlum var, birini kəsim. Siz gedəndən sonra qürrələnim ki, böyük bir adam qonağım olub”.
Heydər Əliyev ürəkdən gülərək söyləmişdi: “Bizim böyük olduğumuzu haradan bildin?”. Cavab belə olmuşdu: “Qadan alım, bunu bilməyə nə var ki? Yaşım 70-dən yuxarıdır, ömrümdə bir kişinin başına bu qədər adam yığışdığını görməmişəm”.
Ulu öndər yenə ürəkdən gülmüş və demişdi: “İndi tələsirik. Çalışaram, gələn dəfə qonağın olum”.
Kitabda əksini tapmayan ibrətamiz bir məsələdən də danışmaq istərdim. Ulu öndər yüksək vəzifədən kənarlaşandan sonra portretlərini hər yandan yığırdılar. Kiçik qardaşım Ələsgər müəllim Ulu öndərin portretlərini iki kənd orta məktəbindən, sovxoz və kənd soveti idarələrindən, xəstəxanadan, sənət məktəbindən, Heydər Əliyevin Respublika Üzümçülərinin Zona Müşavirəsini keçirdiyi klubdan yığaraq evinə gətirmişdi. Portretləri bir otağa yığmışdı. Özü də o otaqda yatırdı.
Maraqlıdır ki, Heydər Əliyev xalqın istəyi ilə yenidən hakimiyyətə gələndə həmin portretlər əvvəlki yerini bəzədi. Onu da deyim ki, nəslimizdə Ulu öndərə məhəbbət sahilsiz ümmana bənzəyir. Ələsgər müəllimin qızı, mərhum millət vəkili Qənirə Paşayeva belə bir mühitdə böyümüşdü.
Mənim də başıma heç vaxt unutmayacağım bir hadisə gəlib. BDU-nun tarix fakültəsində dərs deyirdim. Ağır vaxtlar idi. Ölkə çalxalanırdı. Milli-mənəvi dəyərlər tapdalanırdı. Bir gün 2 gənc tələbəm – Müşfiq və Elnur sual verdilər: “Müəllim ölkədəki vəziyyətdən nicat yolunu nədə görürsünüz?”.
Mən fikirləşmədən dedim: “Ölkəni bu vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər”. O vaxt Ulu öndər hələ Naxçıvanda idi. Bu qənaətimə görə məni təqib etdilər. Ünvanıma nalayiq sözlər yağdırdılar, düz bir ay dərsimi pozdular.
Ulu öndər yenidən hakimiyyətə gələndən sonra o adamlar gəlib üzr istədilər. Həqiqəti dərk etmişdilər.
Məni Ə.Vəzirovun vaxtında kafedra müdirliyindən, qardaşımı isə “cəbhəçi”lər hakimiyyətə gələndə məktəb direktorluğundan kənarlaşdırdılar. Biz ruhdan düşmədik. Fəxr etdik ki, bizi dahi şəxsiyyət Heydər Əliyevin adamı hesab edirlər.
Möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi alimlərimizin ilhamla, coşqunluqla yazıb-yaratmağına stimul oldu. Yubileyin səngiməyən dalğası Ulu öndərin anadan olmasının 101-ci ildönümü günlərinədək sonsuz sevgi-sayğılarla davam edir.
Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli builki Elm günündə 2023-cü ili “Heydər Əliyev İli” elan etdiyinə, 2 əsrdən artıq torpaqlarımızda kök salmış xəyanətkar ünsürlərin kökündən qopararaq yurdumuzdan kənara atdığına, xalqa inanılmaz sonsuz sevinc, xoşbəxtlik, gələcək nəsillərə dinc həyat bəxş etdiyinə görə möhtərəm Prezidentimizə dönə-dönə minnətdarlığını bildirməklə elm ictimaiyyətinin qənaət və mövqeyini dəqiq ifadə etdi. Ulu öndəri xalqımıza bəxş etmiş tarixi günün bu il də coşğu və qədirbilənliklə qeyd edilməsi xalqımızın öz əbədi liderinə sevgi və ehtiramının növbəti ifadəsidir.
Qəzənfər PAŞAYEV,
Əməkdar elm xadimi, professor