Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ötən il ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” Ulu öndərin canlı dövlətçilik strategiyası təşkil edən misilsiz irsinin öyrənilməsi və ondan istifadə prosesini yeni tarixi mərhələyə qaldırdı. Dünyanı heyran qoymuş böyük azərbaycanlının bənzərsiz ömür yolunun və titanik liderlik fəaliyyətinin tədqiqi və təbliği ilə bağlı görülən irimiqyaslı, vüsətli elmi-informativ işlərin dalğası zaman hüdudlarını aşaraq bu il də sonsuz sevgi-sayğı ilə davam edir.
Xalqımız və Azərbaycanın sadiq dostları dünya miqyaslı siyasətçi və dövlət xadiminin anadan olmasının 101-ci ildönümünü də qeyri-adi qədirbilənlik və dərin ehtiramla yad edir. Bütün dünyada nəhəng strateq və mahir taktik kimi qəbul edilən Heydər Əliyevin ictimai-siyasi, sosial-iqtisadi və ideya-mənəvi sferalarda xidmətləri zəmanəmizdə bəşəri əhəmiyyətli nadir fəaliyyət kimi dəyərləndirilir. Ulu öndərin dərin zəkası və misilsiz əməli fəaliyyəti ilə aşılanmış zəngin irsində onun iqtisadi inkişaf ilə bağlı nəzəri baxışları və vüsətli quruculuq xronikası da önəmli yer tutur. Bu konseptual mövzunun əhatə etdiyi novatorluq fəlsəfəsi Azərbaycanın çağdaş sosial-iqtisadi inkişafının nəzəri və əməli əsaslarını təşkil edir.
Ümummilli liderin ən layiqli davamçısı, sosial-iqtisadi inkişafda varisliyi ümummilli inkişaf amilinə çevirmiş Prezident İlham Əliyev bu qiymətli irsin həmişəyaşarlığını belə ifadə etmişdir: “Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın azadlığının əbədi, dönməz olmasında, iqtisadi potensialının güclənməsində, bölgədə və yer üzündə nüfuzunun artmasında onun müstəsna xidmətləri var. İndi bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu azad Azərbaycan yaşayacaqdır”.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu öndərin 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Heydər Əliyev öz ölkəsinin ali rəhbəri kimi var qüvvəsini və bacarığını həmişə Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı və icraçısı olmuşdur.
Yaxın keçmişə nəzər salsaq görərik ki, 1988–1993-cü illərdə Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar, cəbhədəki məğlubiyyətlər, ölkədəki anarxiya, xaos, vətəndaş müharibəsi təhlükəsi xalqı cana doydurmuş, sabaha inamı sarsıtmışdı. Belə bir təhlükənin və davam edən faciələrin qarşısını almaq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Xalqımız hər il həmin tarixi Milli Qurtuluş Günü kimi bayram edir.
Ümummilli lider xalqın tələbi ilə hakimiyyətə qayıdanda deyirdi: “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram”. O zaman Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində dağıdıcı proseslər dayandırıldı. Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi. Dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı. Bütün bunlar məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün oldu.
Xalqımızın dahi oğlu Heydər Əliyev tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə, dünya xalqlarının iqtisadi, mədəni yüksəlişinə, onların arasında mehriban münasibətlərin dərinləşməsinə sərf edirdi. Məhz Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək yolu dünyanın Şərqi ilə Qərbini yenidən birləşdirdi və bütün dünya dövlətlərinin inkişafına öz mühüm töhfəsini verdi.
Ümummilli lider Heydər Əliyev BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB və başqa beynəlxalq təşkilatların toplantılarında daim qlobal, bəşəri problemlərə öz orijinal baxışını ardıcıl və ucadan səsləndirirdi. Sözün həqiqi mənasında, bu böyük insanın amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etməkdən ibarət idi. Ulu öndər Heydər Əliyev indi bütün dünyada Azərbaycanın rəmzinə çevrilib. Məhz ona görə də böyük öndərimizin adı xalqımız tərəfindən həmişə dərin hörmət və ehtiramla anılır.
Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar milli sərvətlərinə sahib olmaq və ölkələrinin inkişafına yönəltmək imkanı qazanırlar. Dünyanın bir çox ölkəsi zəngin neft ehtiyatına malikdir. Lakin bu ölkələrin heç də hamısı həmin sərvətdən xalqın rifahı üçün lazımi səviyyədə istifadə edə bilmir. Ümummilli liderimiz Heydər Əliyev isə neft-qaz ehtiyatından əldə edilən gəliri xalqın rifahına yönəldə bildi.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın yeni neft strategiyası həyata keçirilməyə başlandı və ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmi ilbəil artdı. Keçmiş sovet respublikaları arasında Azərbaycan ilk dəfə Qərbin iri neft şirkətləri ilə belə irimiqyaslı saziş imzaladı və Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bununla da Prezident Heydər Əliyev o dövrdə növbəti dəfə böyük siyasi cəsarət, dönməz iradə, dəqiq iqtisadi hesablama və dərin müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft doktrinasını irəli sürdü.
“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsini və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi. Bu beynəlxalq əməkdaşlıq xarici investorların ölkəmizə axınını sürətləndirdi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin bağlanmasına güclü təkan verdi.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi isə ölkəmizdə istehsal edilmiş neftin dünya bazarına çıxarılmasında mühüm rol oynayır. Heydər Əliyev kəmərin təməlinin qoyulması mərasimindəki nitqində demişdi: “Bakı-Tbilisi- Ceyhan çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər”.
Alfred Nobelin XX əsrin əvvəllərində “Burada neft, qaz və siyasət çox sıx şəkildə bir-birinə qarışıb” – deyə xarakterizə etdiyi Azərbaycan artıq XX əsrin sonunda xalqın dahi oğlu Heydər Əliyevin dərin zəkasının və böyük zəhmətinin bəhrəsi olan inkişaf strategiyası nəticəsində sabitliyin və əmin-amanlığın hökm sürdüyü bir ölkə halına gətirdi. Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi. Azərbaycanın zəngin nefti və qazı Ulu öndərin müəyyən etdiyi geosiyasi xətt əsasında müstəqilliyimizin möhkəmlənməsinə, beynəlxalq nüfuzumuzun artmasına xidmət edir.
Respublikamızda istehsal edilən neft-qaz müstəqillik şəraitində xalqımızın güzəranının yaxşılaşmasında, onun ictimai-siyasi həyatında böyük rol oynaydı. Ulu öndər Heydər Əliyevin memarı olduğu neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində ölkəmizdə dinamik inkişafın təmin edilməsi, əhalinin rifahının yaxşılaşması, dünya təsərrufat sisteminə inteqrasiya əlaqələrinin güclənməsi mümkun oldu.
Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək Yolu dünyamızın Şərqi ilə Qərbini birləşdirdi və bütün dünya dövlətlərinin inkişafına öz mühüm töhfəsini verdi. Avropa və Asiya qitəsinin arasında yerləşən Azərbaycan tarixən qərblə şərq, cənubla şimal arasında “körpü” funksiyası daşıyıb. Tarixi İpək Yolunun bərpasına həsr edilən və Bakıda böyük təntənə ilə keçirilən beynəlxalq konfrans respublikamızın yenidən iki qitəni birləşdirən qovşağa çevrilməkdə olduğunu nümayiş etdirdi. İpək Yolunun üstündə yerləşən 33 ölkənin, 8 beynəlxalq təşkilatın nümayəndələri ölkəmizin paytaxtına toplaşmaqla Azərbaycanın beynəlxalq nüfuzunu bütün dünyada bir daha təsdiq etdilər.
Son 21 ildə bu siyasi kursun ardıcıl olaraq həyata keçirilməsi isə möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynayır. “Şahdəniz” yatağı ölkəmizi dünyanın potensial qaz ixracatçılarından birinə çevirmişdir. Azərbaycan Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişlənləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, Bakı- Tbilisi- Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, TRASEKA kimi nəhəng layihələrinin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, eləcə də dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycanda 1993-cü ildən başlayaraq əsası Heydər Əliyev tərəfindən qoyulan və həyata keçirilən enerji siyasəti çox maraqlı mərhələləri keçib. Qlobal layihə olan Cənub Qaz Dəhlizi uğurla gerçəkləşdirildi. TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və bu ölkədən Avropaya nəqlini təmin edir. Bu gün Avropa İttifaqının 9 ölkəsi Azərbaycan qazı alır. Bu ölkələrin sayı artır və tezliklə köhnə qitəyə Azərbaycan qazının illik ixracı 20 milyard kubmetrə çatacaq.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Onun icrasına 45 milyard dollardan çox sərmayə qoyulub. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu dərəcədə kapital qoyulması onun iqtisadi önəmi ilə yanaşı, siyasi və geosiyasi əhəmiyyətini də göstərir. Burada, şübhəsiz ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olmasına olan inam da mühüm rol oynayıb. Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir.
Cənub Qaz Dəhlizi, bütövlükdə, qlobal əməkdaşlığın enerji təhlükəsizliyinə verdiyi çox böyük töhfədir. Bu beynəlxalq kəmərin Yeni İpək yolu layihəsi ilə qarşılıqlı əlaqədə müsbət nəticələr verə biləcəyi şəksizdir. Prezident İlham Əliyev bu irimiqyaslı əməkdaşlığı belə qiymətləndirmişdir: “Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur”.
Azərbaycan iqtisadiyyatı müasir dövrdə, şaxələndirmə, başqa sözlə, diversifikasiyalaşdırılma dövrünü yaşayır. Prezident İlham Əliyevin təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə göstərilir ki, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və innovasiyalaşdırılmasında iki mühüm iqtisadi inkişaf istiqaməti-- milli istehsalçıların məhsullarına olan tələbatın daxili bazarda ciddi artırılmasının təmin olunması və xarici bazarların əldə edilməsi mühüm prioritet kimi qəbul olunmalıdır.
Bu baxımdan ölkənin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində əsas element kimi sənayenin, kənd təsərrüfatının, turizmin, İKT və s. sahələrin kompleks və sürətli inkişafı, ölkə iqtisadiyatının müxtəlif sektorlarının potensialından səmərəli istifadə olunması, yüksək standartlara cavab verən milli məhsulların və malların istehsal şəbəkəsinin genişləndirilməsi, ixracyönümlü malların çeşidinin artırılması və qeyri-neft ixracının coğrafiyasının şaxələndirilməsi həcminin yüksəldilməsi, yeni xarici əmtəə bazarlarına çıxışın təmin olunması vacib şərtlər kimi çıxış edir.
Hazırda iri enerji layihələrinin əksəriyyəti başa çatdırılıb və yaxud icra edilməkdədir. Artıq qeyri-neft sektorunda irihəcmli layihələr başlanılıb, ölkənin iqtisadi inkişafının neftdən asılılığının azaldılması prosesləri müşahidə olunur. Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir.
Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, ölkənin məşğul əhalisinin 40 faizdən çoxu kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Azərbaycanla sıx tərəfdaşlıq edən Asiya İnkişaf Bankı da kənd təsərrüfatı və turizmi ölkədə qeyri-neft sektorunun inkişafının aparıcı istiqamətləri hesab edir.
İndi Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif ölkələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib. Bu kapital çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub.
Prezident İlham Əliyev Azərbaycana rəhbərliyi dövrünə nəzər salarkən demişdir ki son 2 onillikdə iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır: “Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, iqtisadi rifah yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün zəmin yaradılmışdır”.
Müasir mərhələdə iqtisadi sahədə qarşıya qoyulan əsas vəzifə qeyri-neft sektorundakı mövcud potensialın hərəkətə gətirilməsi, bu sahədə dinamik inkişafın təmin edilməsi üçün yeni iqtisadi islahatların həyata keçirilməsidir. Bu məqsədlə qeyri-neft sektorunda müşahidə edilən proseslərə çevik adaptasiya, habelə postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün sənayenin qarşısında duran yeni çağırışlar və imkanların tətbiq edilməsi üçün Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə Strateji Yol Xəritəsi təsdiq edilmişdir.
Bu yol xəritələri Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir. Təsdiq edilmiş xəritədə, bütövlükdə, milli iqtisadiyyat və 11 sektor üzrə yaxın orta və uzunmüddətli perspektivlər öz əksini tapmışdır. Strateji Yol Xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdirilir, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artır, ümumi iqtisadi potensial 2025-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətirilir.
Ümumiyyətlə, mövcud resurslardan optimal istifadə, habelə müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqi uğurla davam etdirilir.
Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Bunun nəticəsidir ki, son illər uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına səbəb olmuşdur.
İqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritet istiqamətlərindən biri də regionların inkişafı strategiyasının həyata keçirilməsidir. Bu baxımdan qəbul edilmiş regional inkişafa dair dövlət proqramları uğurla icra olunmuş və bu proqrama əsasən digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına da şərait yaratmışdır.
Ulu öndərin iqtisadi inkişaf strategiyasını uğurla gerçəkləşdirən Azərbaycan rəhbərliyi çalışır ki, ölkə neft amilindən asılı olmasın. Buna görə də qeyri-neft sektoruna aid layihələrin reallaşmasının sayı da durmadan artmaqdadır. Hazırda qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya-kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir.
Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son illərdə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Bu işdə iqtisadi islahatların, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır.
Novator lider İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatının yeni sürətli inkişaf erası başlanmışdır. Bu isə heç şübhəsiz, dövlət tərəfindən dövrün tələblərinə uyğun olaraq iqtisadi islahatların kompleks və əlaqəli şəkildə aparılması, proqnozlar əsasında formalaşdırılmış dövlət proqramlarının, yerli, regional və beynəlxalq investisiya layihələrinin həyata keçirilməsi və dünya iqtisadiyyatına inteqrasiya yolu ilə əldə edilmişdir. Bütün bunların məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və mövqeyi ilbəil artmaqdadır.
Ulu öndərin inkişaf strategiyasını yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyevin praqmatizmə söykənən səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın sosial-iqtisadi tərəqqisi daha intensiv xarakter almağa başlamışdır. Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin fərqləndirici xüsusiyyətləri bu sahədə sürətli inkişafa xidmət edən bütün istiqamətlər üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilməsi və əlaqələndirilmiş proqramlar üzrə aparılmasıdır. Əldə olunan iqtisadi artım isə ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə, ölkədə yoxsulluğun azaldılmasına, sahibkarlığın və regionların hərtərəfli inkişafına yönəldilmişdir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf sürətini daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini durmadan möhkəmləndirəcəkdir.
Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Əməkdar elm xadimi