Neyrobioloqlar insan beyninin müxtəlif hisslərdən gələn məlumatları necə inteqrasiya etdiyini açıqlayıblar. Yeni araşdırmanın nəticələri Nature Human Behaviour jurnalında dərc olunub.
İrlandiyanın Dublin Universitet Kollecindən professor Saymon Kelli rəhbərliyində beynəlxalq alimlər qrupu 43 könüllü ilə eksperiment aparıb. İştirakçılar ekranda hərəkət edən nöqtələri izləyib və eyni zamanda səs siqnalları dinləyiblər. Görüntüdə, səsdə və ya hər ikisində dəyişiklik olduqda onlar düyməni basıblar.
Bu zaman mütəxəssislər elektroensefaloqrafiya (EEQ) vasitəsilə beyində informasiyanın necə toplandığını izləyiblər. Analiz göstərib ki, görmə və eşitmə siqnalları ayrı-ayrı mexanizmlərlə işlənir, lakin qərar qəbul edilən anda vahid bir mexanizmdə “birləşirlər”. Yəni istər vizual, istərsə də eşitmə siqnalı daha sürətli olsa da, nəticədə hər iki məlumat motor sisteminə ötürülərək hərəkət qərarını formalaşdırır.
Alimlər bu prosesi kompüter modelləri ilə də sınaqdan keçiriblər. Modellərdən biri göstərib ki, görmə və eşitmə siqnalları sanki “yarışır”, digəri isə onların birlikdə təsir etdiyini ortaya qoyub. Ən dəqiq nəticə isə stimullar arasında qısa gecikmə əlavə olunan modeldən əldə olunub. Bu, beynin real işləmə mexanizmini daha düzgün təsvir edib.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf, sadəcə, fundamental elm üçün deyil, həm də tibbi baxımdan böyük əhəmiyyət daşıyır. Çünki beynin müxtəlif siqnalları necə birləşdirdiyini anlamaq diqqət və qavrayış pozğunluqlarının, o cümlədən autizm spektr pozuntuları və şizofreniya kimi xəstəliklərin diaqnostikasında və müalicəsində yeni imkanlar aça bilər.
S.ELAY
XQ