Gürcüstan Qərbə sərt üzünü göstərdi

post-img

Rəsmi Tbilisi milli maraqlarını qoruyacağını bildirir

Gürcüstan hökuməti milli maraqlarına uyğun qanun layihəsini qəbul etmək istəyir. Ötən nömrələrimizdə qeyd etdiyimiz kimi, söhbət “Xarici təsirin şəffaflığı haqqında” qanundan gedir və rəsmi Tbilisinin fikrincə, bu qanun layihəsi siyasi azlığın zorakı hərəkətlərinin qarşısının alınmasına mühüm töhfə verəcək. Qanun layihəsində illik gəliri 20 faizi xaricdən gələn qeyri-hökumət təşkilatlarının və KİV-in qeydiyyata alınması, illik bəyannamənin doldurulması tələb olunur. Layihəyə əsasən, onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Lakin müxalifət tam fərqli mövqe sərgiləyir.

Qanun layihəsinə etiraz edən müxalifət tərəfdaşları bir neçə gündür ki, Tbilisidə küçələrdən çəkilmirlər. İqtidar-müxalifət qarşıdurmasına Qərb də qarışır. Tərəfləri mübahisəni danışıq yolu ilə həll etmək əvəzinə Qərb rəsmi Tbilisini qanun layihələsini qəbul etməməyə çağırır və bununla da küçədəki qarşıdurmanın hərarətini artırır. Mübahisədə neytrallığı itirən Qərb Gürcüstan iqtidarını sanksiyalarla hədələyir və müdaxilələrilə gürcü cəmiyyətinin qütbləşməsinə təkan verir. Son illərdə qrant QHT-ləri, xüsusən də postsovet məkanı ölkələrində ABŞ və ümumilikdə, Qərb siyasətinin sevimli aləti olmasından hamının xəbəri var. Belə nəzarətsiz QHT-lərlə işləmək asan və xoşdur, çünki zəruri əmrləri yerinə yetirməyə canla-başla hazır olurlar. İndi belə qeyri-kommersiya fəaliyyətini tənzimləməyə çalışan Gürcüstan hökumətinə təzyiq göstərirlər.

Əlbəttə, Qərbin belə kobud müdaxiləsinə rəsmi Tbilisi müvafiq reaksiya göstərməyə bilməzdi. İlk növbədə baş nazir İrakli Kobaxidze ABŞ-a getmək dəvətini geri çevirməklə Qərbə ilk ciddi narazılıq siqnalını ünvanladı. Bununla Gürcüstan hakimiyyəti nümayiş etdirdi ki, Qərb tərəfdaşlarının təzyiqinə boyun əymək niyyətində deyil.

Dünya KİV-i cənab Kobaxidzenin okeanın o tayına getməkdən imtina etməsini ABŞ-Gürcüstan arasında indiyədək görünməyən diplomatik qalmaqal kimi qələmə verdi. Müstəqil Nation.ge resursunun analitiki David Avalişvilinin sözlərinə görə, ABŞ Gürcüstanın müstəqilliyini tanıdığı 1991-ci ilin dekabrından bu yana heç vaxt belə hal olmayıb. Gürcü politoloq deyib ki, cəmi bir neçə il əvvəl “həm iqtisadi, həm də siyasi baxımdan Vaşinqtondan böyük dərəcədə asılı olan” ölkə liderinin özünün ABŞ-a səfərindən imtina edəcəyini təsəvvür etmək mümkün deyildi.

D.Avalişvilinin fikrincə, hakim “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin çıxışı fonunda Gürcüstanın xarici siyasət kursunun korreksiyası ilə bağlı müzakirələr “görünür, kifayət qədər doğrudur”. Cənab İvanişvili aprelin 29-da keçirilən mitinqdə demişdi ki, Qərbdə “qlobal müharibə partiyası var” və “Gürcüstanı Rusiya ilə yeni müharibəyə sürükləməyə” çalışır. Ancaq Gürcüstan hakimiyyəti Avropaya inteqrasiya yolundan dönməyəcəklərini bildirir. Aprelin 29-da Macarıstanda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransının (CPAC) açılış mərasimində baş nazir İrakli Kobaxidze bir daha bildirmişdi ki, “Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq” və “Avropa İttifaqının güclənməsinə, davamlı dəyərlərə əsaslanan Avropanın qurulmasına mühüm töhfə verə biləcək”.

Baxmayaraq ki, Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edərək, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin gündəmdə olduğu bir vaxtda Tbilisinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamamağa çağırmşdı, hakim “Gürcü arzusu” partiyası strateji hədəfindən dönməyəcəyini bildirir. Rəsmi Tbilisi sözügedən qanun layihəsinin təkrar gündəmə gətirilməsini onunla əlaqələndirir ki, şəffaflıq vədlərinə baxmayaraq, xarici donorlar Gürcüstandakı radikal qruplar və partiyalar üçün gizli maliyyələşdirməni artırırlar. Xatırladaq ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə deyilirdi ki, “qanun layihəsi Aİ-nin dəyərlərinə və demokratik prinsiplərinə uyğun gəlmir, Gürcüstanın Aİ-yə daxil olmaq ambisiyalarına ziddir, Gürcüstanın beynəlxalq reputasiyasına xələl gətirir və ölkənin Avro-Atlantik inteqrasiyasını təhlükə altına qoyur”.

Təbii ki, Tbilisinin demarşı Vaşinqtonun xoşuna gəlmədi. İndi ABŞ rəsmiləri və qanunvericiləri Gürcüstan hakimiyyətinin son addımlarından “ciddi narahatlıqlarını” bildirirlər. Məsələn, ABŞ dövlət katibinin müşaviri Derek Çollet deyib ki, o, baş nazir İrakli Kobaxidze ilə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi barədə danışıb. “Biz Gürcüstanın hazırkı inkişaf trayektoriyası ilə bağlı narahatlığımızı baş nazir Kobaxidzeyə bildirdik”, - D.Çollet sosial media X səhifəsində eyni tonda davam edərək Tbilisiyə xəbərdarlıq etməyi də unutmayıb: “Hökumətin düşməncəsinə ritorikası və antidemokratik qanunvericiliyi dəstəkləməsi Gürcüstanın Avro-Atlantik gələcəyini təhdid edir”.

Baş nazir İrakli Kobaxidze bu ittihamı cavabsız qoymadı. O, özünün X sosial şəbəkəsində yazdı ki, amerikalı həmsöhbətinə son illər ABŞ-ın iki dəfə Gürcüstanda dövlət çevrilişi etməyə cəhd göstərdiyini bildirib (müxalifətin kütləvi aksiyaları nəzərdə tutulur-red.). Bu, hökumət başçısının qeyd etdiyi kimi, ABŞ-ın sabiq səfiri Kelli Deqnanın əli ilə və yerli QHT-lərin iştirakı ilə baş verib. Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da xüsusilə vurğulanır ki, “Səfərin qeyd-şərtlə həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bununla bağlı ABŞ səfirinə ətraflı izahat verilib”. Gürcüstan hakimiyyəti Qərbin tənqidini anlaşılmaz adlandıraraq, ABŞ, İsrail və Avstraliyada artıq xaricdən maliyyələşmənin şəffaflığı ilə bağlı qanunların olduğunu və belə qanun layihələrinin Avropa İttifaqı və Fransada nəzərdən keçirildiyini vurğulayır.

Əslində, Gürcüstan hökuməti öz mövqeyində haqlıdır.  Ona görə ki, bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti güdür. Eyni ssenari 2004-cü ildə Gürcüstanda artıq tətbiq olunmuşdu. “Məxməri inqilab” nəticəsində hakimiyyətə gətirilmiş Mixail Saakaşviliyə yalan vədlər verildi,  Gürcüstan 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləndi. Bu qarşıdurmanın nəticəsi hamıya məlumdur – Cənubi Osetiya və Abxaziya itirildi. Rusiya qoşunları isə Tbilisinin bir neçə kilometr yaxınlığına gəlib çatdılar. M.Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə vədini yerinə yetirmədi və nəticədə uduzan Gürcüstan cəmiyyəti oldu. Birmənalı şəkildə deyə bilərik ki, 2004-cü ildə baş verənlər ABŞ başda olmaqla Qərbin gürcü xalqına qarşı təxribatı idi. İndi Qərb köhnə mahnını yeni tərzdə oxutdurmaq istəyir.

Qərbin məlum ssenarisinin Azərbaycanda da reallaşdırılması planlaşdırılmışdı. Lakin rəsmi Bakının qətiyyəyli addımları sayəsində bu məkrli plan baş tutmadı. Belə ki, 2010-cu ildən başlayaraq ABŞ-ın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı, NED təşkilatının Bakı ofisinin rəhbəri olan Aleks Qriqorevs kimi təxribatçıların cəmiyyəti, gəncləri qiyama qaldırmaq cəhdləri iflasa uğradıldı, QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü. İndi Qərb Gürcüstan üzərindən Azərbaycandakı şəbəkəsinin qalıqlarını qoruyub saxlamağa can atır. Buna görə də, ciddi cəhdlə Abzas media, Toplum TV kimi layihələri müdafiə edir, qanunları pozduqlarına görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasına nail olmağa çalışır. ABŞ, Qərb anlayır ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil. Azərbaycan istəməzsə, bu regionda ayaq aça bilməyəcək. Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirməyə başlayıb. 

Bütün bunların fonunda Gürcüstanda müxalifətin etiraz nümayişləri davam edir. Etirazçılar mayın 11-də qanun layihəsinin üçüncü və son oxunuşda planlaşdırılan müzakirəsinə bir neçə gün qalmış “ümummilli itaətsizlik günü” keçirəcəklərini bildirirlər. Amma iqtidar ölkədə xaosun yaradılmasına imkan verməyəcəyini vurğulayır. “Gürcü arzusu” partiyasının deputatı Rati İonatamişvilinin sözlərinə görə, müxalifətin əsl məqsədi öz fikirlərini sülh yolu ilə ifadə etmək deyil, mümkün qədər çox insanın əziyyət çəkməsinə nail olmaqdır: “Bu insanlar Gürcüstanda sülh və sabitliyə düşməndirlər”. 

Gürcü deputat həqiqəti söyləyir. Ötən illər ərzində Qərb Gürcüstanda çox güclü şəbəkə qurub. Qonşu ölkədə fəaliyyət göstərən 25 minə yaxın QHT-nin böyük hissəsini maliyyələşdirir və öz iradəsinə uyğun idarə edir. Bunun nəticəsində Gürcüstan cəmiyyətində çox ciddi dəyişikliklər baş verib, narkomaniya, milli mənəvi dəyərlərin aşılanması güclənib, cinsi azlıqlar hərəkatı geniş vüsət alıb. Hadisələrin belə inkişaf etməsi nəticəsində ən pis halda Gürcüstan yeni Ukraynaya, yaxşı halda isə gürcü xalqı milli identikliyi olmayan topluma çevriləcək.

S.ELAY 
XQ

 





Siyasət