Ana haqqı

post-img

Sahil Hüseynov adlı bir nəfər “TikTok”da təsadüfən şahidi olduğu çox təsirli, ibrətamiz bir hadisə barədə paylaşım edib. Sahil nəql edir ki, yolda bir ayağı zədə almış, nimdaş paltarlı, orta yaşlı bir nəfərlə rastlaşıb. Bir ayağına ayaqqabı, o birinə çəkələk geyinmiş həmin şəxsə yaxınlaşıb və aralarında belə bir dialoq olub:   

– Nə üçün bir ayağınıza ayaqqabı, digərinə çəkələk geyinmisiniz?

–  Mən fəhlə işləyirəm, bir neçə gün əvvəl ayağıma “kubik” düşüb, zədə almışam. Ayaqqabı ayağımı ağrıtdığı üçün çəkələk geyinmişəm.  

– Axı zədəli ayaqla ağır işdə işləmək olmaz. Niyə bir neçə gün iş yerinə getməyib ayağınızın sağalmamasını gözləmirsiniz? 

– Qardaş, mən günəmuzd işləyirəm, işimə görə pul alıram. 

– Bəlkə, buradakı kafelərin birində çörək yeyək, dərdləşək....

– Yox, qardaş, tələsirəm. Təklifiniz üçün çox sağ olun. Bu gün anamın ad günüdür, hər dəfə doğum günündə ona hədiyyə verirəm. 

Bu sözləri eşidəndə Sahilin gözləri dolub. Kövrəldiyini hiss etdirmək istəmədən söhbəti davam etdirib: 

– Ayağınızın yarası fəsad verə bilərmi?

– Bir zədəli ayaq anamın zəhməti qarşısında nədir ki. Anamın hədiyyəsini almalıyam. Ona görə də bu gün mütləq işləməliydim. Anama nəinki bir ayağım, bütün canım qurbandır...

– Qardaş, sənin zədəli ayaqlarından öpərəm”.  

S.Hüseynov cibindən bir xeyli pul çıxarıb ayağı zədəli şəxsə uzadaraq deyib:

 – Bu pula həm anana hədiyyə al, həm də bir neçə gün işə çıxma, ayağını müalicə elətdir!  

Cavab çox gözlənilməz olub: 

– Çox sağ olun! Mən bu zədəli ayaqla istənilən yükü qaldıra bilərəm, amma kimsənin verdiyi havayı pulun ağırlığını qaldıra bilmərəm.  

Düşünürəm ki, burada artıq şərhə, izaha ehtiyac yoxdur. Bu xalq, həqiqətən, ata-ananın qədir-qiymətini, torpağının, millətinin qeyrətini çəkən Böyük xalqdır! 

Təqdim etdi: 
Rizvan FİKRƏTOĞLU
XQ

 

Sosial həyat