Zəfər strategiyasının davamı

post-img

Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Rusiya sülhməramlıları kontingentinin ölkəmizi erkən tərk etməsinin ardınca, Ermənistanla Qazaxın işğalda olan 4 kəndinin azad olunması ilə bağlı da razılıq əldə olundu. Baş verənlər Azərbaycanın zərgər dəqiqliyi ilə hesablanmış mükəmməl diplomatiyasının və qüdrətinin məntiqi nəticəsidir.

2020-ci ilin noyabrında üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra mühüm mövzulardan biri hələ 90-cı illərdə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan kəndlərinin sahibinə qaytarılması olmuşdu. Rəsmi Bakı birmənalı şəkildə xəbərdarlıq etmişdi ki, Ermənistan davamlı sülh istəyirsə, işğal etdiyi ərazilərdən qeyri-şərtsiz çıxmalıdır və ölkəmiz niyyətində ciddidir, torpaqlarının bir qarışını belə işğal altında qalmasına imkan verməyəcək. 

Azərbaycan ermənipərəst dairələrin məkrli planlarına rəğmən yürütdüyü möhtəşəm siyasət həmin günü yaxınlaşdırırdı. Və həmin tarixi  gün aprelin 19-u oldu. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olundu. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırdılar. Beləliklə, Azərbaycan lideri bu dəfə də bir güllə belə atmadan 4 kəndimizi işğaldan azad etdi. 
44 günlük müharibədən başlayaraq Şuşanın azad olunması ilə cənab İlham Əliyev uzun illər ərzində formalaşmış konstruksiyaları qırmağa, geosiyasi prosesləri düzgün qiymətləndirməyə başladı. Ərazi bütövlüyümüzün tam təmin olunması ilə nəticələnən antiterror tədbirlərinin siyasi nəticələri bir daha onu sübut etdi ki, Prezident İlham Əliyev nəyi nə zaman etməyi hamıdan yaxşı bilir. Budur, işğal altında olan 4 kəndimiz də əsl sahibinə qaytarılır. Qəbul olunan bir həqiqət ortadadır ki, insidentsiz, qan tökülmədən ərazilərin işğaldan azad olunması böyük siyasi müdrikliyin, uzaqgörənliyin təsdiqidir.

Eyni sözləri Rusiya sülhməramlı kontingentinin ölkəmizi tərk etməsinə başlaması barədə də demək olar. Moskva ilə strateji münasibətləri yüksək dəyərləndirən Bakı bu məsələdə də milli maraqlarımızın qorunmasına nail oldu. Bu proses Qarabağ münaqişəsinin tarixə qovuşmasını rəsmiləşdirdi, həm də Rusiya-Azərbaycan münasibətlərini mahiyyətcə yeni səviyyəyə yüksəltdi, iki ölkə arasında münasibətlərin etimada söykəndiyini təsdiqlədi. 

Son günlər yaşadıqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər strategiyasının davamıdır. Azərbaycanı 200 illik aşağılıq kompleksindən qalibiyyət zirvəsinə məhz bu strategiya gətirib. Amma bu son deyil. İlham Əliyev liderliyinin qətiyyəti və gücü Azərbaycanı layiq olduğu tarixi zirvələrə daşıyır və bu qətiyyətin qarşısında dayana biləcək qüvvə yoxdur!

Nə yaxşı ki, Azərbaycanımız və onu ucaldan şəxsiyyətinə dünyanın qiptə ilə baxdığı yenilməz Sərkərdəsi var! 
Zəfər alın yazımızdır!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı



Siyasət