Cənubi Qafqaz, Azərbaycan amili və Ermənistan
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 44 günlük müharibənin nəticələrini təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən, Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının bölgəni tərk etmələri nəinki ölkəmizin, eləcə də bütövlükdə, Cənubi Qafqaz regionunun gündəmindədir. Mövcud istiqamətdə müxtəlif fikirlər səsləndirilir, mülahizə və rəylər söylənir. Əlbəttə, ilk növbədə, vurğulanmalı bir məqam var: Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması qərarı Azərbaycan və Rusiyanın münasibətlərindəki qarşılıqlı inam və etibarın göstəricisidir.
Hazırda dünya Rusiyaya qarşıdır. Belə yanaşma heç də rus siyasi-diplomatik və hərbi düşüncə tərzini geri addım atmağa məcbur etmir. Çünki Kreml üçün çəkilmək yeri, sadəcə yoxdur. 1998-ci ildən bəri Rusiya bütün qlobal güclərə, sadə dildə desək, ona doğru yaxın gəlməmək, Moskvanın maraq və mənafelərini heçə saymamaq çağırışını səsləndirir. Əhəmiyyət verilirmi? Yaxud əhəmiyyət verildimi? Xeyr. Hazırda davam edən Rusiya – Ukrayna müharibəsi prinsip etibarilə bunun nəticəsidir.
Reallıq ondan ibarətdir ki, SSRİ-nin dağılmasından sonra iştahlanan Qərb dünyası Rusiyanı daha çox öz sərhədlərinə doğru sıxışdırmağa, xaricdəki təsir vasitələrindən məhrum duruma salmağa köklənib. Moskvada anlayırlar ki, belə yanaşmanın sonrakı mərhələsi ölkə daxilində başlayacaq. Ona görə də Rusiya siyasəti kimi, ümumən rus ictimai fikri də daim, belə demək mümkünsə, əli tətikdə dayanıb.
***
Keçək Cənubi Qafqaz müstəvisinə. Əlbəttə, region Rusiya üçün həyati əhəmiyyət daşıyır. Hər zaman belə olub. Ancaq əvvəlki illərdən fərqli olaraq, hazırda Kremli bölgədən sıxışdırmaq istəkləri daha ciddi fazaya qədəm qoyub. Ermənistan mövcud istiqamətdə alətə çevrilib. O Ermənistan ki, otuz ilə yaxın müddətdə Kremlin forpostu olub. Ölkə, necə deyərlər, Rusiyanın hesabına nəinki dolanıb, eyni zamanda, özünü güclü hiss edib...
Bu gün İrəvan, faktiki olaraq, nankor qiyafəsindədir. Azərbaycan isə həmişə öz prinsiplərinə sadiq qalıb. Həmin prinsipləri nəzərə almaqla, Rusiya ilə səmimiyyətə əsaslanmış mehriban qonşuluq siyasəti həyata keçirib. Moskvada mövcud durumu yaxşı görürlər. Odur ki, Cənubi Qafqazın mürəkkəb siyasi nöqtəsi sayılan Azərbaycan ərazisində, yəni Qarabağda məhdud sayda rus hərbi mövcudluğuna ehtiyac yoxdur. Çünki ortada Bakı ilə Moskva arasında etimad mühiti var.
***
Bu məqamı ayrıca vurğulayaq: Bəli, Rusiyada Ermənistanın nankor xislətini getdikcə daha çox dərk etməyə başlayıblar. Halbuki, on il əvvəl bu cür ayıq yanaşma yox idi. Belə nəticə hasil olurdu ki, Rusiya siyasi düşüncə sistemi erməni sevgisini reallıqlardan daha üstün tutur. Ona görə də ölkə 44 günlük müharibəyə son qoyaraq, Ermənistanı Azərbaycanın əlində tamamilə məhv olmaqdan qurtaranda və mövcud xüsusdakı proseslərin davamı kimi Qarabağa Rusiya sülhməramlıları yeridiləndə, məsələyə ermənilərin xilası prizmasından yanaşanlar çox oldu. Əlbəttə, belələri qlobal siyasətin oyun qaydalarını unutdular. Yaddan çıxardılar ki, Rusiya üçün də eyni qaydalar var və ölkə onları qoruyur və müəyyən mənada qorumağa məhkumdur. Axı prinsiplərə laqeyd yanaşma qarşılıqlı inamı sarsıdan faktordur. İnamsızlıq isə daha böyük problemlərə yol açır...
Bəli, rus sülhməramlılarına ermənilərin Qarabağ avantürasına dəstək aləti kimi yanaşanlar məhz böyük siyasət prinsiplərinin mövcudluğunu düşünmədilər. Bəziləri ruslara münasibətdəki klassik işğalçı baxışını ortaya qoydu, bəziləri Azərbaycan hakimiyyətini səriştəsizlikdə, onu milli maraq və mənafelərə qarşı çıxmaqda qınadı. Hətta durumu məsxərə predmetinə çevirənlər də tapıldı. Əlahəzrət zaman isə onu göstərdi ki, “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən Prezident İlham Əliyev hadisə və prosesləri düzgün görmək və dəyərləndirmək baxımından böyük strateqdir.
***
Haşiyə çıxaq ki, Prezident İlham Əliyev 26 fevral 2021-ci il tarixində yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bildirmişdi ki, Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil: “Əcnəbi əsgərlərə gəldikdə, onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti beş il müddətinə nəzərdə tutulur”.
Dövlətimizin başçısı həmin mətbuat konfransında onu da bildirmişdi ki, bəzən dünyada, eyni zamanda, Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. “Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda, azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq. Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə onların fəaliyyəti, hesab edirəm ki, müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil”.
***
Bəli, hazırda qətiyyətlə demək mümkündür ki, Rusiya Qarabağdakı sülhməramlılar amilinə özünün Cənubi Qafqazda mövcudiyyət faktorlarından biri olaraq yanaşmır. Vurğuladığımız kimi, Azərbaycan və Rusiya rəhbərlikləri arasında dərin etimad mühiti var. Ancaq rəsmi Moskva sülhməramlı faktoruna həm də ona görə mövcudluq faktoru kimi baxmır ki, bu baxışda məntiq yoxdur. Məntiqsizliyi yaradan isə Ermənistan iqtidarı olub. Hesab edirik ki, vəziyyətin bu şəkilə düşməsinə rus ictimai fikri ciddi şəkildə nəzərə almalıdır.
Nəzərə almalıdır ki, 44 günlük müharibədən ötən üç il yarıma yaxın müddətdə baş nazir Nikol Paşinyan administrasiyası əlinə düşən hər fürsətdə rus sülhməramlılarının fəaliyyətsizliyinə dair görüntü formalaşdırdı və bunu beynəlxalq siyasət alətinə çevirdi. İstədi ki, Rusiya dövləti sülhməramlıların simasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirən tərəfə çevrilsin. Məqsədinə çata bilməyəndə isə hər cür təxribata əl atdı. Nəticədə ötən ilin sentyabrında Azərbaycan lokal xarakterli antiterror tədbirləri gerçəkləşdirmək və özünün konstitusyon quruluşunu bərpa etmək məcburiyyətində qaldı. Ölkəmiz antiterror tədbirlərinə, həmçinin Ermənistanın sülh prosesindəki çeşidli manipulyasiyalarına, Qarabağda separatçı quruluşun varlığını sürdürmək cəhdlərinə cavab olaraq əl atdı.
***
Həqiqətən, antiterror tədbirlərindən əvvəl Qarabağda sülhməramlılara ehtiyac var idi. Əslində, onların real funksiyaları məhz ötən ilin sentyabrından sonra işə düşməli idi. Yəni, azərbaycanlılarla ermənilərin bir yerdə yaşamaları şəraitində sülhməramlı kontingent ilkin mərhələdə yarana biləcək anlaşılmazlıqları aradan qaldırmalı, xalqlar arasında etimad mühitinin formalaşmasına nail olmalı idi. Lakin qeyd etdiklərimiz reallaşmadı. Antiterror tədbirlərindən sonra isə Qarabağdan kütləvi erməni köçü başladı. Yeri gəlmişkən, 2023-cü ilin sentyabrınadək bölgə Azərbaycan üçün qapalı idi. Gah yolumuzu kəsənlər ortaya çıxırdı, gah da Xankəndidə mitinq keçirənlər ağızlarını köpükləndirib bizimlə birgə yaşamağın mümkünsüzlüyünü dilə gətirirdilər.
Deməli, bu nəticə də hasil olur ki, Qarabağdan Rusiya sülhməramlı kontingentinin çıxmasının səbəbi ermənilərin azərbaycanlılarla sülh şəraitində istəməmələridir. Əslində, rəsmi İrəvanın haqqında söz açdığımız sülhməramlıların fəaliyyətsizliyi ritorikası da buna hesablanmışdı. Baş nazir Nikol Paşinyan iqtidarının bölgədə separatçı quruluşu saxlamaq niyyətləri fonunda Ermənistan hakimiyyətinin Qarabağ erməniləri üçün ayrıca beynəlxalq təminat tələbləri səslənmişdi. Belə bir tələb həm də ölkənin Azərbaycanla sülh gündəliyini Qərbin patronajlığına vermək istəyindən qaynaqlanmışdı.
***
Rus hərbçilərinin fəaliyyətsizliyi tezisini bayraq edən Ermənistan iqtidarı zaman-zaman Rusiya kontingentinin yerini beynəlxalq sülhməramlıların tutması məntiqini də qabardıb. Əslində, bu gün Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində lövbər salmış Avropa İttifaqının mülki müşahidə missiyası da eyni məqsəd üçün əraziyə gətirilib. Nəzərə alaq ki, Aİ və Qərb təsisatları həmin missiyanın sərhədin Azərbaycan tərəfində də fəaliyyət göstərməsini təklif edib, lakin dövlətimiz bununla razılaşmayıb. Ona görə ki, belə bir istək Cənubi Qafqaza regiondan kənar oyunçuların cəlbi məramından qaynaqlanır. Durum Rusiyanın hakim dairələrinə də məlumdur.
Bəli, Rusiya yaxşı dərk edir ki, Azərbaycan regiona kənar qüvvələrin daxil olmasına yol verməyəcək. Bu, yalnız sözdə ifadə edilmiş yanaşma deyil. Prezident İlham Əliyevin ustalığı ondadır ki, mövqeyini əməli ilə təsdiqləyib. Mövcud anlamda ölkəmizin təşəbbüsü ilə formalaşmış “3+3” platformasını vurğulamaq mümkündür. O platformanı ki, orada Ermənistan da təmsil olunur, sadəcə, formal şəkildə, daha çox İrana qarşı çıxmamaq üçün.
Qərbi regiona gətirməyə köklənmiş rəsmi İrəvanın yeritdiyi siyasi xətt ortadadır. Qəribə səslənsə də deyə bilərik ki, Rusiya sülhməramlıları Qarabağı həm də buna görə tərk edirlər. Yəni, Moskvanın kənar oyunçular mövzusu xüsusunda Bakıdan əminliyi var. Ona görə də real fəaliyyət olmayan yerdə əlavə məntiq axtarışına çıxmır. Yaxşı olar ki, İran da Rusiyanın yolu ilə getsin. Məsələn, Qafandakı konsulluğunu bağlasın. Çünki Ermənistan hakimiyyəti üçün bu diplomatik missiya Qərbi bölgəyə gətirmək planında İranı səmimi jestlərlə neytrallaşdırmağa hesablanmış cəhddir. Tehran diplomatiyası İrəvanın vaxt udmaq xəttinin arxasında riyakarlığı duymalıdır. Əks halda, gec olacaq.
***
Əlbəttə, Rusiya sülhməramlılarının Qarabağı tərk etmələrinin siyasi nəticələri barədə çox danışmaq olar. Daha müxtəlif məqamlara toxunmaq da, həmçinin. Ancaq yekunda gözlər önündə bir tablo canlanır. Onun adı sülhməramlılarsız Qarabağ platformasıdır. Nəzərə alaq ki, bu məkan Azərbaycan–Ermənistan münasibətlərinin nizamlanması da daxil olmaqla, bütövlükdə, Cənubi Qafqaz siyasi düzəninin açar nöqtəsidir.
Sonda onu da düşünək ki, Rusiya tarixən regionda müharibə, qarşıdurma və siyasi təbəddülatlar baxımından çıxış nöqtəsi təsiri bağışladığı kimi, istər-istəməz sülhün də faktorudur. Ən azı ona görə ki, özünün formalaşdırdığı və idarə etdiyi erməni amilini cilovlamağı bacarıb. Bu gün, obrazlı bildirsək, erməni amili adlı təxribat atının yüyəni Rusiyanın əlindən çıxıb. Ölkənin sülhməramlılarının Qarabağı tərk etmələrinin bir səbəbi də budur. Belədə daha bir sual yaranır: sülhməramlılarla birgə Cənubi Qafqazdan sülh də getdi, ya necə?
Ə.CAHANGİROĞLU
XQ